Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/6 s. 8—13
  • Məsihi rəhbəriniz kimi qəbul edirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihi rəhbəriniz kimi qəbul edirsinizmi?
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Gənclr, “hikmətdə... tərəqqi” edin
  • “Bir-birinizə tabe olun”
  • Əvvəlcə Padşahlığı axtarın
  • İdeal rəhbər necə olmalıdır?
    Gözətçi qülləsi 2002
  • Məsihin mükəmməl rəhbərliyinə tabe ol
    Gözətçi qülləsi 2011
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/6 s. 8—13

Məsihi rəhbəriniz kimi qəbul edirsinizmi?

“Özünüzə “rəhbər”... dedirtməyin, çünki Rəhbəriniz birdir - Məsihdir” (MATTA 23:10, YD).

1. Məsihçilərin yeganə Rəhbəri kimdir?

NİSAN ayının 11-i, çərşənbə axşamı idi. Üç gündən sonra İsanı e’dam etməli idilər. Bu onun mə’bədə son gəlişi idi. Həmin gün İsa, oraya toplaşan çoxsaylı insanlara və şagirdlərinə vacib həqiqəti öyrətdi. O dedi: “Özünüzə “Rabbi” dedirtməyin; çünki sizin Müəlliminiz birdir, o da Məsihdir və siz hamınız qardaşsınız. Yer üzündə kimsəyə ata deməyin; çünki Atanız birdir, səmavi Atadır. Özünüzə “rəhbər” də dedirtməyin, çünki Rəhbəriniz birdir - Məsihdir” (Matta 23:8-10, YD). Aydındır ki, İsa Məsih məsihçilərin Rəhbəridir.

2, 3. Yehovaya tabe olmağımız və Onun tə’yin etdiyi Rəhbəri qəbul etməyimiz gündəlik həyatımızda necə əks olunur?

2 Məsihin rəhbərliyinə riayət etmək həyatımıza çox gözəl tə’sir edir! Yehova Allah bu Rəhbərin gəlişi haqqında İşaya peyğəmbərin vasitəsilə əvvəlcədən demişdir: “Ey sizlər, hər susayan və parası olmayan, sulara gəlin; gəlin satın alın və yeyin; gəlin də, parasız və bədəlsiz şərab və süd alın. [...] Məni yaxşı dinləyin və yaxşı olan şeyi yeyin və yağlı şey ilə canınız ləzzət tapsın [...]. Budur, mən onu şahid olaraq millətlərə, rəis [“rəhbər”, YD] və əmir olaraq millətlərə verdim” (İşaya 55:1-4).

3 İşaya hamıya tanış olan suyu, südü və şərabı məcaz kimi istifadə edərək, Yehovaya və Onun tə’yin etdiyi “rəhbərə və əmirə” tabe olmağın gündəlik həyatımızda necə əks olunduğunu göstərir. Bu, isti gündə bir istəkan sərin su kimi, bizə sərinlik gətirir, həqiqətə və salehliyə olan yanğımızı söndürür. Süd körpələri qidanlandırıb, böyümələrinə kömək etdiyi kimi, “südü andıran kəlam” da bizə qüvvət verir, ruhani inkişafımızı tənzimləyir və Allahla olan münasibətimizi möhkəmlədir (1 Peter 2:1-3). Bayram zamanı şərabın ürəyə sevinc gətirdiyini kim inkar edər? Eyni sözü həqiqi Allaha xidmət haqqında da demək olar, çünki bu xidmət, Allah tərəfindən tə’yin edilən Rəhbərin izləri ilə gedərkən ürəyimizi sevindirir (Təsniyə 16:15). Hər birimizə - gənclərə və yaşlılara, kişilərə və qadınlara - Məsihi Rəhbərimiz kimi qəbul etdiyimizi gündəlik həyatımızda göstərməyimiz olduqca vacibdir. Bu işdə bizə nə kömək edə bilər?

Gənclr, “hikmətdə... tərəqqi” edin

4. a) İsa 12 yaşında olanda, Yerusəlimə Pasxa bayramına gedərkən nə baş verdi? b) Cəmi 12 yaşı olan İsa hansı biliklərə malik idi?

4 İsanın uşaqlığı haqqında mə’lumatımız az olsa da, növbəti epizoddan bu haqda nə isə öyrənə bilərik. İsanın həmin vəziyyətdəki davranışı, gənclərə gözəl nümunədir. İsa 12 yaşında olanda, valideynləri onu özləri ilə Yerusəlimə, hər il qeyd olunan Pasxa bayramına apardılar. Elə oldu ki, İsa orada Müqəddəs Yazılar barədə söhbətə başladı, doğmaları isə evə onsuz qayıtdıqlarını hiss etmədilər. Həyəcan içində olan Yusif və Məryəm üç gündən sonra onu mə’bəddə tapdılar. “O, müəllimlərin arasında oturub onları dinləyir, suallar verirdi”. Bundan əlavə, “Onu dinləyənlərin hamısı Onun zəkasına və cavablarına təəccüblənirdilər”. Təsəvvür edin ki, İsa artıq 12 yaşında ikən ruhani cəhətdən dərin mə’nalı suallar verməklə bərabər, dərrakəli cavablar verməyi də bacarırdı! Şübhəsiz ki, bu sahədə ona valideynlərinin tərbiyəsi kömək etmişdi (Luka 2:41-50).

5. Uşaqlar Müqəddəs Kitabın ailəvi öyrənməsinə olan münasibətlərini necə yoxlaya bilərlər?

5 Uşaqlar, əgər valideynləriniz Allahın sadiq xidmətçiləridirlərsə, ehtimal ki, ailənizdə müntəzəm olaraq Müqəddəs Kitabın ailəvi öyrənməsi keçirilir. Siz buna necə münasibət göstərirsiniz? Nə üçün növbəti suallar üzərində düşünməyəsiniz: Müqəddəs Kitabın ailəvi öyrənməsinə tam ürəkdən kömək edirəmmi? Ailədə tə’sis edilmiş qayda-qanunları pozmamağa çalışırammı? (Filipililərə 3:16). Müzakirələrdə fəal iştirak edirəmmi? Yeri gələndə, öyrənilən materialı həyatda necə tətbiq etməyə dair suallar verirəmmi? Ruhən irəliləyərək, yetkinlər üçün tə’yin edilən “qüvvətli yeməyə” iştaha inkişaf etdirirəmmi? (İbranilərə 5:13, 14).

6, 7. Müqəddəs Kitabın gündəlik oxunması gənclərə hansı dəyərli köməyi təqdim edir?

6 Müqəddəs Kitabın gündəlik oxunması proqramı da vacib rol oynayır. Məzmurçu oxuyurdu: “Nə bəxtiyardır o adam ki... əxlaqsızların dərnəyində oturmaz; ancaq zövqü Rəbbin şəriətindədir. Və gecə-gündüz onun şəriətini dərin düşünür” (Məzmur 1:1, 2). Musanın vərəsəsi Yeşu gecə-gündüz Allahın qanunları haqqında düşünürdü. Bu, ona müdrik davranmağa və Allahın verdiyi tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə kömək etdi (Yeşu 1:8). Rəhbərimiz İsa Məsih demişdir: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Əgər fiziki qidaya hər gün ehtiyac duyuruqsa, onda ruhani cəhətdən müntəzəm şəkildə qidalanmaq nə qədər vacibdir!

7 Ruhani tələbatlarını dərk edərək, Nikol 13 yaşında Müqəddəs Kitabı gündəlik oxumağa başladıa. İndi 16 yaşında olan bu qız, Müqəddəs Kitabı bütünlüklə oxuyub qurtarmış və ikinci dəfə oxumağa başlayaraq, artıq yarıya çatmışdır. Onun üsulu sadədir. Nikol deyir: “Mən gündə azı bir fəsil oxumağı qərara aldım”. Müqəddəs Kitabı bu tərzdə gündəlik oxumaq ona necə kömək edir? O cavab verir: “Bu gün pis tə’sirlər olduqca çoxdur. Məktəbdə imanım hər gün sınağa mə’ruz qalır. Allahın Kəlamını gündəlik oxumağım, bu dünyanın təzyiqinə müqavimət göstərməyə təşviq edən Müqəddəs Kitabdakı əmr və prinsipləri dərhal xatırlamağıma kömək edir. Bununla da, özümü Yehovaya və İsaya yaxın hiss edirəm”.

8. İsa sinaqoqa getmək adətinə necə yanaşırdı və gənclər onu necə təqlid edə bilərlər?

8 İsa “adəti üzrə” sinaqoqda Müqəddəs Yazıların oxunmasını dinləyir və iştirak edirdi (Luka 4:16; Həvarilərin işləri 15:21). Bu, Müqəddəs Kitabın oxunub, tədqiq edildiyi yığıncaq görüşlərində müntəzəm olaraq iştirak etmək üçün gənclərin təqlid edəcəkləri gözəl nümunədir! 14 yaşlı Riçard minnətdarlıq hissi ilə deyir: “Yığıncaq görüşləri mənim üçün çox qiymətlidir. Orada nəyin yaxşı, nəyin pis, nəyin əxlaqi, nəyin əxlaqsız olduğu daima xatırlanır və həmçinin bu və ya digər vəziyyətlərdə Məsihin necə davranacağı qeyd olunur. Öz səhvlərimdən ibrət dərsi almalı olmuram”. Bəli, “Rəbbin şəhadəti [“xatırlatması”, YD] sadiqdir; təcrübəsiz adama hikmət verər” (Məzmur 19:7). Nikol da hər həftə keçirilən beş yığıncaq görüşlərinin hər birində iştirak etməyi qəti qərara alıb. O, yığıncaqlara hazırlaşmaq üçün iki-üç saat vaxt sərf edir (Efeslilərə 5:15, 16).

9. Gənclər hikmətdə necə tərəqqi edə bilərlər?

9 Gənclik illəri - vahid həqiqi Allah və Onun göndərdiyi İsa Məsih haqqında bilik əldə etməyin gözəl vaxtdır (Yəhya 17:3). Ola bilsin, siz, komik kitablara, videooyunlara, həmçinin televiziya verilişlərinə və internetdən mə’lumat axtarmağa çoxlu vaxt həsr edən gənclər tanıyırsınız. Axı kamil Rənbərimiz Məsihin nümunəsinə malik olduğumuz halda, nəyə görə onları təqlid edək? İsa, Yehova haqqında öyrənməyi uşaqlıqdan xoşlayırdı. Bu ona hansı faydanı gətirirdi? Ruhani şeylərə olan məhəbbəti sayəsində “İsa... hikmətdə... tərəqqi edirdi” (Luka 2:52). Siz də tərəqqi edə bilərsiniz.

“Bir-birinizə tabe olun”

10. Ailə həyatının əmin-amanlığına və xoşbəxtliyinə kömək edən nədir?

10 Ailə insanın əmin-amanlıq və məmnunluq duyduğu təhlükəsiz liman ola bilər. Lakin daima baş verən mübahisələr ucbatından döyüş meydanına da çevrilə bilər (Süleymanın məsəlləri 21:19; 26:21). Məsihin rəhbərliyinə riayət etməklə ailənin əmin-amanlığına və xoşbəxtliyinə kömək etmiş oluruq. Əslində, İsanın nümunəsi ailədə münasibətlərin necə qurulmalı olduğunu göstərir. Müqəddəs Kitabda deyilir: “Allah qorxusu ilə bir-birinizə tabe olun. Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır. [...] Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi” (Efeslilərə 5:21-25). Həvari Pavel Kolosdakı yığıncağa yazırdı: “Ey uşaqlar, hər vəchlə valideynlərinizə itaət edin; çünki bu, Rəbbə məqbuldur” (Koloslulara 3:18-20).

11. Ər Məsihi öz Rəhbəri kimi necə qəbul edir?

11 Bu məsləhətə riayət etmək, o deməkdir ki, ailədə ər başçılığı öz üzərinə götürür, arvadı ona sədaqətlə kömək edir, uşaqlar isə valideynlərinə tabe olurlar. Lakin ərin başçılığı yalnız düzgün tərzdə icra edildikdə ailəyə xoşbəxtlik gətirir. Bu zaman müdrik ər mütləq Rəhbəri olan İsa Məsihi təqlid edəcək (1 Korinflilərə 11:3). İsa, sonradan cəmiyyətdə “bütün varlıqların üzərində baş” tə’yin olunmasına baxmayaraq, o, yer üzünə “xidmət edilmək üçün deyil, xidmət etməyə” gəlmişdi (Efeslilərə 1:22; Matta 20:28). Bunun kimi məsihçi ər də başçılığı öz mənfəətini güdmək məqsədi ilə deyil, həyat yoldaşının, uşaqlarının, yə’ni bütün ailənin qeydinə qalaraq icra edir (1 Korinflilərə 13:4, 5). O, başçısı olan İsa Məsihin Allaha məqbul xüsusiyyətlərini təqlid etməyə çalışır. İsa kimi, ər də “həlim və qəlbdən təvazökar”dır (Matta 11:28-30). Əgər bir səhvə yol verərsə, həyat yoldaşına: “Üzr istəyirəm” və yaxud “Sən haqlısan” kimi sözləri deməkdə çətinlik çəkməyəcək. Əgər ər yaxşı nümunə verirsə, həyat yoldaşına da köməkçi və ya rəfiqə rolunu yerinə yetirmək, ondan öyrənmək və ona kömək etmək asan olacaq (Təkvin 2:20; Malaki 2:14).

12. Qadına başçılıq prinsipinə tabe olmaqda nə kömək edə bilər?

12 Qadın isə öz növbəsində ərinə tabe olmalıdır. Lakin əgər ona bu dünyanın ruhu tə’sir edirsə, başçılıq prinsipinə olan nöqteyi-nəzəri dəyişilə bilər və kişiyə tabe olmaq fikri onun üçün yolverilməz görünə bilər. Müqəddəs Kitab qadının ərinə tabe olması barədə dedikdə, ərin onun üzərində hökmranlıq edəcəyini nəzərdə tutmur (Efeslilərə 5:24). Müqəddəs Kitabda, həmçinin deyilir ki, ailənin məs’uliyyəti ərin, yə’ni atanın üzərinə düşür, bu isə Müqəddəs Kitabın məsləhətlərinə riayət edildikdə, ailənin əmin-amanlığına və nizam-intizamına kömək edir (Filipililərə 2:5).

13. Tabeçilik məsələsində İsa uşaqlara necə nümunə verdi?

13 Uşaqlar valideynlərinə itaət etməlidirlər. İsa bu sahədə gözəl nümunə verdi. 12 yaşlı İsa üç gün Yerusəlimdə qaldığı həmin hadisədən sonra, “onlarla [valideynləri ilə] getdi və Nazaretə gəldi; və onlara” itaət etdi (Luka 2:51). Uşaqların valideynlərinə itaət etmələri, ailədə sülh və həmrəy’liyə səbəb olacaq. Ailə üzvlərinin hamısı Məsihin rəhbərliyinə tabe olanda, ailə tam xoşbəxtlik içində yaşayır.

14, 15. Ailədə çətinliklərlə qarşılaşdıqda bizə nə kömək edəcək? Nümunə gətirin.

14 Ailədə, hətta çətin vəziyyətlər yarananda belə, müvəffəqiyyətin açarı, İsaya tabe olmaq və onun rəhbərliyinə riayət etməkdən ibarətdir. Məsələn, 35 yaşlı Cerri, yeniyetmə qızı olan Lana ilə evləndikdən sonra, onlar gözlənilməz çətinliklə qarşılaşdılar. Cerri deyir: “Bilirdim ki, yaxşı ailə başçısı olmaq üçün, Müqəddəs Kitabın ailələrə xoşbəxtlik gətirən prinsiplərini tətbiq etmək zəruridir. Amma tezliklə onları daha müdrik və fərasətli şəkildə tətbiq etməyin lazım olduğunu anladım”. Ögey qızı anası ilə onu bir-birindən ayırdığını düşünərək, Cerriyə çox qəzəblənirdi. Qızın sözlərinin və hərəkətlərinin səbəbini görməkdə Cerriyə fərasətli olmaq kömək etdi. O, bu cür çətin vəziyyətdən necə çıxdı? Cerri söyləyir: “Biz Lana ilə sözləşdik ki, əgər uşağı cəzalandırmaq lazım gələrsə, ilk vaxtlar bunu Lana etsin, mən isə diqqətimi ögey qızımla yaxşı münasibətlər qurmağa yönəldim”. Bir qədər vaxtdan sonra, onlar bu üsulun müvəffəqiyyətli olduğunu gördülər.

15 Ailədə çətin vəziyyətlər yarananda, fərasət, ailə üzvlərinin sözlərinin və hərəkətlərinin səbəbini görməkdə kömək edir. Allahın prinsiplərini düzgün tətbiq etmək üçün bizə müdriklik də lazımdır. Məsələn, İsa, qanaxmadan əziyyət çəkən qadının ona nə üçün toxunduğunu aydın başa düşdüyünə görə, onunla müdrik və həlim davrandı (Levililər 15:25-27; Mark 5:30-34). Müdriklik və fərasət Rəhbərimiz Məsihə xas olan xüsusiyyətdir (Süleymanın məsəlləri 8:12). Onun kimi davranırıqsa, xoşbəxt olacağıq.

Əvvəlcə Padşahlığı axtarın

16. Həyatımızda əsas yerdə nə durmalıdır və İsa bunu öz nümunəsində necə göstərdi?

16 İsa, onun rəhbərliyini qəbul edənlərin həyatında nəyin əsas yerdə durmalı olduğunu aydın göstərdi. O dedi: “Fəqət əvvəlcə Onun Padşahlığını və Onun [Allahın] salehliyini axtarın” (Matta 6:33, İ-93). Bunu necə etməyi İsa öz nümunəsi ilə göstərdi. İsa vəftiz olunduqdan sonra 40 gün oruc tutduğu, düşündüyü və Allaha dua etdiyi zaman, Şeytan İblis “dünyanın bütün padşahlıqlarını” təklif etməklə onu sınağa çəkdi. Təsəvvür edin, əgər İblisin təklifini qəbul etsəydi İsa nələrə malik olardı! Lakin İsa diqqətini Atasının iradəsini yerinə yetirməyə yönəltmişdi. O, həmçinin Şeytan dünyasındakı allahsız həyatın qısa olduğunu da anlayırdı. O, İblisin təklifini dərhal rədd edib dedi: “Rəbb Allahına səcdə qıl və yalnız Ona qulluq et”, deyə yazılmışdır”. İsa bundan tez sonra təbliğ edib: “Tövbə edin, çünki Göylərin Padşahlığı yaxındır”,- deməyə... başladı” (Matta 4:2, 8-10, 17, İ-93). İsa yer üzündəki həyatının sonuna qədər Allahın Padşahlığının tammüddətli təbliğçisi idi.

17. Padşahlığın mənafeyinin həyatımızda əsas yeri tutduğu nədən görünür?

17 Biz, Rəhbərimiz Məsihi təqlid etməli və həyatımızda əsas məqsədin yüksəkmaaşlı iş və ya karyeranın olmasına yol verməməliyik (Mark 1:17-21). Dünyəvi işlərə aludə olub, Padşahlığı ikinci plana qoymaq necə də ağılsızlıq olardı! İsa bizə, Padşahlıq haqqındakı müjdəni təbliğ etmək və şagirdlər hazırlamaq işini həvalə edib (Matta 24:14; 28:19, 20). Əlbəttə, bizim ailə və ya digər məs’uliyyətlərimiz ola bilər, amma axşam vaxtlarımızı və istirahət günlərimizi məsihçi fəaliyyətinə - təbliğ və insanları öyrətmək işinə həsr etməyə şadıq. Keçən 2001-ci xidmət ili ərzində 780 000 nəfərin Padşahlığın tammüddətli təbliğçiləri, yə’ni pioner xidmət etmələri bizi necə də ruhlandırır!

18. Xidmətimizdən sevinc əldə etməkdə bizə nə kömək edir?

18 “İncil” kitabı İsanı fəal, eyni zamanda həssas insan kimi təsvir edir. Ətrafındakı insanların ruhani ehtiyaclarını gördükdə, İsa onlara acıyır və könüllü surətdə kömək edirdi (Mark 6:31-34). İnsanlara məhəbbət və onlara səmimi qəlbdən kömək etmək istəyi bizi hərəkətə gətirirsə, xidmət bizə daha çox sevinc gətirəcək. Bəs belə istəyi necə inkişaf etdirə bilərik? Ceyson adlı bir gənc deyir: “Yeniyetmə olanda xidməti çox sevmirdim”. Təbliğ işinə məhəbbət inkişaf etdirməkdə ona nə kömək etdi? Ceyson söyləyir: “Ailəmizdə şənbə gününün səhərlərini həmişə təbliğə həsr edirdik. Bu mənim üçün çox faydalı oldu, çünki xidmətdə nə qədər çox iştirak edir və onun səmərələrini görürdümsə, təbliğ etmək bir o qədər də çox xoşuma gəlirdi”. Biz də müntəzəm surətdə və sə’ylə təbliğ etməliyik.

19. Məsihin rəhbərliyinə dair biz nəyə qəti qərarlı olmalıyıq?

19 Məsihin rəhbərliyinə riayət edərək, biz həqiqətən də təravət və sevinc alırıq. Bu cür davranmaqla gənclər bilik və müdriklik əldə etməkdə tərəqqi edəcəklər. Ailə həyatında sülh və xoşbəxtliyimiz artacaq, xidmətimiz isə sevinc və məmnunluq gətirəcək. Buna görə də, qoy həyatımızın hər bir günü və qəbul etdiyimiz qərarlar Məsihi Rəhbərimiz kimi qəbul etdiyimizi göstərsin (Koloslulara 3:23, 24). Lakin İsa Məsih öz rəhbərliyini daha bir üsulla - məsihçi yığıncağının vasitəsilə də həyata keçirir. Növbəti məqalə bunun bizə hansı faydanı gətirdiyini göstə­rəcək.

[Haşiyə]

a Bə’zi adlar dəyişdirilib.

Xatırlayırsınızmı?

• Allahın tə’yin etdiyi Rəhbərə tabe olmaq bizə hansı faydanı gətirir?

• Gənclər Məsihin rəhbərliyinə riayət etmək istəkləri olduğunu necə göstərə bilərlər?

• Məsihin rəhbərliyinə tabe olmaq ailə həyatına necə tə’sir göstərir?

• Məsihi Rəhbərimiz kimi qəbul etdiyimizə, xidmətimiz necə şəhadət edir?

[9-cu səhifədəki şəkillər]

Gənclik illəri - Allah və Onun tə’yin etdiyi Rəhbər haqqında bilik əldə etməyin gözəl vaxtıdır.

[10-cu səhifədəki şəkil]

Məsihin rəhbərliyinə tabe olmaq ailə həyatında xoşbəxtliyə kömək edir.

[12-ci səhifədəki şəkillər]

İsa əvvəlcə Padşahlığı axtarırdı. Bəs siz?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş