FƏSİL 13
Hər şeyi elə edin ki, Allah şərəflənsin
HƏYATIMIZI Allaha həsr etdiyimiz üçün danışığımızla və davranışımızla Ona şərəf gətirməliyik. Həvari Bulusun növbəti sözləri bu sahədə bizə rəhbərlikdir: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Kor. 10:31). Bunun üçün bizdən Yehovanın ali varlığını əks etdirən salehlik normalarına bağlı qalmaq tələb olunur (Kol. 3:10). Müqəddəs xalq olduğumuz üçün biz Allaha bənzəməyə çalışmalıyıq (Efes. 5:1, 2).
2 Həvari Butrus məsihilərin diqqətini buna yönəldərək yazmışdı: «İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərə uymayın. Sizi çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun, axı yazılıb: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”» (1 But. 1:14—16). Qədim İsrail xalqı kimi, bütün məsihilərdən də müqəddəs olmaq tələb olunur. Bunun üçün biz paklığımızı qoruyuruq, pis işlərdən və bu dünyadan uzaq dururuq. Bunun sayəsində biz təmiz qalıb Yehovaya ibadət edə bilirik (Çıx. 20:5).
3 Müqəddəsliyi qorumaq üçün Yehova Allahın müqəddəs Kəlamındakı qanun və prinsiplərə bağlı qalmalıyıq (2 Tim. 3:16). Müqəddəs Kitabı araşdırmaqla biz Yehova Allah və Onun yolları barədə öyrənir, Ona daha yaxın oluruq. Bu mütaliə Allahın Padşahlığını hər şeydən üstün tutmaq və Yehovanın iradəsini həyatımızda birinci yerə qoymaq üçün bizə əminlik verir (Mət. 6:33; Rom. 12:2). Bunun üçün bizdən yeni mənliyə bürünmək tələb olunur (Efes. 4:22—24).
RUHANİ VƏ ƏXLAQİ TƏMİZLİK
4 Yehovanın salehlik normalarına uyğun yaşamaq həmişə asan olmur. Düşmənimiz Şeytan İblis bizi həqiqət yolundan uzaqlaşdırmaq üçün fürsət axtarır. Bu dünyanın pis təsiri və günahlı xislətimiz vəziyyəti daha da ağırlaşdırır. Həsr olunmağımıza uyğun yaşamaq üçün daim mübarizə aparmalıyıq. Müqəddəs Kitabda deyilir ki, təqib və sınaqlarla üzləşəndə çaşıb qalmamalıyıq. İstər-istəməz biz bu dünyada salehlik uğrunda əzab çəkirik (2 Tim. 3:12). Əslində, sınaqlarla üzləşəndə sevinməliyik, çünki bu sınaqlar Allahın iradəsini yerinə yetirdiyimizi sübut edir (1 But. 3:14—16; 4:12, 14—16).
5 İsa kamil olsa da, çəkdiyi əzablar sayəsində itaətli olmağı öyrəndi. O, Şeytanın bütün imtahanlarından üzüağ çıxdı; o, bu dünyada özünə şan-şöhrət axtarmırdı (Mət. 4:1—11; Yəh. 6:15). İsa güzəştə getməyi ağlından belə keçirmirdi. Allaha sadiqliyini qoruduğu üçün dünyanın nifrətini qazansa da, o, Yehovanın salehlik normalarına bağlı qalırdı. Ölümündən bir az əvvəl İsa şagirdlərini xəbərdar etmişdi ki, onlar da dünyanın nifrətinə tuş gələcəklər. O vaxtdan bəri İsanın davamçıları əzab-əziyyətlə üzləşirlər; amma onlar bilirlər ki, Allahın Oğlu dünyaya qalib gəlib, buna görə də cəsarətlə irəli gedirlər (Yəh. 15:19; 16:33; 17:16).
6 Bu dünyaya aid olmamaq üçün Ağamız İsa kimi Yehovanın salehlik normalarından möhkəm yapışmalıyıq. Dünyanın siyasi və sosial işlərinə qarışmamalı və mənəvi tənəzzülə uğrayan bu dünyadan uzaq durmalıyıq. Biz Yaqub 1:21 ayəsində yazılan məsləhətə ciddi yanaşırıq: «Özünüzü hər cür çirkabdan və pisliyin hər zərrəsindən təmizləyin və sizi xilas etməyə qadir olan sözün içinizdə əkilməsinə həlimliklə yol verin». Allahın Kəlamının mütaliəsi və ibadət görüşləri sayəsində həqiqət sözü zehnimizdə və ürəyimizdə əkilir və bunun sayəsində dünyanın təklifləri bizi özünə çəkmir. İsanın şagirdi Yaqub yazırdı: «Məgər bilmirsiniz ki, dünya ilə dostluq Allahla düşmənçilik deməkdir? Buna görə də dünyanın dostu olmaq istəyən özünü Allahın düşməni edir» (Yaq. 4:4). Bu səbəbdən, Müqəddəs Kitab bizə ciddi şəkildə məsləhət görür ki, Allahın saleh qanunlarından möhkəm yapışaq və bu dünyanın işlərinə qarışmayaq.
7 Allahın Kəlamı bizi biabırçı və əxlaqsız hərəkətlərdən çəkindirir. Orada yazılıb: «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə çəkməyin, axı bunlar müqəddəslərə yaraşmır» (Efes. 5:3). Buna görə də biz nalayiq, pozğun, ədəbsiz fikirləri beynimizdən qovmalıyıq və yol verməməliyik ki, bu şeylər danışığımıza nüfuz etsin. Bununla biz Yehovanın pak əxlaq normalarına uyğun yaşamaq istədiyimizi göstəririk.
FİZİKİ TƏMİZLİK
8 Məsihilər başa düşürlər ki, ruhani və əxlaqi təmizlik qədər fiziki təmizlik də vacibdir. Allah müqəddəs olduğu üçün qədimdə İsrail xalqına düşərgəni təmiz saxlamağı buyurmuşdu. Biz də təmiz olmalıyıq ki, Yehova aramızda murdar bir şey görməsin (Qan. 23:14).
9 Müqəddəs Kitaba əsasən, müqəddəslik və fiziki təmizlik bir-birilə bağlı anlayışlardır. Məsələn, həvari Bulus yazırdı: «Əzizlərim,.. gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Kor. 7:1). Buna görə də bütün məsihilər, həm kişilər, həm qadınlar müntəzəm çimməli və paltarlarını yumalıdırlar. Hər ölkənin şəraiti müxtəlifdir, amma məsihi özünü və uşaqlarını təmiz saxlamaq üçün su və sabun tapa bilər.
10 Şahidlik fəaliyyəti ilə məşğul olduğumuz üçün qonşuluqda yaşayan insanlar bizi yaxşı tanıyır. Evimiz həm içəridən, həm də bayırdan təmiz və səliqəli olarsa, bunun özü gözəl şahidlikdir. Bu işdə bütün ailənin əməyi olmalıdır. Qardaşlar xüsusilə evə və həyət-bacaya diqqət yetirməlidirlər, çünki evin həyəti və özü baxımlı olanda başqalarında xoş təəssürat oyadır. Ruhani işlərlə yanaşı, bu kimi işlərdə də məsuliyyəti üzərinə götürən ailə başçısı göstərir ki, ailəsini yaxşı idarə edir (1 Tim. 3:4, 12). Bacılar da təmizliyə və səliqə-səhmana fikir verməlidirlər, xüsusilə də evin içində (Tit. 2:4, 5). Bu sahədə yaxşı tərbiyə almış uşaqlar öz təmizliklərinə fikir verəcək, otaqlarını təmiz və səliqəli saxlayacaqlar. Bunun sayəsində bütün ailə üzvləri təmizkar olmağı öyrənəcək; bu, yeni dünyada da lazım olacaq.
11 Bir çox Yehovanın Şahidi ibadət görüşlərinə avtomobillə gedib-gəlir. Bəzi ərazilərdə avtomobilsiz xidmət etmək qeyri-mümkündür. Avtomobil təmiz və yaxşı vəziyyətdə olmalıdır. Evimizdən və avtomobilimizdən bizim Yehovanın təmiz və müqəddəs xalqının bir hissəsi olduğumuz görünməlidir. Eyni şeyi xidmətə götürdüyümüz çantaya və Müqəddəs Kitaba da aid etmək olar.
12 Geyimimiz və xarici görünüşümüz Allahın prinsiplərinə uyğun olmalıdır. Biz nüfuzlu adamın qəbuluna səliqəsiz, necə gəldi geyinib getmərik. Təbii ki, təbliğ zamanı və ya səhnədə Yehovanı təmsil edərkən əyin-başımıza daha çox diqqət yetirməliyik. Xarici görünüşümüz və geyimimiz başqalarında dinimiz haqda müəyyən təəssürat yaradır. Buna görə də xarici görünüşümüz yersiz diqqət cəlb etməməli və başqalarına hörmət etdiyimizi göstərməlidir (Mik. 6:8; 1 Kor. 10:31—33; 1 Tim. 2:9, 10). Təbliğə, yığıncağa, rayon toplantılarına, yaxud regional toplantıya gedəndə Müqəddəs Kitabda təmizlik və ləyaqətli geyimlə bağlı yazılanları yadda saxlamalıyıq. Biz hər zaman Yehovanın adına şərəf gətirmək istəyirik.
Həyatımızı Allaha həsr etdiyimiz üçün danışığımızla və davranışımızla Ona şərəf gətirməliyik
13 Yehovanın Şahidlərinin baş idarəsinə və filiallarına gedərkən də eyni prinsipə əsasən davranmalıyıq. Unutmayaq ki, Beytel «Allahın evi» deməkdir. Buna görə də ora gedəndə ibadət görüşünə geyindiyimiz kimi geyinməli və davranmalıyıq.
14 Asudə vaxtımızda da geyimimizə və xarici görünüşümüzə fikir verməliyik. Özümüzdən soruşa bilərik: «Qeyri-formal şahidlik vermək imkanı yaransa, geyimimə görə təbliğ etməyə utanmayacam?»
SAĞLAM İSTİRAHƏT VƏ ƏYLƏNCƏ
15 İstirahət və əyləncə gümrah və sağlam olmaq üçün vacibdir. Bir dəfə İsa şagirdlərinə demişdi: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın» (Mark 6:31). İstirahət və sağlam əyləncə insanın həyatına rəng qatır. Bunun sayəsində biz təravətlənir və işimizi davam etdirə bilirik.
16 Bu gün əyləncə növləri çox olduğu üçün məsihilər hikmətlə davranıb seçici olmalıdırlar. İstirahət etmək lazımdır, amma istirahət həyatda əsas yeri tutmamalıdır. Müqəddəs Kitab bizi xəbərdar edir ki, axırzamanda insanlar «Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Tim. 3:1, 4). Bugünkü əyləncələrin çoxu Yehova Allahın qanunları ilə yaşamaq istəyənlərə yaraşmayan əyləncələrdir.
17 Birinci əsrdəki məsihilər yaşadıqları eyş-işrət dünyasının zərərli əyləncələrindən uzaq dururdular. Roma sirklərində tamaşaçılar başqalarının əzab çəkməyinə baxmaqla əylənirdilər. Tamaşaçıları əyləndirmək üçün tamaşalarda zorakılıq, qətl və cinsi əxlaqsızlıq səhnələri göstərilirdi, lakin birinci əsrdəki məsihilər bu cür əyləncələrdən qaçırdılar. Bu gün də əyləncələrin əksəriyyəti bu cür səhnələrlə doludur, cəmiyyətin zövqünə uyğun hazırlanır. Biz necə hərəkət etdiyimizə diqqət yetirməliyik, mənəviyyatı murdarlayan əyləncələrdən uzaq durmalıyıq (Efes. 5:15, 16; Zəb. 11:5). Bəlkə də, seçdiyiniz əyləncənin özü pis deyil, amma ab-hava məsihilər üçün münasib olmaya bilər (1 But. 4:1—4).
18 Elə istirahət və əyləncə növləri var ki, məsihilər ondan zövq alırlar. Çoxları nəşrlərimizdə əyləncə ilə bağlı Müqəddəs Kitaba əsasən verilən məsləhət və təkliflərin faydasını görüb.
19 Bəzən bir neçə ailə birlikdə istirahət edir. Yaxud da bacı-qardaşları toya və bu kimi məclislərə dəvət edirlər (Yəh. 2:2). Məclisdə baş verənlərə görə məclisi təşkil edən məsuliyyət daşıyır. Aydındır ki, böyük məclis təşkil edəndə gözdə-qulaqda olmaq lazımdır. Bu cür məclislərdə insanlar özlərini sərbəst hiss edib yeməkdə, içkidə həddi aşa bilər, hətta ciddi günaha yol verə bilərlər. Dərrakəli məsihi bunu nəzərə alaraq çalışmalıdır ki, qonaqların sayı həddi aşmasın və məclis çox uzun çəkməsin. Məclisdə içki olacaqsa, həddən artıq çox olmamalıdır (Filip. 4:5). Məsihi əlindən gələni etsə ki, məclisdə xoş ab-hava olsun, bacı-qardaşlar ruhlansın, onda içki və yemək məsələsində narazılıq olmayacaq.
20 Qonaqpərvərlik gözəl xüsusiyyətdir (1 But. 4:9). Ruhlanmaq, dincəlmək, ünsiyyət etmək üçün süfrə açıb bacı-qardaşları qonaq çağıranda kasıbları və imkansızları yaddan çıxarmamalıyıq (Luka 14:12—14). Özümüz qonaq olanda isə Mark 12:31 ayəsində yazılan məsləhətə uyğun davranmalıyıq. Göstərdiyi xeyirxahlığa görə ev sahibinə təşəkkürümüzü bildirməyi unutmamalıyıq.
21 Allahın bəxş etdiyi bol nemətlər məsihilərə sevinc gətirir və onlar yeyib-içib zəhmətlərindən həzz alırlar (Vaiz 3:12, 13). Əgər hər şeyi Allahı şərəfləndirən tərzdə etsək, həm ev yiyəsi, həm də qonaqlar ruhani təravət aldıqları üçün məclisi xoş xatirələrlə yada salacaqlar.
MƏKTƏB TƏDBİRLƏRİ
22 Məktəbdə aldıqları təhsil Yehovanın Şahidlərinin övladlarına fayda gətirir. Onlar məktəbdə yaxşı oxumağı və yazmağı öyrənirlər. Digər fənlər isə gənclərə ruhani məqsədlərə çatmağa kömək edə bilər. Məsihi gənclər məktəb illərində ruhani işləri həyatlarında birinci yerə qoymaq və Ulu Yaradanlarını unutmamaq üçün əllərindən gələni edirlər (Vaiz 12:1).
23 Məktəbli məsihilərə məsləhət görülür ki, Yehovaya ibadət etməyən gənclərlə mümkün qədər az ünsiyyət etsinlər (2 Tim. 3:1, 2). Məsihi gənclər özlərini dünyanın təsirindən qoruya bilərlər, çünki Yehova onları köməksiz qoymur (Zəb. 23:4; 91:1, 2). Odur ki, əziz gənclər, sizi Yehovanın köməyindən yararlanıb özünüzü qorumağa təşviq edirik (Zəb. 23:5).
24 Məsihi gənclərin əksəriyyəti məktəb illərində dünyadan uzaq durmaq üçün dərsdənkənar tədbirlərdə iştirak etmirlər. Sinif yoldaşları və müəllimləri onları başa düşməyə bilər, əsas odur ki, Allah onlardan razı qalır. Bunun üçün onlardan Allahın Kəlamına əsasən tərbiyə edilmiş vicdanlarına uyğun hərəkət etmək, eləcə də rəqabət və ya millətçilik ruhunda keçən tədbirlərdə iştirak etməmək qətiyyəti tələb olunur (Qal. 5:19, 26). Gənclər Allahı sevən valideynlərin Müqəddəs Kitaba əsaslanan məsləhətlərinə qulaq assalar və yığıncaqda sağlam ünsiyyət qursalar, Yehovanın saleh normalarına bağlı qala biləcəklər.
İŞ VƏ İŞGÜZAR MÜNASİBƏTLƏR
25 Müqəddəs Kitaba əsasən, ailə başçıları ailələrini dolandırmaq məsuliyyəti daşıyırlar (1 Tim. 5:8). Bununla belə, onlar başa düşürlər ki, Allahın Padşahlığını birinci yerə qoymalıdırlar, iş isə ikinci yerdə durmalıdır (Mət. 6:33; Rom. 11:13). Möminliyi üstün tutan, yeməyi və paltarı varsa, bunlarla qane olan insan həddən artıq narahatçılıq keçirməyəcək və dünya malının dalınca qaçmayacaq (1 Tim. 6:6—10).
26 İşləyən bütün məsihilər Müqəddəs Kitabın prinsiplərini unutmamalıdırlar. Halal zəhmətlə pul qazanmaq o deməkdir ki, insan Allahın və dövlətin qanununu pozmadan pul qazanır (Rom. 13:1, 2; 1 Kor. 6:9, 10). Biz pis ünsiyyətin təhlükəli olduğunu da unutmamalıyıq. Məsihin əsgərləri kimi biz Allahın normalarına zidd gedən, bitərəfliyimizi pozan, yaxud ruhaniliyimizə zərər gətirən kommersiya fəaliyyətinə baş qoşmamalıyıq (Əşy. 2:4; 2 Tim. 2:4). Həmçinin Allahın düşməni olan «Böyük Babil»lə heç bir əlaqəmiz olmamalıdır (Vəhy 18:2, 4; 2 Kor. 6:14—17).
27 Biz məsihilər Allahın salehlik normalarına əsasən yaşadığımız üçün ibadət görüşlərindən işgüzar məsələlərdə və digər şəxsi məqsədlərdə istifadə etmirik. Həftəlik ibadət görüşlərində və böyük toplantılarda yığışmaqda yeganə məqsədimiz Yehovaya ibadət etməkdir. Bu görüşlərdə biz Yehovanın hazırladığı ruhani süfrədən qidalanır və bir-birimizi ruhlandırırıq (Rom. 1:11, 12; İbr. 10:24, 25). Çalışmalıyıq ki, görüşlərimizdə ünsiyyətimiz ruhani mövzulardan kənara çıxmasın.
MƏSİHİLƏR ARASINDAKI BİRLİK
28 Yehovanın salehlik normaları tələb edir ki, Onun xalqı «sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi» qorusun (Efes. 4:1—3). Məsihilər yalnız özlərini düşünmür, əksinə, onlar başqalarına yaxşılıq etməyə can atırlar (1 Salon. 5:15). Şübhə yoxdur ki, siz də öz yığıncağınızda bunun şahidi olmusunuz. İrqi, milli, sosial, maddi vəziyyətimizdən və ya təhsilimizdən asılı olmayaraq, hamımız eyni qanunlara tabe oluruq. Yehovanın xalqının bu səciyyəvi xüsusiyyəti hətta kənar insanların diqqətindən yayınmır (1 But. 2:12).
29 Həvari Bulus birlik üçün daha bir əsas gətirir: «Dəvət olunduğunuz ümid bir olduğu kimi, bədən də bir, ruh da bir, Ağa da bir, iman da bir, vəftiz də bir, hamının Atası və Allahı da birdir. O, hamının üzərindədir, hamı vasitəsilə və hamıda fəaliyyət göstərir» (Efes. 4:4—6). Bu sözlər bizi Müqəddəs Kitabın ehkamlarında, təlimlərində birliyə səsləyir və bununla biz Yehovanın ali hakimiyyətinə tabe olduğumuzu göstəririk. Bəli, Yehova xalqına həqiqətin pak dilini bəxş edib ki, onlar çiyin-çiyinə Ona xidmət edə bilsinlər (Səf. 3:9).
30 Yehovanın xalqı arasındakı birlik və əmin-amanlıq Onun xidmətçiləri üçün təravət mənbəyidir. Biz Yehovanın «[onları] ağıldakı qoyun-quzu kimi... bir yerə yığacağam» vədinin artıq gerçək olduğunun şahidiyik (Mik. 2:12). Yehovanın tələblərinə uyğun yaşayaraq bu sülhü və əmin-amanlığı qorumalıyıq.
31 Yehovanın xalqının içərisində olmaq şərəfinə layiq görülənlər necə də xoşbəxtdirlər! Yehovanın adını daşımaq üçün hər qurbanı verməyə dəyər. Biz Yehova ilə gözəl münasibətlərimizi qoruyub-saxlamaq istəyirik, bunun üçün Onun qayda-qanunlarına uyğun həyat tərzi sürür və başqalarına da bunu tövsiyə edirik (2 Kor. 3:18).