Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/11 s. 27—32
  • Sıxıntılı anlarda bütünlüklə Yehovaya bel bağla

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sıxıntılı anlarda bütünlüklə Yehovaya bel bağla
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • İşsiz qalanda, yaxud vəsait çatışmayanda
  • Sağlamlıqla əlaqədar problemlər yarananda
  • Cismani zəifliklə mübarizə aparanda
  • E’tibar etmədən xoşbəxt olmaq mümkün deyil
    Gözətçi qülləsi 2004
  • Dindaşlarınıza etibar edin
    Gözətçi qülləsi 2022
  • Son yaxındır — Yehovaya güvən!
    Gözətçi qülləsi 2011
  • Yehovaya həmişə güvən!
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/11 s. 27—32

Sıxıntılı anlarda bütünlüklə Yehovaya bel bağla

“Allah bizə sığınacaq yer və qüvvətdir; sıxıntıda həmən hazır bir yardımdır” (MƏZMUR 46:1).

1, 2. a) Hansı nümunədən görünür ki, Allaha bel bağladığımızı yalnız söyləmək kifayət deyil? b) Nəyə görə biz Yehovaya sadəcə olaraq sözdə bel bağlamalı deyilik?

ALLAHA bel bağladığımızı söyləmək, bunu əməldə göstərməkdən daha asandır. Misal üçün, ABŞ banknotları və metal pulları üzərində artıq çoxdandır ki, belə bir yazı mövcuddur: “Allaha güvənirik”a. 1956-cı ildə ABŞ konqresinin qəbul etdiyi qanuna əsasən bu ifadə Birləşmiş Ştatların milli şüarı e’lan olundu. Lakin qəribə olsa da, yalnız ABŞ-da deyil, bütün dünyada insanlar Allahdan çox pula və var-dövlətə bel bağlayırlar (Luka 12:16-21).

2 Məsihin həqiqi davamçıları olan bizlər Yehovaya sadəcə olaraq sözdə bel bağlamalı deyilik. “İman... əməllər olmadıqda” ölü olduğu kimi, Allaha bel bağlayırıq iddiası da, əgər əməllərimizlə göstərmiriksə, faydasızdır (Yaqub 2:26). Əvvəlki məqalədə deyilirdi ki, biz dualarımızı Yehovaya ünvanlamaqla, Onun Kəlamında məsləhət axtarmaqla və rəhbərlik almaq üçün Onun təşkilatına müraciət etməklə Ona bel bağlayırıq. İndi gəlin, sıxıntılı anlarda həmin üç addımı atmağın üsulunu nəzərdən keçirək.

İşsiz qalanda, yaxud vəsait çatışmayanda

3. Yehovanın Şahidləri bu “çətin anlarda” hansı iqtisadi problemlərlə qarşılaşır və Allahın bizə kömək etmək istədiyini haradan bilirik?

3 Bu “çətin anlarda” biz, məsihçilər, başqa insanların qarşılaşdıqları eyni çətinliklərlə qarşılaşırıq (2 Timoteyə 3:1). Buna görə də biz gözlənilmədən ya işsiz qala bilər, ya da ki, günün çox hissəsini kiçik məbləğdə əmək haqqına işləməyə məcbur ola bilərik. Bu cür vəziyyətdə ‘yaxınlarımızın qeydinə qalmaq’ asan iş deyil (1 Timoteyə 5:8). Qadir Allah bu cür hallarda bizə kömək etmək istəyirmi? Şübhəsiz! Doğrudur, Yehova bizi bu sistemdəki həyatla əlaqəli çətinliklərdən müdafiə etmir. Buna baxmayaraq, əgər biz Ona bel bağlayırıqsa, üzərimizdə Məzmur 46:1 ayəsində yazılan sözlər yerinə yetəcək: “Allah bizə sığınacaq yer və qüvvətdir; sıxıntıda həmən hazır bir yardımdır”. Bəs iqtisadi sıxıntılar yaşayarkən Yehovaya bütünlüklə bel bağladığımızı necə göstərə bilərik?

4. Maddi çətinliklər yaranan zaman biz nə barədə dua edə bilərik və bu cür dualara Yehova necə cavab verir?

4 Yehovaya bel bağladığımızı göstərməyin bir üsulu, Ona duada müraciət etməkdir. Bəs nə barədə dua etmək olar? Əgər maddi çətinliklərin yaranıbsa, hal-hazırda sənə əvvəlkindən daha çox müdriklik lazımdır. Belə isə bu barədə dua et! Yehovanın Kəlamı bizi əmin edir: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir” (Yaqub 1:5). Bəli, Yehovadan müdriklik: biliyi, düşüncəni və anlayışı tətbiq etmək qabiliyyəti istə ki, düzgün qərar qəbul edib, ədalətli seçim edə biləsən. Sevən səmavi Atamız bizi əmin edir ki, bu cür duaları dinləyəcək. O, bütün ürəyi ilə Ona güvənənlərin addımlarına istiqamət verməyə həmişə hazırdır (Məzmur 65:2; Süleymanın məsəlləri 3:5, 6).

5, 6. a) İqtisadi çətinliklərin öhdəsindən gəlməkdə kömək üçün nəyə görə Allahın Kəlamına müraciət edə bilərik? b) Əgər işsiz qalmışıqsa, narahatçılığımızı azaltmaq üçün nə edə bilərdik?

5 Yehovaya bel bağladığımızı göstərməyin digər üsulu isə, rəhbərliyi Onun Kəlamında axtarmaqdır. Allahın Müqəddəs Kitabda yazılan müdrik öyüdləri “çox sadiqdir” (Məzmur 93:5). Allahdan ilham almış bu kitabın təxminən 1 900 il bundan əvvəl yazılıb qurtarmasına baxmayaraq, orada bizə iqtisadi çətinliklərin öhdəsindən daha yaxşı gəlməyə kömək edən e’tibarlı məsləhətlər və müdrik fikirlər var. Müqəddəs Kitab müdrikliyinə dair bə’zi nümunələri nəzərdən keçirək.

6 Müdrik Süleyman padşah çoxdan qeyd etmişdir: “Az yesin yaxud çox yesin, çalışan adamın yuxusu şirindir; fəqət zənginin toxluğu onu yatmağa qoymaz” (Vaiz 5:12). Maddi əmlakını tə’mir etmək, təmizləmək, qorumaq və ya ona qulluq etmək üçün vaxt və vəsait lazımdır. Buna görə də, əgər işsiz qalmışıqsa, fürsətdən istifadə edərək, ehtiyacımızı istəyimizdən fərqləndirmək üçün həyat tərzimizi yenidən götür-qoy edə bilərdik. Narahatçılığı azaltmaq üçün, bə’zi dəyişiklikləri etmək ağıllı iş olardı. Misal üçün, daha sadə yaşayış yeri axtarmaqla və ya lazımsız əşyalardan canımızı qurtarmaqla həyatımızı sadələşdirə bilmərikmi? (Matta 6:22).

7, 8. a) Qeyri-kamil insanların maddi şeylər barədə həddindən artıq qayğı çəkməyə meylli olduqlarından xəbərdar olduğunu İsa necə göstərdi? (Həmçinin haşiyəyə baxın.) b) Həddindən artıq narahatçılıqdan yaxa qurtarmağımıza kömək etmək üçün İsa hansı müdrik məsləhəti verdi?

7 Dağüstü təbliğində İsa məsləhət görürdü: “Nə yeyəcəksiniz, yaxud nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın”b (Matta 6:25). İsa bilirdi ki, həyat üçün zəruri olan şeylərin qayğısına qalmaq qeyri-kamil insanların təbiətinə xasdır. Bəs biz bu şeylərin ‘qayğısına’ necə qalmaya bilərik? İsa demişdir: ‘Əvvəlcə Padşahlığı axtarın’. Hansı çətinliklərlə qarşılaşsaq da, bundan sonra da həyatımızda Yehovaya ibadətə üstünlük verməliyik. Əgər bu cür davranırıqsa, onda həyatımız üçün zəruri olan hər şey bizə səmavi Atamız tərəfindən “artırılacaqdır”. Hər necə olursa-olsun, O, bizə lazım olan hər şeyin qayğısına qalacaqdır (Matta 6:33, İ-93).

8 Daha sonra İsa belə bir məsləhət verdi: “Sabah üçün qayğı çəkməyin; ona görə ki, sabahkı gün özü üçün qayğı çəkəcəkdir” (Matta 6:34). Sabah baş verə biləcək şeyin həddindən artıq qayğısını çəkmək müdriklik deyil. Bir Müqəddəs Kitab alimi qeyd etmişdir: “Gələcək nadir hallarda bizim təsəvvür etdiyimiz kimi pis olur”. Əgər biz Müqəddəs Kitabın əsas şeyə üstünlük vermək və yalnız bir gün haqqında qayğı çəkmək barəsindəki məsləhətinə təvazökarlıqla riayət ediriksə, həddindən artıq narahatçılıqdan yaxa qurtarmaq bizim üçün asan olacaq (1 Peter 5:6, 7).

9. Maliyyə çətinlikləri yaranan zaman “sadiq və ağıllı qul”un nəşrlərində hansı köməyi tapa bilərik?

9 Maliyyə çətinliklərilə qarşılaşanda, Yehovaya bel bağladığımızı, kömək üçün “sadiq və ağıllı qul”un nəşrlərinə müraciət etməklə göstərə bilərik (Matta 24:45). “Oyanın!” jurnalında vaxtaşırı olaraq iqtisadi çətinliklərin öhdəsindən gəlməyə dair qiymətli məsləhətlər verən məqalələr dərc olunur. 1991-ci il 8 sentyabr saylı (rus.) buraxılışında dərc olunan “İşsizlik — bunun öhdəsindən necə gəlməli?” adlı məqalədə, işsiz qalan bir çox adamlara maddi və emosional sabitliyini qoruyub saxlamağa kömək edən səkkiz praktiki məsləhət verilirdic. Şübhəsiz ki, bu məsləhətə riayət edəndə, pulun həqiqi dəyərinə qarşı düzgün nöqteyi-nəzərə malik olmaq lazımdır. Bu fikir, “Oyanın!” jurnalının həmin buraxılışında dərc edilmiş “Puldan daha vacib olan şey” məqaləsində müzakirə edilirdi (Vaiz 7:12).

Sağlamlıqla əlaqədar problemlər yarananda

10. Davud padşahın nümunəsi necə göstərir ki, ağır xəstəlikdən əziyyət çəkərkən Yehovaya bel bağlamaq məntiqə uyğundur?

10 Ciddi xəstəlikdən əziyyət çəkərkən Yehovaya bel bağlamaq məntiqə uyğundurmu? Şübhəsiz! Xidmətçiləri xəstələnəndə Yehova onlara acıyır. Bundan əlavə, O kömək etməyə hazırdır. Məsələn, Davud padşahın nümunəsini nəzərdən keçirək. Ehtimal ki, Allahın xəstəlikdən əziyyət çəkən saleh kəslə necə davrandığı haqqında yazarkən Davud özü ciddi xəstə idi. O deyir: “Rəbb ona dəstək olar; xəstəliyində bütün yatağını sən düzəldərsən” (Məzmur 41:1, 3, 7, 8). Davud Allaha daha çox bel bağladı və nəticədə sağaldı. Sağlamlığımız bizi narahat edən zaman Allaha bel bağladığımızı necə göstərə bilərik?

11. Xəstəlik zamanı səmavi Atamızdan nə diləyə bilərik?

11 Xəstəliyimiz zamanı Yehovaya bel bağladığımızı onunla göstərə bilərik ki, hər şeyə tab gətirə bilməyimizə köməklik etsin deyə Ona ürəkdən dua edək. Bizə, sağlamlığımızı imkanlarımızın yol verdiyi real səviyyədə saxlamağımız üçün ‘sağlam şüurlu’ olmağımıza kömək etməsi haqqında dua edə bilərik (Süleymanın məsəlləri 3:21, MKŞ). Həm də Allahdan xəstəliyin öhdəsindən gələk deyə, səbir və sarsılmazlıq təzahür etdirməyimiz üçün köməklik etməsi barədə xahiş edə bilərik. Ən başlıcası isə, bizi dəstəkləməsi üçün, hər nə baş versə də müvazinəti itirməmək və Ona sadiq qalmağımız üçün bizə güc verməsini xahiş etməliyik (Filipililərə 4:13). Allaha münasibətdə nöqsansızlığımızı qoruyub saxlamağımız, bizə bugünkü həyatımızı qorumağımızdan daha vacibdir. Əgər nöqsansızlığı qoruyarıqsa, böyük Allahımız bizi əbədi həyat, kamillik və sağlamlıqla mükafatlandıracaq (İbranilərə 11:6).

12. Müalicə məsələlərində müdrik qərarlar qəbul etməkdə bizə Müqəddəs Kitabın hansı prinsipləri kömək edə bilər?

12 Yehovaya bel bağlamağımız bizi, həmçinin praktiki rəhbərlik üçün Onun Kəlamı olan Müqəddəs Kitaba müraciət etməyə təşviq edir. Müqəddəs Kitab prinsipləri bizə tibbi müalicə məsələlərində düzgün qərarlar qəbul etməyə kömək edir. Məsələn, Müqəddəs Kitabın “sehrbazlığı” mühakimə etdiyini bilərək, onunla əlaqəli olan diaqnostik və terapevtik müayinələrdən qaçınmaq istəyirik (Qalatiyalılara 5:19-21; Təsniyə 18:10-12). Müqəddəs Kitabın e’tibara layiq müdrikliyinə dair başqa bir nümunə: “Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar” (Süleymanın məsəlləri 14:15, MKŞ). Buna görə də, müalicə olunmağı planlaşdıran zaman “hər sözə inanmaq” əvəzinə, e’tibarlı mə’lumat axtarmağımız müdrik davranış olardı. Bu cür “təmkinli” olmağımız bizə hər üsulu diqqətlə götür qoy etməkdə və əsaslı qərar qəbul etməkdə kömək edəcək (Titusa 2:12).

13, 14. a) “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında sağlamlıq haqqında hansı ətraflı məqalələr dərc olunmuşdur? (29–cu səhifədəki çərçivəyə baxın.) b) 2001-ci ilin 22 yanvar saylı “Oyanın!” jurnalında xroniki xəstəliklərə dair hansı məsləhətlər verilirdi?

13 Sadiq qulun nəşrlərini tədqiq etməklə də Yehovaya bel bağladığımızı göstəririk. “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında vaxtaşırı olaraq müxtəlif xəstəliklər və onlarla bağlı problemlər haqqında ətraflı məqalələr dərc olunurd. Bə’zən bu jurnallarda müxtəlif xəstəliklərin öhdəsindən müvəffəqiyyətlə gələn və ya mübarizə aparan kəslərin şərhləri dərc olunur. Bundan əlavə, bə’zi məqalələrdə xroniki xəstəliklərlə yaşamağa dair Müqəddəs Kitaba əsaslanan və ya digər praktiki məsləhətlər qeyd olunur.

14 Məsələn, 2001-ci ilin 22 yanvar (rus.) saylı “Oyanın!” jurnalındakı giriş məqalələrdə, “Xəstə olanlar üçün təsəlli” adlı mövzu müzakirə edilirdi. Orada Müqəddəs Kitabın faydalı prinsipləri, həmçinin uzun illər ərzində xroniki xəstəliklərlə yaşayan və onlar haqqında çox mə’lumatları olan insanlarla müsahibəyə əsaslanan mə’lumat dərc olunmuşdu. “Ağır xəstəliklə necə yaşamalı?” adlı məqalədə bu cür məsləhətlər təklif edilirdi: xəstəliyin haqqında daha çox mə’lumat topla (Süleymanın məsəlləri 24:5); qarşına praktiki məsləhətlər, o cümlədən insanlara kömək etmək məqsədi qoy, lakin unutma ki, bəlkə də başqalarının edə bildiyi qədər edə bilməyəcəksən (Həvarilərin işləri 20:35; Qalatiyalılara 6:4); özünü ətrafındakı insanlardan təcrid etmə (Süleymanın məsəlləri 18:1); çalış ki, sənin yanına gəlmək başqaları üçün xoş olsun (Süleymanın məsəlləri 17:22); ən başlıcası isə, Yehova ilə və yığıncaqla sıx əlaqədə qal (Nahum 1:7; Romalılara 1:11, 12). Məgər Yehovanın Öz təşkilatı vasitəsilə verdiyi e’tibarlı rəhbərliyə görə minnətdar deyilikmi?

Cismani zəifliklə mübarizə aparanda

15. Qeyri-kamil bədənin zəifliklərinə qarşı mübarizədə Pavel qələbəni necə qazana bildi və bununla əlaqədar biz nəyə əmin ola bilərik?

15 Həvari Pavel yazırdı: “Cismani təbiətimdə yaxşı şey yaşamır” (Romalılara 7:18). Pavel qeyri-kamil bədənin arzuları və zəiflikləri ilə mübarizə aparmağın nə demək olduğunu şəxsi təcrübəsindən bilirdi. Amma Pavel qalib gələcəyinə əmin idi (1 Korinflilərə 9:26, 27). Necə? Yehovaya bütünlüklə bel bağlamaqla. Pavel buna görə deyirdi: “Nə zavallı adamam! Ölümə aparan bu bədəndən məni kim xilas edəcək? Rəbbimiz İsa Məsih vasitəsi ilə Allaha şükür edirəm!” (Romalılara 7:24, 25). Bəs bizim haqqımızda nə demək olar? Biz də cismani zəifliklərə qarşı mübarizə aparırıq. Bu cür mübarizə apararaq, əminliyimizi itirmək və heç nə edə bilməyəcəyimizi düşünmək asandır. Lakin Pavel kimi, biz də Yehovaya həqiqətən bel bağlayır və öz gücümüzə güvənmiriksə, O, bizə kömək edəcəkdir.

16. Cismani zəifliyimizlə mübarizə apararkən nə barədə dua etmək lazımdır və əgər yenidən səhvə yol veririksə, nə etməliyik?

16 Əgər cismani zəiflik bizi narahat edirsə, duada Yehovaya müraciət etməklə Ona bel bağladığımızı göstərə bilərik. Biz Yehovaya Öz müqəddəs ruhu ilə bizə kömək etməsi üçün müraciət etməli, hətta yalvarmalıyıq (Luka 11:9-13). Biz Allahın ruhunun səmərəsi olan özünə hakim olmaq xüsusiyyətini istəyə bilərik (Qalatiyalılara 5:22, 23). Əgər yenidən səhvə yol verdiksə, onda nə etməli? Qətiyyən təslim olmalı deyilik. Gəlin, mərhəmətli Allahımıza təvazökarlıqla dua edərək günahımızdan keçməsini və kömək etməsini yalvarmaqdan heç zaman yorulmayaq. Yehova, vicdan əzabından ağırlaşan “qırılmış və əzilmiş ürəyi” heç zaman rədd etməz (Məzmur 51:17). Əgər biz səmimiliklə tövbə edir və Yehovaya dua ediriksə, O, bizə şirnikləndirici həvəslərə qarşı durmağa kömək edəcək (Filipililərə 4:6, 7).

17. a) Yehovanın mübarizə apardığımız zəifliyə qarşı nöqteyi-nəzəri üzərində düşünməyimiz nəyə görə faydalıdır? b) Əgər tez əsəbiləşməyin öhdəsindən gəlməyə, dilimizi yüyənləməyə, yaramaz əyləncələrə olan meylimizə qarşı mübarizə aparmağa çalışırıqsa hansı ayələri yadda saxlaya bilərdik?

17 Həmçinin rəhbərlik üçün Yehovanın Kəlamına müraciət etməklə də Ona bel bağladığımızı göstərə bilərik. Müqəddəs Kitab simfoniyasının və ya “Gözətçi Qülləsi nəşrlərinin indeksi”nin köməyi ilə biz növbəti suala cavab axtara bilərik: mübarizə apardığımız zəifliyə Yehova necə baxır? Yehovanın bizim vəziyyətimizə bəslədiyi nöqteyi-nəzəri üzərində düşünməyimiz, Onu razı salmaq istəyimizi gücləndirir. O zaman biz hər şeyə Onun gözləri ilə baxar və Onun nifrət etdiyi şeylərə nifrət edərik (Məzmur 97:10). Bə’zilərinə, onların mübarizə apardıqları zəifliklərə aid olan Müqəddəs Kitab ayələrini əzbərləmək kömək edir. Tez əsəbiləşməyə qarşımı mübarizə aparırıq? Onda Süleymanın məsəlləri 14:17 və Efeslilərə 4:31 ayələrini əzbərləmək olar. Dilimizi yüyənləmək çətindirmi? Süleymanın məsəlləri 12:18 və Efeslilərə 4:29 ayələrini yadda saxlamaq olar. Yaramaz əyləncələrəmi meylimiz var? O zaman Efeslilərə 5:3 və Koloslulara 3:5 ayələrini yadımızda saxlaya bilərik.

18. Cismani zəifliyin öhdəsindən gəlməkdə ağsaqqallardan kömək istəmək üçün nəyə görə utanmaq lazım deyil?

18 Yehovaya bel bağladığımızı göstərməyin daha bir yolu — kömək üçün yığıncağın müqəddəs ruhla tə’yin olunmuş ağsaqqallarına müraciət etməkdir (Həvarilərin işləri 20:28). Yada salaq ki, “insanlar timsalında hədiyyələr” [YD] sayılan bu ağsaqqalları, Öz qoyunlarını müdafiə etmək və onlara qayğı göstərmək üçün Məsihin vasitəsilə Yehova vermişdir (Efeslilərə 4:7, 8, 11-14). Sözsüz ki, müəyyən cismani zəifliyin olanda kömək üçün müraciət etmək asan deyil. Ağsaqqalların bizim haqqımızda pis fikrə düşəcəyindən ehtiyat edərək utana bilərik. Lakin ruhən yetkin olan bu kişilər, cəsarətimizi toplayıb kömək istədiyimiz üçün bizə hörmət edəcəklər. Bundan əlavə, ağsaqqallar sürü ilə münasibətində Yehovanın xüsusiyyətlərini əks etdirməyə çalışırlar. Onların Allahın Kəlamına əsaslanan təsəlliverici, praktiki məsləhətləri və öyüdləri, əminliyimizi möhkəmlətmək və cismani zəifliyin öhdəsindən gəlmək üçün məhz bizə lazım olan şey ola bilər (Yaqub 5:14-16).

19. a) Şeytan bu sistemdəki boş həyatdan necə istifadə edir? b) Bel bağlamağımız nə ilə əlaqəlidir və nədə tam qətiyyətli olmalıyıq?

19 Heç zaman unutma ki, Şeytan vaxtının az olduğunu bilir (Vəhy 12:12). Bizi ruhdan salmaq və təslim olmağa məcbur etmək üçün, o, bu dünyadakı boş həyatdan istifadə etmək istəyir. Romalılara 8:35-39 ayələrində deyilənlərə tam əmin olaq: “Bizi Məsihin məhəbbətindən kim məhrum edəcək? Qəm-qüssəmi, sıxıntımı, tə’qiblərmi, aclıqmı, üryanlıqmı, təhlükəmi, qılıncmı? [...] Amma bizi Sevənin qüdrəti ilə bütün bunlara tamamilə qalib gəlirik. Çünki mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır”. Yehovaya bel bağlamağa dair necə də gözəl fikirdir! Bu cür bel bağlama — sadəcə hissdən daha artıqdır. Bu, gündəlik həyatımızda qəbul etdiyimiz düşüncəli qərarlarla əlaqəlidir. Buna görə də gəlin, sıxıntılı anlarımızda bütünlüklə Yehovaya bel bağlamağa tam qətiyyətli olaq.

[Haşiyələr]

a ABŞ-ın Sikkəxanasına ünvanlanan 1681-ci il 20 noyabr tarixli məktubunda Maliyyə naziri Salmon Çeyz yazırdı: “Heç bir xalq Allahdan qüvvə almadan qüvvətli ola bilməz, Onun müdafiəsi altında olmadan təhlükəsiz ola bilməz. Xalqımızın Allaha bel bağlaması bizim pulların üzərində əks olunmalıdır”. Nəticədə, 1864-cü ildə dövriyyəyə buraxılan pulların üzərində “Allaha güvənirik” şüarı peyda oldu.

b Burada xatırlanan “qayğısına qalmayın” ifadəsi “sevincdən tamamilə məhrum edən həyəcanlı qorxu” kimi müəyyən edilir. Bu cür ifadə onu nəzərdə tuta bilər ki, biz narahat olmağa və ya qayğı çəkməyə başlamalı deyilik. Lakin bir arayış kitabçasına əsasən, “yunan fe’li əmr formasında durduğu üçün, artıq müəyyən müddət davam edən hərəkəti dayandırmaq əmrini bildirir”.

c Həmin səkkiz məsləhət aşağıda sadalanır: 1) təlaşa düşmə, 2) müsbət nöqteyi-nəzəri qoruyub saxla, 3) yeni iş növlərində qüvvəni sınamağa qorxma, 4) imkanına görə yaşa və başqaları ilə bəhs etmə, 5) borc alarkən ehtiyatlı ol, 6) ailə birliyini qoru, 7) özünə hörmət hissini itirmə və 8) büdcə yarat.

d Müqəddəs Kitaba əsaslanan bu jurnallar, bu məsələnin hər bir kəsin şəxsi işi olduğunu e’tiraf edərək, heç bir müalicə növünü dəstəkləmir. Hər hansı bir xəstəlikləri və pozuntuları nəzərdən keçirən məqalələr, oxuculara hazırkı vaxt üçün mə’lum olan faktları çatdırmaq üçün müəyyən olunub.

Xatırlaya bilərsinizmi?

• İqtisadi çətinlik çəkərkən Yehovaya bel bağladığımızı necə göstərə bilərik?

• Sağlamlığımız bizi narahat edən zaman Yehovaya necə güvənə bilərik?

• Cismani zəifliyimizlə mübarizə aparanda Yehovaya həqiqətən də bel bağladığımızı necə göstərə bilərik?

[29-cu səhifədəki çərçivə]

Bu məqalələri xatırlayırsanmı?

Sağlamlığımız narahat edəndə, müxtəlif xəstəliklərin öhdəsindən müvəffəqiyyətlə gələn insanlar haqqında oxuyaraq təsəlli tapa bilərik. Aşağıda “Gözətçi Qülləsi” və “Oyanın!” (rus.) jurnallarında dərc olunmuş bir neçə məqaləyə istinad edilir.

“Bə’ziləri mənfi emosiyaların öhdəsindən necə gəlməyin üsulunu öyrəndilər” (“Oyanın!”, 1992-ci il 8 noyabr sayı).

“Mən zəif olduğum zaman, qüvvətliyəm” adlı məqalədə, oynaq revmatizmi xəstəliyindən əziyyət çəkən qadın haqqında danışılırdı (“Oyanın!”, 1997-ci il 22 yanvar sayı).

“Sabah nə baş verəcəyini bilmirsiniz” adlı məqalədə ikiqütblü pozulma xəstəliyi təsvir olunur (“Gözətçi Qülləsi”, 2000-ci il 1 dekabr sayı).

“Sükut əsarətindən qurtuluş” adlı məqalədə beyinin zədələnməsi nəticəsində törənmiş iflic xəstəliyinə tutulmuş Loidadan danışılır (“Oyanın!”, 2000-ci il 8 may sayı).

“Endometriozla mübarizəm” (“Oyanın!”, 2000-ci il 22 iyul sayı).

“Məqsədyönlülük təslim olmamağa kömək edir” adlı məqalədə qırtlağında xərçəng xəstəliyi olan və iflicə tutulmuş adam haqqında bəhs edilir (“Oyanın!”, 2001-ci il 22 yanvar sayı).

“Sklerodermiya ilə mübarizə aparıram” (“Oyanın!”, 2001-ci il 8 avqust sayı).

“Doğumdan sonrakı depressiya ilə apardığım mübarizə” (“Oyanın!”, 2002-ci il 22 iyul sayı).

[32-ci səhifədəki şəkil]

İşsiz qalarkən həyat tərzimizi yenidən nəzərdən keçirmək müdriklik olardı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş