Ruhani şeylərə meyil və sizin rifahınız
EHTİMAL Kİ, siz fiziki sağlamlığınıza kifayət qədər vaxt ayırırsınız. Yəqin ki, hər gün səkkiz saata yaxın yatır, bir neçə saat yemək hazırlamağa və qidalanmağa sərf edir, həmçinin özünüzü mənzil və qida ilə tə’min etmək üçün gündə səkkiz saat və ya daha artıq işləyirsiniz. Xəstələndikdə, ola bilsin, həkimə getmək və ya ev şəraitində müalicə olunmaq üçün vaxt və vəsait sərf edirsiniz. Mənzilinizi yığışdırır, yuyunur və ehtimal ki, hətta idmanla məşğul olursunuz — bütün bunların hamısı yaxşı sağlamlığı qoruyub saxlamaq naminə edilir.
Lakin yaxşı sağlamlıq yalnız fiziki tələbatların ödənilməsindən asılı deyil. Sağlamlığınızda vacib rol oynayan bir şey də vardır. Tibbi araşdırmalar göstərmişdir ki, fiziki sağlamlıq birbaşa ruhani sağlamlıqdan, yə’ni insanın ruhaniliyindən asılıdır.
Sıx əlaqə
Melburn Universitetinin (Avstraliya) professoru Hedli Piç deyir: “Bu məsələnin müzakirə olunduğu araşdırma işlərinin əksəriyyətində yüksək ruhaniliklə yaxşı sağlamlıq arasında sıx əlaqə müşahidə olunur”. Bu araşdırmalarla əlaqədar “Avstraliyanın tibb jurnalı”nda deyilirdi: “Dindar insanlar da... zəif qan təzyiqi, xolesterin dərəcəsi... və hətta yoğun bağırsaqda xərçəng xəstəliyinin əmələ gəlməsi təhlükəsi ilə qarşılaşırlar”.
Buna bənzər tərzdə, 2002-ci ildə Berklidəki Kaliforniya Universiteti tərəfindən keçirilən 6 545 amerikalının müayinəsi zamanı aşkar olmuşdur ki, “ölüm təhlükəsi həftədə bir dəfə dini xidmətlərdə iştirak edən kəslərdə bu cür xidmətlərdə daha az və ya ümumiyyətlə iştirak etməyənlərdən əhəmiyyətli dərəcədə az olur”. Müayinələrə rəhbərlik edən və Berklidəki Kaliforniya Universitetinin səhiyyə fakultəsində müəllim işləyən Daq Oman demişdir: “Sosial əlaqələrə, siqaret çəkməyi və idmanla məşğul olmağı da daxil etməklə, sağlamlığa tə’sir edən vərdişlərin olub-olmaması kimi amillərə düzəliş edilsə belə, bu fərq olduğu kimi qalmaqdadır”.
Dünyaya ruhani nöqteyi-nəzərlə baxanların həyatlarındakı əlavə müsbət cəhətlər barədə “Avstraliyanın tibb jurnalı”nda deyilir: “Avstraliyada aparılan tədqiqatlar göstərmişdir ki, dindar adamların nikahları daha möhkəm olur, spirtli içkilərdən və narkotikdən sui-istifadə, sui-qəsd halları çox az və ona qarşı münasibət olduqca mənfi olur, narahatçılıq və depressiya halları az və alturizm (başqalarına təmənnasız yardım etməyə hazır olma) isə yüksəkdir”. Bundan əlavə “Britaniya tibb jurnalı”nda deyilir: “Daha möhkəm imana malik olan insanlar əziz adamın ölümündən sonra qəm-qüssənin öhdəsindən, sanki daha tez və yaxşı gəlirlər, nəinki imana malik olmayanlar”.
Əsl ruhaniliyin nə olduğuna dair müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Bununla belə ruhani vəziyyət fiziki və ruhi sağlamlığa tə’sir göstərir. Bu, təxminən 2000 il bundan əvvəl İsa Məsihin dediyi sözlərə uyğun gəlir. O demişdir: “Özlərinin ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər” (Matta 5:3, YD). Sağlamlıq və xoşbəxtlik insanın ruhani vəziyyətilə müəyyən edildiyi üçün, suallar yaranır: “E’tibarlı ruhani rəhbərliyi haradan tapmaq olar? Və ruhani insan olmaq nə deməkdir?”