Öyrətmək qabiliyyətini yaxşılaşdırmağın üç üsulu
1. Nəyə görə öyrətmək qabiliyyətimizi yaxşılaşdırmalıyıq?
1 Təbliğçilərin hamısı müəllimdir. İnsanla ilk dəfə söhbət edəndə, maraqlanana təkrar baş çəkəndə, yaxud Müqəddəs Kitab öyrənməsi keçirəndə insanlarla bildiklərimizi bölüşürük. Bizim çatdırdıqlarımız adi biliklər deyil. Müqəddəs Yazılardan çatdırdığımız bu biliklər insanları xilasa yetişmələri üçün hikmətli edə bilər (2 Tim. 3:15). Bu necə də böyük şərəfdir! İndi isə gəlin öyrətmək qabiliyyətimizi yaxşılaşdırmağın üç üsulunu araşdıraq.
2. Biz sadə tərzdə necə öyrədə bilərik?
2 Sadə tərzdə öyrət. Biz mövzunu yaxşı biləndə həmin mövzu ilə tanış olmayan qarşı tərəf üçün bunun nə qədər qəliz olduğunu asanlıqla unuda bilərik. Buna görə də Müqəddəs Kitab öyrənməsi keçirəndə insanı lazımsız təfsilatlarla yükləmə. Əksinə, əsas fikirləri vurğula. Çox danışmaq yaxşı müəllim olmaq demək deyil (Sül. məs. 10:19). Adətən, ən yaxşısı əsas ayələri oxumaqdır. Ayəni oxuduqdan sonra diqqəti müzakirə etdiyiniz mövzuya aidiyyəti olan hissəyə yönəlt. Matta 5-dən 7-dək olan fəsillərdə qələmə alınan Dağüstü təbliğə çoxlu dərin həqiqətlər daxildir, bununla belə, İsa bu həqiqətləri insanlara sadə tərzdə çatdırmışdı və az sözlərdən istifadə etmişdi.
3. Əyani nümunələrin faydası nədədir və adətən ən yaxşı əyani nümunələr hansılardır?
3 Əyani nümunələr. Nümunələr düşünməyə təşviq edir, hissləri oyadır və fikirləri yadda saxlamağa kömək edir. Elə bilmə ki, yaxşı nümunələr çəkmək üçün sən hekayəçi olmalısan. Çox vaxt İsa qısa və asan nümunələr çəkirdi (Mat. 7:3—5; 18:2—4). Bir kağız parçasında çəkilən sadə şəkil də çox faydalı ola bilər. Yaxşı hazırlıq sayəsində sən təsirli nümunələr fikirləşə və ya tapa bilərsən.
4. Biz suallardan effektiv şəkildə necə istifadə edə bilərik?
4 Suallar. Suallar Müqəddəs Kitabı öyrətdiyin insanı düşünməyə vadar edir. Beləliklə, sual verəndən sonra səbirli ol. Əgər sual verən kimi dərhal cavabını özün deyirsənsə, onda öyrənənin nəyi başa düşüb-düşmədiyini bilməyəcəksən. Əgər onun verdiyi cavab səhvdirsə, düzəliş vermək əvəzinə, əlavə suallardan istifadə edərək ona düzgün nəticəyə gəlməyə kömək etməyin daha yaxşı olardı (Mat. 17:24—27). Əlbəttə, heç birimiz kamil müəllim deyilik. Buna görə də Müqəddəs Kitab bizi öyrətmək qabiliyyətimizə daima fikir verməyə təşviq edir. Əgər belə etsək, bu həm özümüzə, həm də bizi dinləyənlərə əbədi olaraq fayda gətirəcək (1 Tim. 4:16).