Uşaqlarınızı öyrədin
Yoaş pis dostluq ucbatından Yehovadan uzaqlaşdı
YEHOVANIN məbədi yerləşən Yerusəlimdə dəhşətli vəziyyət hökm sürürdü. Axazya padşahı qətlə yetirmişdilər. Bu hadisədən sonra onun anası Atalya elə bir şey etmişdi ki, bunu təsəvvür etmək belə çətindir. O, Axazyanın oğullarını, öz doğma nəvələrini öldürtdürmüşdü! Bilirsən nə üçün?a ~ Çünki hakimiyyəti öz əlinə keçirmək istəyirdi.
Lakin Atalyanın körpə nəvəsi Yoaşı xilas etmişdilər, nənəsinin isə bundan xəbəri yox idi. Bunun necə baş verdiyini bilmək istəyərdin? ~ Yoaşın bibisi Yehoşeva onu Allahın məbədində gizlətdi. Çünki onun əri Yehoyada baş kahin idi. Onlar birlikdə balaca Yoaşı qorudular.
Altı il Yoaşı məbəddə gizlincə saxladılar. Bu vaxt ərzində ona Yehova Allah və Onun qanunları haqda hər şeyi öyrətdilər. Nəhayət, yeddi yaşına çatanda Yehoyada Yoaşı taxta çıxarmaq qərarına gəldi. Bilmək istəyirsən, o, bunu necə etdi və Yoaşın nənəsi qəddar mələkə Atalya ilə nə baş verdi? ~
O vaxtlar Yerusəlimdə padşahlar xüsusi keşikçilər saxlayırdı və Yehoyada xəlvətcə onların hamısını bir yerə topladı. Onlara arvadı ilə birlikdə Axazya padşahın oğlunu necə xilas etdiklərini danışdı və Yoaşı onlara göstərdi. Keşikçilər onun qanuni varis olduğuna əmin oldular. Sonra onlar plan qurdular.
Yehoyada Yoaşı məbəddən çıxartdı və padşahlıq tacını onun başına qoydu. Bunu görən xalq ‘əl çalıb “Yaşasın padşah!” dedi’. Padşah keşikçiləri Yoaşı qorumaq üçün onu dövrəyə aldılar. Atalya şən nidaları eşidəndə məbədə tərəf qaçıb: «Xəyanət! Xəyanət!» — deyə bağırdı. Lakin Yehoyadanın əmri ilə keşikçilər onu tutdular və öldürdülər (2 Padşahlar 11:1-16).
Necə düşünürsən, gənc padşah Yoaş sonralar da kahin Yehoyadaya qulaq asır və düzgün davranırdımı? ~ Bəli, nə qədər ki Yehoyada sağ idi, o, belə də edirdi. Hətta Yoaş tədbir gördü ki, xalq Allahın məbədinin təmiri üçün ianə etsin. Vaxtilə bu işə onun atası Axazya və babası Yehoram biganə yanaşmışdılar. Ancaq gəl görək, baş kahin Yehoyada öləndən sonra nə baş verdi? (2 Padşahlar 12:1-16).
O vaxt Yoaşın təxminən 40 yaşı var idi. Yehovanı sevənlərlə yaxın münasibətləri qorumaq əvəzinə, o, yalançı allahlara ibadət edənlərlə dostlaşdı. Həmin vaxt Allahın məbədində Yehoyadanın oğlu Zəkəriyyə kahin kimi xidmət edirdi. Yoaşın pis əməlləri haqda eşidəndə səncə, Zəkəriyyə nə etdi? ~
Zəkəriyyə üzünü padşaha və bütün xalqa tutub dedi: «Siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi». Bu sözlər Yoaşı özündən elə çıxardı ki, Zəkəriyyəni daşqalaq edib öldürməyi əmr etdi. Bir təsəvvür et: bir vaxtlar qatillərin əlindən xilas edilən Yoaş, indi özü Zəkəriyyənin qatili oldu! (2 Salnamələr 24:1-3, 15-22).
Bu hekayədən özümüzə nə dərs götürə bilərik? ~ Əlbəttə, biz heç vaxt kinli, qəddar Atalyaya oxşamaq istəməzdik. Əksinə, İsanın öyrətdiyi kimi, öz həmimanlılarımızı və hətta düşmənlərimizi də sevməliyik (Matta 5:44; Yəhya 13:34, 35). Bir şeyi də unutma: əgər biz bu vaxta qədər, Yoaşın əvvəlcə etdiyi kimi, düzgün davranmışıqsa, bundan sonra da Yehovanı sevən və bizi Ona xidmət etməyə təşviq edən insanlarla dostluq etməliyik.
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
Suallar:
○ Yoaş kimdən və necə xilas edildi?
○ Necə oldu ki, Yoaş padşah oldu və o, hansı yaxşı işləri gördü?
○ Yoaş pis insana necə çevrildi və kimi öldürdü?
○ Müqəddəs Kitabın bu hekayəsindən nə öyrənirik?
[25-ci səhifədəki şəkil]
Yoaş xilas edildi