Bə’zilərini necə insan kimi xatırlayırlar?
TƏXMİNƏN üç min il bundan əvvəl İsrailin padşahı Sauldan qaçıb canını qurtarmaq məcburiyyətində qaldığı zaman, Davud adamlarını qoyun və keçi sahibi olan Nabal adlı varlı çobanın yanına göndərdi ki, ondan yemək və su istəsin. Əslində Nabal Davuda və onun adamlarına borclu idi, çünki onlar onun sürülərini qoruyurdular. Lakin Nabal qonaqpərvərlik göstərməkdən imtina etdi. O, hətta Davudun adamlarını kobudluqla məzəmmət də etdi. Nabal odla oynayırdı, çünki Davudla zarafat pis nəticələnə bilərdi (1 Samuel 25:5, 8, 10, 11, 14).
Nabal Yaxın Şərqdə geniş yayılmış adətə — yolçulara və əcnəbilərə qonaqpərvərlik göstərmək adətinə zidd davrandı. Nabal özünə necə ad qazandı? Müqəddəs Kitabda onun haqqında deyilir ki, o, “kobud” və “işlərində pis idi”. Onun adının mə’nası “axmaq” deməkdir və işləri də, şübhəsiz ki, adına müvafiq idi (1 Samuel 25:3, 17, 25). Siz də özünüzə belə bir ad qazanmaq istərdinizmi? Siz başqaları ilə, xüsusilə də ilk baxışdan əlverişsiz şəraitdə imiş kimi görünürlərsə, onlarla kobud və nəzakətsiz rəftar edirsinizmi? Yoxsa sizə xeyirxahlıq, qonaqpərvərlik və nəzakətli olmaq kimi xüsusiyyətlər xasdır?
Dərrakəli Abiqail
Nabal kobudluğuna görə özünü təhlükəyə atdı. Davud və onunla olan 400 nəfər qılınca qurşanıb Nabalın dərsini verməyə getdilər. Baş verənlər barədə Nabalın arvadı Abiqail eşitdi və anladı ki, silahlı toqquşmadan qaçınmaq mümkün olmayacaq. O, bu vəziyyətdən necə çıxış yolu tapa bilərdi? Abiqail kifayət qədər yemək tədarükü görüb, Davud və adamlarını dayandırmağa tələsdi. Onlarla görüşdükdə Davuda yalvardı ki, nahaq qan tökməsin. Davudun ürəyi yumşaldı, Abiqailin yalvarışlarını dinlədi və rəhmi gəldi. Bundan bir müddət sonra Nabal öldü. Bu zaman Abiqailin ləyaqətinə qiymət verən Davud onunla evləndi (1 Samuel 25:14-42).
Abiqail necə ad qazandı? Müqəddəs Kitabda deyilir ki, bu “qadın çox anlayışlı” idi. Onun sağlam düşüncəli və bacarıqlı qadın olduğuna şübhə yoxdur, o, necə və nə zaman hərəkət etmək lazım gəldiyini bilirdi. Abiqail sədaqət göstərdi, ərini və ev xalqını məhv edilməkdən qurtardı. O, ölümündən sonra özü haqqında dərrakəli bir qadın kimi ad qoymuşdur (1 Samuel 25:3).
Peteri necə insan kimi xatırlayırlar?
İndi isə gəlin xəyalən eramızın birinci əsrinə səyahət edək və İsanın 12 həvarisinin necə insan olduqlarını nəzərdən keçirək. Ən emosional və tez coşan, şübhəsiz ki, Qalileyadan olan Peter, yə’ni Kefa adlı balıqçı idi. Göründüyü kimi, o, enerjili insan idi və öz hissələrini ifadə etməkdən çəkinmirdi. Bir dəfə İsa şagirdlərinin ayağını yumağa başladı. Növbə Peterə çatanda o nə etdi?
Peter İsaya dedi: “Ya Rəbb, ayaqlarımı Sənmi yuyacaqsan?”. Cavabında İsa dedi: “Mənim etdiyimi sən indi bilməzsən, amma sonra başa düşəcəksən”. Peter cavab verdi: “Mənim ayaqlarımı əsla yumayacaqsan”. Peterin ifadəli və eyni zamanda coşğun reaksiyasına diqqət yetirin. Bəs İsa nə etdi?
İsa cavab verib dedi: “Əgər səni yumasam, Mənim işimdə payın olmaz”. Bu zaman Şimon Peter dedi: “Ya Rəbb, yalnız ayaqlarımı yox, əllərimi və başımı da yu!” İndi isə Peter başqa bir ifrata qapılır! Lakin təəccüblənmək lazım gəlmir, axı bu Peterə xas cəhətlər idi. Onda heç bir yalan və ikiüzlülük yox idi (Yəhya 13:6-9).
Peteri, həmçinin ən adi zəiflikləri olan bir insan kimi xatırlayırlar. Misal üçün, insanlar Peteri məhkum olunan Nazaretli İsa ilə birlikdə olmaqda günahlandıranda, o, Məsihi üç dəfə inkar etdi. Peter öz səhvini başa düşəndə hönkür-hönkür ağladı. O, öz kədərini və peşmançılıq hissi keçirdiyini göstərməyə utanmadı. Diqqətəlayiqdir ki, Peterlə baş verən bu hadisəni İncili yazan şəxslər qeydə almışlar. Yəqin ki, bu, Peterin özü haqqında mə’lumat verməsi sayəsində mümkün olmuşdur! Öz səhvlərini boynuna almaq üçün, o, kifayət qədər təvazökar idi. Bu gözəl keyfiyyət sizdə də varmı? (Matta 26:69-75; Mark 14:66-72; Luka 22:54-62; Yəhya 18:15-18, 25-27).
Məsihi inkar etdikdən bir neçə həftə sonra, Peter müqəddəs ruh vasitəsilə hərəkətə gələrək Pentikost günündə çoxsaylı yəhudilərə cəsarətlə təbliğ edirdi. Bu, İsanın Peterə e’tibar etdiyinə şübhə yeri qoymurdu (Həvarilərin işləri 2:14-21).
Sonralar Peter başqa bir tələyə düşdü. Həvari Pavel nəql edir ki, yəhudilərdən olan qardaşlar Antakyaya gəlincəyə qədər Peter başqa xalqlardan olan imanlılarla açıq-aydın ünsiyyət edirdi. İndi isə o, Yerusəlimdən gələn “sünnət tərəfdarlarından qorxaraq, çəkilib qeyri-yəhudilərdən ayrıldı”. Pavel Peterin riyakarlığını ifşa etdi (Qalatiyalılara 2:11-14).
Bununla belə, İsanın davamçılarının çoxu onu tərk etməyə hazır olduqları həmin gərgin anlarda şagirdlərdən kim cəsarətlə öz fikrini bildirdi? Bu, İsa onun ətini yeməyin və qanını içməyin nə demək olduğu haqda yeni açıqlamalar etdiyi zaman baş verdi. O dedi: “İnsan Oğlunun ətini yeyib, qanını içmədikcə, daxilinizdə həyat olmaz”. Məsihin yəhudilərdən olan davamçılarının əksəriyyəti büdrədilər: “Bu çətin sözdür. Onu kim dinləyə bilər?” Sonra nə baş verdi? “Bu zamandan e’tibarən şagirdlərdən bir çoxu Ondan ayrılıb, artıq Onunla gəzmirdi” (Yəhya 6:50-66).
İsa bu gərgin anda 12 həvarisinə doğru dönüb çox həssaslıqla soruşdu: “Yoxsa siz də getmək istəyirsiniz?” Bu zaman Peter cavab verdi: “Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən” (Yəhya 6:67-69).
Peter özünə necə ad qazandı? Onun həyatı haqqında oxuyanda onun düzgünlüyü və səmimiliyi, sədaqəti və öz zəifliklərini e’tiraf etməyə hazır olması adamı heyran edir. O, özünə necə də yaxşı ad qazanmışdır!
Məsih insanların xatirində necə qalıb?
İsanın yer üzündəki xidməti cəmi üç il yarım davam etmişdir. Bununla belə o, öz şagirdlərinin yaddaşına necə həkk olunmuşdur. Kamil və günahsız olduğu üçün o, soyuq və adamayovuşmaz idimi? Allahın Oğlu olduğunu bildiyi üçün, öz vəzifəsi ilə lovğalanırdımı? Şagirdlərini qorxutmaq və məcbur eləmək yolu ilə özünə tabe etdirməyə çalışırdımı? Özünə qarşı o dərəcədəmi ciddi idi ki, yumor hissini belə itirmişdi? Zəiflərə, xəstələrə və uşaqlara vaxtı qalmayacaq dərəcədəmi məşğul idi? Başqa xalqlardan olan insanlara və o dövrün kişilərinə xas olduğu kimi, qadınlara e’tinasızlıq göstərirdimi? Yazılı mənbələrdən İsa haqda nə öyrənmək olar?
İsa insanlara maraq göstərirdi. Onun xidmətini öyrənən zaman görürük ki, o, dəfələrlə şikəstlərə və xəstələrə şəfa verirdi. O, ehtiyacı olanlara kömək etmək üçün əlindən gələni edirdi. O, şagirdlərinə: “Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın!” deyə göstərişlər verərək gənclərə maraq göstərirdi. Bundan sonra İsa uşaqları “qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi”. Siz də uşaqlara vaxt ayırırsınızmı, yoxsa onlara sadəcə olaraq diqqət yetirmək üçün belə həddindən artıq məşğulsunuz? (Mark 10:13-16; Matta 19:13-15).
İsa Məsihin günlərində yəhudilərin həyatı Qanuna əlavə olunmuş dini qaydalarla yüklənmişdi. Dini rəhbərlər insanların üzərinə ağır yük qoyurdular, özləri isə bu yüklərə barmaqları ilə də toxunmurdular (Matta 23:4; Luka 11:46). İsa onlardan necə də fərqlənirdi! O deyirdi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm” (Matta 11:28-30).
İnsanlar İsa ilə ünsiyyətdən təravət alırdılar. O, şagirdlərini qorxutmurdu, buna görə də onlar öz fikirlərini söyləməyə çəkinmirdilər. İsa, hətta onların nə haqda düşündüklərini bilmək üçün, onlara suallar da verirdi (Mark 8:27-29). Yığıncağın ağsaqqalları özlərindən soruşa bilərlər: “Mən də həmimalılarıma belə təəssürat bağışlayırammı? Digər ağsaqqallar mənimlə öz fikirlərini sərbəst bölüşürlərmi, yoxsa onlar bunu etməkdə çətinlik çəkirlər?” Əgər ağsaqqallar sadə, başqalarını dinləməyə və hər kəsin şəraitinə uyğunlaşmağa hazır olarlarsa, onlarla ünsiyyət doğrudan da təravətləndirici tə’sir bağışlayar! Düşüncəsizlik səmimi və sərbəst ünsiyyətə yalnız mane olur.
İsa Allahın Oğlu olsa da, öz gücündən və ya hakimiyyətindən heç vaxt sui-istifadə etmirdi. Əksinə, öz dinləyicilərini düşünməyə təşviq etməyə çalışırdı. Fəriseylər hiyləgərliklə: “Qeysərə vergi vermək caizdirmi, caiz deyilmi?” deyə sual verərək, onu söz üstündə tutmaq istədikləri zaman da, o, məhz belə davrandı. İsa sikkəni ona göstərmələrini xahiş etdi və soruşdu: “Sikkənin üstündəki bu surət və yazı kimindir?” Onlar: “Qeysərin” deyə cavab verdilər. O vaxt İsa onlara dedi: “Elə isə, qeysərinkini qeysərə, Allahınkını Allaha verin” (Matta 22:15-21). Gətirilən sadə dəlillər kifayət idi.
İsanın yumor hissi vardımı? Bə’zi oxucular İsanın: “Dəvənin iynə deşiyindən keçməsi, zəngin adamın Allahın Padşahlığına girməsindən daha asandır” deyə söylədiyi sözlərdəki yumoru, yəqin ki, hiss edirlər (Matta 19:23, 24, İ-93). Balaca tikiş iynəsinin deşiyindən keçməyə çalışan dəvəni təsəvvür etmək belə çətindir. İnsanın qardaşının gözündəki tükü görüb, öz gözündəki tiri isə görməməsi haqqındakı məsəl də mübaliğəyə əsaslanır (Luka 6:41, 42). Göründüyü kimi, İsa əslində ciddi intizamın qatı tərəfdarı deyildi. O, səmimi və xeyirxah idi. Yumor hissi müasir məsihçilərə də gərəkdir, çünki bu hiss çətin anlarda insanın həyatına bəzək verir.
İsanın qadınlarla xoş rəftarı
Qadınlar özlərini İsanın yanında necə hiss edirdilər? Anası Məryəmi də daxil etməklə, onun sadiq davamçıları arasında çoxlu qadınlar da vardı (Luka 8:1-3; 23:55, 56; 24:9, 10). Qadınlar özlərini İsanın yanında elə sərbəst hiss edirdilər ki, hətta bir dəfə günahkar kimi tanınan bir qadın göz yaşları ilə onun ayaqlarını yudu və bahalı yağ ilə yağladı (Luka 7:37, 38). İllərlə qanaxmadan əziyyət çəkən başqa bir qadın isə, izdihamı yarıb keçdi ki, İsanın paltarına toxunsun və şəfa tapsın. İsa imanına görə onu tə’riflədi (Matta 9:20-22). Görünür ki, İsaya müraciət etmək qadınlar üçün çətin deyildi.
Bir dəfə İsa su quyusunun yanında samariyalı qadınla söhbətə başladı. Qadın elə təəccübləndi ki, İsadan soruşdu: “Sən yəhudi, mən isə samariyalı bir qadın, necə olur ki, məndən su istəyirsən?” O vaxt yəhudilər samariyalılarla təmasda olmurdular. Bundan sonra İsa qadına “fışqıran, əbədi həyata qovuşduran” (İ-93) su barəsində təəccüblü bir həqiqəti açıqladı. O, qadınlarla sərbəst ünsiyyət edir və bununla öz mövqeyinin alçaldığını düşünmürdü (Yəhya 4:7-15).
İsanı insani keyfiyyətlərinə görə, eyni zamanda fədakarlıq ruhuna görə xatırlayırlar. O, Allahın məhəbbətinin təcəssümü idi. İsa, onun davamçısı olmaq istəyən hər bir kəs üçün nümunədir. Siz onun nümunəsini nə dərəcədə dəqiq təqlid edirsiniz? (1 Korinflilərə 13:4-8; 1 Peter 2:21).
Müasir məsihçilər özlərindən sonra necə iz qoyurlar?
Bu gün minlərlə sadiq məsihçilər ölürlər: çoxları ahıl yaşlarında, kimlər isə ömrünün çiçəklənən dövründə. Onlar özlərindən sonra yaxşı iz qoyurlar. Uzun ömür sürən Kristal kimi, bə’zi sadiq məsihçiləri onların səmimi qəlbli və qaynayıb-qarışan olduqlarına görə xatırlayırlar. Başqalarını isə, məsələn, təxminən 43 yaşlarında ölən Darkı — şən xasiyyətinə və həmişə kömək etməyə hazır olduğu üçün xatırlayırlar.
Budur, İspaniyadan olan Hosenin nümunəsi. 1960-cı illərdə, Yehovanın Şahidlərinin təbliğ işi qadağa qoyulduğu zaman Hose evli idi və üç balaca qızını tərbiyə edirdi. Onun Barselonada sabit işi vardı. O zaman İspaniyanın cənubunda yetkin məsihçi ağsaqqallarına tələbat vardı. Hose işini atıb, ailəsi ilə birlikdə Malaqaya köçdü. Çox vaxt iş olmadığından onlar maddi cəhətdən çətin anlar yaşamalı olurdular.
Hoseni, vəfalı həyat yoldaşı Karmela ilə birlikdə nümunəvi qızlar böyüdən sadiq və e’tibarlı xidmətçi kimi tanıyırdılar. Həmin ərazidə məsihçi konqresləri təşkil etmək üçün kömək lazım gəldikdə, Hose həmişə köməyə hazır idi. Təəssüflər olsun ki, 50-dən artıq yaşı olanda ciddi xəstələndi və öldü. Lakin o, özündən sonra e’tibarlı, əməksevər ağsaqqal, həmçinin sevən bir ər və ata kimi iz qoymuşdur.
Bəs sizdən sonra necə xatirə qalacaqdır? Dünən ölsəydiniz, bu gün sizin haqqınızda nə danışardılar? Yəqin ki, bu sual hamımızı necə yaşamağımızın üzərində düşünməyə vadar edəcəkdir.
Yaxşı ad qazanmaq üçün biz nə etməliyik? Biz həmişə ruhun səmərəsinin, məsələn, məhəbbət, səbir, yaxşılıq, həlimlik və özünə hakim olmaq kimi xüsusiyyətlərində təkmilləşə bilərik (Qalatiyalılara 5:22, 23). Şübhəsiz, “yaxşı ad xoş qoxulu yağdan və ölüm günü, bir adamın doğulduğu gündən yaxşıdır” (Vaiz 7:1; Matta 7:12).
[5-ci səhifədəki şəkil]
Abiqaili dərrakəli olduğu üçün xatırlayırlar.