Padşahlıq haqqında müjdə № 37
Bütün dünya üçün xəbər
Yalan dinin sonu yaxındır!
▪ Yalan din nədir?
▪ Onun sonu necə çatacaq?
▪ Bunun şəxsən sizə hansı tə’siri olacaq?
Yalan din nədir?
Dinin adından törədilən cinayətlər sizi narahat edirmi? Allaha xidmət etdiklərini iddia edənlər tərəfindən törədilən müharibələr, terror aktları və rüşvətxorluq ədalət hissinizə toxunurmu? Nəyə görə elə təəssürat oyanır ki, problemlərin çoxunun kökü məhz dindədir?
Bu problemlərə görə dinlərin hamısı deyil, yalnız yalan din məs’uliyyət daşıyır. Bir çox imanlı insanların hörmət etdiyi İsa Məsih bildirmişdi ki, ‘pis ağac çürük meyvə verdiyi’ kimi, yalan din də pis əməllər doğurur (Matta 7:15-17). Bəs yalan din hansı bəhrələri gətirir?
Yalan din...
◼ MÜHARİBƏLƏRƏ VƏ SİYASƏTƏ MÜDAXİLƏ EDİR: «Eyşauik» jurnalında deyilir: «Asiyada və başqa ölkələrdə hakimiyyət hərisi olan dini rəhbərlər öz mənfəətləri üçün utanmadan insanların dini hisslərindən sui-istifadə edirlər». Jurnalda bunun nəticəsi olaraq xəbərdarlıq edilir: «Bəşəriyyət ağlını itirir». Birləşmiş Ştatların tanınmış dini rəhbəri bildirir: «Terror aktlarının qarşısını almaq üçün terroristləri öldürmək lazımdır». O, hansı çıxış yolu təklif edir? «Onların hamısını Rəbbin adı naminə məhv edin». Bunun əksinə olaraq Müqəddəs Kitab deyir: «Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır» (1 Yəhya 4:20). İsa hətta demişdi: «Düşmənlərinizi sevin» (Matta 5:44). Üzvləri müharibədə iştirak edən neçə din tanıyırsınız?
◼ YALAN TƏ’LİMLƏR YAYIR: Dinlərin çoxu öyrədir ki, fiziki bədən öləndə insanın gözəgörünməz hissəsi olan ruh yaşamağa davam edir. Bu tə’limin vasitəsilə dinlərin əksəriyyəti ölənlərin ruhu üçün oxunulan duaya qiymət tə’yin edərək öz üzvlərini soyurlar. Lakin Müqəddəs Kitab başqa bir tə’limi öyrədir. «Çünki dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir» (Vaiz 9:5). İsa ölülərin diriləcəyini öyrədirdi, ancaq insanın ölməz ruhu olsaydı, buna ehtiyac qalmazdı (Yəhya 11:11-25). Sizin dininiz insanın ölməz ruhunun olduğunu öyrədirmi?
◼ CİNSİ ƏXLAQSIZLIĞA GÖZ YUMUR: Qərb ölkələrində kilsə homoseksual kişi və qadın ruhanilərə dini rütbə verir və dövlətin eyni cinsli şəxslərin nikahlarını qanuniləşdirməsini tə’kid edir. Hətta cinsi əxlaqsızlığı ittiham edən kilsələr belə, azyaşlı uşaqları pozan dini rəhbərlərə dözür. Bəs Müqəddəs Kitab nə öyrədir? Orada açıq-aydın deyilir: «Aldanmayın: nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişibazlar... Allahın Səltənətini [Padşahlığını] miras almayacaqlar» (1 Korinflilərə 6:9, 10). Cinsi əxlaqsızlığa barmaqarası baxan dinləri tanıyırsınızmı?
Çürük bəhrələr gətirən dinləri gələcəkdə nə gözləyir? İsa xəbərdar etdi: «Xeyrli meyvə verməyən hər ağac kəsilər və oda atılar» (Matta 7:19). Bəli, yalan din məhv ediləcək! Bəs bu necə və nə zaman baş verəcək? Müqəddəs Yazıların «Vəhy» kitabının 17 və 18-ci fəsillərində yazılan peyğəmbərlik görüntüsü bu suallara cavab verir.
Yalan dinin sonu necə çatacaq?
Müqəddəs Kitabda təsvir edilən bu səhnəni təsəvvürünüzdə canlandırın. Qorxunc canavarın belində fahişə qadın oturub. Canavarın yeddi başı və on buynuzu var (Vəhy 17:1-4). Fahişə kimi təmsil edir? ‘Yerin hökmdarları’ üzərində nüfuza malik olan fahişə tündqırmızı paltara bürünmüş, ətirli qatran işlədir və həddindən artıq varlıdır. Həm də onun ‘sehrbazlığı ilə bütün xalqlar aldanırlar‘ (Vəhy 17:18; 18:12, 13, 23). Müqəddəs Kitab bizə aydın göstərir ki, bu fahişə ümumdünya dini təşkilatdır. O, yalnız hər hansı bir dini deyil, çürük bəhrə gətirən bütün dinləri təmsil edir.
Fahişənin oturduğu canavar dünyanın bütün siyasi dövlətlərini təmsil edir (Vəhy 17:10-13)a. Yalan din bu siyasi canavarın belində oturub, onun qərarlarına tə’sir göstərməyə və rəhbərliyinə nəzarət etməyə can atır.
Lakin tezliklə qeyri-adi hadisə baş verəcək. «Canavarda gördüyün o on buynuz isə fahişəyə nifrət edib, onu pərişan edib, çılpaq qoyacaqlar, ətini yeyəcəklər və onu odla yandıracaqlar» (Vəhy 17:16). Qəfildən, dünyanın siyasi dövlətləri amansızcasına yalan dinə hücum edərək onu tamamilə məhv edəcək! Onları buna nə vadar edəcək? Müqəddəs Yazıların «Vəhy» kitabı cavab verir: «Allah onların ürəyinə bunu saldı» (Vəhy 17:17). Bəli, Onun adı ilə törətdiyi bütün mənfur hərəkətlərinə görə Allah yalan dindən hesabat verməsini tələb edəcək. Tam ədalətlə davranaraq, Allah onun siyasi mə’şuqlarından Öz hökmünü həyata keçirmək üçün alət kimi istifadə edəcək.
Yalan dinin taleyinə şərik olmaq istəmirsinizsə, nə etməlisiniz? Allah əmr edir: «Ey xalqım, oradan çıxın» (Vəhy 18:4). İndi yalan dindən qaçmağın əsl vaxtıdır! Ancaq hara qaça bilərsiniz? Ateizmə yox, çünki onun da gələcəyi ümidsizdir (2 Saloniklilərə 1:6-9). Yeganə sığınacaq həqiqi dindədir. Həqiqi dini necə tanıya bilərsiniz?
Həqiqi dini necə tanımaq olar?
Həqiqi din hansı yaxşı bəhrəni gətirməlidir? (Matta 7:17).
Həqiqi din...
◼ MƏHƏBBƏT TƏZAHÜR ETDİRİR: Həqiqi dinin üzvləri «dünyadan deyillər», irqi və mədəni ayrı-seçkilik etmirlər, ‘bir-birlərinə qarşı məhəbbət’ göstərirlər (Yəhya 13:35; 17:16; Həvarilərin işləri 10:34, 35). Onlar bir-birlərinə silah qaldırmır, əksinə uğurlarında canlarından keçməyə hazırdırlar (1 Yəhya 3:16).
◼ ALLAHIN KƏLAMINA E’TİBAR EDİR: Həqiqi din ən’ənə və «ehkam olaraq insan əmrlərini» öyrətmir, tə’limlərini Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslandırır (Matta 15:6-9). Nə üçün? Çünki «Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır» (2 Timoteyə 3:16).
◼ AİLƏLƏRİ MÖHKƏMLƏNDİRİR VƏ YÜKSƏK ƏXLAQ NORMALARINA RİAYƏT EDİR: Həqiqi din ərlərə ‘arvadlarını, öz bədənləri qədər sevməyi’, qadınlara ‘ərə ehtiram etməyi’, uşaqlara isə ‘valideynlərə itaət etməyi’ öyrədir (Efeslilərə 5:28, 33; 6:1). Bundan əlavə, məs’uliyyət həvalə olunan şəxslərin əxlaqı nümunəvi olmalıdır (1 Timoteyə 3:1-10).
Bu normalara müvafiq gələn din varmı? 2001-ci ildə nəşr edilmiş «Holokost siyasəti» kitabında deyilir: «Əgər daha çox insan Yehovanın Şahidlərinin tə’limlərinə və həyat tərzinə uyğun yaşasaydı, yəhudilərin kütləvi qırğınının qarşısı alınar və bir daha dünyada soyqırım baş verməzdi».
Həqiqətən də 235 ölkədə Yehovanın Şahidləri Müqəddəs Kitabın əxlaq normalarını təkcə təbliğ etmir, həm də bu normalara müvafiq həyat sürürlər. Biz sizi təşviq edirik ki, Allahın tələblərini öyrənmək üçün Yehovanın Şahidlərinə müraciət edəsiniz. Bu sizə Allaha məqbul tərzdə ibadət etməyə kömək edəcək. İndi hərəkət etməyin əsl vaxtıdır. Ləngiməyin. Yalan dinin sonu yaxındır! (Sefanya 2:2, 3).
Əgər Yehovanın Şahidlərinin təbliğ etdiyi Müqəddəs Kitaba əsaslanan xəbər haqqında daha çox mə’lumat əldə etmək istəyirsinizsə, aşağıda göstərilən ünvanlara müraciət edin.
□ Mən «Oyaq durun!» broşürasını əldə etmək istəyirəm. Hansı dildə istədiyinizi göstərin.
□ Müqəddəs Kitabın pulsuz olaraq evdə öyrənilməsi üçün xahiş edirəm mənimlə əlaqə saxlayın.
[Haşiyə]
a Ətraflı mə’lumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Oyaq durun!» broşürasının 12, 13-cü səhifələrinə baxın.
[3-cü səhifədəki şəkil]
Yalan din ‘yerin hökmdarları‘ üzərində nüfuza malikdir
[3-cü səhifədəki şəkil]
«Ey xalqım, oradan çıxın»