Fəsil 26
Təsadüfi cinsi əlaqə barədə nə demək olar?
«Gənclər yoldan çıxardıqları insanla nələrə yol verəcəklərini və neçə nəfərlə əlaqədə ola biləcəklərini görmək üçün təsadüfi cinsi əlaqədə olurlar» Penni
«Oğlanlar bu mövzuda çox sərbəstdirlər. Onlar bir qızla görüşüb, başqaları ilə yatdıqları barədə fəxrlə danışırlar» Edvard
BU GÜN gənclər arasında emosional bağlılıq olmadan təsadüfi cinsi əlaqəyə girmək geniş yayılıb. Hətta bəzi gənclərin romantik münasibətlərin «əziyyətini» çəkmədən cinsi əlaqədə ola biləcəkləri tanışları var.
Əgər bu kimi şeylər sənə şirnikdirici gəlirsə, təəccüblənmə! (Yeremya 17:9). Yuxarıda sözləri gətirilən Edvard deyir: «Bir çox qızlar mənə cinsi əlaqədə olmağı təklif edirdilər. Allahın xidmətçisi kimi, bu, mənim üçün ən çətin sınaq idi. “Yox” demək çox çətindir!» Əgər səni buna cəlb etməyə çalışsalar, Müqəddəs Kitabın hansı prinsipini yadda saxlamalısan?
Təsadüfi cinsi əlaqənin nəyə görə yolverilməz olduğunu öyrən
Cinsi əxlaqsızlıq o dərəcədə ciddi günahdır ki, onunla məşğul olanlar «Allahın padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10). Təbii ki, bu, təkcə təsadüfi cinsi əlaqəyə yox, bir-birlərini sevən iki nəfərin cinsi əlaqədə olmasına da aiddir. Hər iki vəziyyətdə də şirnikdirici təsirlərə qarşı dura bilmək üçün əxlaqsızlığa Yehova Allahın gözü ilə baxmalısan.
«Mən yüz faiz əminəm ki, Yehovanın yolu ən yaxşı həyat yoludur» (Karen, Kanada).
«Unutma ki, sən kiminsə qızı və ya oğlu, bir çoxlarının isə dostu və ya həmimanlısısan. Əgər bu sınağa təslim olsan, onları çox məyus edəcəksən!» (Piter, Böyük Britaniya).
Nə qədər cəlbedici görünməsinə baxmayaraq, cinsi əxlaqsızlığa dair Allahın nöqteyi-nəzərini mənimsəməklə şərə nifrət etməyi bacaracaqsan (Məzmur 97:10).
Ayələri oxu: Yaradılış 39:7—9. Yusifin necə qəti mövqe tutduğuna və ona şirnikdirici təsirlərə qarşı durmaqda nəyin kömək etdiyinə diqqət yetir.
İmanınla fəxr et
İnandığı şeylərlə fəxr etmək və onların müdafiəsində durmaq gənclərə xasdır. Sən öz davranışınla Allahın normalarını dəstəklədiyini göstərmək kimi bir şərəfə layiq görülmüsən. Evlənmədən cinsi əlaqədə olmağa dair nöqteyi-nəzərindən heç vaxt utanma.
«Lap başdan əxlaq normalarına riayət etdiyini açıqca de» (Alen, Almaniya).
«Məktəbdəki oğlanlar mənim kim olduğumu və məni yoldan çıxarmaq cəhdlərinin boşa çıxacağını yaxşı bilirdilər» (Viki, Birləşmiş Ştatlar).
Öz imanını müdafiə etməyin, Allahın xidmətçisi kimi, sənin yetkinliyə doğru irəlilədiyini göstərir (1 Korinflilərə 14:20).
Ayəni oxu: Süleymanın məsəlləri 27:11. Yadda saxla ki, sən öz düzgün davranışınla Allahın ürəyini sevindirə bilərsən!
Qətiyyətli ol!
«Yox» demək çox vacibdir. Amma bəzən sənin «naz elədiyini» düşünərək rədd cavabını səhv yoza bilərlər.
«Hər şey — geyimin, danışığın, kiminlə ünsiyyət etməyin, kiminlə oturub-durmağın “yox” dediyini göstərməlidir» (Coy, Nigeriya).
«Bunun heç vaxt mümkün olmayacağını qəti şəkildə bildirməlisən. Səninlə cinsi əlaqədə olmaq istəyən oğlanlardan heç vaxt hədiyyə götürmə. Onlar bunu sənə qarşı istifadə edə bilərlər» (Lara, Böyük Britaniya).
Əgər qətiyyətli olduğunu göstərsən, Yehova da sənə kömək edəcək. Şəxsi təcrübəsindən irəli gələrək məzmurçu Davud Yehova Allaha belə demişdi: «Sədaqətlilərlə sədaqətlisən» (Məzmur 18:25).
Ayəni oxu: 2 Salnamələr 16:9. Yehovanın düzgün olanı etmək istəyənlərə necə dəstək olduğuna diqqət yetir.
Nəticəsini düşün
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar» (Süleymanın məsəlləri 22:3). Sən bunu necə edə bilərsən? Hərəkətinin nəticəsini düşünməklə!
«Bu kimi şeylər haqda danışan insanlardan bacardığın qədər uzaq dur» (Naomi, Yaponiya).
«Şəxsi məlumatlarını: ünvanını və ya telefon nömrəni başqalarına vermə» (Diana, Böyük Britaniya).
Danışıq tərzini, davranışını, kimlərlə vaxt keçirdiyini, adətən, haralara getdiyini düşün. Sonra özündən soruş: «Bəlkə, özüm də bilmədən davranışlarımla başqalarının mənə cinsi əlaqədə olmağı təklif etmələrinə işarələr verirəm?»
Ayələri oxu: Yaradılış 34:1, 2. Dinanın yanlış yerdə olmasının faciə ilə nəticələnməsinə diqqət yetir.
Unutma ki, təsadüfi cinsi əlaqə Yehova Allahın gözündə çox ciddi məsələdir; bu, sənin üçün də belə olmalıdır. Düzgün olanı etməkdə qəti qərarlı olmaqla Allah qarşısında təmiz vicdanını və özünəhörmət hissini qoruyacaqsan. Karli adlı bir qız belə deyir: «Nəyə görə kiminsə ani həzz alması üçün səndən istifadə etməsinə yol verəsən? Bu qədər zəhmət çəkib qazandığın təmiz adı göz bəbəyin kimi qoru!»
Oğlanların necə qızlardan xoşu gəlir? Cavab səni təəccübləndirə bilər!
AÇAR AYƏ
“Var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və əmin-amanlıq içində yaşayan tapsın” 2 Peter 3:14
MƏSLƏHƏT
Öz daxili aləminin üzərində işlə (1 Peter 3:3, 4). Allaha məqbul keyfiyyətlər səni heç bir əxlaq normalarına riayət etməyən insanlardan qoruyacaq.
BİLİRSƏN... ?
Allahın niyyəti odur ki, cinsi əlaqə insanda əxlaqsızlığın doğurduğu narahatçılıq, özünə əminsizlik və peşmançılıq hissi yox, məmnunluq gətirsin — bu isə yalnız nikah daxilində mümkündür.
HƏRƏKƏT PLANI!
Yusifin əxlaqi cəhətdən təmiz qalmaq nümunəsini izləyə bilmək üçün mən... ․․․․․
Dinanın etdiyi səhvi təkrarlamamaq üçün mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nikahdan qabaq cinsi əlaqə şirnikdirici görünsə də, nəyə görə yolverilməzdir?
● Əgər kimsə sənə cinsi əlaqədə olmağı təklif etsə, nə edəcəksən?
[185–ci səhifədəki yazı]
«Möhkəm ol! Bir oğlan mənə əxlaqsız təklif edəndə sərt şəkildə: “Çək əlini çiynimdən!” — deyib ondan uzaqlaşdım» Elen
[187–ci səhifədəki şəkil]
Özünü dəyər-dəyməzə satma