Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/8 s. 26—31
  • Yaxşı işlər üçün təmizlənmiş xalq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı işlər üçün təmizlənmiş xalq
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Fiziki təmizlik bizi “təqdim edir”
  • Ləkəsiz ürək
  • Yaxşı işlər üçün təmizlənmiş xalq
  • Allah təmiz insanları sevir
    Allahın məhəbbətindən ayrılmayın
  • Allahın xidmətçiləri təmiz olmalıdırlar
    Allah bizdən nə tələb edir?
  • Yehovanın xalqı təmiz olmalıdır
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Pak ibadət təmizlik tələb edir
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/8 s. 26—31

Yaxşı işlər üçün təmizlənmiş xalq

“Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək” (2 KORİNFLİLƏRƏ 7:1).

1. Yehova, Ona ibadət edənlərdən nə tələb edir?

QƏDİM İsrailin padşahı Davud, Yehovaya məqbul ibadətə dair düşünməyə vadar edən belə bir sual verir: “Rəbbin dağına kim çıxacaq? Və müqəddəs məkanında kim duracaq?” Sonra öz sualına cavab verir: “O adam ki, əlləri təmizdir və ürəyi pakdır; könlünü yalana verməmişdir, hiylə ilə də and etməmişdir” (Məzmur 24:3, 4). Müqəddəsliyi təcəssüm etdirən Yehovaya məqbul olmaq üçün, biz təmiz və müqəddəs olmalıyıq. Bundan əvvəl, Yehova bir yerə toplaşmış İsrail xalqına xatırlatdı: “Özünüzü təqdis edin və müqəddəs olun; çünki mən müqəddəsəm” (Levililər 11:44, 45; 19:2).

2. Pavel və Yaqub həqiqi ibadətdə təmizliyin vacibliyini necə qeyd etmişlər?

2 Bir neçə əsr sonra Həvari Pavel, əxlaqsız Korinf şəhərində yaşayan həmimanlılarına yazmışdı: “Ey sevimli qardaşlarım, bu cür və’dlərə malik olaraq, özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək” (2 Korinflilərə 7:1). Bu bir daha xatırladır ki, Allahla qarşılıqlı münasibətdə olub, Onun və’d etdiyi xeyir-duaları əldə etmək üçün, təmiz olmaq, özünü fiziki və ruhani murdarlıq və pozğunluqdan qorumaq lazımdır. Bundan əlavə, Allaha məqbul ibadət haqqında şagird Yaqub yazırdı: “Ata Allahın yanında təmiz və ləkəsiz dindarlıq budur: Yetimləri və dulları onların məşəqqətli anlarında ziyarət etmək və özünü dünyadan ləkəsiz saxlamaq” (Yaqub 1:27).

3. İbadətimizin Allaha məqbul olması üçün biz nəyə ciddi yanaşmalıyıq?

3 Təmiz, müqəddəs və ləkəsiz olmaq həqiqi ibadətdə belə əhəmiyyətli rol oynadığı üçün, Allahın lütfünü qazanmaq istəyən kəslər bu tələblərə ciddi yanaşmalıdırlar. Müasir cəmiyyətdə təmizlik haqqında təsəvvürlər tamamilə bir-birinə ziddir və buna görə də Yehovanın gözündə nəyin təmiz və məqbul olduğunu anlamalı və ona müvafiq yaşamalıyıq. Biz, Allahın öz xidmətçilərindən nə tələb etdiyini və təmizlənməkdə, həmçinin bu vəziyyətdə qalmaqda və Ona məqbul olmaqda onlara necə kömək etdiyini öyrənməliyik (Məzmur 119:9; Daniel 12:10).

Həqiqi ibadət naminə təmizlik

4. Müqəddəs Kitabda təmizliyin hansı mə’na daşıdığını izah edin.

4 İnsanların çoxu üçün təmizlik sadəcə çirkləndirici bir şeydən azad olmaq deməkdir. Lakin Müqəddəs Kitabda təmizliklə bağlı bir neçə ibrani və yunan sözləri istifadə olunur ki, onlar əksər hallarda fiziki təmizliyi deyil, əxlaqi və ruhani təmizliyi nəzərdə tutur. Müqəddəs Kitaba dair bir ensiklopediyada deyilir ki, “təmiz” və “natəmiz” sözləri nadir hallarda gigiyena məsələlərinə aid olur. Bu anlayış, ilk növbədə dini xarakter daşıyır. Bu növ “təmizlik”, demək olar ki, həyatın bütün sahəsinə toxunur”.

5. Musanın qanunu israillilərin həyatında təmizlik məsələlərini nə dərəcədə tənzimləyirdi?

5 Həqiqətən də, Musanın qanununa, demək olar ki, israillilərin həyatının hər bir sahəsinə aid olan və nəyin məqbul və təmiz olub-olmadığını açıq şəkildə göstərən qanun və qaydalar daxil idi. Məsələn, “Levit” kitabının 11-ci və 15-ci fəsillərində təmizlik və natəmizlik haqqında geniş tə’limat oxuyuruq. Müəyyən heyvanlar natəmiz hesab olunurdu və israillilər onları yeməli deyildilər. Qadın doğuşdan sonra müəyyən vaxt ərzində natəmiz hesab olunurdu. Bə’zi dəri xəstəlikləri, xüsusilə də cüzam xəstəliyi, həmçinin qadın və kişi cinsiyyət orqanlarının ifrazı insanı natəmiz edirdi. Bundan başqa Qanunda, bir kimsənin natəmiz olduğu zaman necə davranacağı barədə qabaqcadan deyilirdi. Məsələn, Saylar 5:2 ayəsində oxuyuruq: “İsrail oğullarına əmr et, hər cüzamlını və hər axıntısı olanı və ölüdən murdar olan hər adamı çıxartsınlar”.

6. Təmizliyə dair qanunlar nə üçün verilmişdi?

6 Şübhəsiz ki, Yehovanın verdiyi bu və digər qanunlarda, sonradan tibb və fiziologiya sahəsində aşkar edilən təsəvvürlər izhar olunurdu. İnsanlar həmin qanunlara riayət etdikdə böyük fayda əldə edirdilər. Ancaq bu qanunlar, sadəcə olaraq sağlamlığa kömək edən göstəriş və ya tibb üzrə rəhbərlik kimi verilməmişdi. Onlar həqiqi ibadətin bir hissəsi idi. Bu qanunların qidaya, doğuma, nikahdakı münasibətə və s. kimi gündəlik həyatın müxtəlif sahələrinə aid olması, Yehovanın, israillilərin Allahı kimi, yalnız Ona həsr etdikləri həyatlarının hər bir sahəsində nəyin doğru olub-olmadığını müəyyən etmək səlahiyyətinə malik olduğunu vurğulayırdı (Təsniyə 7:6; Məzmur 135:4).

7. Qanuna riayət etməklə İsrail xalqı hansı xeyir-duanı ala bilərdi?

7 Qanun əhdi israilliləri, onları əhatə edən xalqlara məxsus iyrənc əməllərdən də qoruyurdu. İsraillilər Qanuna, o cümlədən Yehovanın gözündə təmizliyə aid olan tələblərə sədaqətlə riayət etməklə, öz Allahlarına xidmət etməyə məqbul olar və Onun xeyir-duasına layiq olardılar. Bununla əlaqədar Yehova xalqa dedi: “Əgər gerçəkdən sözümü dinləyəcək və əhdimi tutacaqsınızsa, mənə bütün xalqlardan xüsusi xalq olacaqsınız; çünki bütün dünya mənimdir; və siz mənə kahinlər padşahlığı və müqəddəs millət olacaqsınız” (Çıxış 19:5, 6; Təsniyə 26:19).

8. Bugünkü məsihçilər Qanunda təmizlik haqqında deyilənlərə nəyə görə diqqət yetirməlidirlər?

8 Əgər Yehova israillilər üçün təmiz, müqəddəs və Ona məqbul olmağın nə demək olduğunu təfsilatı ilə Qanunda izah edirsə, bugünkü məsihçilər bu tələblərə riayət edib-etmədikləri üzərində düşünməli deyillərmi? Musanın qanunu bu gün məsihçilər üçün qüvvədə olmasa da, onlar unutmalı deyillər ki, Pavelin izah etdiyi kimi Qanunda deyilənlərin hamısı “gələcək şeylərin kölgəsidir, əsli isə Məsihə məxsusdur” (Koloslulara 2:17; İbranilərə 10:1). “Mən dəyişmərəm” deyən Yehova, keçmişdə həqiqi ibadətdə təmiz və ləkəsiz olmağı bu dərəcədə vacib hesab etdiyinə görə, bu gün biz də Onun lütfünə və xeyir-duasına sahib olmaq istəyiriksə, fiziki, əxlaqi və ruhani cəhətdən təmizliyə olduqca ciddi yanaşmalıyıq (Malaki 3:6; Romalılara 15:4; 1 Korinflilərə 10:11, 31).

Fiziki təmizlik bizi “təqdim edir”

9, 10. a) Məsihçi üçün fiziki cəhətdən təmiz olmaq nəyə görə vacibdir? b) Yehovanın Şahidlərinin konqresləri barədə insanlar çox vaxt nə deyirlər?

9 Demək olarmı ki, fiziki təmizlik bu gün də həqiqi ibadətin vacib hissəsidir? Fiziki təmizlik insanı Allahın həqiqi xidmətçisi etməsə də, sözsüz ki, həqiqi xidmətçi şəraitin əl verdiyi qədər fiziki cəhətdən təmiz olmalıdır. Xüsusilə də, çoxlarının öz bədənlərinin, paltarlarının, evlərinin və həyətlərinin təmizliyinin qeydinə qalmadıqları bir vaxtda, bunu edən insanlar adətən başqalarının diqqətini cəlb edirlər. Bu isə, Pavelin Korinf şəhərindəki məsihçilərə yazdığı kimi, yaxşı nəticələr verə bilər: “Heç bir şəkildə kimsənin büdrəməsinə səbəb olmadıq ki, xidmətimiz e’tibardan düşməsin. Lakin hər şeydə özümüzü Allahın xidmətkarları kimi təqdim edirik” (2 Korinflilərə 6:3, 4).

10 Yehovanın Şahidləri, xüsusən də onların böyük konqresləri keçirilən zaman nəzərə çarpan təmizlik və səliqə-səhmana, davranışlarında əks olunan hörmətə və yaxşı vərdişlərinə görə rəsmi şəxslər tərəfindən dəfələrlə tə’riflər almışlar. Misal üçün, İtalyanın Savona əyalətində keçirilən vilayət konqresi barədə “Stampa” qəzetində belə deyilirdi: “Binaları gəzərkən ilk gözə çarpan şey, bu binaları istifadə edən insanların təmizliyi və səliqəsidir” (“La Stampa”). Şahidlərin, Braziliyanın San-Paulu şəhərindəki stadionda keçirdikləri konqresdən sonra, stadionun müdiri təmizlik işinə cavabdeh olan işçiyə belə bir tapşırıq verdi: “Bundan sonra stadionu Yehovanın Şahidləri kimi təmizləyəcəksiniz”. Həmin stadionun digər müdiri qeyd etdi: “Yehovanın Şahidləri stadionu icarəyə götürmək istədikdə bizi heç nə yox, yalnız konqresin keçiriləcəyi tarix maraqlandırır”.

11, 12. a) Şəxsi təmizliklə bağlı Müqəddəs Kitabın hansı prinsipini yadda saxlamalıyıq? b) Vərdişlərimiz və həyat tərzimizlə əlaqədar hansı sualları vermək olar?

11 Əgər ibadət etdiyimiz yerin təmiz və səliqəli olması, ibadət etdiyimiz Allaha izzət gətirməyə təşviq edirsə, deməli, bu keyfiyyətləri şəxsi həyatımızda da göstərmək eyni dərəcədə vacibdir. Ancaq kim isə düşünə bilər ki, öz evində rahatlanıb, ürəyi istədiyi kimi hərəkət etməyə haqqı var. Geyimə və xarici görünüşə gəldikdə isə, təbii ki, bizə rahat olan və xoşumuza gələn şeyləri seçməkdə azadıq. Lakin bu azadlıq çox nisbidir. Unutmayaq ki, bə’zi yeməkləri yeyib-yeməmək haqqında Pavel həmimanlılarına xəbərdarlıq etmişdir: “Ehtiyat edin ki, sizin bu azadlığınız, vicdanı zəif olanların büdrəməsinə səbəb olmasın”. Daha sonra o, belə bir qiymətli prinsip verir: “Hər şey caizdir, lakin hər şey faydalı deyil; hər şey caizdir, lakin hər şey ruhən inkişaf etdirməz” (1 Korinflilərə 8:9; 10:23). Pavelin bu məsləhəti təmizliklə necə bağlıdır?

12 Məntiqə uyğundur ki, insanlar, Allahın xidmətçilərinin təmiz və intizamlı həyat sürmələrini gözləyirlər. Buna görə də, diqqət yetirməliyik ki, evimizin və həyətimizin görünüşü Allahın Kəlamının xidmətçiləri kimi daşıdığımız ada ləkə gətirməsin. Evimiz özümüz və e’tiqadlarımız barədə necə şahidlik edir? Başqalarını səmimi qəlbdən də’vət etdiyimiz, təmizlik və intizamın hökm sürəcəyi yeni ədalətli dünyada yaşamaq istəyimiz olduğunu göstərirmi? (2 Peter 3:13). İstər asudə vaxtımızda, istərsə də xidmətdə xarici görünüşümüz təbliğ etdiyimiz xəbərin dəyərini ya yüksəldə, ya da azalda bilər. Məsələn, Meksikada dərc edilən bir qəzetdə deyilirdi: “Yehovanın Şahidləri arasında səliqəli saç forması, təmizliyi və ədəbli geyimi ilə seçilən çoxlu gənclər var”. Aramızda bu cür gənclərin olmasına necə də şadıq!

13. Gündəlik həyatımızda həmişə və hər şeydə təmizliyə və səliqəyə riayət etmək üçün nə edə bilərik?

13 Bədənimiz, xarici görünüşümüz, əşyalarımız və evimiz həmişə səliqəli və təmiz olmalıdır demək, bu işi həyata keçirməkdən asandır. Bunun üçün bir sıra mürəkkəb və bahalı təchizat və müxtəlif alətlər lazım deyil, sadəcə olaraq yaxşı plan və ardıcıllıq tələb olunur. Çimmək, evimizi yığışdırmaq, paltarımızı və avtomobilimizi yumaq üçün vaxt ayırmaq lazımdır. Xidmətdə və yığıncaq görüşlərində iştirak etməyimiz, şəxsi öyrənmə ilə məşğul olmağımız, gündəlik vəzifələrimizi yerinə yetirməyimiz bizi Allahın və insanların gözündə təmiz və məqbul olmaqdan heç də azad etmir. Bizə tanış olan “hər şeyin [öz] zamanı” prinsipi həyatımızın bu sahəsinə də aiddir (Vaiz 3:1).

Ləkəsiz ürək

14. Nəyə görə demək olar ki, əxlaqi və ruhani təmizlik fiziki təmizlikdən daha vacibdir?

14 Fiziki təmizliyə diqqət yetirmək vacibdir, əxlaqi və ruhani təmizliyin qeydinə qalmaq isə daha vacibdir. Biz, Yehovanın İsrail xalqını fiziki natəmizliyinə görə deyil, əxlaqi və ruhani cəhətdən pozulduğuna görə rədd etdiyini xatırladıqda belə bir qərara gəlirik. İşaya peyğəmbərin vasitəsilə Yehova israillilərə dedi ki, günahkar və qanunsuz millət olduqlarına görə, onların gətirdikləri qurbanlar, yeni aya və şənbəyə riayət etmələri, hətta etdikləri dualar belə Onun üçün bir yükə çevrilib. Allahın lütfünü yenidən qazanmaq üçün onlar nə etməli idilər? Yehova dedi: “Yuyunun, təmizlənin; gözümün önündən işlərinizin pisliyini atın; pislik etməkdən vaz keçin” (İşaya 1:4, 11-16).

15, 16. İsanın sözlərinə görə, insanı murdar edən nədir və onun sözlərindən biz necə faydalana bilərik?

15 Əxlaqi və ruhani təmizliyin vacibliyini daha geniş anlamaq üçün, İsanın fəriseylərə və din alimlərinə dediyinə diqqət yetirək. Onlar İsanın şagirdlərinin yeməkdən qabaq əllərini yumadıqlarına görə natəmiz olduqlarını iddia edirdilər. İsa onların səhvini düzəldib dedi: “Ağıza daxil olan şey insanı murdar etməz; amma ağızdan çıxan şey insanı murdar edər”. Sonra İsa izah etdi: “Ağızdan çıxan isə ürəkdən çıxar və insanı murdar edər. Çünki ürəkdən pis düşüncələr, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır; yuyulmamış əllərlə yemək isə insanı murdar etməz” (Matta 15:11, 18-20).

16 İsanın bu sözlərindən biz nə öyrənirik? O, aydın şəkildə göstərdi ki, pis, əxlaqsız və natəmiz davranışlara ürəkdə oyanan pis, əxlaqsız və natəmiz həvəslər səbəb olur. Şagird Yaqubun dediyi kimi, “hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur” (Yaqub 1:14, 15). Buna görə də, əgər İsanın dediyi ağır günahlara batmaq istəmiriksə, bu cür şeylərə olan hər bir meyli ürəyimizdən söküb atmalı və onlara yer verməməliyik. Deməli, oxuduğumuz, baxdığımız və dinlədiyimiz şeylərdə olduqca ehtiyatlı olmalıyıq. Bu gün söz azadlığından istifadə edərək və təəssürat yaratmağa çalışaraq, əyləncə və reklam sənayeləri insanların üzərinə, günahlı təbiətlərinin həvəsinə göz yuman təsviri obrazlar və səslər məcmusu yağdırır. Biz qətiyyən yol verməli deyilik ki, bunlardan nə isə ürəyimizdə kök salsın. Təmiz və ləkəsiz ürəyi qorumaq üçün həmişə ayıq olmaq, Allahın ürəyini sevindirmək və Ona məqbul olmaq ən vacib məsələdir (Süleymanın məsəlləri 4:23).

Yaxşı işlər üçün təmizlənmiş xalq

17. Yehova xalqını nə üçün təmizləmişdir?

17 Yehovanın köməyi ilə, Onun gözündə təmiz qala bilməyimiz, sözsüz ki, bizim üçün xeyir-dua və müdafiədir (2 Korinflilərə 6:14-18). Lakin biz onu da anlayırıq ki, Yehova xalqını xüsusi məqsəd üçün təmizləyibdir. Pavel Titusa dedi ki, İsa Məsih “Özünü bizim üçün fəda etdi ki, bizi hər cür haqsızlıqdan xilas etsin və təmizləyib, Özünə xüsusi və yaxşı işlərə sə’yli bir xalq törətsin” (Titusa 2:14). Təmizlənmiş bir xalq kimi, biz hansı işlərdə sə’y göstərməliyik?

18. Yaxşı işlərdə sə’yli olduğumuzu necə göstərə bilərik?

18 Biz ilk növbədə, Allahın Padşahlığı haqqındakı xoş xəbəri bütün xalqlara yaymaq üçün sə’y göstərməliyik (Matta 24:14). Bunu etməklə, bütün insanlara, hər cür murdarlıqdan təmizlənmiş yer üzündə əbədi yaşamaq ümidi haqqında danışmış oluruq (2 Peter 3:13). Yaxşı işlərimizə, gündəlik həyatımızda Allahın ruhunun səmərəsini təzahür etməyimiz də daxildir, bu isə səmavi Atamıza izzət gətirir (Qalatiyalılara 5:22, 23; 1 Peter 2:12). Həqiqətdə olmayan və təbii fəlakətlərdən, müxtəlif faciələrdən əziyyət çəkən insanları da yaddan çıxarmırıq. Pavelin məsləhətini unutmuruq: “Deməli, nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək” (Qalatiyalılara 6:10). Təmiz ürəkdən və saf niyyətlərdən irəli gələn bütün bu xidmətlər Allahı məmnun edir (1 Timoteyə 1:5).

19. Fiziki, əxlaqi və ruhani cəhətdən yüksək təmizlik normalarına riayət etməyi davam etdirsək, hansı xeyir-dualara sahib olarıq?

19 Biz, Qadir Allahın xidmətçiləri kimi Pavelin sözlərinə diqqət yetiririk: “Ey qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mə’nəvi ibadətiniz budur” (Romalılara 12:1). Yehovanın bizi təmizlədiyini qiymətləndirməyə və bundan sonra da fiziki, əxlaqi və ruhani təmizliyin yüksək normalarına riayət etməyə sə’y göstərməyə davam edək. Bu cür davranaraq biz özünə hörmət və məmnunluq duymaqdan başqa, həm də “əvvəlki şeylər”in, yə’ni indiki natəmiz dünyanın keçib gedəcəyini və Allahın hər şeyi yeniləşdirdiyi zamanı görmək imkanımız da yaranacaq (Vəhy 21:4, 5).

Xatırlayırsınızmı?

• İsrail xalqına təmizliklə bağlı nəyə görə bir sıra qanunlar verilmişdir?

• Fiziki təmizlik təbliğ etdiyimiz xoş xəbərin dəyərini necə artırır?

• Nəyə görə əxlaqi və ruhani təmizlik fiziki təmizlikdən daha vacibdir?

• Biz “yaxşı işlərə sə’yli” xalq olduğumuzu necə göstərə bilərik?

[29-cu səhifədəki şəkillər]

Fiziki təmizlik, təbliğ etdiyimiz xəbərin dəyərini artırır.

[22-ci səhifədəki şəkil]

İsa, natəmiz fikirlərin natəmiz hərəkətlərə gətirib çıxardığı haqda xəbərdarlıq edirdi.

[31-ci səhifədəki şəkillər]

Yehovanın Şahidləri təmizlənmiş xalq olaraq yaxşı işlərdə sə’y göstərirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş