Allahın prinsiplərini əldə rəhbər tutun
“Faydalı olanı sənə öyrədən [Yehovadır]” (İŞAYA 48:17).
1. Yaradan insanlara necə rəhbərlik edir?
KAİNATIN sirlərini açmağa can atan alimlər, bizi əhatə edən dünyanın nə dərəcədə güclü enerjiyə malik olduğuna hələ də valeh olurlar. Orta həcmli ulduz hesab olunan Günəş, “100 milyard hidrogen bombası” partlayan zaman ayrılan enerjini bir saniyədə hasil edir. Bu cür valehedici göy cisimlərini idarə etmək üçün, Yaradan böyük qüvvəsindən istifadə edir (Eyub 38:32; İşaya 40:26). Bəs iradə azadlığı, mə’nəviyyat hissləri, ağıl və ruhani şeyləri anlamaq bacarığı verilən biz insanlara rəhbərlik etmək üçün Yaradan hansı üsulu seçib? O, bizə, rəhbərlik üçün öz kamil qanunlarını və yüksək prinsiplərini, həmçinin çox həssas ola bilən vicdanı məhəbbətlə verib (2 Samuel 22:31; Romalılara 2:14, 15).
2, 3. Allahı hansı itaətkarlıq sevindirir?
2 Allah, şüurlu məxluqların könüllü surətdə itaət etmələrinə sevinir (Süleymanın məsəlləri 27:11). Yehova bizi kortəbii surətdə Özünə tabe etdirmək üçün robotlar kimi proqramlaşdırmaq əvəzinə, tam mə’lumat əldə edərək düzgün yolu seçə bilməmiz üçün, bizə iradə azadlığı verib (İbranilərə 5:14).
3 Atasının şəxsiyyətini mükəmməl surətdə əks etdirən İsa Məsih şagirdlərinə dedi: “Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, Mənim dostlarımsınız. Artıq sizə qul demirəm” (Yəhya 15:14, 15). Qədim zamanlarda, qulun öz ağasının əmrlərinə tabe olmaqdan başqa çarəsi yox idi. İnsanlar arasındakı dostluq münasibətləri isə, bir-birlərinin ürəyinə toxunacaq keyfiyyətlər təzahür etdirən zaman yaranır. Beləliklə, biz Yehovanın da dostu ola bilərik (Yaqub 2:23). Bu dostluq qarşılıqlı məhəbbətlə möhkəmlənir. İsa, Allaha itaətkarlıqla məhəbbət arasında bağlılıq olduğunu göstərdi: “Kim Məni sevərsə, sözümə riayət edər; və Atam onu sevər” (Yəhya 14:23). Yehova bizi sevdiyi və e’tibarlı rəhbərlik vermək istədiyi üçün, öz prinsiplərinə əsasən yaşamağa də’vət edir.
Allahın prinsipləri
4. Siz prinsipi necə izah edərdiniz?
4 Prinsip nədir? “Azərbaycan dilinin izahlı lüğətində” “prinsip” sözü belə izah olunur: “Müəyyən nəzəriyyənin, tə’limin, əqidənin, elmin və s.-nin əsas müddəası, çıxış nöqtəsi. Müəyyən işdə rəhbər ideya, əsas istiqamət, gözlənilməli şərt”. Müqəddəs Kitabı dəqiq tədqiq etməyimiz sayəsində öyrənirik ki, səmavi Atamız müxtəlif vəziyyətlərə və həyatın ayrı-ayrı sahələrinə aid olan prinsiplər təqdim edib. Aydındır ki, Yehova bizim əbədi firavanlığımızın qeydinə qalır. Bu, müdrik padşah Süleymanın dediyi sözlərə uyğun gəlir: “Dinlə oğlum və sözlərimi al; və ömrünün illəri çox olacaqdır. Hikmət yolunda sənə tə’lim verdim; doğruluq yollarında səni yeritdim” (Süleymanın məsəlləri 4:10, 11). Yehovanın verdiyi əsas prinsiplər Onunla və yaxınlarımızla olan qarşılıqlı münasibətlərimizə, həmçinin ibadətimizə və gündəlik həyatımıza aiddir (Məzmur 1:1). Gəlin əsas prinsiplərdən bə’zilərini nəzərdən keçirək.
5. Əsas prinsiplərdən bə’zilərini nümunə gətirin.
5 Yehova ilə qarşılıqlı münasibətimiz barədə İsa demişdir: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev” (Matta 22:37). Bundan əlavə, insanlarla münasibətimizə aid olan, məsələn, “qızıl qanun” kimi prinsipimiz də var: “Buna görə, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin” (Matta 7:12; Qalatiyalılara 6:10; Titusa 3:2). İbadətimizə dair Müqəddəs Kitabda məsləhət verilir: “Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq... yığıncaqlarımızı tərk etməyək“ (İbranilərə 10:24, 25). Gündəlik həyatımız barədə isə Pavel yazırdı: “Yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə hər şeyi Allahın izzəti üçün edin” (1 Korinflilərə 10:31). Amma Allahın Kəlamına saysız-hesabsız başqa prinsiplər də daxildir.
6. Prinsiplər qanunlardan nə ilə fərqlənir?
6 Prinsiplər — həyati vacib, ən mühüm həqiqətləri təşkil edir, müdrik məsihçilər isə həmin prinsipləri sevməyi öyrənirlər. Yehovadan ilham alan Süleyman yazmışdır: “Oğlum, sözlərimə diqqət et; dediklərimə qulağını əy. Onlar gözlərinin önündən ayrılmasınlar; onları ürəyinin içində saxla. Çünki onları tapanlar üçün həyat və bütün bədənləri üçün şəfadırlar” (Süleymanın məsəlləri 4:20-22). Prinsiplər qanunlardan nə ilə fərqlənir? Prinsiplər qanunların əsasını təşkil edir. Adətən konkret və yalnız müəyyən vaxtda, yaxud konkret vəziyyətdə tətbiq edilən qayda və qanunlardan fərqli olaraq, prinsiplər ötüb-keçməyəndir (Məzmur 119:111). Allahın prinsipləri köhnəlib yox olmur. Peyğəmbər İşayanın Allahdan ilham almış sözləri bunu təsdiq edir: “Ot quruyar, çiçək solar; fəqət Allahımızın sözü əbədiyyən durar” (İşaya 40:8).
Düşüncə və əməllərinizdə prinsipləri əldə rəhbər tutun
7. Allahın Kəlamı bizi, düşüncə və əməllərimizdə prinsipləri əldə rəhbər tutmağa necə təşviq edir?
7 “Allahımızın Kəlamı” bizi dəfələrlə təşviq edir ki, düşüncə və əməllərimizdə Onun prinsiplərini əldə rəhbər tutaq. İsadan Qanunun məğzini soruşanda, o, iki əmri qeyd etdi: birincisi Yehovanı, ikincisi isə yaxınlarımızı sevməyə təşviq edirdi (Matta 22:37-40). İsa, birinci əmri Musaya verilən qanunun qısa icmalından, Təsniyə 6:4, 5 ayələrini sitat gətirdi: “Allahımız Rəbb bir olan Rəbdir; və Allahın Rəbbi bütün ürəyinlə və bütün canınla və bütün qüvvətinlə sevəcəksən”. Ola bilsin, İsa, həmçinin Levililər 19:18 ayəsində olan əmrə də istinad etmişdir. Süleyman padşah “Vaiz” kitabının son sözlərində aydın və yığcam şəkildə Allahın çoxsaylı qanunlarına yekun vuraraq, dedi: “İşin sonu budur; hər şey eşidildi: Allahdan qorx və onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur. Çünki yaxşı olsun pis olsun, hər gizli şeylə bərabər hər işi Allah hökmə gətirəcəkdir” (Vaiz 12:13, 14; Mika 6:8).
8. Müqəddəs Kitabın əsas prinsiplərini dərindən anlamaq nəyə görə müdafiədir?
8 Əgər əsas prinsipləri yaxşı qavramışıqsa, daha konkret göstərişləri anlamaq və tətbiq etmək bizə asan olacaq. Amma bu cür prinsipləri özümüz üçün ayırd etməmişiksə, çətinlikləri müdrik yolla həll etməyi və sınaqlarda imanımızı möhkəm saxlamağı, çətin ki, bacaraq (Efeslilərə 4:14). Allahın qanunları düşüncə və ürəyimizdə kök salarsa, düzgün qərar qəbul etmək bizim üçün asan olacaq. Prinsipləri dərrakə ilə tətbiq etməklə müvəffəqiyyətlərə nail olacağıq (Yeşu 1:8; Süleymanın məsəlləri 4:1-9).
9. Müqəddəs Kitab prinsiplərini anlamaq və tətbiq etmək nəyə görə həmişə asan olmur?
9 Müqəddəs Kitab prinsiplərini anlamaq və tətbiq etmək, qanunlar külliyyatına əməl etməkdən çətindir. Qeyri-kamil olan bizlər, prinsiplər üzərində düşünmək qüvvə tələb etdiyi üçün, bu işi xoşlamaya bilərik. Qərar qəbul etməli olduqda və ya çətin vəziyyətlə qarşılaşdıqda, yəqin ki, biz, hər hansı bir konkret qaydanın olmasını üstün tutardıq. Bə’zən vəziyyətimizdə tətbiq oluna bilən məsləhəti almaq üçün, yetkin məsihçiyə, olsun ki, yığıncağın ağsaqqalına müraciət edirik. Müqəddəs Kitabda və ona əsaslanan nəşrlərdə bizə münasib konkret məsləhət olmaya da bilər, hətta bu cür məsləhət olsa belə, çətin ki, həmişə və hər yerdə tətbiq olunsun. Yəqin ki, bir nəfərin İsa Məsihə olan xahişini xatırlayırsınız: “Müəllim! Qardaşıma de ki, mirası mənimlə bölsün”. Qardaşlar arasındakı mübahisəni tezcə həll etməyin yolunu göstərmək əvəzinə, İsa daha çox ümumi prinsip daşıyan məsləhət verdi: “Diqqətli olun, hər növ tamahkarlıqdan özünüzü saxlayın”. İsanın bu məsləhəti, o zaman olduğu kimi, indi də faydalıdır (Luka 12:13-15).
10. Prinsiplərə itaətkarlıq məqsədlərimizi necə aşkar edir?
10 Ehtimal ki, siz, ancaq cəzadan qorxduqları üçün qanunlara könülsüz tabe olan kəsləri görmüsünüz. Prinsiplərə hörmət, bizi bu cür əhval-ruhiyyədən qoruyur. Prinsiplərin məğzi, onları əldə rəhbər tutanları sidqi-ürəkdən tabe olmağa təşviq edir. Həqiqətən də, əksər hallarda prinsipin pozulması dərhal cəzaya gətirib çıxarmayacaq. Bunun sayəsində, Yehovaya itaətkar olmağımızın və məqsədlərimizin səbəbi aşkar olur. Potifərin arvadının əxlaqsız təklifini rədd edən Yusifin nümunəsini nəzərdən keçirək. Baxmayaraq ki, o zaman zina haqqında Allahın yazılı qanunu yox idi və yad qadınla cinsi əlaqəyə görə heç bir cəza verilmirdi, Yusif ər-arvadlıq sədaqətliliyi barədə olan prinsipdən xəbərdar idi (Təkvin 2:24; 12:18-20). Onun cavabından göründüyü kimi, bu prinsip ona güclü tə’sir bağışlamışdı: “Bəs mən necə bu böyük pisliyi edib, Allahın önündə günaha bata bilərəm?” (Yaradılış 39:9, MKŞ).
11. Məsihçilər həyatın hansı sahələrində Yehovanın prinsiplərini əldə rəhbər tuturlar?
11 Bu gün məsihçilər dostlar, əyləncə, musiqi və ədəbiyyat seçimi kimi şəxsi məsələlərdə Yehovanın prinsiplərini əldə rəhbər tuturlar (1 Korinflilərə 15:33; Filipililərə 4:8). Əgər biz biliyimizi və anlayışımızı, həmçinin Yehovaya və Onun normalarına qarşı məhəbbət inkişaf etdiririksə, vicdanımız, yə’ni mə’nəvi cəhətdən məs’uliyyət hissimiz hər bir şəraitdə, hətta tamamilə şəxsi xarakter daşıyan məsələlərdə belə Allahın prinsiplərini tətbiq etməyə kömək edəcəkdir. Müqəddəs Kitabın prinsiplərini əldə rəhbər tuturuqsa, Allahın qanunlarında “əl yeri” axtarmayacaq və ya hər hansı bir qanunu pozmadan nə qədər uzaq getməyi bacardıqlarını yoxlayan kəsləri təqlid etməyəcəyik. Bu cür düşüncə tərzinin ağılsız və zərərli olduğunu başa düşürük (Yaqub 1:22-25).
12. Allahın prinsiplərinə riayət etməyimizin əsas səbəbi nədir?
12 Yetkin məsihçilər dərk edirlər ki, Yehovanın bu və ya digər məsələyə dair nöqteyi-nəzərini bilmək istəyi, Onun prinsiplərinə riayət etməyin əsası olacaqdır. Məzmurçu təşviq edir: “Rəbbi sevənlər, şərdən nifrət edin” (Məzmur 97:10). Süleymanın məsəlləri 6:16-19 ayələrində Allahın pis hesab etdiyi şeylər sadalanır: “Rəbbin nifrət etdiyi altı şey vardır və canına məkruh olan yeddi şey vardır: Yüksək gözlər, yalançı dil və suçsuz qanı tökən əllər; pis düşüncələr quran ürək, pisliyə qoşulmaq üçün tələsən ayaqlar, yalanla nəfəs alan yalançı şahid və qardaşlar arasına nifaq salan”. Yehovanın bu şeylərə dair nöqteyi-nəzəri haqqında düşünmək istəyi həyatımızı istiqamətləndirirsə, Allahın prinsiplərinə riayət etmək vərdişinə malik olacağıq (Yeremya 22:16).
Düzgün məqsədlər zəruridir
13. İsa Dağüstü təbliğində hansı düşüncə tərzinə təşviq etdi?
13 Prinsipləri bilmək və tətbiq etmək, bizi həmçinin sün’i mö’minlik tələsindən qoruyacaq. Prinsiplərə riayət etməklə, şərtsiz olaraq qaydalara tabe olmaq bir-birindən fərqlənir. Bu fərqi İsa Dağüstü təbliğində qeyd etdi (Matta 5:17-48). Onun dinləyiciləri, Musanın qanununa əsasən yaşamalı olan yəhudilərdən ibarət idi. Amma əslində onların Qanun haqqında düzgün təsəvvürləri yox idi. Onlar Qanununun ruhunu deyil, hərfini əsas tuturdular. Həmçinin, öz ən’ənələrinə daha çox əhəmiyyət verərək, onları Allahın tə’limlərindən üstün tuturdular (Matta 12:9-12; 15:1-9). Nəticə e’tibarı ilə, insanlar ümumiyyətlə prinsiplər əsasında düşünməyə öyrədilməmişlər.
14. İsa davamçılarının prinsiplər əsasında düşünmələrinə necə kömək etdi?
14 İsa Dağüstü təbliğinə, həyatın beş sahəsinə toxunan mə’nəviyyat prinsiplərini daxil etdi. O, qəzəb, nikah və boşanmaq, və’d etmək, qisas almaq, məhəbbət və nifrət haqqında söhbət açdı. Hər bir hadisədə İsa prinsiplərə riayət etməyin faydasını izah etdi. O, bununla davamçıları üçün daha yüksək əxlaq normaları tə’sis etdi. Məsələn, zina haqqında danışarkən İsa təkcə yanlış hərəkətdən deyil, həmçinin bizi yanlış düşüncə və arzulardan qoruyan prinsip də verdi: “Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28).
15. Saxtalıqdan necə qaçınmaq olar?
15 Bu misaldan görünür ki, biz Yehovanın prinsiplərinin məqsəd və məğzini heç zaman nəzərdən qaçırmalı deyilik. Biz, heç zaman Allahın lütfünü gözdən pərdə asmaqla qazanmağa çalışmalı deyilik. Allahın mərhəmət və məhəbbətinə diqqət yetirərək, İsa bu cür düşüncə tərzinin yanlış olduğunu göstərdi (Matta 12:7; Luka 6:1-11). Müqəddəs Kitabın prinsiplərinə riayət edərək, Müqəddəs Kitabın tə’limlərinin çərçivəsindən kənara çıxan uzun siyahıya əsasən yaşamağa (və ya başqalarının belə yaşamalarını tələb etməyə) çalışmayacağıq. Bizi, saxta mö’minlikdən daha çox Allaha məhəbbət və itaətkarlıqla bağlı prinsiplər maraqlandıracaq (Luka 11:42).
Prinsiplərin tətbiq edilməsinin gətirdiyi faydalar
16. Müqəddəs Kitabın bə’zi qanunlarına əsaslanan prinsipləri nümunə gətirin.
16 Yehovaya tabe olmağa çalışan bizlərə, Onun qanunlarının bə’zi əsas prinsiplərə əsaslandığını anlamaq vacibdir. Məsələn, bizə mə’lumdur ki, məsihçilər bütpərəstlikdən, əxlaq pozğunluğundan və qandan düzgün istifadə etməməkdən qaçınmalıdırlar (Həvarilərin işləri 15:28, 29). Bəs bu məsələlərdə məsihçi mövqeyinin əsasını təşkil edən nədir? Yehova tam sədaqəti tələb edən qısqanc Allahdır; biz, həyat yoldaşımıza sadiq qalmalıyıq; Yehova — Həyatverəndir (Təkvin 2:24; Çıxış 20:5; Məzmur 36:9). Bu cür prinsipləri anlamağın sayəsində, onlara əsaslanan qanunlara əməl etmək asandır.
17. Müqəddəs Kitab prinsiplərini anladıqda və tətbiq etdikdə hansı faydaları hiss edirik?
17 Müqəddəs Kitabın prinsiplərini anladıqda və tətbiq etdikdə, onların bizə fayda gətirdiyini görürük. Allahın xalqının aldığı xeyir-dualar çox vaxt tam nəzərə çarpan faydalarla müşayiət olunur. Məsələn, siqaret çəkməyən, əxlaqca təmiz həyat sürən və qanın müqəddəsliyinə hörmət edən şəxs müxtəlif xəstəliklərdən qorunur. Allahın həqiqətinə müvafiq yaşayaraq, ehtimal ki, iqtisadi və ictimai vəziyyətimizi, həmçinin ailə həyatımızı yaxşılaşdıra bilərik. Bu cür nəzərə çarpan faydalar Yehovanın verdiyi normaların qiymətli və əlverişli olduğunu göstərir. Lakin bu faydalar özlüyündə Allahın prinsiplərinə riayət etməyimizin başlıca səbəbi deyil. Məsihçilər Yehovanı sevdikləri üçün Ona tabe olurlar, çünki Yehova onların ehtiramına layiqdir və bunu etmək düzgündür (Vəhy 4:11).
18. Məsihçi yolunda müvəffəqiyyətlərə nail olmaq istəyiriksə, nəyi əldə rəhbər tutmalıyıq?
18 Müqəddəs Kitab prinsipləri sayəsində həyatımız yaxşılaşır və artıq bunun özü insanları Allahın yoluna cəlb edə bilər. Başlıcası isə odur ki, bizim həyat tərzimiz Yehovaya şərəf gətirəcək. Yehovanın bizim üçün ən yaxşı şeyləri arzu edən qayğıkeş Allah olduğunu bilirik. Müqəddəs Kitab prinsiplərinə uyğun qərar qəbul etdikdə və Yehovanın bizə necə xeyir-dua verdiyini gördükdə, özümüzü Ona daha yaxın hiss edirik. Bununla da, səmavi Atamızla olan dostluq münasibətimizi möhkəmlədirik.
Yadınızdadırmı?
• Prinsip nədir?
• Prinsiplər qanunlardan nə ilə fərqlənir?
• Düşüncə və əməllərimizdə prinsipləri əldə rəhbər tutmaq nə üçün faydalıdır?
[14-cü səhifədəki çərçivə]
Qana Respublikasından olan məsihçi Uilsona, bir-neçə gündən sonra işdən azad ediləcəyini bildirdilər. Axırıncı iş günü ona, firma müdirinin avtomobilini yumağı tapşırdılar. Uilson avtomobildən pul tapdıqda rəisi ona dedi ki, həmin günü işdən azad olunacağı üçün, bu pulu ona Allah yetirib. Lakin düzgünlük prinsipini tətbiq edərək, Uilson pulu firmanın müdirinə qaytardı. Bu davranış müdirə güclü tə’sir bağışladı və o, Uilsona nəinki daimi iş təklif etdi, həmçinin onun vəzifəsini də yüksəltdi (Efeslilərə 4:28).
[15-ci səhifədəki çərçivə]
Albaniyada Ruhiyyə adlı 60 yaşlı bir qadın yaşayır. O, ailədə baş verən çəkişmələr ucbatından 17 ildən artıq idi ki, qardaşı ilə danışmırdı. Ruhiyyə Yehovanın Şahidləri ilə birlikdə Müqəddəs Kitabı öyrənməyə başladı və məsihçilərin kin bəsləmədən başqaları ilə sülh içində yaşamalı olduqlarını öyrəndi. Bu qadın bütün gecəni dua etdi və bərk ürək döyüntüsü ilə qardaşının evinə yollandı. Qapını qardaşının qızı açdı. Ruhiyyəni gördükdə, təəccüblə soruşdu: “Nə olub? Kim vəfat edib? Nə üçün gəlmisən?” Ruhiyyə qardaşını görmək istəyini bildirdi. O, sakitcə izah etdi ki, Müqəddəs Kitab prinsipləri və Yehova haqqında əldə etdiyi biliklər onu qardaşı ilə barışmağa təşviq edib. Göz yaşları və qucaqlaşmadan sonra, doğmalar barışığı qeyd etdilər (Romalılara 12:17, 18).
[17-ci səhifədəki şəkil]
[17-ci səhifədəki şəkil]
[17-ci səhifədəki şəkil]
[17-ci səhifədəki şəkil]
“İsa izdihamı görüb dağa çıxdı; və Özü oturduqda, şagirdləri Onun yanına gəldilər. Və O, söz açıb onlara belə öyüd verdi” (MATTA 5:1, 2).