FƏSİL 16
Ümumdünya qardaşlıq
TƏXMİNƏN 1500 il ərzində İsrail xalqı Yehovanın adını daşıyan bir xalq olub. Sonra Yehova «digər xalqlardan Öz adını daşıyan bir xalq» təşkil etdi (Həv. 15:14). Yehovanın adını daşıyan bu xalqın nümayəndələri dünyanın hansı guşəsində yaşamalarından asılı olmayaraq, bir fikrə, bir amala xidmət edərək Onun şahidi olmalı idi. Bu xalqın təşkil olunması üçün İsanın şagirdlərinə verdiyi növbəti tapşırığı yerinə yetirmək lazım idi: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20).
Siz milli və etnik mənsubiyyətindən, maddi vəziyyətindən asılı olmayaraq, birlik içində yaşayan ümumdünya məsihi qardaşlığının üzvüsünüz
2 Həyatınızı Yehovaya həsr etməklə və vəftiz olmaqla siz İsa Məsihin şagirdi olmusunuz. Siz milli və etnik mənsubiyyətindən, maddi vəziyyətindən asılı olmayaraq, birlik içində yaşayan ümumdünya məsihi qardaşlığının üzvüsünüz (Zəb. 133:1). Buna görə də yığıncağınızdakı bacı-qardaşları sevirsiniz, onlara hörmət edirsiniz. Əvvəllər olsaydı, bəlkə də, onlardan bəziləri ilə irqi və milli mənsubiyyətinə görə, yaxud da təhsil səviyyəsinə görə münasibət saxlamazdınız. İndi sizi onlarla bütün bağlardan, sosial, dini və ailə bağlarından möhkəm olan qardaşlıq məhəbbəti birləşdirir (Mark 10:29, 30; Kol. 3:14; 1 But. 1:22).
DÜŞÜNCƏ TƏRZİMİZİ DƏYİŞİRİK
3 Əgər kimsə insanlara irqinə, siyasi və sosial vəziyyətinə görə, yaxud başqa səbəbdən bəslədiyi qərəzli münasibəti aşa bilmirsə, birinci əsrdəki yəhudi məsihilərdən nümunə götürə bilər; bu məsihilər dinlərinin təsiri altında başqa millətlərə qarşı yaranmış qərəzli münasibətə qalib gəlmişdilər. Yehova Butrusa romalı yüzbaşı Kornilinin yanına getməyi buyuranda ona bu tapşırığı yerinə yetirmək üçün kömək etmişdi (Həv., fəs. 10).
4 Butrusa vəhydə deyilmişdi ki, yəhudilər üçün haram buyrulan heyvanları kəsib yesin. Butrus bu əmrdən boyun qaçıranda göydən bir səda gəlir: «Bir də Allahın pak etdiyi şeylərə murdar demə» (Həv. 10:15). Butrus aldığı tapşırığı, yəni başqa millətdən olan insanın yanına getmək tapşırığını yerinə yetirə bilsin deyə Allah bu şəkildə işə qarışdı. Yehovanın əmrinə boyun əyərək Butrus Kornilinin evində yığışan insanlara belə demişdi: «Siz yaxşı bilirsiniz ki, yəhudilərin qanununa görə başqa millətdən olan adamla ünsiyyət qurmaq və ya onun yanına getmək düzgün deyil. Lakin Allah mənə göstərdi ki, mən heç kəsi murdar və ya natəmiz saymamalıyam. Buna görə də məni çağıranda etiraz etməyib gəldim» (Həv. 10:28, 29). Bundan sonra Butrus Yehovanın Kornilidən və onun ev əhlindən razı olduğuna şahid oldu.
5 Ali təhsilli fərisi olan tarslı Şaul özünü aşağı tutub əvvəllər yuxarıdan aşağı baxdığı insanlarla münasibət saxlayırdı. Hətta onların göstərişlərinə boyun əyirdi (Həv. 4:13; Qal. 1:13—20; Filip. 3:4—11). Təsəvvür edirsiniz, Sergi Paulus, Dionisi, Tamar, Filimon, Onisim və digər insanlar xoş xəbəri qəbul edib Məsihin şagirdi olanda düşüncə tərzlərini dəyişmək üçün nələr etməli idilər (Həv. 13:6—12; 17:22, 33, 34; Flm. 8—20).
ARAMIZDAKI BİRLİYİ QORUYAQ
6 Sözsüz ki, bacı-qardaşların məhəbbəti sizə Yehova Allaha yaxınlaşmağa və Onun təşkilatına qoşulmağa kömək edib. Şagirdlərini dünyadan fərqləndirən bu cəhət barədə İsa Məsih demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). Siz bu cəhəti Yehovanın xalqının içində aydın görmüsünüz. Yəqin siz dərk edəndə ki, yığıncaqdakı məhəbbət beynəlxalq qardaşlığın arasındakı məhəbbətin yalnız kiçik zərrəsidir, Yehovaya və Onun təşkilatına olan minnətdarlığınız birə-beş artıb. Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, axırzamanda xalqlar sülh və birlik içində Yehovaya ibadət edəcək; bu peyğəmbərlik sizin də üzərinizdə yerinə yetir (Mik. 4:1—5).
7 İnsanlar arasında nifaq salan saysız-hesabsız amilləri nəzərə alsaq, «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət» bir xalqın olması ağlasığmaz bir şeydir (Vəhy 7:9). Texnoloji cəhətdən inkişaf etmiş cəmiyyətdə yaşayan insanlarla qədim adət-ənənələrlə yaşayan insanlar arasındakı fərqi təsəvvür edin. Eyni xalqdan və eyni irqdən olan insanların arasında gedən dini münaqişələrə fikir verin. Millətçilik ruhu get-gedə daha çox qabardığı üçün xalqlar arasında siyasi çəkişmələr artıb. İnsanların maddi durumundakı fərqi və cəmiyyəti parçalayan saysız-hesabsız digər amilləri nəzərə alsaq, bütün xalqlardan, dillərdən, qəbilələrdən və təbəqələrdən olan insanlar arasında tükənməz məhəbbət və sülh yalnız və yalnız Allahın möcüzəsi ilə ola bilər (Zək. 4:6).
8 Bu birlik, bu həmrəylik artıq realdır və siz həyatınızı Yehovaya həsr edib vəftiz olanda bu mehriban qardaşlığın bir parçası olmusunuz. Yəqin siz xoşbəxtsiniz ki, bu cür insanların arasındasınız, amma sizin üzərinizə bu birliyi qorumaq məsuliyyəti düşür. Bunun üçün həvari Bulusun Qalatiyalılara 6:10 ayəsində yazılan məsləhətinə əməl etmək vacibdir: «Nə qədər ki əlimizdə fürsət var, hamıya, ələlxüsus, iman qardaşlarımıza yaxşılıq edək». Növbəti məsləhət də bu sahədə çox faydalıdır: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:3, 4). Bacı-qardaşlarımıza insan gözü ilə yox, Yehovanın gözü ilə baxmağa çalışsaq, aramızda həmişə sülh və mehribançılıq olacaq (Efes. 4:23, 24).
BİR-BİRİNİZİN QEYDİNƏ QALIN
9 Həvari Bulusun təsvir etdiyi kimi, yığıncaq, sanki, bir bədəndir və orada olan hər kəs bir-birinin qeydinə qalır (1 Kor. 12:14—26). Bəzi bacı-qardaşlarımızla bizi ayıran uzaq məsafələr bizə onların rifahını düşünməyə mane olmur. Hansısa qardaşımız təqib olunanda qalanlarımız ona görə narahat oluruq. Bacı-qardaşlarımızdan kimsə kasıb yaşayanda, təbii fəlakətdən, müharibədən, vətəndaş qarşıdurmasından zərər çəkəndə o biri bacı-qardaşlar onlara yubanmadan ruhani və maddi kömək göstərir (2 Kor. 1:8—11).
10 Biz hər gün bir-birimiz üçün dua etməliyik. Kimsə öz günahlı təbiəti ilə mübarizə aparır. Bəzilərinin çəkdiyi əzablar hamıya bəllidir. Amma elələri var ki, onların problemlərindən əksəriyyətin xəbəri yoxdur, məsələn, kiməsə imanına görə iş yoldaşları və ailə üzvləri qarşı çıxır (Mət. 10:35, 36; 1 Salon. 2:14). Bütün bunların bizə də təsiri var, çünki biz ümumdünya qardaşlığın üzvüyük (1 But. 5:9). Aramızda Yehovaya xidmətdə ağır zəhmət çəkən, təbliğ işində və yığıncaqların idarəsində üzərinə məsuliyyət götürən qardaşlar var. Elələri var ki, ümumdünya təbliğ işini idarə edir. Ola bilsin, bu insanlara şəxsən kömək etmək üçün əlimizdən heç nə gəlmir. Amma biz onlar üçün dua edə bilərik, çünki buna ehtiyacları var. Bununla biz onları sevdiyimizi və səmimi-qəlbdən onların rifahını düşündüyümüzü sübut edirik (Efes. 1:16; 1 Salon. 1:2, 3; 5:25).
11 Bu axırzamanda əzablarla dolu dünyada Yehovanın xalqı bir-birinin dadına çatmağa həmişə hazır olmalıdır. Zəlzələ və daşqın kimi təbii fəlakətlər nəticəsində zərər çəkənlərə humanitar yardım göstərmək üçün çoxlu güc sərf olunur. İlk məsihilər bu sahədə gözəl nümunə qoyublar. Yəhudiyyədəki məsihilər aclıqdan əziyyət çəkəndə Antakyada yaşayan bacı-qardaşları can-dildən onlara yardım etmişdilər (Həv. 11:27—30; 20:35). Həvari Bulus korinfliləri təşviq etmişdi ki, nizam-intizamla həyata keçirilən yardım işini dəstəkləsinlər (2 Kor. 9:1—15). Bizim dövrdə də bacı-qardaşlarımız fəlakət ucbatından ehtiyac içinə düşəndə həm təşkilat, həm də məsihilər ayrı-ayrılıqda cəld hərəkətə keçib əllərindən gələn yardımı göstərirlər.
YEHOVANIN İRADƏSİNİ YERİNƏ YETİRMƏK ÜÇÜN BİRLƏŞMİŞİK
12 Bizim beynəlxalq qardaşlığımız Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunub. Hal-hazırda Yehovanın iradəsi ondan ibarətdir ki, Padşahlıq haqqında bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ edilsin (Mət. 24:14). Yehova istəyir ki, biz bu tapşırığı yerinə yetirməklə yanaşı, həmçinin Onun yüksək əxlaq normalarına uyğun yaşayaq (1 But. 1:14—16). Biz bir-birimizə tabe olmalı və xoş xəbərin hər yanda yayılması üçün əlimizdən gələni etməliyik (Efes. 5:21). İndi özümüzə gün ağlamağın vaxtı deyil, bu gün biz Allahın Padşahlığını hər şeydən üstün tutmalıyıq (Mət. 6:33). Bunu yadda saxlasaq və xoş xəbər naminə çiyin-çiyinə çalışsaq, indi sevincimiz birə-beş artacaq, gələcəkdə isə tükənməz nemətlər alacağıq.
13 Yehovanın Şahidləri tayı-bərabəri olmayan, bu dünyanın işlərinə qarışmayan, pak və Allahın işində şücaət göstərən bir xalqdır (Tit. 2:14). Bizi bu dünyadan fərqləndirən Yehovaya ibadətimizdir. Biz nəinki bütün dünyadakı bacı-qardaşlarımızla çiyin-çiyinə çalışırıq, həm də həqiqətin pak dilində danışırıq, bizim sözlərimizlə əməllərimiz bir-birinə uyğun gəlir. Bu haqda Yehova uzun illər qabaq Səfənya peyğəmbər vasitəsilə xəbər vermişdi: «Mən xalqların dilini dəyişib onlara saf dil verəcəyəm ki, hamısı Yehovanın adını çağırsın, çiyin-çiyinə Ona qulluq etsin» (Səf. 3:9).
14 Sonra Yehova Allah Səfənya peyğəmbərə ilham verərək bu gün var olan beynəlxalq qardaşlığı təsvir etmişdi: «İsrailin sağ qalanları artıq haqsızlıq etməyəcək. Onlar yalan danışmayacaq, dillərində yalan olmayacaq. Onlar yeyib doyacaq, uzanıb dincələcəklər, onları ürküdən olmayacaq» (Səf. 3:13). Yehovanın həqiqət Kəlamını qavramaqla, düşüncə tərzimizi dəyişməklə və həyatımızı Yehovanın normalarına uyğunlaşdırmaqla birlik içində çiyin-çiyinə çalışırıq. Biz insan nöqteyi-nəzəri ilə mümkün olmayan bir şeyə nail olmuşuq. Bəli, biz bu dünyadan ayrılmış, Allahın adına şərəf gətirən bir xalqıq (Mik. 2:12).