Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/12 s. 19—24
  • Yehova itaətkar olanlara xeyir-dua verir və müdafiə edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova itaətkar olanlara xeyir-dua verir və müdafiə edir
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • İtaətsiz xalq qənimət olur
  • Pis dostlar tərəfindən yoldan çıxarılan padşah
  • İtaətkarlıq sayəsində xilas olan mirzə
  • Mühasirə zamanı itaətkarlıq həyatları xilas etdi
  • Qoqun təcavüzü qarşısında itaətkarlıq
  • İtaətkarlıq ümid verir
  • Yehova rifahımız üçün bizi müşahidə edir
    Gözətçi qülləsi 2008
  • Yoaş pis dostluq ucbatından Yehovadan uzaqlaşdı
    Gözətçi qülləsi 2009
  • Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun
    Gözətçi qülləsi 2019
  • Yeremya kimi cəsarətli ol
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/12 s. 19—24

Yehova itaətkar olanlara xeyir-dua verir və müdafiə edir

“Məni dinləyən təhlükəsizlikdə yaşayacaqdır. Və pisliklərdən qorxusu olmayıb rahatlıq tapacaqdır” (SÜLEYMANIN MƏSƏLLƏRİ 1:33).

1, 2. Allaha itaətkar olmaq nə üçün vacibdir? Nümunə çəkin.

YUMŞAQ tüklü sarı cücələr, qırğının havada dövrə vurmasından xəbərsiz halda başları çəmənlikdə yem dənləməyə qarışmışdı. Birdən kürt toyuq möhkəm və həyəcanla qaqqıldayaraq qanadlarını açmağa başlayır. Cücələr ona sarı qaçır və ananın qanadları altında gizlənirlər. Qırğı hücumunu dayandırıra. Buradan hansı ibrət dərsini götürmək olar? İtaətkarlıq həyatı xilas edir!

2 Bu ibrət dərsi bu gün məsihçilər üçün xüsusilə vacibdir. Çünki Şeytan var gücü ilə çalışır ki, Allahın xidmətçilərindən daha çox adamı öz tələsinə salsın (Vəhy 12:9, 12, 17). Onun məqsədi, Yehova ilə münasibətimizi pozaraq bizi Onun iltifatından və əbədi həyata olan ümiddən məhrum etməkdir (1 Peter 5:8). Lakin əgər biz Allahla sıx münasibəti qoruyur, Onun Kəlamı və cəmiyyəti vasitəsilə aldığımız rəhbərliyə dərhal hay veririksə, Onun müdafiəsinə əmin ola bilərik. Məzmurçu yazmışdır: “Səni qanadları ilə örtər və cinahları altına sığınarsan” (Məzmur 91:4).

İtaətsiz xalq qənimət olur

3. İsrail xalqının dəfələrlə itaətsizlik etməsinin nəticəsi nə oldu?

3 İsrail xalqı Yehovaya itaətkarlıq göstərəndə, həmişə Onun diqqətli qayğısından fayda əldə edirdi. Əfsuslar olsun ki, xalq dəfələrlə Yaradandan üz döndərib, ağacdan və daşdan olan ‘boş, fayda verməz və qurtarmaz’ tanrılara ibadət edirdi (1 Samuel 12:21). Yüz illərlə davam edən bu cür üsyankar davranış nəticəsində xalq dönüklüyə o qədər qapılmışdı ki, tamamilə islaholunmaz vəziyyətə düşmüşdü. Buna görə də İsa gileyləndi: “Ey Yerusəlim! Peyğəmbərləri öldürən və ona göndərilənləri daşa basan Yerusəlim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, Mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, amma siz istəmədiniz! Budur, eviniz boş qalır” (Matta 23:37, 38).

4. Yehovanın Yerusəlimi tərk etməsi eramızın 70-ci ilində necə aşkar oldu?

4 Yehovanın dönük çıxan xalqını tərk etməsi, eramızın 70-ci ilində faciəvi şəkildə aşkar oldu. Həmin il əllərində qartal şəkilli bayraqlar tutan roma orduları çoxsaylı insan həyatını məhv edərək, vəhşi quş kimi, Yerusəlimin üzərinə təcavüz etdi. Həmin vaxt şəhərdə Pasxa bayramına toplaşan çoxlu adamlar vardı. Çoxsaylı qurbanları ilə Allahın iltifatını qazanmaq onlara müyəssər olmadı. Bu faciə, Samuelin itaətsiz Şaul padşaha dediklərini xatırladırdı: “Rəbb öz sözünün dinlənməsindən xoşlandığı qədər yandırılan təqdimələrdən və qurbanlardan xoşlanırmı? Budur, itaət etmək qurbandan və dinləmək qoçların iç yağından daha yaxşıdır” (1 Samuel 15:22).

5. Yehova hansı itaəti tələb edir və belə itaətin mümkün olduğunu haradan bilirik?

5 Yehova itaətkarlıq tələb etsə də, Ona çox yaxşı mə’lumdur ki, insanlara qeyri-kamillik mane olur (Məzmur 130:3, 4). O, insanlardan səmimi ürək və imana, məhəbbətə, həmçinin Onu razı salmamaq qorxusuna əsaslanan itaəti tələb edir (Təsniyə 10:12, 13; Süleymanın məsəlləri 16:6; İşaya 43:10; Mika 6:8; Romalılara 6:17). Bu cür itaətin mümkün olduğuna, İsadan əvvəlki dövrlərdə yaşamış “böyük şahidlər buludu” şəhadət etdi. Onlar dəhşətli sınaqlar qarşısında, hətta ölümlə üz-üzə gəldikdə belə nöqsansızlıqlarını qoruyurdular (İbranilərə 11:36, 37; 12:1). Onlar Yehovanın ürəyini necə də sevindirirdilər! (Süleymanın məsəlləri 27:11). Lakin başqaları, əvvəlcə sədaqətlə yeriməyə başlasalar da, axıracan itaətkar qalmamışlar. Bunlardan biri, qədim yəhudi padşahı Yoaş idi.

Pis dostlar tərəfindən yoldan çıxarılan padşah

6, 7. Yehoyadanın sağlığında Yoaş necə padşah idi?

6 Yoaş padşah uşaqlıqda qatillərin əlindən zorla qurtarmışdı. Onun yeddi yaşı olanda baş kahin Yehoyada onu gizlədildiyi yerdən cəsarətlə gətirmiş və padşah etmişdi. Allah qorxusuna malik olan Yehoyada Yoaş üçün bir ata və məsləhətçi idi, bunun da sayəsində gənc hökmdar “kahin Yehoyadanın bütün günlərində... Rəbbin gözündə doğru olanı etdi” (2 Tarixlər 22:10-23:1, 11; 24:1, 2).

7 Yoaşın xeyirxah işlərindən biri, Yehovanın mə’bədini bərpa etməsi idi. Bu işi yerinə yetirməyi Yoaş ‘ürəyinə qoymuşdu’. O, baş kahin Yehoyadaya, ‘Musanın qoyduğu’ vergini — mə’bədin bərpa edilməsi üçün lazım olan vergini Yəhudeyadan və Yerusəlimdən toplamağı xatırlatdı. Aydındır ki, Yehoyada gənc padşahı Allahın qanununu öyrənməyə və ona tabe olmağa əbəs yerə təşviq etməmişdi. Nəticədə, mə’bəd və mə’bədin avadanlıqları ilə bağlı işlər tezliklə başa çatdı (2 Tarixlər 24:4, 6, 13, 14; Təsniyə 17:18).

8. a) Yoaşın ruhani cəhətdən zəifləməsi ilk növbədə nə ilə izah olunur? b) Padşahın itaətsizliyi axırda onun hansı hərəkətinə səbəb oldu?

8 Təəssüflər olsun ki, Yoaş Yehovaya itaət etməyə son qoydu. Nəyə görə? Allahın Kəlamında deyilir: “Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha əyildilər. O zaman padşah onları dinlədi. Və atalarının Allahı Rəbbin evini buraxdılar və Aşerlərə və bütlərə qulluq etdilər və onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi”. Bundan başqa, Yəhuda rəislərinin pozucu tə’siri ucbatından padşah Allahın peyğəmbərlərinə, o cümlədən Yoaşı və xalqı itaətsizlik üzündən cəsarətlə məzəmmət edən Yehoyadanın oğlu Zəkəriyyəyə qulaq asmağa son qoydu. Yoaş nəinki tövbə etmədi, hətta Zəkəriyyəni daşa basıb öldürməyi də əmr etdi. Yoaş nə qədər rəhmsiz və itaətsiz insan oldu! Və bütün bunlar onun pis dostların tə’siri altına düşməsindən irəli gəlirdi (2 Tarixlər 24:17-22; 1 Korinflilərə 15:33).

9. Yoaşın və rəislərin aqibəti itaətsizliyin ağılsız hərəkət olduğunu necə vurğulayır?

9 Yehovanı tərk edən Yoaşın və onun pis dostlarının aqibəti nə oldu? Az saylı adamlardan ibarət olan Suriya ordusu Yəhudeyaya təcavüz etdi və “xalqın arasından bütün xalq rəislərini həlak etdi”. Üstəlik işğalçılar padşahı həm öz malını, həm də mə’bədin qızıl və gümüşünü verməyə məcbur etdilər. Onlar Yoaşı öldürməsələr də, onu zəif və ağır xəstə vəziyyətdə qoydular. Bir az keçməmiş, öz qullarından bir neçəsi sözləşib ona sui-qəsd etdilər (2 Tarixlər 24:23-25; 2 Krallar 12:17, 18). Yehovanın İsrail xalqına söylədikləri necə də doğru çıxdı: “Allahın Rəbbin bütün əmrlərini və qanunlarını yerinə yetirmək üzrə onun sözünü dinləməsən, bütün bu lə’nətlər sənin üzərinə gələcəklər və sənə çatacaqlar” (Təsniyə 28:15).

İtaətkarlıq sayəsində xilas olan mirzə

10, 11. a) Yehovanın Baruka verdiyi məsləhəti üzərində düşünmək nə üçün faydalıdır? b) Yehova Baruka hansı məsləhəti verdi?

10 Təbliğ xidmətində rast gəldiyin insanlardan çoxu xoş xəbərə hay verməyəndə bə’zən mə’yus olursanmı? Yaxud, yaxşı yaşayanlara və özünə heç nəyi əsirgəməyən kəslərə hərdən qəlbində həsəd aparırsanmı? Əgər elədirsə, onda Yeremyanın mirzəsi olan Baruk və Yehovanın ona verdiyi məhəbbət dolu öyüdü üzərində düşün.

11 Baruk peyğəmbərlik sözlərini yazarkən Yehova onun özünə diqqət yetirdi. Nəyə görə? Ona görə ki, Baruk həyatından narazılıq etməyə və Allaha xidmətindəki xüsusi imtiyazdan daha yaxşı şeylər arzulamağa başlamışdı. Barukun düşüncəsində bu cür dəyişikliyi görən Yehova ona aydın, amma xeyirxah məsləhət verdi: “Sən özün üçün böyük şeylərmi axtarırsan? Axtarma; çünki budur, mən bütün bəşərin üzərinə fəlakət gətirəcəyəm... fəqət gedəcəyin bütün yerlərdə canını sənə qənimət malı olaraq verəcəyəm” (Yeremya 36:4; 45:5).

12. Nəyə görə bu sistemdə özümüzə “böyük şeylər” axtarmalı deyilik?

12 Yehovanın Baruka dediyi sözlərdə, Onun Yeremya ilə birlikdə sədaqətlə və cəsarətlə xidmət edən bu gözəl insanın rifahı üçün duyduğu dərin narahatçılığı görürsənmi? Yehova bu gün də, indiki sistemdə daha çox maddi ne’mətlər əldə etmək həvəsində olanların rifahı üçün çox narahat olur. Xoşbəxtlikdən, belə insanlardan çoxu məs’ul ruhani qardaşların xeyirxah nəsihətlərinə, Baruk kimi hay verirlər (Luka 15:4-7). Bəli, hər birimiz dərk etməliyik ki, bu dünyada özünə “böyük şeylər” axtaranların gələcəyi yoxdur. Onlar indi həqiqi xoşbəxtliyi tapmırlar və ən pisi də odur ki, bu insanlar yaxın gələcəkdə dünya və onun bütün cismani ehtirasları ilə birlikdə yox olacaqlar (Matta 6:19, 20; 1 Yəhya 2:15-17).

13. Barukla baş verən hadisə təvazökarlığa dair bizim üçün hansı ibrət dərsini verir?

13 Barukla baş verən hadisə təvazökarlığa dair bizə gözəl ibrət dərsi verir. Baruka Yehovanın özü deyil, məhz Yeremyanın vasitəsilə nəsihət verdiyinə diqqət yetirək. Hər halda Yeremyanın qeyri-kamilliyi və bir qədər qəribə xüsusiyyət və vərdişləri Baruka yaxşı bəlli idi (Yeremya 45:1, 2). Buna rəğmən, Baruk qürrələnmədi; verilən öyüdün əslində Yehovadan gəldiyini təvazökarlıqla qəbul etdi (2 Tarixlər 26:3, 4, 16; Süleymanın məsəlləri 18:12; 19:20). Buna görə də, əgər biz dərk etmədən hansısa səhv addımı atmışıqsa və Allahın Kəlamından lazımi məsləhət almışıqsa, gəlin yetkinlikdə, ruhani bəsirətdə və təvazökarlıqda Barukdan nümunə götürək (Qalatiyalılara 6:1).

14. Bizə rəhbərlik edənlərə itaətkar olmaq nəyə görə faydalıdır?

14 Bu cür təvazökarlıq əhval-ruhiyyəsi öyüd verənlərə də kömək edir. İbranilərə 13:17 ayəsində deyilir: “Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz”. Ağsaqqallar çobanlıq fəaliyyətinin bu mürəkkəb sahəsinin tələb etdiyi cəsarət, müdriklik və nəzakət üçün dua edərək, ürəklərini Yehovaya necə də tez-tez açırlar! Gəlin ‘belələrinə hörmət edək’ (1 Korinflilərə 16:18).

15. a) Yeremya Baruka e’tibar etdiyini necə göstərdi? b) Baruk təvazökarlıqla itaət etdiyinə görə necə mükafatlandı?

15 Aydındır ki, Baruk öz düşüncə tərzində dəyişiklik etmişdi. Çünki bundan sonra Yeremya ona çox ciddi tapşırıq həvalə etmişdi. O, mə’bədə getməli və Yeremyanın diktəsi altında yazdığı həmin hökmü oxumalı idi. Baruk Yeremyaya qulaq asdımı? Bəli, “peyğəmbər Yeremyanın ona əmr etdiyi hər şeyi yerinə yetirdi”. Bundan əlavə, Baruk həmin tumarı Yerusəlimin rəislərinə oxudu və bu, şübhəsiz ki, daha çox cəsarət tələb edirdi (Yeremya 36:1-6, 8, 14, 15). Şəhər 18 ildən sonra babillilər tərəfindən zəbt edildi. Yehovanın xəbərdarlığına hay verərək, “böyük şeylər” axtarmağa son qoyub sağ-salamat qaldığına görə Barukun necə minnətdar olduğunu təsəvvür edin! (Yeremya 39:1, 2, 11, 12; 43:6).

Mühasirə zamanı itaətkarlıq həyatları xilas etdi

16. Eramızdan əvvəl 607-ci ildə Babil mühasirəsi zamanı Yehova Yerusəlimdəki yəhudilərə necə şəfqət göstərdi?

16 Eramızdan əvvəl 607-ci ildə Yerusəlimin sonu gəldiyi zaman, Allah itaətkar insanlara yenidən şəfqət göstərdi. Mühasirənin ən qızğın vaxtında Yehova yəhudilərə dedi: “Budur, yaşama yolunu və ölüm yolunu önünüzə qoyuram. Bu şəhərdə qalan qılıncla və qıtlıqla və vəba ilə öləcək; fəqət sizi mühasirəyə alan Gildanilərə təslim olan adam sağ qalacaq və canı özü üçün bir qarət mal olacaq” (Yeremya 21:8, 9). Yerusəlimin sakinləri ölümə layiq olsalar da, Yehova Ona itaət edən kəslərə, hətta çıxılmaz görünən ağır bir vəziyyətdə də şəfqət göstərdib.

17. a) Yehovanın göstərişi ilə, mühasirəyə alınan yəhudiləri gildanilərə təslim olmağa çağıran zaman, Yeremyanın itaətkarlığı hansı iki sahədə sınağa mə’ruz qaldı? b) Yeremyanın cəsarətlə göstərdiyi itaətkarlıq nümunəsi bizim üçün necə faydalı ola bilər?

17 Yəhudiləri təslim olmağa çağırmaq tapşırığı, sözsüz ki, Yeremyanın da itaətkarlığını sınağa çəkirdi. Bir tərəfdən o, Allahın adına şövqlə yanaşır və istəmirdi ki, qələbələrini cansız bütlərə yazan düşmənlər Allahın adına ləkə gətirsinlər (Yeremya 50:2, 11; Yeremyanın mərsiyələri 2:16). Digər tərəfdən isə, Yeremya başa düşürdü ki, onun xalqı təslim olmağa çağırması öz həyatını təhlükə altına qoymaq deməkdir, çünki çoxları bunu satqınlıq kimi qiymətləndirə bilərdilər. Buna baxmayaraq, Yeremya qorxaqlıq göstərmir, itaətkarlıqla Allahın adından danışırdı (Yeremya 38:4, 17, 18). Yeremya kimi, biz də hamıya mə’lum olmayan xəbəri təbliğ edirik. Bu xəbərə görə İsaya da nifrət etdilər (İşaya 53:3; Matta 24:9). Gəlin, “insan qorxusu”na qapılmadan, Yeremya kimi, biz də Yehovaya tam e’tibar edərək, cəsarətlə Ona itaət edək (Süleymanın məsəlləri 29:25).

Qoqun təcavüzü qarşısında itaətkarlıq

18. Gələcəkdə Yehovanın xidmətçiləri itaətkarlığa dair hansı sınaqlarla qarşılaşacaqlar?

18 Bir azdan Şeytanın bütün pis sistemi görünməmiş “böyük məşəqqət”də məhv ediləcək (Matta 24:21). Həm bu hadisədən əvvəl, həm də bu hadisənin gedişatı zamanı Allahın xalqının iman və itaətkarlığının sınağa çəkiləcəyinə şübhə yoxdur. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Şeytan “Maqoq diyarından olan... Qoq” rolunda Yehovanın xidmətçilərinə hərtərəfli hücum edəcək və bu zaman ‘diyarı bulud kimi örtməyə’ hazır olan ‘qüvvətli bir ordu’ kimi təsvir edilən izdiham toplayacaqdır (Hezekiel 38:2, 14-16). Allahın sayca az və silahsız olan xalqı, Yehovanın itaətkarlar üçün açılmış “qanadları” altında özlərinə sığınacaq axtaracaqlar.

19, 20. a) Nəyə görə Qırmızı dənizdə baş verən hadisədə israillilərin itaətkar olması həlledici rol oynayırdı? b) Qırmızı dənizdə baş verən hadisənin üzərində dua edərək düşünmək bu gün bizə hansı faydanı gətirə bilər?

19 Bu vəziyyət bizə israillilərin Misirdən çıxmasını xatırladır. Misirə on məhvedici bəla ilə zərbə vurduqdan sonra, Yehova xalqını Və’d edilən diyara qısa yolla deyil, hücum edən orduların onları asanlıqla ələ keçirə biləcəyi Qırmızı dənizə tərəf yönəltdi. Bu, hərbi nöqteyi-nəzərindən faciəyə yol açan bir addım idi. Əgər sən orada olsaydın, Və’d edilən diyarın başqa səmtdə yerləşdiyini bildiyin halda, Yehovanın Musa vasitəsilə dediyinə itaət edib, sarsılmaz əminliklə Qırmızı dənizə sarı yola düşərdinmi? (Çıxış 14:1-4).

20 “Çıxış” kitabının 14-cü fəslini oxuduqda biz Yehovanın öz gücünü fövqəl’adə şəkildə nümayiş etdirərək xalqını necə azad etdiyini görürük. Əlbəttə, əgər bu cür hadisələri öyrənmək və üzərində düşünmək üçün vaxt ayırırıqsa, imanımız necə də möhkəmlənir! (2 Peter 2:9). Möhkəm iman isə, hətta insan nöqteyi-nəzərindən məntiqə uyğun görünməsə də, bizə Yehovaya itaətkar olmaq üçün güc verir (Süleymanın məsəlləri 3:5, 6). Buna görə də özündən soruş: Müqəddəs Kitabı lazımınca öyrənmək, dua etmək və öyrəndiklərimin üzərində düşünmək, həmçinin Allahın xalqı ilə müntəzəm ünsiyyətin vasitəsilə imanımı möhkəmlətməyə vicdanlamı çalışıram? (İbranilərə 10:24, 25; 12:1-3).

İtaətkarlıq ümid verir

21. Yehovaya itaət edən kəslər indi və gələcəkdə hansı xeyir-duaları alacaqlar?

21 Yehovanın yolları ilə gedən kəslər Süleymanın məsəlləri 1:33 ayəsində yazılmış sözlərin həqiqət olduğunu artıq indidən görürlər: “Məni dinləyən təhlükəsizlikdə yaşayacaqdır. Və pisliklərdən qorxusu olmayıb rahatlıq tapacaqdır”. Yehovanın yaxınlaşan qisas günü zamanı bu təsəlliverici sözlər necə də gözəl tərzdə yerinə yetəcəkdir! İsa şagirdlərinə demişdir: “Bu işlər yerinə yetməyə başladıqda yuxarı baxın və başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır” (Luka 21:28). Bəli, yalnız Allaha itaətkar kəslər bu sözlərə əminliklə riayət edə biləcəklər (Matta 7:21).

22. a) Əminlik üçün Yehovanın xalqının hansı səbəbləri var? b) Növbəti məqalədə söhbət nədən gedəcəkdir?

22 Əminliyimizə səbəb olan daha bir amil bundan ibarətdir ki, “Rəbb Yehova peyğəmbər qullarına sirrini açmayınca bir şey etməz” (Amos 3:7). Bu gün Yehova qədim vaxtlarda olduğu kimi peyğəmbərlər vasitəsilə danışmır. Lakin Onun ev xalqına vaxtlı-vaxtında ruhani qida verməyi bu gün ağıllı qula tapşırıb (Matta 24:45-47). Bu “qula” itaət göstərmək olduqca vacibdir! Növbəti məqalədə müzakirə olunacağı kimi, bu cür itaətkarlıq bizim İsaya, yə’ni “qulun” ağasına olan münasibətimizi göstərir. Məhz İsa ‘millətlərin itaət edəcəyi’ Kəsdir (Təkvin 49:10).

[Haşiyələr]

a Toyuğu adətən ürkək quş kimi təsvir etsələr də, heyvanların mühafizəsi üzrə bir cəmiyyətin nəşrində qeyd edilir ki, “kürt toyuq cücələrindən ötrü canından keçməyə hazırdır”.

b Yeremya 38:19 ayəsində bə’zi yəhudilərin gildanilərə ‘təslim olmaqla’ canlarını qurtardıqları, lakin əsir düşdükləri deyilir. Onların Yeremyanın sözlərinə görəmi təslim olduqları mə’lum deyil. Buna baxmayaraq, onların sağ qalmaları peyğəmbərin sözlərinin həqiqət olduğunu təsdiq edir.

Xatırlayırsınızmı?

• İsrail xalqının dəfələrlə itaətkarlıq göstərmədiklərinin nəticəsi nə oldu?

• Yoaş padşaha həm gənclikdə, həm də sonradan dostları necə tə’sir göstərdi?

• Barukun hadisəsi bizə hansı ibrət dərslərini verir?

• Nəyə görə indiki sistemin sonu yaxınlaşdığı zaman Yehovanın itaətkar xalqına heç nədən qorxmaq lazım deyil?

[20-ci səhifədəki şəkil]

Yehoyadanın rəhbərliyinə riayət edərək Yoaş Yehovaya itaət edirdi.

[22-ci səhifədəki şəkil]

Yoaş pis dostların tə’siri altında Allahın peyğəmbərini öldürməyi əmr etdi.

[23-cü səhifədəki şəkil]

Sən, Allaha itaət edib və Onun valehedici xilaskar qüvvəsini görərdinmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş