Kimin normalarına e’tibar etmək olar?
İlk dəfə Afrikaya gəlmiş bir insanın diqqətini qeyri-adi bir tamaşa cəlb etdi: yolun kənarında “farağat” vəziyyətində bir kişi dayanmışdı. Qonaq, kişinin neçə dəqiqədən bir ayaqlarının yerini dəyişərək kənara çəkildiyinə və yenidən əvvəlki kimi düz durduğuna diqqət yetirdi. Kişinin qəribə tərzdə hərəkət etməsinin səbəbini qonaq yalnız sonradan anladı. Həmin adam teleqraf dirəyinin kölgəsində Günəşdən gizlənməyə çalışırdı. Kölgə yavaş-yavaş günorta Günəşilə bərabər hərəkət edirdi.
İNSAN cəmiyyəti və onun normaları da bu cür sürüşkən kölgə kimi daima dəyişir. Bunun əksinə olaraq, “nurlar Atası” olan Yeqova Allah dəyişməzdir. Yaqubun sözləri ilə desək, Onda “nə dəyişiklik var, nə də dönüklük kölgəsi” (Yaqub 1:17). Yəhudi peyğəmbəri Malakiya Allahın bu sözlərini yazmışdı: “Mən, Rəbb, mən dəyişmərəm” (Malaki 3:6). Allah, İşayanın günlərində İsrail xalqına dedi: “İxtiyarlığınıza qədər də mən oyam və ağ saçlı oluncaya qədər sizi mən yüklənəcəyəm” (İşaya 46:4). Buna görə vaxtın gedişi, Haqq-Təalanın və’dlərinə olan əminliyimizi azaltmır.
Musanın qanunu bizə nəyi öyrədir
Allahın və’dləri, həmçinin yaxşılığa və pisliyə aid olan normaları da e’tibarlı və dəyişməzdir. Bir satıcının iki çəki daşından birinin çəkisi düzgün olmadığı bir halda siz ona e’tibar edərdinizmi? Əlbəttə, yox. Müqəddəs Kitabda həmçinin deyilir ki, “hiyləli tərəzi Rəbbə məkruhdur; fəqət doğru çəki ona məqbuldur” (Süleymanın məsəlləri 11:1; 20:10). Allahın israillilərə verdiyi qanunda belə bir əmr var idi: “Hökmdə, uzunluq, çəki, miqdar ölçülərində haqsızlıq etməyəcəksiniz. Sizdə doğru tərəzi, doğru daşlar, doğru efa və doğru hin olacaq; mən Misir diyarından sizi çıxaran Allahınız Rəbbəm” (Levililər 19:35, 36).
Bu qanuna riayət etmək israillilərə Allahın inayətini və bir çox maddi ne’mətlər gətirirdi. Buna bənzər tərzdə Yeqovanın dəyişməz normalarına istər ölçü və çəkidə, istərsə də digər şeylərdə sadiq qalmaq Allaha e’tibar edən kəslərə xeyir-dua gətirir. Yeqova deyir: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm” (İşaya 48:17).
Bu gün əxlaq nə üçün tənəzzülə uğrayır?
Müqəddəs Kitab müasir əxlaq normalarının tənəzzülə uğramasının səbəbini izah edir. Müqəddəs Yazıların axırıncı “Vəhy” kitabı, nəticəsi bu vaxtacan insanların həyatına tə’sir edən göydəki müharibəni təsvir edir. Həvari Yəhya yazırdı: “Göydə müharibə oldu. Mikayıl və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər. Amma gücləri çatmadı. Və göydə onlara artıq yer tapılmadı. İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birlikdə atıldılar” (Vəhy 12:7—9).
Həmin müharibənin nəticəsi nə oldu? Yəhya davam edir: “Buna görə, ey göylər və oralarda yaşayanlar, sevinin! Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi” (Vəhy 12:12).
Eramızın 1914-cü ilində başlanan və o dövrün bugünkündən kəskin surətdə fərqlənən əxlaq normalarına son qoyan Birinci dünya müharibəsi zamanı “yerə... vay” oldu. Tarixçi Barbara Tukman qeyd edir: “1914—1918-ci illərin dəhşətli müharibəsi, sonrakı illərdə böyük nailliyyətlər əldə edə biləcək şəxslərin həyatını apararaq, həmçinin əqidələri sarsıdaraq nöqteyi-nəzərləri dəyişərək və özündən sonra boşa çıxmış ümidlərin sağalmaz yaralarını qoyaraq, keçmiş və indiki zaman arasında dərin bir iz buraxdı. Bu müharibə iki dövr arasında hərfi və psixoloji bir fərq yaratdı”. Başqa bir tarixşünas Erik Xobsbam da bu sözləri təsdiq edir: “1914-cü ildən başlayaraq inkişaf etmiş ölkələrdə bir zamanlar möhkəm tutulan əxlaq normalarının aşkar tərzdə aşağı düşməsi müşahidə edilir... Təəssüflər olsun ki, daha da şiddətlənən və bəşəriyyəti, XIX əsrdə yaşayan əcdadlarımızın cəhalət adlandırdıqları vəziyyətə qaytaran dəyişikliyin tam dərinliyini dərk etmək çətindir”.
Özünün “Bəşəriyyət. XX əsrin əxlaq tarixi” kitabında Conatan Qlover qeyd edir: “Əxlaq qaydalarının tədricən unudulması dövrmüzün əlamətindən biridir” (“Humanity—A Moral History of the Twentieth Century”). Müəllif, dinin Qərbdə böhran vəziyyətində olduğunu nəzərə alaraq, insana Allahdan verilən əxlaq normalarına şübhə ilə yanaşsa da, belə xəbərdarlıq edir: “Əqidəmiz dini əxlaq qaydalarına əsaslanmasa da, bu əxlaq qaydalarının tənəzzülə uğraması bizi narahat etməlidir”.
Bu gün ticarətdə, siyasətdə, dində, insanlar arasında və ya ailədəki münasibətdə müşahidə olunan e’tibara xəyanət və bununla əlaqədar yaranan əzablar, yer üzündə yaşayan insanlara olduqca çox bədbəxtçilik gətirməyə çalışan İblisin hiyləgər hərəkətlərinin nəticəsidir. Şeytan, Allahın normaları ilə yaşamaq istəyənləri həlaka aparmağa çalışaraq, axıradək müharibə etmək niyyətindədir (Vəhy 12:17).
Hər yerdə e’tibara xəyanətlə əlaqədar yaranan problemi necə həll etməli? Həvari Peter cavab verir: “Biz, Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür” (2 Peter 3:13). Bu və’də, yalnız Allah öz niyyətlərini yerinə yetirmək iqtidarında olduğuna görə deyil, onu yerinə yetirəcəyinə zəmanət verdiyinə görə də inanmaq olar. Allahın özü deyir: “Ağzımdan çıxan sözüm də elə olacaqdır; mənə boş dönməyəcəkdir, fəqət murad etdiyim şeyi edəcək və etsin deyə onu göndərdiyim işi bacaracaq”. Allahın və’dlərinə inanmaq olar! (İşaya 55:11; Vəhy 21:4, 5).
Allahın normalarına əsasən yaşamaq
Yeqovanın Şahidləri dəyişkən və tənəzzülə uğrayan normaları olan dünyada yaşayaraq, Müqəddəs Kitabın əxlaq normalarına müvafiq olaraq davranmağa çalışırlar. Bununla onlar insanların əksəriyyətindən fərqlənir, bə’zən də xüsusi diqqət və istehza hədəfi olurlar.
Yeqovanın Şahidlərinin Londonda keçirilən konqresində televiziya müxbiri bu cəmiyyətin nümayəndələrindən birinə sual verdi: “Yeqovanın Şahidləri həqiqətənmi məsihçidirlər?” Şahid cavab verdi: “Bəli, əlbəttə, axı İsa Məsih təqlid etməyimiz üçün bizə nümunədir. Dünyada xudbinlik ruhu hökm sürür, ancaq biz İsadan nümunə alırıq. O, bizim üçün yol, həqiqət və həyatdır. Biz inanırıq ki, o, Üç üqnumun bir hissəsi deyil, Allahın Oğludur, buna görə də bizim Müqəddəs Kitab anlayışımız dünyanın əsas dinlərinin tə’limlərindən fərqlənir”.
Bi-bi-si televiziya kanalı ilə bu müsahibənin nümayişindən sonra, proqramın aparıcısı belə bir nəticə çıxartdı: “Mən, Yeqovanın Şahidlərinin bizə gəlmələrinin və qapımızı döymələrinin səbəbi haqda daha çox şey öyrəndim. Mən, 25 min səliqə ilə geyinmiş özlərini yaxşı aparan bu cür böyük insan kütləsini hələ görməmişdim”. Bu hadisə, Allahın dəyişməz normalarına həmişə riayət etməyin necə də müdrik davranış olduğuna dair kənar müşahidəçi tərəfindən edilən çox yaxşı şəhadətlikdir!
Kiminsə normalarına tabe olmaq haqqındakı fikir hamını cəlb etməsə də, biz yenə də sizi Müqəddəs Kitabı oxumağa və Allahın normaları haqqında öyrənməyə təşviq edirik. Lakin üzdən tədqiq etməklə məhdudlaşmayın. Həvari Pavelin məsləhətinə diqqət verin: “Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin” (Romalılara 12:2). Sizə yaxın olan Padşahlıq Zalına gəlib Yeqovanın Şahidləri ilə tanış olun. Siz görəcəksiniz ki, onlar, Müqəddəs Kitabın və’dlərinə inanan və Allaha e’tibar etdiklərini Onun normalarına uyğun tərzdə yaşamağa çalışmaqla sübut edən adi insanlardır.
Allahın dəyişməz və e’tibarlı normalarına riayət edilərsə, bu mütləq xeyir-dua gətirəcəkdir. Allahın bu də’vətini qəbul edin: “Kaş ki, əmrlərimi yaxşı dinləyəydin! O zaman sülhün çay kimi, salehliyin də dəniz dalğaları kimi olardı” (İşaya 48:18).