Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yaxşı dostları necə tapmaq olar?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
    • Fəsil 8

      Yaxşı dostları necə tapmaq olar?

      «Hirsli olanda mütləq ürəyimdəkiləri kiməsə açıb-tökməliyəm. Kefsiz olanda kiminsə mənə: “Hər şey yaxşı olacaq” deməsini gözləyirəm. Özümü xoşbəxt hiss edəndə sevincimi bölüşməyə adam axtarıram. Dostsuz bir günüm olmasın» Türkan

      UŞAQLIQDA dostlar həyətdə tək oynamamaq üçün lazım olur. Böyüyəndə isə insan sadəcə birlikdə vaxt keçirmək üçün yox, həmçinin maraq və dəyərlərini bölüşə biləcəyi əsil dostlara ehtiyac duyur.

      Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Əsil dost həmişə sevər, o, qardaşdır, dar gün üçün doğulub» (Süleymanın məsəlləri 17:17, Yeni Dünya tərcüməsi). Görünür, burada oyuncaqlarla oynayan uşaqlar arasındakı münasibət yox, daha dərin dostluq münasibətləri nəzərdə tutulur.

      Fakt. Böyüdükcə sən aşağıdakı tələblərə cavab verən dostlara ehtiyac duyursan:

      1) gözəl xüsusiyyətləri olan;

      2) yüksək əxlaq normalarına malik olan;

      3) sənə yaxşı təsir edən.

      Sual. Bu cür dostları necə tapa bilərsən? Gəl bu amilləri bir-bir müzakirə edək.

      Dostluq üçün 1-ci şərt: gözəl xüsusiyyətlər

      Nəyi bilməlisən? Özünü dost adlandıran hər adama əsil dost demək olmaz. Hətta Müqəddəs Kitabda deyilir ki, elə «dostlar var, bir-birini didməyə hazırdır» (Süleymanın məsəlləri 18:24, Yeni Dünya tərcüməsi). Sənə elə gələ bilər ki, bu, həddən artıq şişirdilib. Ancaq bir düşün: məgər heç səndən sui-istifadə etməyə çalışan, qeybətini edən və haqqında yalanlar uydurub danışan «dostun» olmayıb? Bəlkə də, bu kimi şeylər ucbatından dostuna olan etibarın sarsılıba. Bir şeyi heç vaxt yadından çıxartma: əsas kəmiyyət yox, keyfiyyətdir.

      Nə edə bilərsən? Özünə elə dostlar seç ki, onların təqlid edilməyə layiq xüsusiyyətləri olsun.

      «Rəfiqəm Fiona haqqında hamı yaxşı fikirdədir. İstəyirəm ki, mənim barəmdə də belə yaxşı şeylər danışsınlar, mən də onun kimi yaxşı ad qazanım. Şadam ki, belə rəfiqəm var» (İvet, 17 yaş).

      Aşağıdakı tapşırığı yerinə yetir.

      1. Qalatiyalılara 5:22, 23 ayələrini oxu.

      2. Özündən soruş: «Dostlarımda “ruhun bəhrəsi”nə daxil olan xüsusiyyətlər varmı?»

      3. Aşağıda ən yaxın dostlarının adlarını yaz. Hər adın yanında dostunun əsas xüsusiyyətini qeyd et.

      Ad

      ․․․․․

      Xüsusiyyət

      ․․․․․

      İpucu. Əgər ağlına ancaq mənfi xüsusiyyətlər gəlirsə, deməli, yeni dostlar axtarmağın vaxtıdır!

      Dostluq üçün 2-ci şərt: yüksək əxlaq normaları

      Nəyi bilməlisən? Əgər heç cür özünə dost tapa bilmirsənsə, çox ehtimal ki, kiminlə gəldi oturub-duracaqsan. Müqəddəs Kitabda deyilir: «Axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). «Axmaqlar» ifadəsi altında bisavad və ya intellektual səviyyəsi aşağı olan insanlar nəzərdə tutulmur. Burada söhbət müdrik məsləhətləri qulaqardına vuran və əxlaq normalarına zidd davranan insanlardan gedir. Bu cür dostların olmağından olmamağı yaxşıdır!

      Nə edə bilərsən? Kiminlə gəldi dostluq etməkdənsə, yaxşını yamandan seçməyi bacar (Məzmur 26:4). Bu heç də o demək deyil ki, sən hamıya şübhə ilə yanaşmalısan. Ayənin kontekstində seçməyi bacarmaq dedikdə «salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi» ayırd edə biləcək qədər dərrakəli olmaq nəzərdə tutulur (Malaki 3:18).

      «Allahın normalarına uyğun yaşayan həmyaşıdlarım arasında dostlar tapmaqda mənə kömək etdikləri üçün valideynlərimə çox minnətdaram» (Kristofer, 13 yaş).

      Növbəti suallara cavab ver:

      Dostlarımın məni düzgün olmayan şeylərə təhrik edəcəyindən qorxuram?

      □ Bəli

      □ Xeyr

      Valideynlərimin dostlarımdan xoşu gəlməyəcəyindən ehtiyat edərək dostlarımı onlarla tanış etməkdən çəkinirəm?

      □ Bəli

      □ Xeyr

      İpucu. Yuxarıda gətirilən suallara «bəli» cavabını verdinsə, onda özünə daha yüksək normalara sahib olan nümunəvi məsihçilərdən dost tap.

      Dostluq üçün 3-cü şərt: yaxşı təsir

      Nəyi bilməlisən? Müqəddəs Kitabda açıqlanır: «Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33). Loren adlı gənc qız deyir: «Məktəb yoldaşlarım yalnız onların dedikləri ilə oturub-durduğum halda məni qəbul edərdilər. Mən özümü tənha hiss edirdim, buna görə də məni öz aralarına qəbul etsinlər deyə onlarla ayaqlaşmaq qərarına gəldim». Loren anladı ki, başqalarını razı salmağa çalışanda insan onların əlində «peşkaya» çevrilir, onlar da istədikləri kimi ondan istifadə edirlər. Axı sən belə davranışa layiq deyilsən!

      Nə edə bilərsən? Səni öz həyat tərzinə uyğunlaşdırmaq istəyən insanlarla əlaqəni birdəfəlik kəs. Əgər bu addımı atsan, ola bilsin ki, dostların azalacaq, amma özünü daha yaxşı hiss edəcəksən və sənə müsbət təsir edən əsil dostlar qazanmaq üçün daha çox imkanın yaranacaq (Romalılara 12:2).

      «Yaxın dostum Klint çox ağıllı oğlandır və başqalarının hisslərinə anlayışla yanaşmağı bacarır. O, mənə hər şeydə dəstək olur» (Ceyson, 21 yaş).

      Özündən soruş:

      Dostlarımı razı salmağa çalışdığım üçün geyim, danışıq və ya hərəkət tərzimdə pisliyə doğru heç nə dəyişməyib ki?

      □ Bəli

      □ Xeyr

      Dostlarıma qoşulub əxlaqi baxımdan təhlükəli ola biləcək yerlərə gedirəmmi?

      □ Bəli

      □ Xeyr

      İpucu. Bu suallara «bəli» cavabını verdinsə, onda valideynlərinlə və ya yetkin bir insanla məsləhətləş. Əgər Yehovanın Şahidisənsə, məsihçi ağsaqqaldan xahiş edə bilərsən ki, sənə yaxşı təsir edəcək dostlar seçməkdə kömək etsin.

      ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 9-CU FƏSLİNDƏN OXU

      NÖVBƏTİ FƏSİLDƏ

      «Dostların» və yaxud ürəyin səni pis işlərə təhrik edirmi? Bu kimi təzyiqlərə necə qarşı dura biləcəyini öyrən!

      [Haşiyə]

      a Əlbəttə, hamı səhvlərə yol verir (Romalılara 3:23). Buna görə də, əgər dostun sənin xətrinə dəydiyi üçün peşmançılıq çəkirsə, unutma ki, «məhəbbət bir çox günahın üstünü örtər» (1 Peter 4:8).

      AÇAR AYƏ

      “Elə dost var ki, qardaşdan da irəlidir” Süleymanın məsəlləri 18:24, Yeni Dünya tərcüməsi

      MƏSLƏHƏT

      Yüksək əxlaq normalarına uyğun yaşasan, həmin normalara üstünlük verən insanların rəğbətini qazanacaqsan. Onlar sənin ən yaxşı dostların olacaq!

      BİLİRSƏN... ?

      Allah üzgörənlik etmir. Çadırında kimlərin qalacağına qərar verərkən çox diqqətli davranır (Məzmur 15:1—5).

      HƏRƏKƏT PLANI!

      Yaxşı dostlar tapmaq üçün mən... ․․․․․

      Böyüklər arasında yaxından tanımaq istədiyim insanlar: ․․․․․

      Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

      NECƏ DÜŞÜNÜRSƏN?

      ● Dostlarda ən çox dəyərləndirdiyin xüsusiyyətlər hansılardır və nə üçün?

      ● Yaxşı dost olmaq üçün sən hansı xüsusiyyətlərin üzərində işləməlisən?

      [60–cı səhifədəki yazı]

      “Valideynlərim bəzi dostlarımdan uzaqlaşmağı məsləhət görəndə mənə elə gəlirdi ki, onlardan yaxşı dost tapa bilmərəm. Amma valideynlərim haqlı idilər. Onların məsləhəti sayəsində başa düşdüm ki, ətrafımda dost ola biləcəyim çoxlu gözəl insanlar var” Koul

      [61–ci səhifədəki çərçivə]

      Sınaqdan keçir

      Dostluq barədə valideynlərinlə danış. Onlardan sənin yaşda olanda kimlərlə dostluq etdiklərini soruş. Kiminləsə dostluq etdiklərinə görə heç peşman olublarmı? Əgər olublarsa, nəyə görə? Qoy onlar bir vaxtlar yaşadıqları problemlərdən bu gün sənin necə qaçına biləcəyini başa salsınlar.

      Dostlarını valideynlərinlə tanış et. Əgər bunu etməyə çəkinirsənsə, səbəbini özündən soruş. Bəlkə, valideynlərinin onlardan xoşu gəlməyəcəyini bilirsən? Vəziyyət belədirsə, onda dost seçimində sənə daha diqqətli olmaq lazımdır.

      Diqqətlə dinlə. Dostunun rifahını düşün və onu narahat edən şeylərlə maraqlan (Filipililərə 2:4).

      Bağışlamağı bacar. Kamillik gözləmə. «Çünki hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).

      Dostlarını özəlləşdirmə. Zəli kimi yapışma. Əsil dost sənə kömək lazım olanda yanında olacaq (Vaiz 4:9, 10).

      [63–cü səhifədəki şəkil]

      Başqalarını razı salmağa çalışanda onların əlində «peşkaya» çevrilirsən, onlar da səndən istədikləri kimi istifadə edirlər

  • Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
    • Fəsil 9

      Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?

      Kəmalənin əyləncə gecəsinə gəldiyi heç on dəqiqə deyildi ki, iki oğlan əlində bir neçə böyük paket içəri girir. Paketlərin içində nə olduğunu bilmək üçün baş sındırmağa ehtiyac yox idi. Çünki həmin oğlanlar burada çoxlu içki olacağını deyəndə Kəmalə ötəri eşitmişdi.

      Birdən Kəmalə arxadan tanış bir səs eşidir: «Burada niyə durmusan, yasa gəlmisən, nədir?» Kəmalə çevrilib rəfiqəsi Cəmiləni əlində ağzı açıq iki pivə butulkası ilə görür. O, butulkanın birini Kəmaləyə uzadıb deyir: «Bircə demə ki, yaşın çatmır!»

      Kəmalə imtina etmək istəyir, amma bunu etmək onun düşündüyündən də çətindir. Axı Cəmilə onun rəfiqəsidir və o, rəfiqəsinin xətrinə dəymək istəmir. Üstəlik, Cəmilə yaxşı qızdır. Əgər o içki içirsə, deməli, bunda pis bir şey yoxdur. «Bu, sadəcə pivədir. Narkotik və ya seks deyil ki», — deyə Kəmalə özünə təsəlli verir.

      GƏNC olanda cürbəcür sınaqlarla üzləşirsən. Çox vaxt bu, əks cinslə bağlı olur. 17 yaşlı Ramon deyir: «Məktəbdəki qızlar adama qırsaqqız kimi yapışırlar. Onlar sənə toxunur və nə dərəcədə həddi aşmalarına yol verəcəyini yoxlamaq istəyirlər. “Əl çək” sözü onlara kar eləmir!» 17 yaşı olan Diana da eyni şeyi yaşamışdır. O deyir: «Bir oğlan yaxınlaşıb məni qucaqladı. Mən onun əlinə bərk vurub: “Çaşmısan?! Mən heç səni tanımıram!” — dedim».

      Sən də bu kimi sınaqlarla üzləşə bilərsən və sənə elə gələ bilər ki, onlardan can qurtarmaq mümkün deyil. Ardı-arası kəsilməyən bu cür sınaqları üzərində «Narahat etməyin» yazısı olan qapının durmadan döyülməsi ilə müqayisə etmək olar. Sən bu səsi gözlədiyindən də çox eşidirsən? Məsələn, aşağıda sadalanan şirnikdirici təsirlərdən hansı ilə qarşılaşırsan?

      □ Siqaret

      □ Pornoqrafiya

      □ Spirtli içki

      □ Seks

      □ Narkotik

      □ Digər ․․․․․

      Bunlardan hansınısa ✔ işarəsi ilə qeyd etməyin o demək deyil ki, səndən məsihçi çıxmaz. Sən günahlı arzuları boğmağı və şirnikdirici təsirlərə qarşı durmağı öyrənə bilərsən. Necə? Sənə şirnikdirici təsirlərin arxasında nəyin durduğunu öyrənməyin köməyi dəyə bilər. Gəl üç səbəbi nəzərdən keçirək.

      1. Qeyri-kamillik. Pis işlərə meyil göstərmək bütün qeyri-kamil insanlara xasdır. Hətta Allahın sadiq xidmətçisi olan həvari Pavel səmimi olaraq etiraf etmişdi: «Düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir» (Romalılara 7:21). Göründüyü kimi, hətta salehliyə can atan insan da bəzən bədənin və gözlərin istəyinə qapıla bilər (1 Yəhya 2:16). Ancaq daima günahlı fikirlərə dalmağın axırı pis qurtara bilər. Çünki Müqəddəs Kitabda deyilir: «Nəfs boylu qalıb günah doğur» (Yaqub 1:15).

      2. Kənar təsirlər. Hara baxırsan, hər yan şirnikdirici təsirlərlə doludur. Turan adlı gənc qadın deyir: «İstər məktəbdə, istərsə də iş yerində ancaq seksdən danışırlar». O əlavə edir: «Televiziya proqramlarında və kinolarda bunu cəlbedici və arzuolunan bir şey kimi təqdim edirlər. Onun pis nəticələrini isə, demək olar ki, heç göstərmirlər». Turan bu kimi təsirlərin nə dərəcədə güclü ola biləcəyini öz təcrübəsindən bilir. «16 yaşım olanda bir oğlana vurulmuşdum. Anam məni qabağına qoyub başa saldı ki, belə getsə, axırı hamiləliklə qurtaracaq. Anamın ağlına belə bir şey gətirdiyini biləndə dəhşətə gəldim! İki aydan sonra mən hamilə qaldım».

      3. «Gəncliyə xas istəklər» (2 Timoteyə 2:22). Bu ifadəyə gənclik illərində baş qaldıran arzuları, həmyaşıdlarının rəğbətini qazanmaq və böyüdüyünü sübut etmək kimi istəkləri aid etmək olar. Bu kimi şeyləri arzulamaq öz-özlüyündə qəbahət deyil, amma hisslərini cilovlamasan, şirnikdirici təsirlərə qarşı durmaq daha da çətinləşəcək. Məsələn, sərbəst olmaq arzusu səni valideynlərinin verdiyi öyüd-nəsihətlərə qarşı çıxmağa vadar edə bilər. 17 yaşı olanda bu hal Stivlə də baş vermişdi. O deyir: «Valideynlərimə qarşı üsyan qaldıraraq onların acığına dedikləri hər şeyi tamamilə əksinə edirdim. Üstəlik, bütün bunlar vəftizimdən dərhal sonra baş verdi».

      Necə qarşı durmalı?

      Etiraf etmək lazımdır ki, yuxarıda qeyd olunan amillər çox güclü təsirə malikdir. Ancaq sən bu şirnikdirici təsirlərə qarşı dura bilərsən. Necə?

      ● İlk növbədə, sənin üçün nəyin ən güclü şirnikdirici təsir olduğunu müəyyən et. (Ola bilsin, bunu 65-ci səhifədə artıq qeyd etmisən.)

      ● Sonra özündən soruş: «Bu şirnikdirici təsirlərə ən çox nə zaman məruz qala bilərəm?» Aşağıdakılardan birinə ✔ işarəsi qoy.

      □ Məktəbdə

      □ Tək olanda

      □ İşdə

      □ Digər ․․․․․

      Şirnikdirici təsirlərin nə zaman yaranacağını biləndə onlardan qaçmaq sənə asan olacaq. Məsələn, fəslin əvvəlində təsvir olunan vəziyyəti götürək. Kəmalə getdiyi yerdə problemlərin olacağını necə sezə bilərdi?

      ․․․․․

      O, şirnikdirici təsirdən tamamilə necə qaçına bilərdi?

      ․․․․․

      ● İndi sən şirnikdirici təsirin nədən ibarət olduğunu və onun nə zaman yarana biləcəyini təyin etdikdən sonra hərəkətə keçməyə hazırsan. Birinci işin təhlükəni minimuma endirmək və ya ondan tamamilə qaçmaqdır. Aşağıda bunu necə edə biləcəyini yaz.

      ․․․․․

      (Nümunələr. Əgər məktəbdən gələndə həmişə sənə siqaret təklif edən məktəb yoldaşlarınla qarşılaşırsansa, bəlkə, başqa yolla gedib-gələsən. İnternetdə olarkən istəmədən ekrana pornoqrafik şəkillər çıxırsa, bu kimi saytların və mənbələrin qarşısını alan proqramlar yüklə. Həmçinin İnternetdə nə isə axtaranda söz seçimində ehtiyatlı ol.)

      Əlbəttə, bütün şirnikdirici təsirlərdən qaçınmaq mümkün deyil. Gec-tez sən çox çətin sınaqla üzləşəcəksən, bu, hətta sənin gözləmədiyin bir vaxtda ola bilər. Bəs belə vəziyyətdə sən nə edə bilərsən?

      Hazır ol

      Şeytan İsa Məsihi imtahana çəkəndə o, dərhal Şeytanın təklifini rədd etdi (Mark 1:13). Nəyə görə? Çünki Şeytan bu sualları qaldırmamışdan əvvəl, İsa artıq öz mövqeyini tutmuşdu və hər zaman Allaha itaət edəcəyinə qəti qərar vermişdi (Yəhya 8:28, 29). O, «mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm» sözlərini deyərkən məhz bunu nəzərdə tuturdu (Yəhya 6:38).

      Növbəti səhifədə ən çox qarşılaşdığın şirnikdirici təsirlərə nəyə görə qarşı durmalı olduğunun iki səbəbini, eləcə də bunlardan qaçmağın iki yolunu yaz.

      Nəyə görə qarşı durmalısan?

      1 ․․․․․

      2 ․․․․․

      Nə kömək edəcək?

      1 ․․․․․

      2 ․․․․․

      Unutma ki, şirnikdirici təsirlərə təslim olanda sən öz arzularının qulu olursan (Titus 3:3). Axı nəyə görə arzularının səni idarə etməsinə yol verəsən? Çalış, kifayət qədər yetkin ol və arzularını nəzarət altında saxlamağı bacar (Koloslulara 3:5). Buna nail olmaq üçün Allaha dua et (Matta 6:13)a.

      ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 15-Cİ FƏSLİNDƏN OXU

      NÖVBƏTİ FƏSİLDƏ

      Özünü əzgin və halsız hiss edirsən? Sağlamlığını yaxşılaşdırmaq və yenidən güc əldə etmək üçün nə edə biləcəyini öyrən!

      [Haşiyə]

      a Həmçinin bu kitabın 33 və 34-cü fəsillərinə bax.

      AÇAR AYƏ

      “Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək” 1 Korinflilərə 10:13

      MƏSLƏHƏT

      Kimsə səni günaha təhrik edəndə nə deyəcəyini qabaqcadan düşün. Bu kitabın 2-ci cildinin 132, 133-cü səhifələrindəki «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» adlı sxemdən istifadə et.

      BİLİRSƏN... ?

      Allah qabaqcadan bildirmişdi ki, İsa sadiq qalacaq. Amma bu o demək deyil ki, o, itaətli olmaq üçün robot kimi proqramlaşdırılmışdı. Əksinə, İsaya iradə azadlığı verilmişdi. O, heç bir seçimi olmadığı üçün yox, özü istədiyi üçün sadiq qaldı. Məhz elə buna görə də ağır sınaqlarla üzləşərkən var gücü ilə Allaha dua edirdi (İbranilərə 5:7).

      HƏRƏKƏT PLANI!

      Şirnikdirici təsirlərə qarşı durmaqda qətiyyətli olmaq üçün mən... ․․․․․

      Qaçmalı olduğum insanlar, yerlər və vəziyyətlər: ․․․․․

      Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

      NECƏ DÜŞÜNÜRSƏN?

      ● Kamil varlıqlar imtahana məruz qala bilərmi? (Yaradılış 6:1—3; Yəhya 8:44).

      ● Şirnikdirici təsirlərə qarşı duran zaman sənin sadiqliyin başqalarına necə təsir edir? (Süleymanın məsəlləri 27:11; 1 Timoteyə 4:12).

      [68–ci səhifədəki yazı]

      “Kainatda ən güclü Varlığın — Qadir Allahın mənim tərəfimdə olduğunu və hər an Onu köməyə çağıra biləcəyimi bilmək məni ürəkləndirir!” Kamran

      [67–ci səhifədəki çərçivə/şəkil]

      Sınaqdan keçir!

      Bir kompas götür və elə qur ki, əqrəbi şimalı göstərsin. İndi onun yanına maqnit qoy. Nə baş verdi? Əqrəb artıq şimalı göstərmir, maqnitə tərəf əyilib.

      Sənin vicdanını da kompasla müqayisə etmək olar. Əgər o, düzgün tərbiyə olunubsa, «şimalı» göstərəcək və sənə müdrik qərarlar verməkdə kömək edəcək. Ancaq pis ünsiyyət maqnit kimi səni əxlaq normalarından kənara çıxmağa təhrik edə bilər. Bundan nə öyrənmək olar? Çalış, əxlaq dəyərlərini pozan insanlardan və vəziyyətlərdən qaç! (Süleymanın məsəlləri 13:20).

      [69–cu səhifədəki şəkil]

      Şirnikdirici təsirlərə boyun əyəndə sən öz arzularının qulu olursan

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş