Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/4 s. 18—23
  • Yehova yaxşılığın ən böyük nümunəsidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova yaxşılığın ən böyük nümunəsidir
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Yaxşılığın hədsiz təzahürü
  • Yehovanın yaxşılığı yüksəldilir
  • “İzzətini mənə göstər”
  • İnayəti çox olan Allah
  • Yehova çox acıyan və lütf edəndir
  • Gec qəzəblənən Allahdır
  • Yaxşılıqda Yehovadan nümunə götürün
  • Yaxşılığı təzahür etdirməyə davam edin
    Gözətçi qülləsi 2002
  • Yaxşılıq. Ona necə yiyələnməli?
    Gözətçi qülləsi 2019
  • Yaxşılıqda Yehovanı təqlid edin
    Müqəddəs ibadətimiz 2003
  • Ruhun bəhrəsi — yaxşılıq
    Yehovanı nəğmələrdə tərənnüm edin
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/4 s. 18—23

Yehova yaxşılığın ən böyük nümunəsidir

“Orduların Rəbbinə şükr edin, çünki Rəbb yaxşıdır” (YEREMYA 33:11).

1. Etdiyi yaxşılığa görə nə üçün Allahı izzətləndirməyə təşviq hissi duyuruq?

YEHOVA hədsiz dərəcədə yaxşı Allahdır. “Onun yaxşılığı nə böyük!” - deyə Zəkarya peyğəmbər nida etmişdir (Zəkarya 9:17). Bəli, yer üzündə həyatın bizə sevinc gətirməsi üçün Allahın etdiyi hər şeydə yaxşılıq əks olunur (Təkvin 1:31). Kainatı yaradarkən Allahın tə’yin etdiyi mürəkkəb qanunların hamısını heç zaman dərk edə bilmərik (Vaiz 3:11; 8:17). Lakin Kainat haqqında əldə etdiyimiz cüz’i bilik bizi, etdiyi yaxşılıqlara görə Allahı izzətləndirməyə təşviq edir.

2. Yaxşılığın nə olduğunu necə izah edərdiniz?

2 Yaxşılıq nədir? Müqəddəs Kitabda bu ifadə xeyirxahlığa cəhd etmək mə’nasında istifadə olunur. Yaxşılıq, yalnız bütün nöqsanları istisna etmir. Ruhun səmərəsinin bir hissəsi olan yaxşılıq müsbət keyfiyyətdir (Qalatiyalılara 5:22, 23). Biz xeyirxahlıq edəndə, başqaları üçün faydalı işlər görəndə yaxşılıq etmiş oluruq. Yaşadığımız bu dünyada bə’zilərinin yaxşılıq sandıqları şeyə başqaları bir pislik kimi baxırlar. Əgər sülh və xoşbəxtlik içində yaşamaq istəyiriksə, yaxşılıq məsələsində bir norma olmalıdır. Bəs bu normanı tə’yin etmək səlahiyyətinə kim malikdir?

3. Yaradılış 2:16, 17 ayələrində yaxşılıq normalarına dair nə deyilir?

3 Yaxşılıq normasını Allah tə’yin edir. Bəşər tarixinin başlanğıcında məhz Yehova ilk insana buyurmuşdur: “Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün sən hökmən öləcəksən” (Yaradılış 2:16, 17, MKŞ). Bəli, xeyir və şər haqqındakı biliklər üçün insanlar Yaradana müraciət etməlidirlər.

Yaxşılığın hədsiz təzahürü

4. Adəm günah işlətdikdən sonra, Allah bəşəriyyət üçün nə etdi?

4 Adəm günah işlədərək Allahın xeyir və şər normalarını müəyyən etmək hüququnu inkar edəndə, sanki bütün bəşəriyyət üçün əbədi xoşbəxtlik və kamillik ümidi itirildi (Təkvin 3:1-6). Lakin Adəmin günahı və ölümü miras alan övladları dünyaya gəlməmişdən əvvəl, Allah gələcək kamil Zürriyyət haqqında qabaqcadan xəbər verdi. “Qədim ilan” olan Şeytan İblisə müraciət edərək, Yehova söylədi: “Səninlə qadın arasına və sənin zürriyyətinlə onun zürriyyəti arasına düşmənçilik qoyacağam; o sənin başını əzəcək və sən onun topuğunu çalacaqsan” (Vəhy 12:9; Təkvin 3:15). Yehova günahlı bəşəriyyətin günahlarını yumaq niyyətində idi. Yehova, əziz Oğlunun fidiyə qurbanlığına iman gətirənlərə xilas olmaq imkanı verməklə, hədsiz yaxşılığını təzahür etdirdi (Matta 20:28; Romalılara 5:8, 12).

5. Pisliyə meyl edən ürəyi miras almış olsaq da, nəyin sayəsində müəyyən dərəcədə yaxşılıq edə bilərik?

5 Adəmin günahı ucbatından, əlbəttə ki, pisliyə meyl edən ürəyi miras almışıq (Təkvin 8:21). Lakin xoşbəxtlikdən, yaxşılığı müəyyən dərəcədə təzahür etdirməkdə Yehova bizə kömək edir. Onun qiymətli Müqəddəs Yazılarından öyrəndiklərimizə əməl etməyi davam etdirməklə, biz yalnız “xilas gətirən hikmətə” nail olub, “hər cür xeyirli iş üçün təchiz” edilməmişik, həmçinin Onun gözündə yaxşı sayılan işləri də edə bilərik (2 Timoteyə 3:14-17). Bununla belə, Müqəddəs Kitabın nəsihətlərinin bizə fayda gətirməsi və yaxşılıq edə bilməyimiz üçün məzmurçunun düşüncə tərzinə malik olmalıyıq. O oxuyurdu: “Sən [Yehova] yaxşısan və yaxşılıq edirsən; qanunlarını mənə öyrət” (Məzmur 119:68).

Yehovanın yaxşılığı yüksəldilir

6. Davudun sərəncamına görə sandıq Yerusəlimə gətirildikdən sonra levililərin oxuduğu mahnıda hansı sözlər vardı?

6 Qədim İsrailin padşahı Davud, Yehovanın yaxşılığını e’tiraf edir və Onun rəhbərliyini axtarırdı. Davud deyirdi: “Rəbb yaxşı və doğrudur; bunun üçün günahkarlara yolu öyrədir” (Məzmur 25:8). Allah tərəfindən israillilərə verilən nəsihət özünə, iki daş lövhə üzərinə yazılan və müqəddəs əhd sandığında saxlanan On əmri daxil edirdi. Davudun sərəncamına görə sandığı İsrailin paytaxtı olan Yerusəlim şəhərinə gətirdikdən sonra levililərin oxuduğu mahnıda “Rəbbə şükr edin, çünki o yaxşıdır; çünki inayəti əbədidir” sözləri vardı (1 Tarixlər 16:34, 37-41). Oxuyan levililərin ağzından bu sözləri eşitmək necə də valehedici idi!

7. Sandığı Müqəddəslərin müqəddəsi deyilən yerə qoyduqdan və mə’bədi Yehovaya həsr etmək üçün Süleymanın söylədiyi duadan sonra nə baş verdi?

7 Həmin izzət sözləri, Davudun oğlu Süleymanın tikdirdiyi, Yehovanın mə’bədinin açılışı zamanı da söyləndi. Əhd sandığı yenicə tikilmiş mə’bədin Müqəddəslərin müqəddəsi deyilən yerinə qoyulduqdan sonra, levililər Yehovanı, “çünki o yaxşıdır; çünki inayəti əbədidir” sözləri ilə izzətləndirməyə başladılar. O zaman mə’bəd, Yehovanın izzətini və iştirakını fövqəltəbii tərzdə təmsil edən buludla doldu (2 Tarixlər 5:13, 14). Mə’bədi Yehovaya həsr etmək üçün Süleymanın söylədiyi duadan sonra, “atəş göydən endi və yandırılan təqdiməni və qurbanları yeyib bitirdi”. Bunu görən “bütün İsrail oğulları... üzləri üstə yerə, daş döşəmənin üzərinə qapanıb səcdə qıldılar və: Çünki o yaxşıdır; çünki inayəti əbədidir, deyərək Rəbbə şükr etdilər” (2 Tarixlər 7:1-3). İsraillilər 14 günlük bayramdan sonra, “Rəbbin Davuda və Süleymana və xalqı İsrailə göstərdiyi yaxşılıqdan dolayı sevincli və yaxşı ürəkli olaraq” evlərinə qayıtdılar (2 Tarixlər 7:10).

8, 9. a) İsraillilər Yehovanı yaxşılığına görə izzətləndirsələr də, nəhayətdə hansı yolla getdilər? b) Yeremya vasitəsilə Yerusəlim haqqında qabaqcadan nə söylənmişdi və bu peyğəmbərlik necə yerinə yetdi?

8 Əfsuslar olsun ki, israillilər Allaha oxuduqları izzət mahnılarına müvafiq yaşamağa davam etmədilər. Vaxt ötdükcə, Yəhudanın sakinləri Yehovanı yalnız “dodaqları ilə” saymağa başladılar (İşaya 29:13). Allah tərəfindən tə’yin edilmiş yaxşılıq normalarına riayət etmək əvəzinə, pislik işlətməyə başladılar. Bu pisliklər nədən ibarət idi? Bu xalq bütpərəstlikdə, əxlaqsızlıqda, fağırları incitməkdə və başqa ağır günahlarda taqsırkar oldular. Bu səbəbdən, b. e. ə. 607-ci ildə Yerusəlim məhv edildi, Yəhudanın xalqı isə Babilə əsir aparıldı.

9 Allah öz xalqını bu yolla cəzalandırdı. Lakin O, Yeremya peyğəmbərin vasitəsilə qabaqcadan bildirdi ki, Yerusəlimdə “Orduların Rəbbinə şükr edin, çünki Rəbb yaxşıdır, çünki inayəti əbədidir” deyən insanların səsi eşidiləcəyi bir vaxt gələcək (Yeremya 33:10, 11). Elə də oldu. Ərazi 70 il boş qaldıqdan sonra, b. e. ə. 537-ci ildə yəhudilərin qalığı Yerusəlimə qayıtdı (Yeremya 25:11; Daniel 9:1, 2). Onlar Moriya dağında, əvvəllər mə’bədin yerləşdiyi yerdə qurbangahı bərpa etdilər və orada qurbanlar gətirməyə başladılar. Mə’bədin təməli, qayıtdıqları vaxtın ikinci ilində qoyuldu. Necə də sevincli vaxt idi! Ezra yazırdı: “İnşaatçılar Rəbb mə’bədinin təməlini atdıqları zaman, Rəbbə həmd etmək üçün, İsrail padşahı Davudun tərtibinə görə, paltarlarını geyinmiş olaraq kahinləri borularla və Asaf oğulları Levililəri sinclərlə durdurdular. Və: Çünki yaxşıdır, çünki İsrail üzərində inayəti əbədidir, deyərək Rəbbə həmd və şükr edərək qarşılıqlı tərənnüm etdilər” (Ezra 3:1-11).

10. Məzmurun 118-ci fəslinin ilk və son ayələrində hansı vacib sözlər var?

10 Yehovanın yaxşılığını şöhrətləndirən buna bənzər sözlərə bir çox məzmurlarda rast gəlinir. Həmin məzmurlar arasında, yəhudi ailələrinin Pasxa bayramının sonunda oxuduqları 118-ci Məzmuru da göstərmək olar. Bu Məzmur “Rəbbə şükr edin, çünki yaxşıdır; çünki inayəti əbədidir” sözləri ilə başlayır və tamamlanır (Məzmur 118:1, 29). Çox güman ki, bu, eramızın 33-cü ilində, İsa Məsihin ölümündən qabaq, axşam sadiq həvariləri ilə oxuduğu sonuncu həmd sözləri olmuşdur (Matta 26:30).

“İzzətini mənə göstər”

11, 12. Öz izzətinin parıltısını göstərərkən, Allah Musaya hansı sözlərlə müraciət etdi?

11 Yehovanın yaxşılığı ilə mərhəməti arasındakı bağlılıq ilk dəfə, Ezradan yüzilliklərlə qabaq əks olunmuşdur. İsraillilər səhrada buzova ibadət etdikdən və taqsırkarlar cəzalandırılqdan tez sonra, Musa Yehovadan xahiş etdi: “Niyaz edirəm, öz izzətini mənə göstər”. Yehova bilirdi ki, Musa Onun üzünü görüb sağ qala bilməz, ona görə də dedi: “Mən bütün yaxşılığımı sənin önündən keçirəcəyəm” (Çıxış 33:13-20).

12 Ertəsi gün Sina dağında, Yehovanın yaxşılıqları Musanın önündən keçirildi. O zaman Musa Allahın izzətinin parıltısını gördü və belə sözlər eşitdi: “Yehova, Yehova, çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan, minlərə inayətini saxlayan, haqsızlığı və günahı və suçu bağışlayan və suçlunu əsla suçsuz çıxarmayan, ataların günahını oğullarda və oğulların oğullarında, üçüncü və dördüncü nəsildə axtaran Allah”dır (Çıxış 34:6, 7). Bu sözlər göstərir ki, Yehovanın yaxşılığı, Onun mərhəməti və şəxsiyyətinə xas olan başqa cəhətlərlə də əlaqəlidir. Bu xüsusiyyətləri diqqətlə nəzərdən keçirərək, yaxşılıq təzahür etdirməyə dair kömək əldə edəcəyik. Əvvəlcə, Allahın yaxşılığının təsviri zamanı iki dəfə xatırlanan gözəl xüsusiyyətə diqqət yetirək.

İnayəti çox olan Allah

13. Allahın yaxşılığını təsvir edərkən hansı keyfiyyət iki dəfə xatırlanır və bu nə üçün münasibdir?

13 “Yehova... inayəti... çox olan, minlərə inayətini saxlayan” Allahdır. “Mərhəmət” kimi tərcümə olunan qədim yəhudi sözü, həmçinin “dəyişməz məhəbbət” mə’nasını da daşıyır. Bu, Allahın Musaya müraciətində iki dəfə xatırlanan yeganə keyfiyyətdir. Bu çox münasibdir, çünki Yehovanın əsas xüsusiyyəti məhəbbətdir! (1 Yəhya 4:8). Yehovaya aid olan - “çünki o yaxşıdır; çünki inayəti əbədidir” - izzət sözləri bu keyfiyyəti qeyd edir.

14. Allah yaxşılığı və inayəti xüsusən kimə göstərir?

14 Yehovanın yaxşılığı, inayətinin çox olmasında da təzahür olunur. Bu, Ona həsr olunmuş sadiq xidmətçilərinə göstərdiyi zərif qayğısında xüsusilə görünür (1 Peter 5:6, 7). Yehovanın Şahidləri təsdiq edə bilərlər ki, Yehova, Onu sevənlərə və Ona xidmət edənlərə “inayətini saxlayan” Allahdır (Çıxış 20:6). Allahın Oğlunu inkar etməklə, cismani İsrail Yehovanın inayətindən, yə’ni dəyişməz məhəbbətindən məhrum oldu. Lakin bütün xalqlardan olan məsihçilərə Allahın göstərdiyi yaxşılıq və dəyişməz məhəbbət heç zaman tükənməyəcəkdir (Yəhya 3:36).

Yehova çox acıyan və lütf edəndir

15. a) Musanın Sina dağında eşitdiyi təsvir hansı sözlərlə başlanır? b) Acımaq hissi özünə nəyi daxil edir?

15 Yehovanın yaxşı xüsusiyyətləri haqqında Musanın Sina dağında eşitdiyi sadalanma - “Yehova, Yehova, çox acıyan və lütf” edəndir sözləri ilə başlanır. “Çox acıyan” kimi tərcümə olunan qədim yəhudi sözü daxili orqanlara və “bətin” sözünə aid edilə bilər. Nəticə e’tibarı ilə, acımaq hissi özünə, insan qəlbinin dərinliyində əmələ gələn zərif mərhəməti daxil edir. Buna baxmayaraq, mərhəmət sadəcə olaraq səmimi şəfqət demək deyil. Bu hiss, başqalarının iztirablarını yüngülləşdirmək üçün bizi hərəkət etməyə təşviq etməlidir. Misal üçün, sevən məsihçi ağsaqqalları anlayırlar ki, lazım gələrsə həmimanlılara “sevinc ilə” mərhəmət göstərmək lazımdır (Romalılara 12:8, KM; Yaqub 2:13; Yəhuda 22, 23).

16. Yehovanı nəyə görə lütfkar adlandırmaq olar?

16 Allahın yaxşılığı Onun “lütf edən” olmasında da təzahür olunur. Bu keyfiyyət, başqalarının hisslərinə həssaslıqla yanaşmağı və xüsusən də aşağı vəzifə tutanlara səmimi qəlbdən yaxşılıq etməyi tələb edir. Sadiq xidmətçilərinə davranışı ilə, Yehova lütfkarlığın nümunəsini göstərir. Məsələn, mələklərin köməyi ilə Allah, yaşa dolmuş peyğəmbəri Danieli lütfkar tərzdə ruhlandırdı və bakirə Məryəmə, İsanın anası olmaq şərəfinə layiq görüldüyünü söylədi (Daniel 10:19; Luka 1:26-38). Yehovanın Müqəddəs Kitabın səhifələrindən bizə lütfkarlıqla müraciət etməsini, Onun xidmətçiləri olan bizlər çox qiymətləndiririk. Bu cür yaxşılığına görə Onu izzətləndirir və başqaları ilə davranışımızda lütfkar olmağa çalışırıq. Ruhani cəhətdən bacarıqlı qardaşlar həmimanlılarını “həlimlik ruhu ilə” islah edəndə, bunu yumşaqlıqla, təvazökarlıqla etməyə çalışırlar (Qalatiyalılara 6:1).

Gec qəzəblənən Allahdır

17. Yehovanın “gec qəzəblənən” olması nəyə görə rifahımıza xidmət edir?

17 “Gec qəzəblənən” Allahdır. Bu sözlər diqqəti, Yehovanın yaxşılığının daha bir tərəfinə yönəldir. Yehova bizim səhvlərimizə səbirlə yanaşır və ciddi çatışmazlıqları aradan qaldırıb, ruhən böyüməmiz üçün çoxlu vaxt verir (Yaqub 5:14, 15; İbranilərə 5:12-6:3). Allahın səbri, Ona hələ ibadət etməyənlərin də rifahına xidmət edir. Onların Padşahlıq haqqındakı xəbərə hay verməyə və tövbə etməyə hələ də vaxtları var (Romalılara 2:4). Lakin Yehova səbirli olsa da, Sinay dağında qızıl buzova ibadət edən israillilərin nümunəsindən gördüyümüz kimi, bə’zən yaxşılıq Onu qəzəbini təzahür etdirməyə də təşviq edir. Tezliklə Allah, Şeytanın allahsız sistemini məhv edərkən, qəzəbini daha artıq dərəcədə bildirəcəkdir (Hezekiel 38:19, 21-23).

18. Həqiqət məsələsində Yehova ilə insan rəhbərləri arasında hansı fərq mövcuddur?

18 “Yehova... həqiqəti çox olan” Allahdır. Yehova, qızıl taxt-taclar və’d edən və sözünün üstündə durmayan insan rəhbərlərindən necə də fərqlənir! Lakin Yehovanın xidmətçiləri, Onun ilhamlandırdığı Kəlamında yazılanlara əmin ola bilərlər. Allahın “həqiqəti çox” olduğundan, Onun və’dlərinə həmişə e’tibar edə bilərik. Yaxşı olduğuna görə, səmavi Atamız ruhani həqiqəti bizə bol-bol açaraq, bu barədəki xahişlərimizə həmişə cavab verir (Məzmur 43:3; 65:2).

19. Yehova, tövbə edən günahkarlara qarşı yaxşılığını görkəmli tərzdə necə təzahür etdirir?

19 “Yehova... haqsızlığı və günahı və suçu bağışlayan” Allahdır. Yaxşı olduğu üçün, Yehova, tövbə edən günahkarları bağışlamağa hazırdır. Biz, İsanın qurbanlığı vasitəsilə günahların bağışlanmasını mümkün etdiyi üçün, sözsüz ki, səmavi Atamıza çox minnətdarıq (1 Yəhya 2:1, 2). Bəxtiyarıq ki, fidiyəyə iman gətirən hər bir kəs, Yehova ilə yaxşı münasibət və Onun və’d etdiyi yeni dünyada sonsuz həyat əldə edə bilər. Bütün bunlardan sonra, bəşəriyyətə təzahür etdirdiyi yaxşılığına görə Yehovaya necə izzət verməyəsən! (2 Peter 3:13).

20. Allahın pisliyə göz yummaması nədən görünür?

20 Yehova “suçlunu əsla suçsuz çıxarmayan” Allahdır. Əslində, Yehovanı yaxşılığına görə izzətləndirmək üçün bu da bir səbəbdir. Nəyə görə? Ona görə ki, yaxşılığın dəyərli cəhətlərindən biri, bu xüsusiyyətin pisliyə göz yummamasıdır. Bundan əlavə, “Rəbb İsanın qüdrətli mələkləri ilə alovlu atəş içərisində göydən zühur etdiyi zaman” Allahın qisası, “Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə” qorxuludur (2 Saloniklilərə 1:6-9). Bundan sonra Yehovanın sağ qalan xidmətçiləri həyatdan tam mə’nada sevinəcəklər və “yaxşılığın düşməni” olan allahsız adamlar onlara mane olmayacaqlar (2 Timoteyə 3:1-3).

Yaxşılıqda Yehovadan nümunə götürün

21. Biz nəyə görə yaxşılıq etməliyik?

21 Şübhəsiz ki, yaxşılıqlarına görə Yehovanı izzətləndirməyə və minnətdarlığımızı bildirməyə səbəblərimiz çoxdur. Onun xidmətçiləri olaraq, yaxşılıq etmək üçün əlimizdən gələni etməli deyilikmi? Axı həvari Pavel həmimanlıları, “sevimli övladlar kimi, Allahı təqlid” etməyə təşviq edirdi (Efeslilərə 5:1). Səmavi Atamız həmişə yaxşılıq edir, biz də elə davranmalıyıq.

22. Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?

22 Əgər biz özümüzü Yehovaya bütünlüklə həsr etmişiksə, sözsüz ki, yaxşılıqda Onu təqlid etməyə güclü istəyimiz var. Adəmin günahlı nəsli olduğumuz üçün, bu keyfiyyəti təzahür etdirmək bizə o qədər də asan deyil. Lakin növbəti məqalədən bunun nə üçün belə vacib olduğunu anlayacağıq. Həmçinin yaxşılığın yüksək nümunəsi olan Yehovanı hansı müxtəlif sahələrdə və nə üçün təqlid etməyin vacib olduğuna da baxacağıq.

Siz necə cavab verərdiniz?

• Yaxşılıq nə deməkdir?

• Yehovanın yaxşılığı, Müqəddəs Kitabda yazılmış hansı sözlərdə görünür?

• Yehovanın yaxşılığının bə’zi təzahürü hansılardır?

• Yehovanın göstərdiyi yaxşılıq nümunəsini nə üçün təqlid etməliyik?

[20-ci səhifədəki şəkil]

İzzət sözlərinə müvafiq yaşamadıqları üçün, qədimdə Yehova öz xalqını cəzalandırırdı.

[20-ci səhifədəki şəkil]

Sadiq qalıq Yerusəlimə qayıtdı.

[21-ci səhifədəki şəkil]

Musa, Allahın yaxşılığı barədə gözəl sözlər eşitdi.

[23-cü səhifədəki şəkil]

Yehovanın bizə olan yaxşılığı, Onun Müqəddəs Kitabın səhifələrindən bizə necə müraciət etməsindən görünür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş