Fəsil 10
Sağlamlığımın qayğısına nə üçün qalmalıyam?
Nail olmaq istədiyin məqsədlərin qarşısında ✔ işarəsi qoy
□ Narahatçılıqları azaltmaq
□ Özümə hakim olmaq
□ Özümə əminliyimi artırmaq
□ Fikrimi cəmləməyi bacarmaq
□ Daha gümrah olmaq
□ Dərimin vəziyyətini yaxşılaşdırmaq
□ Arıqlamaq
HƏYATDA elə şeylər var ki, onları insan özü seçmir. Məsələn, valideynlərini, bacı-qardaşlarını və yaşadığı yeri. Sağlamlığa gəldikdə isə vəziyyət tamamilə başqa cürdür. Bəzi şeylər irsən keçsə də, çox şey insanın sürdüyü həyat tərzindən asılıdıra.
Ola bilsin, sən fikirləşirsən: «Sağlamlığım barədə düşünmək üçün mən hələ çox cavanam!» Səncə, bu, doğrudan da, belədir? 71-ci səhifədə gətirilən siyahıya nəzər sal. Onlardan neçəsini işarələmisən? İnansan da, inanmasan da, ancaq həmin məqsədlərin hər birinə nail olmaq üçün ən vacibi yaxşı sağlamlıqdır.
Yəqin ki, sən də 17 yaşlı Amberin keçirdiyi hisslərə şəriksən. O deyir: «Mən bütün günü kəpəkli çörək, yağsız və şəkərsiz yeməklər yeyə bilmərəm!» Kim deyir ki, sən ümumiyyətlə şirniyyat yeməməli və kilometrlərlə qaçmalısan? Əslində, yaxşı görünmək, özünü gümrah hiss etmək və formada qalmaq üçün sadəcə bir neçə dəyişiklik etmək kifayətdir. Gəl görək, həmyaşıdlarından bəziləri buna necə nail olmuşlar.
Sağlam qidalan — gözəl görün!
Müqəddəs Kitab bizə tarazlı olmağı məsləhət görür. Orada biz: «Qarınqululara qoşulma», — deyə xəbərdar olunuruq (Süleymanın məsəlləri 23:20). Bəzən bunu etmək elə də asan olmur.
«Bir çox uşaqlar kimi, mən də həmişə yemək istəyirəm. Valideynlərim deyir, elə bil, mədəmdə deşik var!» (Andrey, 15 yaş).
«Bəzi yeməklərin nəyə görə zərərli olduğunu başa düşmürsən, çünki onların nəticəsi sonradan üzə çıxır» (Daniella, 19 yaş).
Yemək yeyərkən özünə hakim olmağı öyrənmək lazımdırmı? Gəl görək, həmyaşıdların bu barədə nə deyir.
Gördün ki, doymusan, əl saxla. 19 yaşlı Culiya deyir: «Əvvəllər mən kaloriyaları hesablayırdım, ancaq indi toxluq hiss edən kimi yeməyi dayandırıram».
Zərərli qidalardan qaçın. 21 yaşlı Piter öz təcrübəsi ilə bölüşür: «Mən qazlı içkilərdən imtina etdim və bir ayın içində düz 5 kiloqram arıqladım!»
Düzgün qidalanmamaq vərdişlərini tərgit. 19 yaşlı Erin deyir: «Çalışıram, ikinci dəfə yemək çəkməyim».
Müvəffəqiyyətin sirri. Heç vaxt yemək vaxtını ötürmə! Əks təqdirdə, güclü acacaqsan və həddindən çox yeyəcəksən.
İdman et — sağlam ol!
Müqəddəs Kitab «fiziki məşqin faydası» olduğunu deyir (1 Timoteyə 4:8). Ancaq gənclərin çoxu idmanla məşğul olmağı bir o qədər də sevmirlər.
«Təsəvvür edə bilməzsiniz ki, yuxarı sinifdə nə qədər uşaq idmandan iki alırdı, hərçənd bu dərs su içmək kimi asandır!» (Riçard, 21 yaş).
«Bəziləri düşünür ki, günün altında qaçaraq tər-suya batmaqdansa, rahat oturub videooyunlar oynayaraq özünü oradakı oyunçunun yerində təsəvvür etmək daha yaxşıdır» (Rut, 22 yaş).
«İdman etmək» sözünün özü artıq səni yorursa, aşağıda bunu nə üçün etməli olduğunun üç əsaslı səbəbi gətirilir.
1-ci səbəb: idman immuniteti möhkəmləndirir. «Atam həmişə deyərdi: “İdmana vaxt tapmasan, xəstələnməyə vaxt tapmaq məcburiyyətində qalacaqsan”», — 19 yaşlı Reyçel deyir.
2-ci səbəb: idmanla məşğul olan zaman beyində sakitlik yaradan kimyəvi maddələr ifraz olunur. 16 yaşlı Emili deyir: «Beynim həddən artıq yorğun olanda qaçmaq mənə rahatlıq gətirir. Özümü gümrah hiss edirəm və emosional gərginliyim azalır».
3-cü səbəb: idman əhval-ruhiyyəni qaldırır. «Açıq havada olmaq xoşuma gəlir, buna görə də piyada gəzir, üzgüçülüklə məşğul olur və velosiped sürürəm».
Müvəffəqiyyətin sirri. Həftədə, ən azı, üç dəfə 20 dəqiqə sevdiyin idman növü ilə məşğul ol.
Doyunca yat — gümrah ol!
Müqəddəs Kitab deyir: «Bir ovuc dolusunun gətirdiyi rahatlıq iki ovuc dolusunun gətirdiyi zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). Kifayət qədər yatmasan, gündəlik işlərində zəifləyəcəksən!
«Doyunca yatmayanda heç özümdə olmuram. Diqqətimi heç nəyə cəmləyə bilmirəm!» (Röya, 19 yaş).
«Günortadan sonra, saat ikiyə yaxın elə yoruluram ki, az qala, ayaqüstə yatam» (Kristin, 19 yaş).
Əgər doyunca yatmaq alınmırsa, həmyaşıdlarının dediklərinə qulaq as.
Gec yatma. 18 yaşlı Ketrin deyir: «Çalışıram, həmişə vaxtında yatım».
Lazımsız söhbətlərdən qaçın. 21 yaşı olan Riçard deyir: «Hərdən dostlarım gecəyarısına kimi zəng edir və SMS yazırlar, ancaq mən söhbəti qurtarıb, vaxtında yatmağı öyrənmişəm».
Rejimini pozma. «Axır vaxtlar hər gün eyni vaxtda yatıb-qalxmağa çalışıram», — deyə 20 yaşlı Cenifer qeyd edir.
Müvəffəqiyyətin sirri. Ən azı, səkkiz saat yatmaq üçün əlindən gələni et.
Bir neçə sadə addım atmaqla çox şeyə nail ola bilərsən. Unutma ki, yaxşı sağlamlığın olsa, gözəl görünəcək, özünü daha yaxşı hiss edəcək və gümrah olacaqsan. Əlbəttə, müəyyən şeylər səndən asılı olmasa da, fiziki sağlamlığın, demək olar ki, səndən asılıdır. 19 yaşlı Erin deyir: «Sağlamlığın yalnız bir nəfərin — sənin əlindədir».
Valideynlərinlə daim geyim məsələsində sözünüz çəp gəlir? Onlarla necə razılığa gələ biləcəyini öyrən!
[Haşiyə]
a Başa düşürük ki, bir çox insanlar sağlamlıqları ilə bağlı tamamilə aradan qaldırılması mümkün olmayan problemlərdən əziyyət çəkirlər. Bu fəsil həmin insanlara sağlamlıqlarını mümkün qədər yaxşılaşdırmağa kömək edə bilər.
AÇAR AYƏ
“Fiziki məşqin faydası” var 1 Timoteyə 4:8
MƏSLƏHƏT
İdmanla məşğul olmaq üçün özünə bir yoldaş tap. Bu, sənə stimul verəcək, çünki sən onu yarı yolda qoymaq istəməyəcəksən.
BİLİRSƏN... ?
İdmanla məşğul olmaq beynimizi endorfin — ağrıları yüngülləşdirən və əhval-ruhiyyəni yaxşılaşdıran kimyəvi maddələr ifraz etməyə məcbur edir.
hƏRƏKƏT PLANI!
Qidalanma ilə bağlı dəyişmək istədiyim vərdişlər: ․․․․․
İdmanla məşğul olmaq üçün qarşıma qoyacağım məqsədlər: ․․․․․
Gələn ay çalışacam hər gün, ən azı, ․․․․․ saat yatım.
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Sağlamlığın qayğısına qalmaq özünə əmin olmağa necə kömək edə bilər?
● Fiziki sağlamlığın qayğısına qalmaqdan daha vacib nə ola bilər? (1 Timoteyə 4:8).
[74–cü səhifədəki yazı]
“İdmandan sonra əhval-ruhiyyəm yüksəlir. Yaxşı formada olduğum üçün özümə əminliyim artır” Emili
[73–cü səhifədəki çərçivə]
«Həyat tərzimi kökündən dəyişdim»
«Yeniyetmə yaşlarında çox kök idim. Bu, mənim heç xoşuma gəlmirdi, güzgüdə özümə baxa bilmirdim. Vaxtaşırı xüsusi pəhrizlər tuturdum, sonra yenidən kökəlirdim. 15 yaşım olanda öz-özümə dedim: daha bəsdir! Mən yenidən kökəlməmək şərtilə düzgün şəkildə arıqlamaq istəyirdim. Düzgün qidalanmaq və idman etmək barədə kitab alıb oxudum və orada yazılanları tətbiq etməyə başladım. Özümə söz verdim ki, hərdən qrafikdən kənara çıxsam da, təslim olmayacağam. Bilirsiniz, nəticəsi necə oldu? Məndə hər şey alındı! Bir ilin içində 25 kiloqram arıqladım və artıq iki ildir ki, bu çəkimi qoruyuram. Bu nəticəni heç gözləmirdim! Düşünürəm ki, arıqlamağımın sirri pəhriz saxlamaqda deyildi — mən həyat tərzimi kökündən dəyişdim» (Ketrin, 18 yaş).
[74–cü səhifədəki şəkil]
Sağlamlıq maşın kimidir: lazımınca qayğı göstərilməsə, sıradan çıxacaq