Yehova Onunla tanış olmağa layiq Allahdır
HƏYATINIZDA vacib olan nəyi isə əldən vermirsiniz ki? Əgər Allah haqqında olan biliyiniz azdırsa, onda vəziyyət məhz belədir. Nəyə görə? Ona görə ki, milyonlarla insanların dərk etdiyi kimi, Müqəddəs Kitabda təsvir olunan Allah haqqında bilik əldə etmək həyatda əhəmiyyətli dərəcədə fayda gətirir. Bu fayda dərhal hiss edilir və daha sonra da davam edir.
Müqəddəs Kitabın Müəllifi Yehova Allah istəyir ki, biz Onu tanıyaq. Məzmurçu yazırdı: “Ta ki, bilsinlər, sən ki ismin Rəbdir [“Yehovadır”, YD], bütün dünya üzərində yalnız sən Ucasan”. Allah bilir ki, Onu tanımaq bizim şəxsi rifahımıza xidmət edir. “Faydalı olanı sənə öyrədən... Allahın Rəbb [“Yehova”, YD] mənəm”. Uca olan Yehova Allahla tanış olaraq biz hansı faydanı əldə edirik? (Məzmur 83:18; İşaya 48:17).
Real faydalardan biri odur ki, Allah bizə gündəlik problemlərin öhdəsindən gəlməkdə rəhbərlik göstərir, həmçinin daxili rahatlıq və gələcəyə möhkəm ümid verir. Bundan əlavə, Yehova ilə yaxından tanış olaraq, bu gün bütün dünyada insanları narahat edən həyati suallara başqa cür yanaşmağa başlayırıq. Bu hansı suallardır?
Həyatınızın mə’nası varmı?
Valehedici elmi və texniki inkişaflara baxmayaraq, insanlar yenə də: “Mən nə üçün yaşayıram?” “Gələcəkdə məni nə gözləyir?” “Həyatın mə’nası nədədir?” kimi həyati vacib suallara cavab axtarırlar. İnsan bu kimi suallara qənaətbəxş cavab almazsa, yaşamaq üçün məqsədi olmayacaq. İnsanlar həyatlarında ruhani boşluq hiss edirlərmi? 1990-cı illərin axırlarında Almaniyada aparılan araşdırma zamanı sorğuda iştirak edənlərin yarısı qeyd etmişlər ki, çox vaxt və ya bə’zən onlara elə gəlir ki, həyatın mə’nası yoxdur. Ehtimal ki, sizin yaşadığınız ərazidə də vəziyyət bu cürdür.
İnsan həyatda mə’na görməyəndə, üzərində gələcəyini qura biləcəyi bünövrəsi olmur. Karyera qurmağa və ya var-dövlət toplamağa çalışaraq, bir çoxları bu boşluğu doldurmağa çalışırlar. Lakin boşluq onları tərk etmir. Həyatın mə’nasız olması bə’zilərini elə vəziyyətə gətirib çıxarır ki, onlar artıq yaşamaq istəmirlər. Haqqında “İnterneşonal Herald Tribun”da yazılan gözəl gənc bir qadınla da vəziyyət belə olmuşdur. O, “ağlasığmaz var-dövlət və hüdudsuz imtiyazlar içində” böyümüşdür. Cah-cəlal içində yaşamasına baxmayaraq, özünü tənha hiss edir və həyatının mə’nasız olduğunu düşünürdü. Bu qadın dərman qəbul etmiş və onu ölü tapmışdılar. Ehtimal ki, siz faciəli tərzdə ölən başqa tənha adamları da tanıyırsınız.
İnsanların elm sayəsində həyatın bütün sirlərinin açılacağını iddia etdiklərini eşitmisinizmi? “Voxe” həftəlik alman qəzetində deyilənlərə diqqət yetirin: “Elm bütün doğruluğu ilə ruhani rəhbərlik verə bilmir. Görünür, təkamül nəzəriyyəsi kifayət qədər inkişaf etməmişdir və hətta kvanta fizikası belə özünün bütün gözlənilməz fluktuasiyaları ilə təsəlli və təhlükəsizlik hissi verə bilmir”. Elmi kəşflər, həyatın müxtəlif formalarını təsvir etmək və həyatı davam etdirən təbiət dövrələrini və baş verən prosesləri izah etmək üçün çox kömək etmişdir. Lakin elm, nə üçün yaşadığımızı və gələcəkdə bizi nə gözlədiyini izah edə bilmir. Yalnız elmə əsaslandığımız üçün, həyatın mə’nası haqqında suallarımız cavabsız qalır. “Züddoyçe saytunq” qəzetinin sözlərinə görə, insanlar belə nəticəyə gəlmişlər ki, “rəhbərliyə hər yanda ehtiyac duyulur”.
Yaradanın verdiyi rəhbərlikdən daha yaxşı rəhbərliyi kim verə bilər? Madam ki, başlanğıcdan insanları yer üzündə yerləşdirən Odur, onların nəyə görə yaşadıqlarını da O bilir. Müqəddəs Kitabda nəql edilir ki, Yehova insanları yer üzünü məskun etmələri və ona qayğı göstərmələri, yer kürəsinin mühafizəçisi olmaları üçün yaratmışdı. İnsanlar bütün əməllərində Allaha xas olan ədalət, müdriklik və məhəbbət kimi xüsusiyyətləri əks etdirməli idilər. Yehovanın bizi hansı məqsədlə yaratdığını bildikdə, nə üçün yaşadığımızı daha yaxşı başa düşürük (Təkvin 1:26-28).
Nə etmək olar?
Əgər: “Mən nə üçün yaşayıram?” “Məni necə gələcək gözləyir?” “Həyatın mə’nası nədədir?” kimi suallara cavab tapmamısınızsa, onda necə? Müqəddəs Kitab sizə Yehova ilə yaxından tanış olmağı məsləhət görür. İsa özü belə demişdir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar”. Müqəddəs Kitab həmçinin təşviq edir ki, biz Allaha məqbul xüsusiyyətləri, xüsusilə də məhəbbəti inkişaf etdirək və yaxınlaşmaqda olan Allahın Xilaskar Padşahlığının rəhbərliyi altında yaşamağa var qüvvəmizlə cəhd göstərək. Əgər belə davransanız, həyatınız mə’nalı olacaq və gələcəyə gözəl, möhkəm ümid əldə edəcəksiniz. Və sizi indiyə kimi çətinliyə salan həyati suallar, ehtimal ki, artıq narahat etməyəcək (Yəhya 17:3; Vaiz 12:13).
Bu doğrudanmı belə vacibdir? Bunun nə qədər vacib olduğunu Hans deyə biləra. Əvvəllər o, Allaha bir qədər inansa da, bu onun həyatına heç cür tə’sir göstərmirdi. Hans narkotik maddələrə, pozğun qadınlara, motosikletlərə aludə olmuşdu, həmçinin xırda cinayətlər törədirdi. O xatırlayır: “Mənim həyatım boş keçirdi, həqiqi məmnunluq duymurdum”. Hansın təxminən 25 yaşı olanda Allahı daha yaxından tanımaq qərarına gəldi və Müqəddəs Kitabı diqqətlə oxumağa başladı. Yehova ilə yaxından tanış olduqdan və həyatın nəyə görə dəyərli olduğunu dərk etdikdən sonra, Hans həyat tərzini dəyişmiş və vəftiz olunub Yehovanın Şahidi olmuşdur. Hal hazırda artıq on ildir ki, tammüddətli xidmətdədir. O, səmimiliklə deyir: “Yehovaya edilən xidmət ən gözəl həyat yoludur. Bunu heç nə ilə müqayisə etmək olmaz. Yehova ilə tanış olmağım həyatımı mə’nalı edib”.
Əlbəttə, həyatın mə’nası haqqında sual, insanları narahat edən suallardan yalnız biridir. Dünyadakı vəziyyət pisləşdikcə, daha çox insanları başqa bir vacib sual narahat edir.
Bədbəxtliklər nəyə görə baş verir?
Bədbəxtlik baş verəndə, insanı bir sual çox düşündürür: Bu nə üçün baş verdi? Bədbəxtlikdən sonra insanın normal həyata qayıda bilməsi, əhəmiyyətli dərəcədə bu suala düzgün cavab tapmasından asılıdır. Əgər insan kifayətləndirici cavab almazsa, iztirab çəkəcək, hətta qəddarlaşa da bilər. Misal üçün, Bruninin başına gələn hadisəyə baxaq.
Bruni adlı orta yaşlı qadın söyləyir: “Bir neçə il əvvəl körpə qızım öldü. Mən Allaha inanırdım və buna görə təsəlli üçün keşişə müraciət etdim. O dedi ki, Allah mənim Zuzannamı göyə aparıb və indi o orada mələkdir. Onun ölümü üzündən dünyamın alt-üst olması az imiş kimi, hələ üstəlik qızımı əlimdən aldığı üçün Allaha da qəzəbləndim”. Bruni bir neçə il şiddətli iztirab çəkdi. O davam edir: “O zaman Yehovanın Şahidi olan bir qadın, Müqəddəs Kitabdan göstərdi ki, Allaha qəzəblənməyə heç bir səbəb yoxdur. Yehova Zuzannanı göyə aparmamış və qızım mələk olmamışdır. O, insanın qeyri-kamilliyi üzündən xəstələnmişdir. Zuzanna ölüm yuxusundadır və Yehovanın onu dirildəcəyi günü gözləyir. Mən həmçinin öyrəndim ki, Yehova insanları yer üzü cənnətdə əbədiyyən yaşamaq üçün yaradıb və Onun bu niyyəti tezliklə həyata keçəcək. Yehovanın necə şəxsiyyət olduğunu dərk etməyə başladıqda, mən Ona daha yaxın oldum və keçirdiyim ağrı azalmağa başladı” (Məzmur 37:29; Həvarilərin işləri 24:15; Romalılara 5:12).
Milyonlarla insanlar müxtəlif bədbəxtliklər, məsələn, şəxsi həyatlarında baş verən faciələr, müharibələr, aclıq və təbii fəlakətlər ucbatından iztirab çəkirlər? Bruni Yehovanın bədbəxtliklərimizdə günahkar olmadığını, heç zaman insanların iztirab çəkmələrini istəmədiyini və tezliklə pisliyi yox edəcəyini Müqəddəs Kitabdan öyrəndikdə rahatlıq hissi duydu. Haqsızlığın artması — indiki sistemin ‘axır günlərində’ yaşadığımıza əlamətdir. Səbirsizliklə gözlədiyimiz gözəl dəyişikliklər artıq çox yaxındır (2 Timoteyə 3:1-5; Matta 24:7, 8).
Allahla tanış olmağın üsulu
Hans və Bruni Allah haqqında yalnız dumanlı təsəvvürlərə malik idilər. Allah haqqında çox bilməsələr də, Ona inanırdılar. Ancaq Yehova haqqında dəqiq bilik əldə etməyə vaxt ayırmağa başladıqda, onların sə’yi mükafatlandı. Onlar günümüzün ən zəruri suallarına aydın cavablar aldılar. Bu onlara daxili rahatlıq gətirmiş və gələcəyə möhkəm ümid vermişdir. Milyonlarla Yehovanın xidmətçiləri buna bənzər hissləri keçirmişlər.
Yehova ilə tanış olmaq istəyiriksə, Onun kim olduğuna və bizdən nə tələb etdiyinə dair mə’lumat verən Müqəddəs Kitabı diqqətlə öyrənməkdən başlamaq düz olardı. Birinci əsrdə yaşayan bə’zi insanlar bu cür davranırdılar. Tarixçi və həkim Luka mə’lumat verir ki, Veriyadakı (Yunanıstan) yəhudi cəmiyyətinin üzvləri “bu tə’limlər doğrudurmu?” — deyərək hər gün Müqəddəs Yazıları araşdıraraq Allah kəlamını [Pavel və Siladan] böyük şövqlə qəbul etdilər” (Həvarilərin işləri 17:10, 11).
Birinci əsrin məsihçiləri də birlikdə toplaşır və yığıncaq görüşləri keçirirdilər (Həvarilərin işləri 2:41, 42, 46; 1 Korinflilərə 1:1, 2; Qalatiyalılara 1:1, 2; 2 Saloniklilərə 1:1). Bu cür yığıncaqlar indi də keçirilir. Yehovanın Şahidləri insanlara Yehovaya yaxınlaşmaqda və Ona sevinclə xidmət etməkdə yardım göstərmək məqsədilə müştərək görüşlər keçirirlər. Yaxınlıqda yaşayan Şahidlərlə ünsiyyətdə olmaq daha bir fayda gətirəcək. Madam ki, insanlar tədricən xidmət etdikləri Allaha bənzəməyə başlayırlar, Yehovanın Şahidləri — bu və ya digər tərzdə Yehovanın təzahür etdirdiyi keyfiyyətləri əks etdirirlər. Buna görə də Şahidlərlə ünsiyyətdə olmaq Yehovanı daha yaxşı tanımağa kömək edir (İbranilərə 10:24, 25).
Siz soruşa bilərsiniz: “Yalnız bir Şəxsiyyətlə tanış olmaq üçün bu qədər sə’y göstərmək lazımdır?” Sə’y göstərmək, sözsüz ki, lazımdır. Bəs nail olmaq istədiyimiz başqa məqsədlərdə də sə’y tələb olunmurmu? Məşhur idmançıların məşq zamanı nə qədər sə’y göstərdikləri haqda düşünün. Misal üçün, olimpiada oyunlarında ayaq xizəyi üzrə yarışlarda qızıl medal qazanmış fransalı idmançı Jan-Klod Kili beynəlxalq yarışlarda müvəffəqiyyət qazanmaq üçün hansı şərtlərə əməl edilməli olduğunu deyir: “Hazırlığa 10 il qabaq başlamaq, ildən ilə planlaşdırmaq, günü-gündən bu haqda düşünmək lazımdır... Bu, ildə 365 gün ərzində əqli və fiziki əməkdir”. Bu qədər vaxt və sə’y, ola bilsin, yalnız 10 dəqiqəlik yarışda iştirak etmək üçün tələb olunur. Belə halda, Yehova haqqında bilik əldə edərək, nə qədər şeylərə nail olmaq mümkündür!
Günü-gündən möhkəmlənən münasibət
Həyatda vacib bir şeyi kim əldən qaçırmaq istəyir? Heç kim. Buna görə, əgər həyatınızın həqiqi mə’nasının olmadığını düşünür və ya bədbəxtliklərin nəyə görə baş verdiyini bilmək istəyirsinizsə, Yehovanı — haqqında Müqəddəs Kitabda bəhs olunan Allahı tanımaqda möhkəm qərarlı olun. Onun haqqında bilik əldə edərək, həyatınızı yaxşılaşdıracaqsınız, bunun faydası isə daima hiss olunacaq.
Yehova haqqında öyrənməyi biz nə vaxtsa dayandıracağıqmı? Allaha onilliklər ərzində xidmət edən insanlar Onun haqqında öyrəndikləri və öyrənməyə davam etdikləri şeylərə hələ də valeh olurlar. Bu cür bilik əldə etmək prosesi bizə xoşbəxtlik gətirir və bizi Yehova ilə daha yaxınlaşdırır. Biz həvari Pavelin yazdığı bu sözlərlə razılaşa bilərik: “Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir! Axı Rəbbin ağlını kim dərk etmişdir? Və məgər kimsə Ona məsləhətçi olmuşmu?” (Romalılara 11:33, 34).
[Haşiyə]
a Adlar dəyişdirilib.
[5-ci səhifədəki yazı]
İnsanlar yenə də: “Mən nə üçün yaşayıram?” “Gələcəkdə məni nə gözləyir?” “Həyatın mə’nası nədədir?” kimi həyati vacib suallara cavab axtarırlar.
[6-cı səhifədəki yazı]
“Yehovanın necə şəxsiyyət olduğunu dərk etməyə başladıqda, mən Ona daha yaxın oldum”.
[7-ci səhifədəki yazı]
“Yehovaya edilən xidmət ən gözəl həyat yoludur. Bunu heç nə ilə müqayisə etmək olmaz. Yehova ilə tanış olmağım həyatımı mə’nalı edib”.