Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 34 s. 246—251
  • Çox içməkdə pis nə var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çox içməkdə pis nə var?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Sənin seçimin nə olacaq?
  • Məsihilərin spirtli içkiyə münasibəti
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yehovanın spirtli içkiyə baxışını mənimsəyin
    Gözətçi qülləsi 2023
  • Spirtli içkiyə düzgün münasibət
    Gözətçi qülləsi 2010
  • Spirtli içkilər. Həddi necə gözləməli?
    Əlavə mövzular
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 34 s. 246—251

Fəsil 34

Çox içməkdə pis nə var?

Aşağıdakı suallara necə cavab verərdin? Cavabının yanında ✔ işarəsi qoy.

Yaşları çatmadığı halda içki içən və ya sərxoşluq edən dostların varmı?

□ Bəli □ Xeyr

Dostların nə vaxtsa səni içki içməyə təhrik ediblərmi?

□ Bəli □ Xeyr

Nə vaxtsa sərxoş olana qədər içmisənmi?

□ Bəli □ Xeyr

HEÇ ürəyindən bircə dəfə də olsun sərxoş olana kimi içki içmək keçibmi? Əgər keçibsə, sən tək deyilsən. Bir çox yeniyetmələr yaşları çatmadığı halda spirtli içkilərdən sui-istifadə edirləra. Bəs sui-istifadə dedikdə nə nəzərdə tutulur? Bəziləri bunu sərxoş olana qədər içmək kimi başa düşür. ABŞ-ın Alkoqolizm və alkoqoldan sui-istifadənin öyrənilməsi üzrə Milli İnstitutunun hesabatında buna daha konkret tərif verilərək deyilir ki, «kişilər üçün beş və ya çox, qadınlar üçün isə dörd və ya çox porsiyab dalbadal içmək» alkoqoldan sui-istifadə deməkdir.

İndi isə özündən soruş: «Nəyə görə içmək istədiyimi bilirəmmi və içki mənə necə təsir edəcək?» Əvvəlcə, növbəti testdən keç. Cavabının yanına ✔ qoy, sonra öyrən gör faktlar nə deyir.

a. Yeniyetmələr sırf içkinin dadını xoşladıqları üçün içirlər.

□ Doğru □ Yanlış

b. Yeniyetmələr gənc və sağlam olduqları üçün spirtli içki böyüklərə nisbətən onlara bir o qədər də pis təsir etmir.

□ Doğru □ Yanlış

c. Çox içməkdən adam ölmür.

□ Doğru □ Yanlış

ç. Müqəddəs Kitab içki içməyi qadağan edir.

□ Doğru □ Yanlış

d. Çox içməyin yeganə pis cəhəti sağlamlığa zərər vurmasıdır.

□ Doğru □ Yanlış

a. Yeniyetmələr sırf içkinin dadını xoşladıqları üçün içirlər. Cavab — yanlış. Avstraliyada gənclərin spirtli içkilər barədə nə qədər məlumatlı olduqlarını müəyyən etmək üçün bir sorğu keçirilmişdir. Sorğuda iştirak edən gənclərin 36 faizi əsas etibarilə başqalarından geri qalmamaq üçün içdiklərini demişlər. Birləşmiş Ştatlarda keçirilən sorğuda isə gənclərin 66 faizi etiraf etmişdir ki, içki içmələrinin səbəbi həmyaşıdlarının təzyiqidir. Lakin yeniyetmələrin yarıdan çoxu problemlərdən qaçmaq üçün içdiklərini demişlər.

b. Yeniyetmələr gənc və sağlam olduqları üçün spirtli içki böyüklərə nisbətən onlara bir o qədər də pis təsir etmir. Cavab — yanlış. «Yeni araşdırmalar göstərib ki, içki içən gənclər özlərini təhlükəyə atırlar», — deyə «Diskaver» jurnalda dərc olunan bir məqalədə yazılmışdır. Nəyə görə? «Həddən artıq içki içən gənclər öz əqli qabiliyyətlərinə ciddi zərər vururlar».

Daima içki qəbul etmək sızanaqların artmasına, vaxtından əvvəl qırışların əmələ gəlməsinə, kökəlməyə, içkidən asılılığa və narkotikə qurşanmağa gətirib çıxarır. Həmçinin sinir sisteminin, qaraciyərin və ürəyin fəaliyyətini alt-üst edir.

c. Çox içməkdən adam ölmür. Cavab — yanlış. Həddən artıq içki içmək beyinə oksigenin daxil olmasına əngəl olur və orqanizmin həyati vacib funksiyalarını pozur. Simptomların arasında qusma, huşunu itirmə, nəfəsin ağırlaşması və ya qeyri-müntəzəmliyi kimi hallar da müşahidə oluna bilər. Bəzi hallarda isə ölümlə nəticələnə bilər.

ç. Müqəddəs Kitab içki içməyi qadağan edir. Cavab — yanlış. Müqəddəs Kitab nə içki içməyi qadağan edir, nə də gənclərin əylənməsini (Məzmur 104:15; Vaiz 10:19). Əlbəttə, içki içmək üçün, ilk növbədə, yetkin yaşa çatmaq lazımdır (Romalılara 13:1).

Bununla belə, Müqəddəs Kitab həddən artıq spirtli içki içməyi mühakimə edir. «Şərab insanları ələ salar, kefləndirici içki onları dalaşdırar, sərxoş olan müdrik olmaz», — deyə Süleymanın məsəlləri 20:1 ayəsində yazılır. İçki səni gülünc vəziyyətə sala bilər! Düzdür, spirtli içki bir anlıq məmnunluq gətirir, amma ona aludə olmaq insanı «ilan kimi sancar» və başına çoxlu problemlər açar (Süleymanın məsəlləri 23:32).

d. Çox içməyin yeganə pis cəhəti sağlamlığa zərər vurmasıdır. Cavab — yanlış. Sərxoş olanda insan zəif olur, hətta cinsi təcavüzə məruz qalanda da özünü müdafiə edə bilmir. Eyni zamanda, insan sərxoş olanda heç vaxt etməyəcəyi şeyləri etməklə başqaları üçün təhlükə yarada bilər. Müqəddəs Kitab xəbərdarlıq edir ki, çox içəndə insanın «gözlərinə qəribə şeylər görünər, qəlbinə əyri fikirlər gələr» (Süleymanın məsəlləri 23:33). Bir sözlə, insan özünü axmaq vəziyyətə sala bilər! Bunun dostluq münasibətlərinin pozulması, oxumaq və əmək qabiliyyətinin zəifləməsi, cinayət məsuliyyətinə cəlb olunma və yoxsulluq kimi başqa acı nəticələri də ola bilər (Süleymanın məsəlləri 23:21).

Ən vacibi, çox içməyin Yehova Allahla münasibətlərinə necə təsir edəcəyi barədə fikirləş. Yehova sənin Ona içki ilə boş yerə korladığın ağlınla yox, «bütün ağlınla» xidmət etməyini istəyir (Matta 22:37). Allahın Kəlamı əyyaşlıqla yanaşı, kef məclislərini də mühakimə edir (1 Peter 4:3). Nəticə etibarilə, içki məclislərində iştirak etmək Yaradanımızın iradəsinə ziddir və Allahla dostluq münasibəti qurmağa mane olur.

Sənin seçimin nə olacaq?

İçki düşkünü olan həmyaşıdlarına qoşulacaqsan? Müqəddəs Kitabda deyilir: «Məgər bilmirsiniz ki, özünüzü kimə tabe edirsinizsə, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, deməli, onun qulusunuz» (Romalılara 6:16). Həqiqətənmi, sən dostlarının və içkinin qulu olmaq istəyirsən?

Bəs əgər sən artıq içkinin çənginə keçmisənsə, onda necə? Dərhal valideynlərinlə və ya yetkin bir dostunla danış. Yehova Allaha dua et və Ondan kömək istə. Çünki O, insana «dar gündə çox kömək edir» (Məzmur 46:1). Əksər hallarda içkiyə başlamağın və həddindən artıq içməyin səbəbi həmyaşıdların təzyiqi olduğundan, sənə dost seçimində köklü dəyişikliklər etmək lazım gələ bilərc. Bu cür seçim etmək asan olmasa da, Yehovanın köməyi ilə səndə hər şey alınacaq.

NÖVBƏTİ FƏSİLDƏ

Narkotik asılılığının öhdəsindən gəlmək mümkündür. Öyrən gör, necə.

[Haşiyə]

a 249-cu səhifədəki «Bunu kimlər edir?» adlı çərçivəyə bax.

b Alkoqolun standart porsiyası — tərkibində 10 qram təmiz etil spirti olan içkidir. Spirtli içkinin bir porsiyası 250 millilitr pivəyə, 100 millilitr şəraba və ya 30 millilitr tünd spirtli içkiyə bərabərdir.

c Əlavə məlumat üçün bu kitabın 8 və 9-cu fəsillərinə, həmçinin 2-ci cildin 15-ci fəslinə bax.

AÇAR AYƏ

“Əyyaş... yoxsullaşar” Süleymanın məsəlləri 23:21

MƏSLƏHƏT

Nə üçün içmək istədiyinin səbəbini müəyyənləşdir. Sonra əylənmək və stressin öhdəsindən gəlmək üçün daha sağlam üsullar tapmağa çalış.

BİLİRSƏN... ?

Amerikada aparılmış bir araşdırmaya görə, «həddindən artıq içki içən uşaqlarda dərsə gəlməmək, dərslərindən geri qalmaq, travma almaq və ya maddi cəhətdən ziyan vurmaq halları digər uşaqlara nisbətən səkkiz dəfə çoxdur».

HƏRƏKƏT PLANI!

Əgər həmyaşıdlarım mənə içki içməyi təklif edərlərsə, onlara belə deyəcəyəm: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nəyə görə yeniyetmələr içki içərkən başqalarının da onlara qoşulmasını istəyirlər?

● Həddən artıq çox içməklə sən əks cinsin diqqətini cəlb edə bilərsənmi? Nəyə görə belə düşünürsən?

[250–ci səhifədəki yazı]

“Məktəb yoldaşlarım mənə içki təklif edəndə yaxşı vaxt keçirmək üçün içkiyə ehtiyacım olmadığını deyirəm” Mark

[249–cu səhifədəki çərçivə]

Bunu kimlər edir?

İngiltərədə, Şotlandiyada və Uelsdə orta məktəb şagirdləri arasında aparılan sorğuya əsasən, 13—14 yaşlarında olan hər dörd yeniyetmədən biri «dalbadal, ən azı, beş porsiya içdiyini etiraf edib». Sorğuda iştirak edən 15 və 16 yaşlı yeniyetmələrin təxminən yarısı da eyni şeyi etdiklərini demişlər. ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin verdiyi məlumata əsasən, «12—20 yaşlarında olan gənclərin təxminən 10,4 milyonu spirtli içki qəbul edir. Onların 5,1 milyonu vaxtaşırı sərxoş olana qədər içir, 2,3 milyonu isə alkoqolizmdən əziyyət çəkir və hər ay, ən azı, 5 dəfə içir». Avstraliyada aparılan araşdırma göstərmişdir ki, bu ölkədə qızlar oğlanlardan çox içir, onların bir məclisdə içdikləri porsiyanın sayı 13-dən 30-a qədərdir!

[251–ci səhifədəki şəkil]

Spirtli içki ilan kimi sancar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş