Böyük müəllimi təqlid edin
“Gedin, bütün xalqları şagirdim edin... sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (MATTA 28:19, 20).
1, 2. a) Nə üçün demək olar ki, bizlərdən hər birimiz müəyyən dərəcədə müəllimik? b) Hər bir məsihçiyə tə’lim verməklə bağlı hansı məs’uliyyət həvalə olunub?
SƏN müəllimsənmi? Bizlərdən hər birimiz müəyyən dərəcədə müəllimik. Yolu azan səyahətçiyə yol göstərdiyimiz, həmkarımıza bu və ya digər işi necə etməyi başa saldığımız, yaxud uşağa çəkmə qaytanlarını necə bağlamağı göstərdiyimiz hər dəfə nə isə öyrətmiş oluruq. Bütün bu işlərdə başqalarına kömək edərkən məmnunluq hissi duyuruq, elə deyilmi?
2 Hər bir məsihçiyə, tə’lim verməklə bağlı xüsusi məs’uliyyət həvalə olunub. Bizə ‘xalqlar arasında şagirdlər hazırlamaq... onları öyrətmək’ tapşırılıb (Matta 28:19, 20, YD). Bə’zən yığıncaqda da öyrətmək imkanına malik oluruq. Münasib qardaşlar yığıncağın ruhən möhkəmlənməsi üçün “cəmiyyətin gözətçisi və müəllimi” kimi xidmət etməyə tə’yin olunurlar (Efeslilərə 4:11-13). Gündəlik məsihçi fəaliyyətilə məşğul olaraq, yetkin bacılar gənc qadınlara ‘xeyirxahlıq tə’lim etməlidirlər’ (Titusa 2:3-5). Hamımız həmimanlılarımızı ruhlandırmağa də’vət olunuruq və Müqəddəs Kitabın vasitəsilə bir-birimizi inkişaf etdirərək bu də’vətə diqqət yetirə bilərik (1 Saloniklilərə 5:11). Allahın Kəlamının müəllimi olmaq və uzunmüddətli faydalar gətirməyə qadir olan ruhani dəyərləri bölüşmək necə də şərəfdir!
3. Müəllim kimi necə təkmilləşə bilərik?
3 Bəs biz müəllim kimi necə təkmilləşə bilərik? İlk növbədə, Böyük Müəllim İsanı təqlid etməklə. Amma kim isə soruşa bilər: “Biz İsanı necə təqlid edə bilərik? Axı, o kamil idi?” Doğrudur, biz kamil müəllim ola bilmərik. Bununla belə, qabiliyyətimizdən asılı olmayaraq, İsanın tə’limvermə üsulunu təqlid etmək üçün vicdanla çalışa bilərik. Gəlin müzakirə edək görək onun öyrətmək üsulundan dördünü — sadəliklə öyrətmək, suallardan effektli şəkildə istifadə etmək, məntiqlə mühakimə yürütmək və münasib məsəllər çəkmək üsulunu necə tətbiq edə bilərik.
Sadəliklə öyrətmək
4, 5. a) Nəyə görə sadəlik Müqəddəs Kitab həqiqətinin vacib xüsusiyyətlərindən biridir? b) Sadəliklə öyrətmək üçün, fikirlərimizi necə söylədiyimizə diqqət yetirmək nəyə görə vacibdir?
4 Allahın Kəlamının əsas həqiqətləri mürəkkəb deyil. İsa duasında demişdir: “Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib, körpələrə açdın” (Matta 11:25). Yehova öz niyyətlərini səmimi və həlim ürəkli insanlara açır (1 Korinflilərə 1:26-28). Beləliklə sadəlik, Müqəddəs Kitab həqiqətinin əsas xüsusiyyətlərindən biridir.
5 Evdə Müqəddəs Kitab öyrənməsi keçirərkən və ya maraqlanan insanlara təkrarən baş çəkərkən sadəliklə necə öyrətmək olar? Böyük Müəllimin nümunəsi bizi nəyə öyrədir? Əksəriyyəti “oxumamış, avam” olan dinləyicilərinin ürəyinə yol tapmaq üçün, İsa onların başa düşdükləri sadə söz və ifadələr işlədirdi (Həvarilərin işləri 4:13). Deməli, sadəliklə öyrətmək üçün ilk növbədə fikirlərimizi necə söylədiyimizə diqqət yetirməliyik. Allahın Kəlamını daha inandırıcı etmək məqsədilə, qəliz ifadə və sözlər işlətməyə ehtiyac yoxdur. Bu cür “kəlam... ülviyyəti” dinləyiciləri, xüsusilə də təhsili və qabiliyyəti məhdud olan kəsləri qorxuda bilər (1 Korinflilərə 2:1, 2). İsanın nümunəsi göstərir ki, diqqətlə seçilən sadə sözlər həqiqəti daha tə’sirli şəkildə çatdıra bilər.
6. Necə etmək olar ki, Müqəddəs Kitabı öyrənən adamı mə’lumatla yükləməyək?
6 Sadəliklə öyrətmək üçün, həmçinin ehtiyatlı olmaq lazımdır ki, Müqəddəs Kitabı öyrənən adamı çox mə’lumatla yükləməyək. İsa şagirdlərinin məhdud imkana malik olduqlarını nəzərə alırdı (Yəhya 16:12). Biz də öyrətdiyimiz kəslərin imkanlarını nəzərə almalıyıq. Misal üçün, “Əbədi həyata aparan bilik” kitabı üzrə öyrənmə keçirərkən, hər təfsilatı izah etməyə ehtiyac yoxdura. Tələsmək də lazım deyil, çünki məqsədimiz müəyyən həcmli mə’lumatı bir dəfəyə keçmək deyil. Öyrənmənin sür’ətini öyrənən adamın tələbat və qabiliyyətini nəzərə alaraq müəyyən etmək daha düzgün olardı. Bizim məqsədimiz, həmin adama Məsihin şagirdi və Yehovanın xidmətçisi olmaqda kömək etməkdir. Öyrənən adamın keçilən materialı aydın başa düşməsinə kömək etmək üçün, tələb olunan qədər vaxt ayırmaq lazımdır. Bunun sayəsində, həqiqət onun ürəyinə tə’sir göstərib, fəaliyyətə təşviq edə bilər (Romalılara 12:2).
7. Yığıncaqda mə’ruzə ilə çıxış edərkən, sadəliklə öyrətməkdə bizə hansı məsləhətlər kömək ola bilər?
7 Yığıncaqda mə’ruzə ilə çıxış edərkən, xüsusilə də zalda görüşlərə yeni gələnlər varsa, necə etməliyik ki, “anlaşılmayan sözlər” söyləməyək? (1 Korinflilərə 14:9). Üç faydalı məsləhəti nəzərdən keçirək. Birincisi, işlətdiyin namə’lum terminləri izah et. Allahın Kəlamını öyrənərkən biz xüsusi söz ehtiyatı mənimsəmişik. Əgər “sadiq və ağıllı qul”, “başqa qoyunlar” və “Böyük Babil” kimi söz birləşmələri işlədiriksə, o zaman qısa izahatlar vermək lazım gələ bilər. İkincisi, uzun-uzadı danışmaqdan uzaq ol. Artıq sözlər və mürəkkəb ifadələr ucbatından dinləyicilərin marağı itə bilər. Fikirləri aydın ifadə etmək üçün, artıq söz və ifadələri kənar et. Üçüncüsü, böyük həcmli materialdan istifadə etməyə çalışma. Hazırlaşan zaman çoxlu maraqlı təfsilat tapmaq olar. Lakin yaxşı olar ki, çıxışında bir neçə əsas fikri ayırıb, yalnız həmin fikirləri təsdiq edən və ayrılan vaxt ərzində aydın izah edilməsi mümkün olan mə’lumatı istifadə edəsən.
Suallardan effektlə istifadə etmək
8, 9. Sualı ev sahibinin maraqlarına necə uyğunlaşdıra bilərik? Nümunələr gətirin.
8 Yadımıza salaq ki, İsa şagirdlərinə öz fikirlərini açıq söyləməkdə kömək etmək, onları düşünməyə və təfəkkür qabiliyyətlərini inkişaf etdirməyə təşviq etmək üçün, suallardan məharətlə istifadə edirdi. Öz sualları ilə İsa onların ürəyinə qayğıkeşlik və məhəbbətlə yol tapırdı (Matta 16:13, 15; Yəhya 11:26). Bəs, İsa kimi, biz suallardan effektlə necə istifadə edə bilərik?
9 Evdən-evə təbliğ edərkən, insanlarda maraq oyatmaq, bununla da Allahın Padşahlığı haqqında söhbət etməyə təməl qoymaq üçün suallardan istifadə edə bilərik. Bəs sualı ev sahibinin maraqlarına necə uyğunlaşdıra bilərik? Diqqətli ol. Evə yaxınlaşarkən ətrafa göz gəzdir. Ətrafda o evdə uşaqların olduğunu göstərən oyuncaqlar varmı? Əgər varsa, ev sahibindən soruşmaq olar: “Uşaqlarınız böyüyəndə dünyanın necə olacağı barədə nə vaxtsa düşünmüsünüzmü?” (Məzmur 37:10, 11). Qapıda bir neçə qıfıl, yaxud siqnalizasiya qurulmuşsa, onda soruşmaq olar: “Sizcə, elə bir vaxt gələcəkmi ki, biz özümüzü evdə və küçədə təhlükəsiz hiss edək?” (Mika 4:3, 4). Əlil arabasının girib-çıxması üçün yol görürsənsə, belə sual vermək olar: “Bütün insanların yaxşı səhhəti olacaq bir zəmanə gələcəkmi?” (İşaya 33:24). “Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” (rus.) broşürasında çoxlu məsləhətlər tapmaq olarb.
10. Öyrənən adamın ürəyindəki düşüncə və hissləri suallar vasitəsilə necə “çəkib çıxara” bilərik, ancaq həmişə nəyi yadda saxlamalıyıq?
10 Bəs Müqəddəs Kitab öyrənməsi keçirərkən suallardan effektlə necə istifadə edə bilərik? İsadan fərqli olaraq, biz insanların ürəyində olanları bilmirik. Lakin nəzakətlə, eyni zamanda anlayışla verilən suallar, öyrənən adamın ürəyindəki düşüncə və hissləri ‘çəkib çıxarmaqda’ bizə kömək edər (Süleymanın məsəlləri 20:5). Fərz edək ki, “Bilik” kitabından “Allaha məqbul həyat tərzi nə üçün xoşbəxtlik gətirir?” fəslini öyrənirik. Həmin fəsildə, Allahın yalana, zinaya və bu kimi işlərə olan münasibəti müzakirə olunur. Öyrənən adam kitabdakı suallara düzgün cavab verə bilər, bəs o, öyrəndikləri ilə razıdırmı? Biz ondan soruşa bilərik: “Siz, Allahın bu məsələlərə olan nöqteyi-nəzərini müdrik sanırsınızmı? Müqəddəs Kitabın bu prinsiplərini həyatınızda necə tətbiq edə bilərsiniz?” Ancaq həmişə yadda saxlamalıyıq ki, öyrənən adamın şəxsi ləyaqətinə hörmətlə yanaşmaq lazımdır. Biz, Müqəddəs Kitabı öyrənən kəsi utandıran və ya alçaldan suallar vermək istəmirik (Süleymanın məsəlləri 12:18).
11. Mə’ruzə ilə çıxış edərkən suallardan effektlə necə istifadə etmək olar?
11 Auditoriya qarşısında çıxış edərkən də suallardan effektlə istifadə etmək olar. Dinləyicilərin əl qaldırıb cavab vermələri tələb olunmayan ritorik suallar, onları düşünməyə və fikir yürütməyə təşviq edə bilər. İsa yeri gələndə bu cür suallar verirdi (Matta 11:7-9). Bundan əlavə, mə’ruzəçi giriş sözlərindən sonra bir sıra suallar verə bilər ki, mə’ruzəsindəki əsas fikirləri qısa şəkildə anlatsın. O deyə bilər: “Bu mə’ruzədə biz növbəti sualların cavabını nəzərdən keçirəcəyik...” Axırda isə, əsas fikirləri təkrar etmək məqsədilə, o, həmin suallara qayıda bilər.
12. Məsihçi ağsaqqallarının, Allahın Kəlamından təsəlli almaqda həmimanlılarına kömək etmək üçün suallardan necə istifadə edə biləcəklərinə dair nümunə gətirin.
12 Məsihçi ağsaqqalları da çobanlıq fəaliyyətlərində, məsələn, “ruhdan düşənlərə” (YD) Yehovanın Kəlamından təsəlli almaqda kömək edərkən suallar verə bilərlər (1 Saloniklilərə 5:14). Məsələn, özünü mə’yus hiss edən adama kömək etmək üçün, ağsaqqal onun diqqətini Məzmur 34:18 ayəsinə yönəldə bilər. Orada deyilir: “Rəbb ürəyi qırıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarar”. Ruhdan düşmüş adamın bu sözləri şəxsən özünə aid etdiyinə əmin olmaq üçün, ağsaqqal soruşa bilər: “Yehova kimə yaxındır? Hərdən özünü “ürəyi qırıq” və “ruhu əzilmiş” kimi hiss edirsənmi? Əgər Müqəddəs Kitab Yehovanın belə adamlara yaxın olduğunu deyirsə, bu, Onun sənə də yaxın olduğunu bildirmirmi?” Bu cür qayğıkeş əminlik, qəlbi sınmış adamı ruhlandıra bilər (İşaya 57:15).
Məntiqlə mühakimə yürütmək
13, 14. a) Gözlə görmədiyi Allaha inanmadığını söyləyən insanla biz necə fikir yürüdə bilərik? b) Nəyə görə hamını inandıracağımızı gözləməli deyilik?
13 Xidmətdəki məqsədimiz — məntiqi, inandırıcı fikirlərlə insanların ürəyinə yol tapmaqdır (Həvarilərin işləri 19:8; 28:23, 24). Bu o deməkdirmi ki, başqalarını Allahın Kəlamındakı həqiqətə inanmağa təşviq etmək üçün, alimlik etməliyik? Əsla yox. İnandırıcı fikirlərin mürəkkəb olması vacib deyil. Çox vaxt, sadə formada təqdim edilən məntiqi fikirlər daha effektli olur. Gəlin bir nümunəyə diqqət yetirək.
14 Gözlə görə bilmədiyi Allaha inanmadığını söyləyən insana necə cavab vermək olar? Biz səbəb və nəticə qanununa istinad edə bilərik. Nəticəni görəndə başa düşürük ki, səbəb olmalıdır. Biz deyə bilərik: “Siz səhralıqda ərzaq ehtiyatı olan yaxşı bir evə (nəticə) rast gəlsəydiniz, həmin evi kiminsə (səbəb) tikdiyinə və anbarı ərzaqla doldurduğuna şübhə etməzdiniz. Yaxud təbiətin mükəmməl sistemə malik olduğunu və Yerin “anbarının” ərzaqla (nəticə) dolu olduğunu gördükdə, məgər bütün bunların Kimsə (səbəb) tərəfindən edildiyini düşünmürükmü?” Müqəddəs Kitabda yazılandan daha yaxşı dəlil gətirmək mümkün deyil: “Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:4). Lakin söylədiyimiz fikir hər nə qədər məntiqi olsa da, hamını inandıra bilməyəcəyik. Müqəddəs Kitab bizə xatırladır ki, yalnız düzgün “meylli” (YD) insanlar imanlı olacaqlar (Həvarilərin işləri 13:48; 2 Saloniklilərə 3:2).
15. İnsanların diqqətini Yehovanın xüsusiyyət və yollarına yönəltmək üçün, biz necə fikir yürüdə bilərik və bunu necə edə biləcəyimizi hansı iki nümunə göstərir?
15 İstər təbliğ xidmətində, istərsə də yığıncaqda olsun, başqalarını öyrədərkən onların diqqətini Yehovanın xüsusiyyət və yollarına yönəltmək üçün, məntiqi fikirlərdən istifadə edə bilərik. İsanın bə’zən istifadə etdiyi “nə qədər yəqindir” ifadəsi vasitəsilə fikir yürütmək xüsusilə effektlidir (Luka 11:13; 12:24). Qarşı-qarşıya qoyulmaya əsaslanan məntiq dərin tə’sir bağışlayır. Odlu cəhənnəm haqqındakı tə’limin cəfəngiyat olduğunu göstərmək üçün, belə deyə bilərik: “Sevən ata heç zaman uşağının əlini odun üstünə tutaraq cəzalandırmaz. Olsun ki, bu fikir sevən səmavi Atamıza nə qədər iyrəncdir!” (Yeremya 7:31). Yehovanın öz xidmətçilərindən hər birinin qeydinə qaldığını izah edib, deyə bilərik: “Əgər Yehova milyardlarla ulduzların hər birini “adları ilə” tanıyırsa, onda Onu sevən və Oğlunun qiymətli qanı bahasına alınan insanlar Ona nə qədər əzizdirlər!” (İşaya 40:26; Həvarilərin işləri 20:28). Bu cür inandırıcı sübutlar, insanların ürəyinə yol tapmaqda bizə kömək edəcək.
Münasib məsəllər
16. Nəyə görə məsəllər tə’lim verməkdə kömək edir?
16 Effektli məsəllər — başqalarına öyrətdiyimiz şeyləri “daha dadlı” edən ədviyyat kimidir. Nəyə görə məsəllər tə’lim verməkdə kömək edir? Bir pedaqoq qeyd edir: “Mücərrəd düşüncə, insana ən çətin başa gələn qabiliyyətlərdən biridir”. Məsəllər beynimizdə, yeni fikirləri tam qavramaqda bizə kömək edəcək surətlər yaradır. İsa məsəllərdən məharətlə istifadə edirdi (Mark 4:33, 34). Gəlin görək bu müəllimlik üsulundan necə istifadə edə bilərik?
17. Çəkilən məsəli hansı dörd amil effektli edir?
17 Məsəlləri effektli edən nədir? Birincisi, məsəl dinləyicilərə münasib olmalı, diqqətlərini onlara yaxşı tanış və aydın olan vəziyyətlərə yönəltməlidir. Yadımıza salaq ki, İsa çəkdiyi məsəllərin çoxunu dinləyicilərinin gündəlik həyatından götürürdü. İkincisi, məsəl, qeyd etmək istədiyimiz sahəyə uyğun gəlməlidir. Əgər aparılan müqayisə uyğun gəlmirsə, çəkilən məsəl yalnız diqqəti yayındıracaq. Üçüncüsü, məsələ geniş mə’lumatlar daxil olmalı deyil. Xatırlayaq ki, İsa lazımi mə’lumatlara istinad edir, əhəmiyyətsiz olanları isə tə’xirə salırdı. Dördüncüsü, məsəldən istifadə edərkən, ona nəyə görə istinad etdiyimizi izah etməliyik. Əks təqdirdə bə’ziləri çəkdiyimiz məsəlin səbəbini anlamaya bilərlər.
18. Münasib məsəli necə seçə bilərik?
18 Münasib məsəli necə seçə bilərik? Uzun-uzadı, qəliz əhvalatlar uydurmağa ehtiyac yoxdur. Qısa məsəllər çox effektli olur. Müzakirə etdiyin fikri məsəllərlə izah etməyin necə mümkün olduğunu təsəvvür etməyə çalış. Tutaq ki, söhbət Allahın bağışlamağa hazır olmasından gedir, biz isə, Həvarilərin işləri 3:19 ayəsindəki fikri məsəllərlə izah etmək istəyirik. Həmin ayədə deyilir ki, Yehova bizim günahlarımızı ‘silir’, yə’ni yuyur. Bu sözlərin özü aydın təsvirdir, amma bu fikri hansı konkret məsəl ilə izah etmək olardı? Bəlkə, pozanla? Biz belə deyə bilərik: “Yehova günahlarımızı bağışlayanda, onları sanki pozanla silir”. Bu cür sadə məsəlin nəyə görə çəkildiyni anlamaq çətin deyil.
19, 20. a) Yaxşı məsəlləri haradan tapmaq olar? b) Nəşrlərimizdə hansı məsəllər gətirilir? (Həmçinin çərçivəyə baxın.)
19 Münasib məsəli haradan tapmaq olar? Bu, bizimlə və ya həmimanlılarımızla baş verən hadisələr ola bilər. Bir çox başqa mənbələr də var: canlı və cansız əşyalar, məişət əşyaları, yaxud hazırda baş verən, hamıya mə’lum olan hadisələr. Burada əsas məsələ diqqətli olmaqda, gündəlik gördüyümüz şeyləri diqqətlə ‘tədqiq etmək’ bacarığındadır (Həvarilərin işləri 17:22, 23). Natiqlik bacarığına dair bir arayış kitabçasında deyilir: “İnsanların həyat və fəaliyyətlərini müşahidə edən, müxtəlif adamlarla danışan, cürbəcür əşyalara canlı maraq göstərən və hər şeyi aydınlaşdıranadək suallar verən mə’ruzəçi, lazım gəldikdə çox faydalı ola bilən bir sıra məsəllər toplayır”.
20 Effektli məsəllərin daha bir zəngin mənbəyi var — bu, Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Gözətçi Qülləsi”, “Oyanın!” və başqa nəşrlərdir. Bu nəşrlərdə məsəllərin necə istifadə edildiyinə diqqət yetirməklə çox şey öyrənmək olarc. Misal üçün, “Bilik” kitabının 17-ci fəslinin 11-ci abzasında istifadə edilən nümunəni nəzərdən keçirək. Orada yığıncağın müxtəlif üzvləri, səninlə yanaşı yol gedən müxtəlif maşınlarla müqayisə olunur. Bu nümunəni effektli edən nədir? Fikir verək ki, həmin nümunə bizim gündəlik gördüyümüz səhnəni təsvir edir və izah etdiyi məsələyə uyğundur, buna görə də onun nəyə aid olduğu dinləyicilərə aydındır. Biz tə’lim verərkən, ədəbiyyatımızda olan məsəllərdən istifadə edə bilərik, lazım gəldikdə isə, onları Müqəddəs Kitabı öyrənən şəxsin tələbatlarına və ya mə’ruzəyə uyğunlaşdıra bilərik.
21. Allahın Kəlamını effektlə öyrədən adamlar hansı xeyir-duaları alırlar?
21 Effektlə tə’lim verən adam zəngin xeyir-dualar alır. Axı başqalarını öyrədərkən biz biliyimizi onlarla bölüşürük, onlara kömək etməyə çalışırıq və özümüzün bir hissəmizi onlara veririk. Bu cür vermək isə xoşbəxtlik gətirir, çünki Müqəddəs Kitabda deyilir: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). Allah Kəlamının müəllimləri olan bizlər üçün bu xoşbəxtlik ondan ibarətdir ki, biz başqaları ilə həqiqi və daimi dəyəri — Yehova haqqındakı həqiqəti bölüşdüyümüzü anladığımız üçün sevinc əldə edirik. Həmçinin Böyük Müəllim İsa Məsihi təqlid etdiyimizi bilərək də məmnunluq hissi duyuruq.
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən nəşr olunub.
b “Təbliğ xidməti üçün təqdimələr” bölməsinə baxın, səhifə 2-7. Yehovanın Şahidləri tərəfindən nəşr olunub.
c Nümunələr üçün “Gözətçi Qülləsi nəşrlərinin indeksi 1996-2000” nəşrinin “Məsəllər” bölməsinə baxmaq olar. İndeks, Yehovanın Şahidləri tərəfindən nəşr olunub.
Yadınızdadırmı?
• Evdə Müqəddəs Kitab öyrənməsi keçirəndə və yığıncaqda mə’ruzə ilə çıxış edəndə sadəliklə necə öyrədə bilərik?
• Evdən-evə təbliğ edərkən, suallardan effektlə necə istifadə edə bilərik?
• Məntiqlə fikir söyləyərkən, diqqəti Yehovanın xüsusiyyətlərinə və yollarına necə yönəldə bilərik?
• Münasib məsəlləri haradan tapmaq olar?
[32-ci səhifədəki çərçivə/şəkil]
Bu məsəllər yadındadırmı?
Aşağıda sadəcə bir neçə effektli məsəl gətirilir. Nəyə görə istinad edilən jurnala və ya kitaba baxıb, məsəlin müzakirə olunan fikri necə vurğuladığına diqqət yetirməyəsən?
• Hava akrobatlarında və ya fiqurlu sürüşmə oyunçularında olduğu kimi, ailə həyatında xoşbəxtliyə can atan kəslərin yaxşı yoldaşı olmalıdır (“Gözətçi Qülləsi”, 2001-ci il 1 avqust, səhifə 10).
• Fikirləri söyləmək, başqasına top atmaq kimi bir şeydir. Onu ya astaca, ya da insana zərbə vuracaq dərəcədə atmaq olar (“Əbədi həyata aparan bilik”, səhifə 144).
• Məhəbbət təzahür etdirməyi öyrənmək, xarici dil öyrənməyə bərabərdir (“Gözətçi Qülləsi”, 1999-cu il, 15 fevral, səhifə 18, 22, 23, rus.).
• İsanın, Adəmin nəslinə kömək etməsini, imkanlı xeyirxah bir adamın hər hansı firmanın (vicdansız sahibkar üzündən yığılmış) borclarını ödəməsi və onu yenidən açaraq firmanın çoxsaylı işçilərini xilas etməsi ilə müqayisə etmək olar (“Gözətçi Qülləsi”, 1999-cu il, 15 fevral, səhifə 16, rus.).
• Təsviri incəsənət həvəskarları, böyük sənətkarların işlərini şedevr sandıqları üçün, onların zədələnmiş rəsmlərini bərpa etməyə bə’zən hədsiz qüvvə sərf edirlər. Bunun kimi, Yehovanın nəzəri bizim qeyri-kamilliyimizdən uzaqlara yönəlir, O bizdə yaxşı cəhətləri görür və Adəmin üzündən itirilmiş kamilliyi nəhayətdə bizim üçün bərpa edəcəkdir (“Yehovaya yaxınlaş”, səhifə 246, rus.).
• Miras alınmış günahı, kompüter faylını korlayan virusla müqayisə etmək olar (“Qayğıkeş Yaradan mövcuddurmu?”, səhifə 156, rus.).
• Tələ yemi ovçulara necə xidmət edirsə, spiritizm də cinlərə o cür xidmət edir. Ovu özünə cəlb edir (“Əbədi həyata aparan bilik”, səhifə 111).
[28-ci səhifədəki şəkillər]
Məsihçilər Allahın Kəlamının müəllimləridir.
[29-cu səhifədəki şəkil]
Ağsaqqallar həmimanlılarına Allahın Kəlamından təsəlli almaqda kömək etmək üçün, suallar verə bilərlər.