Fəsil 37
Niyə valideynlərim məni əylənməyə qoymur?
Avstraliyadan olan Elison üçün hər bazar ertəsi stresslə keçir.
«O deyir: “Məktəbdə hamı həftə sonu nə ilə məşğul olduğundan danışır. Onlar həvəslə neçə əyləncə gecəsində olduqlarını, neçə oğlanla öpüşdüklərini, hətta polisdən necə qaçdıqlarını danışırlar... Dəhşətli olsa da, çox maraqlıdır! Səhərə yaxın saat beşdə evə qayıdırlar, amma valideynləri onlara heç nə demir. Onların gecə macəraları başlamamış mən artıq yatağımda oluram!
Hamı öz hadisəsini danışandan sonra növbə mənə çatır. İndi mən onlara nə deyim? Yığıncağa getdiyimi, yoxsa təbliğdə olduğumu? Yəni əylənmək fürsətini əldən verdiyimi? Buna görə də, həmişə olduğu kimi, heç nə etmədiyimi deyirəm. Onda soruşurlar: “Bəs niyə bizimlə gəlmədin?”
Düşünürəm ki, bazar ertəsini birtəhər yola versəm, rahat nəfəs alaram. Amma heç də elə olmur. Səhərisi gündən artıq hər kəs növbəti həftə sonu nə edəcəyini danışır. Mən də bir kənarda oturub onlara qulaq asıram. Özümü lap alaqarğa kimi hiss edirəm!”»
MƏKTƏBDƏ sənin də həftən belə başlayır? Səndə elə bir hiss varmı ki, çöldə əyləncə dolu bir həyat olduğu halda valideynlərin, sanki, qapını üstünə bağlayıb səni evə həbs ediblər? Yaxud attraksionlarla dolu parkdasan, ancaq bir dənə də olsun karuselə minməyə icazə vermirlər? Əslində, sən həmyaşıdlarının etdiyi hər şeyi etmək yox, sadəcə bir az əylənmək istəyirsən! Bu həftəsonu ürəyindən hara getmək keçir?
□ diskotekaya
□ konsertə
□ əyləncə gecəsinə
□ kinoya
□ digər ․․․․․
Təbii ki, sənin əylənməyə ehtiyacın var. Yaradan sənin gəncliyindən həzz almağını istəyir (Vaiz 3:1, 4). Elə valideynlərinin istəyi də budur, bəzən buna inanmaq çətin olsa da. Amma haqlı olaraq onları iki məsələ narahat edir: 1) sən nə edəcəksən? və 2) kimlərlə olacaqsan?
Bəs əgər dostların səni harasa getməyə dəvət ediblərsə, amma sən valideynlərinin buna necə reaksiya göstərəcəyini bilmirsənsə, onda necə? Aşağıdakı üç variantı və onların nəticələrini nəzərdən keçir.
A VARİANTI İCAZƏ ALMADAN GETMƏK
Bu variantın üzərində düşünməyinin səbəbi. Nə dərəcədə sərbəst olduğunu göstərərək dostlarında təəssürat oyatmaq istəyirsən. Valideynlərindən daha çox bildiyini düşünürsən və ya onların fikirlərinə kifayət qədər hörmət etmirsən (Süleymanın məsəlləri 14:18).
Nəticə. Ola bilsin ki, dostlarında təəssürat oyadacaqsan, amma onlar sənin haqda başqa bir şey də öyrənəcəklər, sənin yalançı olduğunu biləcəklər. Bu gün valideynlərini aldadan, sabah dostlarını da aldadar. Əgər valideynlərin bundan xəbər tutsa, çox məyus olacaq və aldadıldıqlarını hiss edib bir də səni heç hara qoymayacaqlar! Ata-ananın sözünə qulaq asmayıb icazəsiz harasa getmək ağılsızlıqdır (Süleymanın məsəlləri 12:15).
B VARİANTI İCAZƏ ALMAMAQ VƏ HEÇ HARA GETMƏMƏK
Bu variantın üzərində düşünməyinin səbəbi. Dostlarının təklifi üzərində düşünüb bu əyləncənin sənin prinsiplərinə uyğun gəlmədiyi və ya dəvət olunanlar arasında bəziləri ilə ünsiyyətin sənin üçün heç də yaxşı olmayacağı qənaətinə gəlmisən (1 Korinflilərə 15:33; Filipililərə 4:8). Buna baxmayaraq, yenə də ürəyindən getmək keçir, amma valideynlərindən icazə almağa çəkinirsən.
Nəticə. Əgər həmin əyləncədə iştirak etməyin yaxşı fikir olmadığını düşündüyün üçün getmirsənsə, onda dostlarına əminliklə «yox» deyə biləcəksən. Ancaq əgər valideynlərindən icazə almağa cəsarətin çatmadığı üçün getmirsənsə, səndən başqa hamının əyləndiyini düşünərək mısmırığını sallayıb evdə oturacaqsan.
C VARİANTI İCAZƏ ALMAQ
Bu variantın üzərində düşünməyinin səbəbi. Sən valideynlərinin mövqeyini qəbul edir və onların fikirlərinə hörmət göstərirsən (Koloslulara 3:20). Ata-ananı sevir və gizlincə iş görərək onları incitmək istəmirsən (Süleymanın məsəlləri 10:1). Üstəlik, fikirlərini ifadə etmək fürsətin yaranacaq.
Nəticə. Valideynlərin sənin onları sevdiyini və hörmət etdiyini görəcəklər. Əgər xahişin onlara ağlabatan gəlsə, getməyinə icazə verə bilərlər.
Valideynlərin «yox» deməsinin səbəbi nə ola bilər?
İşdir, valideynlərin «yox» deyərsə, onda necə? Əlbəttə, bu heç də xoş deyil. Onların nəyə görə icazə vermədiklərini anlasan, bununla razılaşmaq asan olacaq. Misal üçün, onların «yox» deməsinin aşağıda bir neçə səbəbi gətirilir.
Onların daha çox biliyi və həyat təcrübəsi var. Seçimin olsaydı, yəqin ki, xilasediciləri olan çimərliyə üstünlük verərdin. Çünki dənizdə çimib əylənən zaman təhlükəni sezmək çox çətindir. Amma xilsaedicilər öz müşahidə məntəqələrindən təhlükəni daha yaxşı görürlər.
Eynilə, valideynlərin də daha çox biliyə və həyat təcrübəsinə sahib olduqları üçün sənin görmədiyin təhlükələri qabaqcadan sezə bilərlər. Sahildəki xilasedicilər kimi, onların da məqsədi sənin istirahətinə mane olmaq yox, həyatını alt-üst edəcək təhlükələrdən qorumaqdır.
Səni sevdikləri üçün. Valideynlər nəyin bahasına olursa-olsun, övladlarını qorumaq istəyirlər. Onların edə biləcəyin şeylərə «olar», yolverilməz şeylərə isə «olmaz» demələri sırf məhəbbətdən irəli gəlir. Sən hər dəfə icazə alanda onlar sənin istəyinlə razılşıb-razılaşmayacaqlarını və bunun nəticələrinə tab gətirib-gətirə bilməyəcəklərini düşünürlər. Əgər onlar sənə heç bir zərər dəyməyəcəyinə tam əmin olsalar, onda əvvəlcə özlərinə, sonra isə sənə «olar» deyəcəklər.
«Hə» cavabı almaq şansını necə artıra bilərsən?
Bu sahədə sənə dörd faktor kömək edə bilər.
Dürüstlük. İlk növbədə, özünə qarşı dürüst ol və özündən soruş: «Əslində, ora niyə getmək istəyirəm? Həqiqətən də, xoş vaxt keçirmək üçün, yoxsa həmyaşıdlarımdan geri qalmamaq üçün? Bəlkə, xoşuma gələn insan orada olacaq, ona görə?» Sonra da valideynlərinə qarşı dürüst ol. Onlar da gənc olublar və üstəlik, səni əllərinin içi kimi tanıyırlar. Buna görə də, çox ehtimal ki, əsil niyyətini başa düşəcəklər. Valideynlərin sənin səmimiliyini qiymətləndirəcək, sən də onların müdrikliyindən faydalanacaqsan (Süleymanın məsəlləri 7:1, 2). Əgər dürüst olmasan, valideynlərinin etibarını itirəcək və «hə» cavabı eşitmək şansını əldən verəcəksən.
Münasib vaxt. Valideynlərin işdən yorğun gələn və ya hansısa bir işlə məşğul olan zaman icazə almağın heç yeri deyil. Bunun üçün daha münasib bir vaxtı gözləmək lazımdır. Amma heç vaxt son məqama saxlayıb tez cavab vermələri üçün tələsdirmə. Çətin ki, onlar tələsik qərar vermək istəsinlər. Qabaqcadan icazə al ki, valideynlərinin fikirləşməyə vaxtı olsun. Sənin bu cür diqqətcil davranışın onların xoşuna gələcək.
Açıq söhbət. Üstüörtülü danışma. Nə ilə məşğul olacağını dəqiq de, nala-mıxa vurma. Valideynlərinin: «Orada kimlər olacaq? Böyüklərdən kimsə olacaqmı? Yaxud nə vaxt qayıdacaqsan?» kimi suallarına «Bilmirəm», — deyə cavab verməyin onların heç xoşuna gəlmir.
Əhval-ruhiyyə. Valideynlərini düşmən gözündə görmək əvəzinə, onlarla bir komandada olduğunu düşün. Çünki bu, həqiqətən də, belədir. Əgər valideynlərinin sənin tərəfində olduğunu başa düşsən, onda «icazə almaq» üçün onlarla mübarizə aparmalı olmayacaqsan, onlar da, öz növbəsində, səninlə əməkdaşlıq etməyə daha çox meyilli olacaqlar. «Siz mənə inanmırsınız», «Məndən başqa hamı gedir» və ya «Hamının valideyni icazə verir» kimi ifadələr işlətməməyə çalış. Qoy valideynlərin görsün ki, sən onların qərarını qəbul edib, hörmət göstərəcək dərəcədə yetkinsən. Bununla sən ata-ananın hörmətini qazanacaqsan. Və ola bilsin, gələn dəfə onların «hə» cavabı verməyə əsası olacaq.
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 32-Cİ FƏSLİNDƏN OXU
AÇAR AYƏ]
“Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin” Süleymanın məsəlləri 27:11
MƏSLƏHƏT
Dostlarınla harasa gedəndə mütləq «aradan çıxmaq» planın olsun. Vicdanın yol vermədiyi vəziyyətlərdə oradan uzaqlaşmaq üçün nə deyəcəyini və ya nə edəcəyini qabaqcadan planlaşdır.
BİLİRSƏN... ?
Sevən valideynlər heç vaxt ehtiyatı əldən vermirlər. Əgər onlar nə istədiyini tam başa düşməsələr və ya nəyisə gizlətdiyini hiss etsələr, böyük ehtimalla «olmaz» deyəcəklər.
HƏRƏKƏT PLANI!
Əgər vicdanım hansısa kinoya baxmağa və ya əyləncədə iştirak etməyə yol vermirsə, onda mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● İcazə alarkən valideynlərinə hər şeyi deməyinə nə mane ola bilər?
● Vacib məqamları gizlədərək valideynlərindən «hə» cavabı almağının nəticəsi nə ola bilər?
[268–ci səhifədəki yazı]
“Uşaq vaxtı necə də ağılsız olmuşam. O zaman mənə əyləncəli gələn bəzi şeylərin nəticəsi heç də əyləncəli deyilmiş. İnsan nə əkərsə, onu da biçər. Valideynlərimin sözünə qulaq asmadığım üçün çox peşmanam” Brayn
[269–cu səhifədəki şəkil]
Çimərlikdəki xilasedicilər kimi, valideynlərin də təhlükəni qabaqcadan görürlər