Fəsil 6
Doğma bacı-qardaşlarımla necə yola gedə bilərəm?
Beşballıq qiymət şkalasına əsasən, bacı-qardaşlarınla münasibətinə neçə verərdin? ․․․․․
ELƏ bacı-qardaşlar var ki, aralarından heç su da keçmir. Məsələn, 19 yaşlı Felişiya deyir: «Bacım İrenanın 16 yaşı var, o, mənim ən yaxşı rəfiqəmdir». 17 yaşı olan Karina isə 20 yaşındakı qardaşı Erik haqqında belə deyir: «Bizim münasibətlərimiz əladır. Heç vaxt sözümüz çəp gəlmir».
Ancaq çoxları bir-biri ilə it-pişik kimi dolanır. Məsələn, Loren ilə Marlini götürək. Loren deyir: «Biz hər şeyin üstündə, hətta boş şeylərə görə bir-birimizi qırırıq». Ola bilsin, sən də 12 yaşlı Alisanın 14 yaşlı qardaşı Denis barədə dediyi sözlərə qoşulardın: «O, mənim əsəblərimlə oynayır! Otağıma girir, icazəsiz nə istəyir götürür. Elə bil, balaca uşaqdır!»
Yəqin, sənin də əsəblərinlə oynayan bacın və ya qardaşın var. Sözsüz ki, ailədə əmin-amanlığı qorumaq valideynlərin məsuliyyətidir. Amma əvvəl-axır sənə başqaları ilə yola getməyi öyrənmək lazımdır. Niyə də bunu indidən öyrənməyəsən?
Bacı-qardaşınla aranızda baş verən söz-söhbətlər barədə düşün. Ən çox nəyin üstündə dalaşırsınız? Aşağıda gətirilən siyahıda səni özündən çıxaran şeyləri ✔ işarəsi ilə qeyd et.
□ Şəxsi əşyalar. Onları icazəsiz götürür.
□ Xasiyyətlərin tutuşmaması. Eqoistcəsinə və ya düşüncəsiz davrananda, yaxud həyatımı idarə etməyə çalışanda.
□ Şəxsi həyat. Qapını döymədən otağıma girəndə və ya e-mail və SMS-lərimi icazəsiz oxuyanda.
□ Digər ․․․․․
Əgər bacı-qardaşın hər şeydə sənə göstəriş verməklə, yaxud şəxsi həyatına qarışmaqla səni boğaza yığırsa, bu zaman özünü ələ almaq çox çətin ola bilər. Bir Müqəddəs Kitab məsəlində deyilir: «Burnu sıxanda qan çıxdığı kimi qəzəbi qızışdıranda da dava yaranar» (Süleymanın məsəlləri 30:33). Necə ki, burnu sıxanda qan çıxır, eləcə də qəzəbi içində saxlayanda, o, mütləq püskürüb böyük davaya gətirir. Nəticədə, problem daha da gərginləşir (Süleymanın məsəlləri 26:21). Dava-dalaş yaranmasın deyə, qəzəbinin qarşısını necə ala bilərsən? İlk növbədə, problemin əsil kökünü tapmaq lazımdır.
Səbəb, yoxsa nəticə?
Bacı-qardaş arasında yaranan problemlər sızanağa bənzəyir. Üzdə görünən xoşagəlməz sızanağın səbəbi daxildəki infeksiyadır. Buna bənzər tərzdə dava-dalaş da sadəcə bir nəticədir, səbəb isə daha dərindədir.
Əlbəttə, sən sızanağı basıb çıxarda da bilərsən. Ancaq bununla yalnız simptomla mübarizə aparmış olacaqsan. Üstəlik, dəridə iz qalacaq və ya infeksiya yayılacaq. Ən yaxşısı infeksiyanın özü ilə mübarizə aparmaq və sızanağın qarşısını almaqdır. Bacı-qardaşlar arasında yaranan problemlərlə də vəziyyət eynidir. Uzaqgörənlik göstərməklə diqqəti problemin özünə yox, kökünə cəmləməyi öyrənəcəksən. Həmçinin sən müdrik Süleyman padşahın məsləhətini tətbiq edə biləcəksən. O yazır: «İnsanın ağlı hiddəti ləngidər» (Süleymanın məsəlləri 19:11).
Məsələn, yuxarıda sözləri gətirilən Alisa qardaşı Denis haqda deyir: «Otağıma girir, icazəsiz nə istəyir götürür». Bu sadəcə nəticədir. Bəs səncə, problemin əsil səbəbi nədədir? Görünür, məsələ hörmətsizlikdədir. Alisa problemi həll etmək üçün Denisə ümumiyyətlə otağına girməyi və nəyisə götürməyi qadağan edə bilər. Ancaq bununla yalnız simptomu həll etmək olar, bu isə problemi daha da gərginləşdirə bilər. Yox, əgər Alisa xoşluqla Denisi başa sala bilsə ki, onun şəxsi otağa və əşyalara sahib olmaq ixtiyarı var və o, buna hörmət etməlidir, onda onların münasibətləri mütləq düzələcək.
Münaqişələri həll etməyi, yaxud onlardan qaçınmağı öyrən
Əlbəttə, problemin kökünü öyrənmək onu tamamilə həll etmək demək deyil. Münaqişəni həll etmək və onun qarşısını almaq üçün nə etmək olar? Növbəti altı addımı atmağa çalış.
1. Konkret qaydalar qoyun. Bacı və ya qardaşınla ən çox nəyin üstündə dalaşırsınız? Bir yerdə hər birinizə əlverən və problemin səbəbini həll etməyə kömək edən qaydalar təsis edin. Məsələn, əgər siz şəxsi əşyalarınızın üstündə dava edirsinizsə, 1-ci qaydanı təsis edə bilərsiniz: «Başqasının əşyasını götürəndə icazə almaq». 2-ci qayda isə belə ola bilər: «Bacı-qardaşının: “Xeyr, bunu götürmək olmaz” demək hüququna hörmət etmək». Bu qaydaları qoyarkən yaxşı olardı ki, İsa Məsihin növbəti göstərişini nəzərə alasınız: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (Matta 7:12). Beləliklə, siz hər biriniz üçün əlverişli olan qaydalar təsis edə biləcəksiniz. Sonra qəbul etdiyiniz qərarları valideynlərinizlə müzakirə edin və onların razı olub-olmadığına əmin olun (Efeslilərə 6:1).
2. Qoyduğunuz qaydalara əməl et. Həvari Pavel yazırdı: «Başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən? “Oğurlama” deyə təbliğ edib niyə özün oğurluq edirsən?» (Romalılara 2:21). Bu prinsipə necə əməl etmək olar? Əgər bacı və ya qardaşının şəxsi həyatına hörmətlə yanaşmasını istəyirsənsə, sən özün də onların otağına girəndə qapını döy, yaxud e-mail və SMS-lərini oxumaq üçün icazə al.
3. Küsəyən olma. Nəyə görə bu məsləhətə qulaq asmağa dəyər? Çünki Müqəddəs Kitabda deyilir: «Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar» (Vaiz 7:9). Əgər tez küsənsənsə, həyatda sənin üçün çox çətin olacaq. İstər-istəməz bir gün bacı-qardaşların sözləri və hərəkətləri ilə xətrinə dəyəcəklər. Ancaq özündən soruş: «Məgər mən özüm heç onların xətrinə dəyməmişəm?» (Matta 7:1—5). Cenni deyir: «13 yaşım olanda mən özümü hamıdan düz sayırdım və elə hesab edirdim ki, hamı mənə qulaq asmalıdır. İndi balaca bacım həmin vəziyyətdədir. Buna görə də çalışıram, onun dediklərindən inciməyim».
4. Bağışla və unut. Ciddi problemləri müzakirə edərək həll etmək lazımdır. Bəs bacı-qardaşından hər səhvinə görə haqq-hesab tələb etməlisənmi? Sən başqasının günahını bağışlamağa, yəni əhəmiyyət verməməyə çalışanda Yehova Allah bunu çox qiymətləndirir (Süleymanın məsəlləri 19:11). 19 yaşlı Alisiya deyir: «Adətən, bacım Reyçellə mən problemlərimizi həll edə bilirik. Hər ikimiz də dərhal üzr istəyib, zənnimizcə, aramızda yaranan anlaşılmazlığa nəyin səbəb olduğunu izah edirik. Hərdən mən söhbəti başqa vaxta saxlayıram. Çox vaxt səhəri gün bağışlamaq və unutmaq daha asan olur və artıq söhbəti çürütməyə ehtiyac qalmır».
5. Valideynlərindən kömək istə. Əgər bacı-qardaşlarınla hansısa ciddi problemi həll edə bilmirsinizsə, ola bilsin, sülhü yaratmaqda valideynləriniz sizə kömək edə bilər (Romalılara 14:19). Ancaq yadda saxla ki, valideynlərin köməyi olmadan münaqişəni həll etmək bacarığı əsil yetkinliyin əlamətidir.
6. Bacı-qardaşlarının yaxşı xüsusiyyətlərini qiymətləndir. Yəqin, bacı-qardaşlarında səni valeh edən xüsusiyyətlər var. Aşağıda onların yaxşı xüsusiyyətlərindən birini qeyd et.
Ad
․․․․․
Onda xoşuma gələn xüsusiyyət
․․․․․
Diqqətini bacı-qardaşının səhvlərinə cəmləməkdənsə, nəyə görə imkan tapıb onların hansı xüsusiyyətlərini xoşladığını deməyəsən? (Məzmur 130:3; Süleymanın məsəlləri 15:23).
Müqəddəs Kitabda göstərilir ki, bacı-qardaşlar hər zaman bir-birləri ilə yaxın dost olmurlar (Süleymanın məsəlləri 18:24). Ancaq əgər «birinizin digərindən şikayəti» olsa belə, «bir-birinizə qarşı həmişə səbirli» olsanız, münasibətlərinizi möhkəmləndirə biləcəksiniz (Koloslulara 3:13). Onda, çox ehtimal ki, bacı-qardaşın səni bir o qədər də qıcıqlandırmayacaq. Sən də onları əsəbiləşdirməyəcəksən!
Valideynlərindən ayrı yaşamağa hazır olub-olmadığını necə müəyyən edə bilərsən?
AÇAR AYƏ
“Həmişə aqil olun. Qoy bu xasiyyətiniz hamıya bəlli olsun” Filipililərə 4:5
MƏSLƏHƏT
Əgər bacı və ya qardaşınla yola getmək çətindirsə, heç kefini pozma, əksinə, buna həyat təcrübəsi qazanmaq fürsəti kimi bax!
BİLİRSƏN... ?
Haçansa evdən ayrılıb sərbəst yaşayanda istər-istəməz səni qıcıqlandıran insanlarla, məsələn, iş yerində kobud, etinasız və eqoist insanlarla qarşılaşacaqsan. Buna görə də yaxşısı budur, başqaları ilə dil tapmağı və yola getməyi evdə öyrən.
HƏRƏKƏT PLANI!
Bacı və ya qardaşımla təsis edə biləcəyimiz bəzi qaydalar: ․․․․․
Bacı və ya qardaşımı daha az qıcıqlandıraram, əgər mən: ․․․․․
Bu mövzu barədə valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nə üçün münaqişənin əsil səbəbini müəyyən etmək vacibdir?
● Bacı-qardaşın olması nəyə görə yaxşıdır?
[46–cı səhifədəki yazı]
“Bacı-qardaşım olmasaydı, mənə əziz olan uşaqlıq xatirələrim olmazdı. Üzümü bacı-qardaşı olan hamıya tutub demək istəyirəm: onların qədrini bilin!” Merilin
[42–ci səhifədəki sxem]
Sxem
Problemin kökünü tap
Bacı və ya qardaşınla aranızda yaranan problemin əsas kökünü müəyyən etməyi öyrənmək istəyirsənmi? Əgər istəyirsənsə, onda İsanın evdən çıxıb gedən və bütün malını-pulunu puç edən oğul məsəlini oxu (Luka 15:11—32). Bu məsəldə kiçik qardaş evə qayıdanda böyük qardaşın necə münasibət göstərdiyinin üzərində dərindən düşün. Sonra aşağıdakı suallara cavab ver.
Böyük qardaşın belə münasibət göstərməsi nəyin nəticəsidir? ․․․․․
Səncə, bunun əsil səbəbi nə idi? ․․․․․
Ata problemi necə həll etməyə çalışdı? ․․․․․
Problemin həll olunması üçün böyük qardaş necə davranmalı idi? ․․․․․
İndi isə bu yaxınlarda bacı və ya qardaşınla aranızda baş verən münaqişəni yadına sal və növbəti suallara cavab yaz. ․․․․․
Münaqişənin baş verməsi nəyin nəticəsi idi? ․․․․․
Səncə, bunun əsil səbəbi nə ola bilərdi? ․․․․․
Münaqişəni həll etmək və növbəti problemlərin qarşısını almaq üçün hansı konkret qaydaları qoya bilərsən? ․․․․․
[43–cü səhifədəki şəkil]
Bacı-qardaşlar arasındakı problemləri sızanaqla müqayisə etmək olar. Ondan yaxa qurtarmaq üçün simptomla yox, səbəblə mübarizə aparmaq lazımdır