Öz ruhani tələbatlarını necə tə’min edə bilərsən?
“SON on il ərzində kitab mağazalarının rəfləri — “İsa baş direktor kimi” adlı kitabdan tutmuş, “Rəhbərin Daosu” kitabına qədər — 300-dən çox kitab adları ilə rəngarəngdir” deyə, “Yunayted Steyts nyus end uorld riport” jurnalında qeyd olunur. Bu vəziyyət sadəcə olaraq ona şəhadət edir ki, bir çox çiçəklənən ölkələrdə insanlar həyatlarında daha çox ruhani rəhbərlik almaq istəyirlər. Bir işgüzar jurnalın bu məsələyə dair şərhində qeyd olunurdu: “Həyatımızın hər bir sahəsini texnologiyanın idarə etdiyi bir dövrdə, biz həyatın mə’nasını, məqsədini daha dərindən başa düşməyə və məmnunluq hissi əldə etməyə can atırıq” (“Training & Development”).
Bəs məmnunedici ruhani rəhbərliyi haradan tapmaq olar? Keçmişdə insanlar “həyatın mə’nasını daha dərindən başa düşməyə” çalışaraq kömək almaq məqsədilə dinə müraciət edirdilər. Bu gün çoxları dini inkar edir. “Training & Development” jurnalına əsasən, 90 nəfər administrator və vəzifəli şəxslər arasında keçirilən sorğu göstərmişdir ki, “insanlar dinlə ruhanilik arasında aydın fərq qoyurlar”. Sorğunun iştirakçıları dini — “dözümsüzlük və ədavətlə”, ruhaniliyi isə “ümumilik və həmrə’yliklə” əlaqələndirirdilər.
Dinin məşhur hesab olunmadığı Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Avropa kimi ölkələrdə bir çox gənc oğlan və qızlar da həmçinin hesab edirlər ki, din və ruhanilik fərqli şeylərdir. Professor Rut Uebber iddia edir: “Gənc oğlan və qızların əksəriyyəti Allaha və ya fövqəltəbii qüvvəyə inanırlar, lakin onlar kilsənin vacib olduğunu və ya onlara ruhani tələbatlarını gerçəkləşdirməkdə kömək etməyə qadir olduğunu düşünmürlər” (“Youth Studies Australia”).
Həqiqi din ruhaniliyə kömək edir
Dinə qarşı bu cür şübhəli münasibət tamamilə aydındır. Bir çox dini təşkilatlar əxlaq məsələsində siyasi intriqalar və ikiüzlülük çirkabına qərq olmuş, həmçinin özlərini əslində dinin səbəb olduğu saysız-hesabsız müharibə qurbanlarının qanı ilə ləkələmişlər. Lakin bə’ziləri ikiüzlülük və yalan içində batıb qalmış dini inkar etməklə, Müqəddəs Kitabın bu cür hərəkətləri dəstəklədiyini güman edərək, onu da inkar etməklə səhvə yol verirlər.
Əslində isə Müqəddəs Kitab ikiüzlülüyü və fəsadı mühakimə edir. İsa öz günlərinin din rəhbərlərinə demişdir: “Vay halınıza, din alimləri və fəriseylər, ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: çölü gözəl görünür, içi isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də beləcə insanlara zahirən saleh görünürsünüz, daxilən isə ikiüzlülük və fəsadla dolusunuz” (Matta 23:27, 28).
Bundan əlavə, Müqəddəs Kitab məsihçiləri bütün siyasi işlərdə bitərəfliyi qorumağa təşviq edir. Müqəddəs Kitab imanlıları bir-birlərini öldürməyə təşviq etmək əvəzinə, bir-birləri uğrunda ölməyə hazır olmağı buyurur (Yəhya 15:12, 13; 18:36; 1 Yəhya 3:10-12). Müqəddəs Kitaba əsaslanan həqiqi din “dözümsüzlük və ədavət” toxumu səpmir, əksinə, “birliyin” olmasına kömək edir. Həvari Peter demişdir: “Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35).
Müqəddəs Kitab ruhani sağlamlıq qazanmağa kömək edir
Müqəddəs Kitabda deyilir ki, insanlar Allahın bənzərində yaradılıb (Təkvin 1:26, 27). Bu, onların zahirən Allaha bənzədikləri demək deyil, bu o deməkdir ki, onlar ruhani şeylərə, yə’ni ruhaniliyə qarşı meyli də daxil etməklə, Allahın keyfiyyətlərini əks etdirə bilərlər.
Əgər bu belədirsə, onda Allahın bizim ruhani tələbatlarımızı ödəmək üçün vasitə, həmçinin faydalı şeyləri ruhani vəziyyətimiz üçün zərərli olan şeylərdən ayırd edə bilməmiz üçün lazımi rəhbərlik təqdim edəcəyini düşünmək məntiqidir. Allah bizi xəstəliklərlə mübarizə aparan və sağlamlığımızı qorumaqda bizə kömək edən gözəl immun sistemi ilə yaratdığı kimi, eləcə də O, bizə düzgün qərarlar qəbul etməyə və bizim fiziki və ya ruhani sağlamlığımıza zərər gətirən hərəkətlərdən qaçınmağa kömək edən vicdan, yə’ni daxili səs vermişdir (Romalılara 2:14, 15). Mə’lumdur ki, immun sistemimizin işləməsi üçün düzgün şəkildə qidalanmaq lazımdır. Bunun kimi vicdanı da keyfiyyətli ruhani qida ilə tə’min etmək lazımdır.
İsa bizim ruhani sağlamlığımız üçün faydalı olan qida haqqında belə demişdir: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Yehovanın sözləri Müqəddəs Kitabda yazılmışdır və onlar “tə’lim, təkzib, islah... üçün faydalıdır” (2 Timoteyə 3:16). Bizə isə bu ruhani qidanı yalnız götürmək qalır. Biz, Müqəddəs Kitabı nə qədər dərindən başa düşür və onun prinsiplərini həyatımıza keçiririksə, bir o qədər də həm ruhani, həm də fiziki cəhətdən müvəffəqiyyət əldə etmiş oluruq (İşaya 48:17, 18).
Sə’y göstərməyə dəyərmi?
Doğrudur, Müqəddəs Kitabı öyrənərək ruhani sağlamlığımızı yaxşılaşdırmaq üçün vaxt tələb olunur, vaxt isə bu gün faciəvi surətdə çatışmır. Ancaq nəticə göstərilən sə’yə dəyər! Gəlin, çox məşğul olan bir neçə sənət adamının sözlərinə diqqət yetirək, onlar öz ruhani sağlamlıqlarına qayğı göstərmək üçün vaxt ayırmağı nəyə görə vacib saydıqlarını izah edirlər.
Marina (həkim) deyir: “Mən xəstəxanada işləməyə başlayıb, başqalarının ağrılarını duymayınca, öz ruhani vəziyyətim barədə heç vaxt düşünmürdüm. Mən o zaman anladım ki, əmin-amanlıq duymaq üçün, mənə öz ruhani tələbatlarımı e’tiraf etmək və onları ödəmək lazımdır. Çünki həyat ritmi və daima başqalarına qayğı göstərmək zərurəti, bizim sənətin adamlarını ruhdan sala bilər.
İndi mən Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənirəm. Öyrənmə mənə öz hərəkət və məqsədlərimi səmərəli surətdə analiz etməyə kömək edir və daha çox müsbət cəhətdən düşünməyə öyrədir, bu səbəbdən mən həyata olan tarazlı nöqteyi-nəzəri qoruyub saxlaya bilirəm. Mən öz işimdən çox məmnunam. Ancaq mənim emosional vəziyyətim Müqəddəs Kitabı öyrənməyin sayəsində yaxşılaşıb, o mənə mənfi hisslərimi cilovlamağı, gərginliyin öhdəsindən gəlməyi və insanlara qarşı daha səbirli və şəfqətli olmağı öyrətdi. Müqəddəs Kitab prinsiplərinə riayət etməyim, mənə ailə həyatımda da kömək edir. Ən vacibi isə odur ki, mən Yehovanı tanıyır və həmişə Onun ruhunun tə’sirini hiss edirəm, bu isə mənim həyatımı daha da mə’nalı edir”.
Nikolas (mühəndis) deyir: “Mən Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməzdən əvvəl ruhani şeylərə maraq göstərmirdim. Mən həyatda yalnız bir şey — müvəffəqiyyətli karyera qurmaq istəyirdim. Müqəddəs Kitabı öyrənməyin sayəsində gördüm ki, həyatın mə’nası yalnız bundan ibarət deyil və Yehovanın iradəsini yerinə yetirmək əsl və sonsuz xoşbəxtlik gətirir.
Sənətim, sözsüz ki, mənə özümü xoşbəxt hiss etməyimə kömək edir, lakin əsas diqqəti ruhani şeylərə ayıraraq, sadə həyat sürməyin vacibliyini mənə yalnız Müqəddəs Kitab öyrətdi. Bu prinsipi tətbiq edərək, arvadımla mən var-dövlət hərisliyinin gətirdiyi mə’yusluqdan qaçınmışıq. Həyata bizim kimi ruhani nöqteyi-nəzərlə baxan insanlarla ünsiyyət etməklə, biz çoxlu əsl dostlar qazanmışıq”.
Vinsent (vəkil) söyləyir: “Müvəffəqiyyətli karyera müəyyən dərəcədə xoşbəxtlik gətirə bilər. Lakin mən aşkar elədim ki, tam xoşbəxtlik və məmnunluq üçün bu kifayət deyil. Yadımdadır ki, xoşbəxtlik haqqında Müqəddəs Kitabda nə deyildiyini öyrənməzdən əvvəl, həyatın tam mə’nasızlığından çaşıb qalmışdım: insan doğulur, böyüyür, ailə qurur, uşaqlarını tə’min etmək üçün işləyir, onlar da onun həyatını eynilə təkrar eləsinlər deyə, onlara tərbiyə verir və nəhayət qocalır və ölür.
Yalnız Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməklə, mən həyatın mə’nası haqqında suallarıma cavab aldım. Mən öyrənmənin vasitəsilə Yehovanı bir şəxsiyyət kimi tanıdım və məndə Ona qarşı dərin məhəbbət hissi oyandı. Bunun sayəsində mən Allahın iradəsinə uyğun yaşamağa sə’y göstərərək, dünyaya olan sağlam ruhani nöqteyi-nəzərimi qoruyub saxlaya bilirəm. Həyat yoldaşımla mən tam mə’nada şüurlu həyat sürdüyümüz üçün məmnunluq duyuruq”.
Müqəddəs Kitabı öyrənməklə siz də həyatın mə’nasını dərk edə biləcəksiniz. Yehovanın Şahidləri sizə kömək etməyə şad olacaqlar. Əgər Yehova haqqında və Onun bütün bəşəriyyət üçün və şəxsən sizin üçün olan niyyətləri haqqında öyrənsəniz, Marina, Nikolas və Vinsent kimi, siz də məmnunluq duyacaqsınız. Siz ruhani tələbatlarınızın ödənildiyi üçün nəinki indi sevinc hissi duyacaq, həmçinin mükəmməl sağlamlığa malik olmaq şərtilə yer üzündə əbədi və xoşbəxt yaşamaq ümidinə malik olacaqsınız. Bu ümid yalnız öz “ruhani tələbatlarını dərk edənlər”ə verilir (Matta 5:3, YD).
[6-cı səhifədəki şəkillər]
Marina
[7-ci səhifədəki şəkillər]
Nikolas
[7-ci səhifədəki şəkillər]
Vinsent