Məsihin mükəmməl rəhbərliyinə tabe ol
BU DÜNYANIN hökmdarlarına güvənən insanlar gec-tez məyus olurlar. Amma Məsihin rəhbərliyinə tabe olanlar haqda bunu demək olmaz. İsa demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mat. 11:28, 29). İsanın rəhbərliyinə tabe olanlar özlərini xoşbəxt hiss edirlər və ürəklərində rahatlıq duyurlar. O, fağır, yükləri ağır olan insanlara qarşı laqeyd deyil. Buna görə də İsa onları rahat boyunduruğu altına girməyə dəvət edir. Belə isə, Məsihin rəhbərliyinə tabe olmaq nə deməkdir?
Həvari Peter yazmışdı: «Məsih də sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz» (1 Pet. 2:21). İsanın izləri ilə getmək nə dərəcədə vacibdir? Təsəvvür et ki, sən bir qrupla birgə minalanmış ərazidən keçməlisən və təhlükəsiz yol yalnız bir nəfərə məlumdur. Məgər sən onun ardınca getməyəcəksən? Əlbəttə ki, gedəcəksən, hətta ola bilsin, ayaqlarını onun ayaq izlərinə qoyacaqsan. Eynilə, bizim firavan gələcəyimiz həyat tərzimizi İsanın həyat tərzinə uyğunlaşdırmağımızdan asılıdır. Bunun üçün biz ona qulaq asmalı və tabe olmalıyıq, həmçinin onun təmsilçiləri ilə əməkdaşlıq etməliyik.
Qulaq as və tabe ol
İsa Dağüstü təbliğinin sonuna yaxın demişdi: «Mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir. Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üzərinə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu» (Mat. 7:24, 25).
İsa onun sözlərini eşidib onlara əməl edən insanları «ağıllı» adlandırdı. Bəs biz ürəkdən Məsihə tabe olmaqla onun nümunəsini qiymətləndirdiyimizi göstəririkmi? Yoxsa yalnız bizə sərf edən və ya çətin olmayan əmrlərinə tabe oluruq? İsa demişdi: «Mən həmişə Onun [Allahın] bəyəndiyi işləri görürəm» (Yəh. 8:29). Gəlin biz də onun kimi davranaq.
Birinci əsrdə yaşayan həvarilər İsanın rəhbərliyinə tabe olmaqla bizə gözəl nümunə qoyublar. Bir dəfə Peter İsaya dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik» (Mark 10:28). Bəli, həvarilər İsanın rəhbərliyini o dərəcədə yüksək qiymətləndirirdilər ki, onun ardınca getmək üçün hər şeylərini qurban verdilər (Mat. 4:18—22).
Məsihin təmsilçiləri ilə əməkdaşlıq et
Biz İsanın rəhbərliyinə daha necə tabe ola bilərik? Ölümündən bir az əvvəl o demişdi: «Göndərdiyim adamı qəbul edən məni qəbul edir» (Yəh. 13:20). İsa məsh olunmuş təmsilçilərini öz ‘qardaşları’ adlandırmışdı (Mat. 25:40). O dirilib göyə qayıdanda ‘qardaşları’ onun işini davam etdirməyə təyin edildilər və indi onlar «Məsihin adından xidmət edən» səfirlər kimi fəaliyyət göstərərək başqalarını Yehova Allahla barışmağa çağırırlar (2 Kor. 5:18—20). Əgər biz Məsihin rəhbərliyini qəbul ediriksə, onda onun qardaşlarına tabe olacağıq.
Müqəddəs Kitaba əsaslanan nəşrlərimizdə vaxtlı-vaxtında verilən məsləhətlərə necə hay verdiyimizi yoxlamalıyıq. Müqəddəs Yazıları araşdıranda və yığıncaq görüşlərində iştirak edəndə biz Məsihin əmrlərini yaddaşımızda təzələyirik (2 Pet. 3:1, 2). Əgər biz ruhani qidanı müntəzəm olaraq qəbul ediriksə, deməli, onu qiymətləndiririk. Bəs hansısa məsləhət nəşrlərimizdə tez-tez təkrarlanırsa, buna münasibətimiz necə olmalıdır? Məsələn, Allahın Kəlamında deyilir ki, məsihçi yalnız «Ağamızın xidmətçisi» olan kəslə ailə qurmalıdır (1 Kor. 7:39). Artıq yüz ildən çoxdur ki, bu mövzu «Gözətçi Qülləsi»ndə vaxtaşırı olaraq müzakirə olunur. Məsihin qardaşları bu və digər Müqəddəs Kitab məsləhətlərinə əsaslanan məqalələr çap etməklə ruhani firavanlığımıza görə səmimi-qəlbdən narahat olduqlarını göstərirlər. Bu xatırlatmalara diqqət yetirməklə biz kamil Rəhbərimiz olan İsa Məsihi izlədiyimizi göstəririk.
Süleymanın məsəlləri 4:18 ayəsində deyilir: «Salehlərin yolu... dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar». Rəhbərimiz olan İsa daima iş başındadır. Bəzən «sadiq və ağıllı nökər»in nəşrlərində dəqiqləşdirilmiş Müqəddəs Kitab həqiqətləri çap olunur. Onları qəbul etmək Məsihin ‘qardaşları’ ilə əməkdaşlıq etməyin digər üsuludur (Mat. 24:45).
Həmçinin məsihçi yığıncağında təyin olunmuş ağsaqqallarla əməkdaşlıq etməklə də biz Məsihin ‘qardaşlarına’ tabe olduğumuzu göstəririk. «Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun, axı onlar... gecə-gündüz sizin rifahınızı düşünürlər», — deyə həvari Pavel yazmışdı (İbr. 13:17). Məsələn, ağsaqqal ailəvi ibadətin müntəzəm keçirilməsinin vacibliyi ilə bağlı bizə hər hansı bir məsləhət verə bilər. Yaxud da təbliğ xidmətimizin müəyyən sahələrini necə yaxşılaşdıra biləcəyimizə dair təkliflər irəli sürə bilər. Və ya ola bilsin, səyyar nəzarətçi məsihçi həyat tərzi ilə bağlı Allahın Kəlamına əsaslanan praktiki göstərişlər versin. Onların məsləhətlərini canla-başla qəbul edəndə İsanın bizim Rəhbərimiz olduğunu göstəririk.
Bu dünyada yaxşı rəhbərlik tapmaq qeyri-mümkündür. Nə yaxşı ki, biz Məsihin məhəbbət dolu rəhbərliyini izləyirik! Gəlin bundan sonra da Rəhbərimizə tabe olaq və onun təmsilçiləri ilə əməkdaşlıq edək.
[27-ci səhifədəki şəkillər]
Müqəddəs Kitabın imansızlarla eyni boyunduruğa girməmək məsləhətinə əməl edirsənmi?