E’tibar etmədən xoşbəxt olmaq mümkün deyil
QİDADAN zəhərlənmə bir çox xoşagəlməz hisslərə səbəb olur. Və əgər bu təkrar-təkrar baş verirsə, bu zaman qida seçimində daha ehtiyatlı olmaq lazım gəlir. Amma, yəqin ki, zəhərlənməkdən qorxaraq, heç kim qidadan tamamilə imtina etməz, çünki bu, daha çox problemlərə gətirib çıxarar. Qidasız heç kim çox yaşaya bilməz.
Buna bənzər şəkildə, kiminsə e’tibarını doğrultmamaq da çox əzabvericidir. Əgər bizə qarşı təkrar-təkrar xəyanət edirlərsə, yəqin ki, biz dost və tanışların seçimində daha diqqətli oluruq. Bununla belə, xəyanətdən ehtiyat edərək özümüzü insanlardan təcrid etmək heç də çıxış yolu deyil. Nəyə görə? Ona görə ki, başqalarına e’tibar etməməklə özümüzü xoşbəxtlikdən məhrum edirik. Həyatdan məmnunluq əldə etmək üçün, biz qarşılıqlı e’tibar üzərində qurulmuş münasibətlərə ehtiyac duyuruq.
Bir kitabda qeyd edilir: “Ətrafdakılarla gündəlik ünsiyyətimiz xoş olsun deyə, hər şeydən əlavə e’tibar zəruridir” (“Jugend 2002”). “Noye Sürxer Saytunq” qəzetində isə deyilir: “E’tibar qazanmağı hər kəs istəyir”. “E’tibar həyatın keyfiyyətini” o dərəcədə “yaxşılaşdırır ki, onsuz yaşamaq sadəcə olaraq mümkün deyil”. Bəli, qəzetdə daha sonra deyildiyi kimi, “insan e’tibarsız sadəcə keçinə bilməz”.
Biz kiməsə e’tibar etmək tələbatı ilə yaradıldığımız üçün belə bir sual yaranır: xəyanətdən qorxmadan kimə e’tibar etmək olar?
Bütün ürəyinlə Yehovaya e’tibar et
Müqəddəs Kitabda deyilir: “Bütün ürəyinlə Yehovaya e’tibar et” (Süleymanın məsəlləri 3:5, YD). Allahın Kəlamı bizi dəfələrlə Yaradanımız Yehova Allaha e’tibar etməyə təşviq edir.
Nəyə görə Allaha e’tibar etmək olar? Birincisi, ona görə ki, Yehova müqəddəs Allahdır. İşaya peyğəmbər yazmışdır: “Orduların Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir” (İşaya 6:3). Məgər müqəddəslik haqqındakı fikir sizi cəlb etmirmi? Əslində bu sizi cəlb etməlidir, çünki Yehovanın müqəddəsliyi Onun pak, həmişə düzgün davranan və tam e’tibarlı olduğunu göstərir. O, heç vaxt pis və ya amansız davranmaz və bizim e’tibarımızı aldatmaz.
İkincisi, Allaha ona görə e’tibar etmək olar ki, O, Öz xidmətçilərinə kömək etməyə həm qadirdir, həm də O, bunu etmək arzusundadır. Misal üçün, O, Özünün hədsiz gücü sayəsində nə isə etməyə qadirdir. O, mükəmməl ədalət və müdrikliklə hərəkət edir. Onun misilsiz məhəbbəti isə Onu hərəkətə təşviq edir. Həvari Yəhya yazmışdır: “Allah məhəbbətdir” (1 Yəhya 4:8). Allahın məhəbbəti Onun bütün işlərində təzahür olunur. Yehova ən yaxşı Atadır, çünki O müqəddəsdir və Onun çoxlu başqa gözəl xüsusiyyətləri var. Ona tamamilə e’tibar etmək olar. Heç nə və heç kim Yehova qədər e’tibara layiq ola bilməz.
Yehovaya e’tibar edin və xoşbəxt olun
Yehovaya e’tibar etmək, həmçinin ona görə müdriklikdir ki, O, bizi hamıdan daha yaxşı başa düşür. O, hər bir insanın Yaradanla möhkəm, davamlı və e’tibarlı münasibətə ehtiyacı olduğunu bilir. Bu cür münasibətlərə malik olan kəslər özlərini daha təhlükəsiz hiss edirlər. Davud padşah demişdir: “Nə xoşbəxtdir o adam ki, güvəndiyi Rəbdir” (Məzmur 40:4). Bu gün milyonlarla insanlar Davudun fikrinə tamamilə şərikdirlər.
Bir neçə nümunəni nəzərdən keçirək. Doris Dominikan respublikasında, Almaniyada, Yunanıstanda və Birləşmiş Ştatlarda yaşamışdır. O deyir: “Mən çox xoşbəxtəm ki, Yehovaya e’tibar edirəm. O, mənim fiziki, ruhani və emosional ehtiyaclarımın qayğısına necə qalmağı bilir. Ondan yaxşı dost yoxdur”. Volfqanq adlı hüquq məsləhətçisi belə deyir: “Sənin qayğına qalan, sənin üçün hər şeyin yaxşısını etməyi bacaran, üstəlik bunu etmək arzusunda olan kəsə güvənmək necə də gözəldir!” Asiyada doğulmuş, indi isə Avropada yaşayan Ham adlı bir nəfər deyir: “Mən əminəm ki, hər şey Yehovanın əlindədir və O, səhvə yol vermir, Ona güvənə bildiyim üçün çox şadam”.
Əlbəttə, bizlərdən hər birimizin yalnız Yaradana deyil, eləcə də insanlara e’tibar etməyə ehtiyacı var. Bu səbəbdən, Yehova, müdrik və təcrübəli dost kimi, kimə e’tibar etməli olduğumuza dair məsləhətlər verir. Müqəddəs Kitabı diqqətlə oxuyaraq, biz bu məsləhətləri özümüz üçün qeyd edə bilərik.
E’tibar edə biləcəyimiz insanlar
Məzmurçu yazmışdır: “Əmirlərə və qurtarışı olmayan insan oğluna güvənməyin” (Məzmur 146:3). Allahdan ilham almış bu sözlər bir çox insanların bizim e’tibarımıza layiq olmadıqlarını başa düşməyə kömək edir. Bu dünyanın “əmirləri”, məsələn, biliyin və yaradıcılığın müəyyən sahələri üzrə mütəxəssislər yüksək hörmət sahibidirlər. Lakin bu heç də o demək deyil ki, onlara hər şeydə e’tibar etmək olar. Çox vaxt onların məsləhətləri səhv olur, bu “əmirlərə” edilən e’tibar isə mə’yusluğa gətirib çıxara bilər.
Əlbəttə ki, buna görə biz hər kəsə e’tibarsızlıqla yanaşmamalıyıq. Ancaq seçici olmadan hamıya e’tibar etmək də lazım deyil. E’tibarlı insanlar seçərkən nəyi əsas tutmalıyıq? Bu işdə bizə qədim israillilərin tarixindən olan bir hadisə kömək edə bilər. İsraildə bir neçə kişini olduqca məs’uliyyətli vəzifələrə tə’yin etmək zərurəti yarandıqda, Musa “bütün xalqın arasından, Allahdan qorxan qabiliyyətli adamları, pis qazancdan nifrət edən həqiqət adamlarını” seçmək məsləhəti aldı (Çıxış 18:21). Biz bu hadisədən nə öyrənə bilərik?
Bu kişilər hələ məs’uliyyətli vəzifələrə tə’yin olunmamışdan qabaq Allaha məqbul müəyyən xüsusiyyətləri əks etdirirdilər. Onlar Allahdan qorxduqlarını, Yaradana hörmət etdiklərini və Onu kədərləndirməkdən qorxduqlarını sübut etdilər. Hamı aydın şəkildə görürdü ki, bu kişilər Allahın normalarına əməl etmək üçün əllərindən gələn hər bir şeyi edirlər. Pis qazanca nifrət etmələri onların mə’nəvi cəhətdən möhkəmliklərini bildirirdi, bu isə o demək idi ki, hakimiyyət onları yoldan çıxarmazdı. Onlar insanların e’tibarından özlərinin, qohumlarının və ya dostlarının mənafeyi naminə istifadə etməzdilər.
Kimə isə e’tibar etməyi qərara alarkən, bu prinsiplərə əməl etməyimiz müdriklik olmazdımı? Biz elə adamlar tanıyırıqmı ki, onların hərəkətləri Allahdan qorxduqlarını göstərsin? Onlar Allahın davranış normalarına riayət etməyə qəti qərarlıdırlarmı? Onlar hər zaman ədalətli davranacaq və hər bir şeydə öz mənfəətlərini güdməyə can atmayacaq dərəcədə düzgün insanlardırmı? Bu cür keyfiyyətlər əks etdirən kişi və qadınlar, şübhəsiz ki, bizim e’tibarımıza layiqdirlər.
Bu nədir: zəifliyin təzahürü, yoxsa xainlik?
Kimə isə e’tibar etməyi qərarlaşdırarkən səbirli olmaq vacibdir, çünki e’tibar birdən-birə yaranmır. Kiməsə e’tibar etməyi tədricən, addımbaaddım öyrənmək müdrikliyin təzahürüdür. Bunu necə etmək olar? Bir müddət insanın müəyyən vəziyyətlərdə özünü necə apardığını müşahidə etmək olar. O, kiçik məsələlərdə e’tibarlıdırmı? Məsələn, borc götürdüyü şeyi vaxtında qaytarırmı və son dərəcə dəqiqdirmi? Əgər elədirsə, onda biz, yəqin ki, ona daha ciddi məsələlərdə də e’tibar etməyi lazım biləcəyik. Bu, “ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir” prinsipinə uyğun gəlir (Luka 16:10). Seçici və səbirli olmağımız bizə böyük mə’yusluqdan qaçınmağa kömək edə bilər.
Əgər kimsə bizim e’tibarımızı doğrultmamışsa, bəs onda necə? Müqəddəs Kitabla tanış olanlar xatırlayacaqlar ki, İsa Məsihin həvariləri o, həbs olunan gecə öz müəllimlərini pis vəziyyətdə qoydular. Yəhuda İskaryot onu ələ verdi, qalanları isə qorxu içində qaçdılar. Peter, hətta İsanı üç dəfə inkar etdi. Lakin İsa görürdü ki, yalnız Yəhuda bilərəkdən hərəkət edir. Bu qədər vacib bir anda tərk edilməsi İsaya mane olmadı ki, cəmi bir neçə həftə sonra qalan 11 həvarisini onlara e’tibar etdiyinə əmin etsin (Matta 26:45-47, 56, 69-75; 28:16-20). Eynilə əgər bizə də elə gəlirsə ki, e’tibar etdiyimiz adam bizə xəyanət edib, bu məsələyə aydınlıq gətirmək yaxşı olardı: fərz edilən xəyanət insanın e’tibarsızlığını sübut edir, yoxsa sadəcə olaraq müvəqqəti cismani zəifliyin təzahürü olmuşdur?
Mənə e’tibar etmək olarmı?
E’tibar edə biləcəyi adamı seçərkən daha ehtiyatla davranmaq istəyən insan vicdanla özündən soruşmalıdır: “Mənə e’tibar etmək olarmı? Mən özümə və başqalarına qarşı hansı məntiqə uyğun tələbləri irəli sürməliyəm?”
Şübhəsiz ki, e’tibara layiq adam həmişə həqiqəti danışır (Efeslilərə 4:25). O, özünə sərfəli olan zaman birinə bir şey, başqalarına isə başqa şey demir. Və əgər üzərinə məs’uliyyət götürürsə, öz və’dini yerinə yetirmək üçün əlindən gələni edir (Matta 5:37). Kimsə ona nə isə şəxsi bir şeyini e’tibar etdikdə, e’tibarlı adam bunu sirr olaraq saxlayır və qeybət etmir. E’tibara layiq adam həyat yoldaşına sadiqdir. O, pornoqrafiyaya tamaşa etmir, seksual fantaziyalar qurmur və eşqbazlıq etmir (Matta 5:27, 28). E’tibara layiq olan adam özünü və ailəsini tə’min etmək üçün sə’ylə çalışır və başqalarının hesabına yüngül qazanc əldə etməyə can atmır (1 Timoteyə 5:8). Sağlam düşüncəmizin bizə diktə etdiyi və Müqəddəs Yazılara əsaslanan bu tələbləri nəzərə alaraq, biz e’tibar edə biləcəyimiz adamları tapa bilərik. Bundan əlavə, biz özümüz bu tələblərə riayət etməklə, başqalarının e’tibarına layiq ola bilərik.
Hər kəsə e’tibar edə biləcəyimiz və kiminsə e’tibarımızı doğrultmadığı üçün yaranan mə’yusluğun arxada qalacağı bir dünyada yaşamaq necə də gözəl olardı! Bu sadəcə arzudurmu? Bu, yalnız Müqəddəs Kitabın və’dlərinə ciddi yanaşanlar üçün arzu deyil. Allahın Kəlamında yalanın, kələyin və haqsızlığın, həmçinin kədərin, xəstəliyin və hətta ölümün olmayacağı gözəl “yeni yer” haqqında deyilir! (2 Peter 3:13; Məzmur 37:11, 29; Vəhy 21:3-5). Məgər bu gələcək haqqında daha çox öyrənməyə dəyməzmi? Yehovanın Şahidləri sizə bu haqda və digər həyati vacib biliklər verməyə şad olacaqlar.
[4-cü səhifədəki şəkil]
E’tibarsızlıq bizi xoşbəxtlikdən məhrum edir.
[5-ci səhifədəki şəkil]
Yehova bizim e’tibarımıza hamıdan çox layiqdir.
[7-ci səhifədəki şəkillər]
Bizlərdən hər birimizin qarşılıqlı e’tibar üzərində qurulmuş münasibətlərə ehtiyacı var.