“Xidmətini tam şəkildə icra et”
“Xidmətini tam şəkildə icra et” (2 TİMOTEYƏ 4:5).
1, 2. Bütün məsihçilər müjdəçi olsalar da, Müqəddəs Kitaba əsasən ağsaqqallardan nə gözlənilir?
ƏGƏR sən Padşahlığın təbliğçisisənsə, bu gözəl üstünlüyə görə Yehova Allaha minnətdarlıq et. Yığıncaqda ağsaqqalsansa, sənə daha böyük məs’uliyyət həvalə edilib. Lakin biz heç zaman unutmalı deyilik ki, bizi xidmətə və ya yığıncaqdakı nəzarət işinə yararlı edən dünyəvi təhsil və ya gözəl danışıq qabiliyyəti deyil. Bizi müqəddəs xidmətə yararlı edən Yehovadır və kişilərdən kim isə yalnız Müqəddəs Kitab tələblərinə müvafiq olduqları üçün yığıncaqda nəzarətçi kimi xidmət edirlər (2 Korinflilərə 3:5, 6; 1 Timoteyə 3:1-7).
2 Allaha həsr olunmuş bütün məsihçilər müjdəçi işi ilə məşğul olurlar, lakin xidmətdə xüsusilə nəzarətçilər, yə’ni ağsaqqallar yaxşı nümunə olmalıdırlar. “Təbliğ və tə’lim işində zəhmət çəkən” ağsaqqallara Yehova, Məsih, eləcə də həmimanlıları diqqət yetirirlər (1 Timoteyə 5:17; Efeslilərə 5:23; İbranilərə 6:10-12). Ağsaqqal hər bir şəraitdə ruhən sağlam tə’lim verməlidir. Bunu həvari Pavelin ağsaqqal Timoteyə söylədiyi sözlərindən görmək olar: “Vaxt olacaqdır ki, sağlam tə’limə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar. Və öz qulaqlarını həqiqətdən uzaqlaşdırıb, əfsanələrə meyl göstərəcəklər. Fəqət sən, hər şeydə ayıq dur, əziyyətə qatlaş, müjdəçi işini yerinə yetir, öz xidmətini tam şəkildə icra et” (2 Timoteyə 4:3-5).
3. Yalan tə’limlərin yığıncağa ruhən zərər gətirməməsi üçün nə etmək zəruridir?
3 Yalan tə’limlər yığıncağa ruhani zərər gətirməsin deyə, ağsaqqal həvari Pavelin nəsihətinə riayət etməlidirlər: “Sən hər vəziyyətdə ayıq dur... öz xidmətini tam şəkildə icra et” (2 Timoteyə 4:5). Beləliklə, ağsaqqaldan öz xidmətini “tam şəkildə icra etmək” gözlənilir. O, xidmətini əsaslı surətdə, dəqiqliklə, büsbütün icra etməlidir. Öz xidmətini tam şəkildə icra edən ağsaqqal, heç bir işi öz axarına buraxmadan, bütün vəzifələrinə lazımi diqqət ayıraraq hər şeyi başa çatdırır. Bu cür insan hətta ən balaca işdə belə sadiqdir (Luka 12:48; 16:10).
4. Xidmətimizi tam şəkildə icra etməkdə bizə nə kömək edəcək?
4 Xidməti tam şəkildə icra etmək üçün həmişə çox vaxt tələb olunmur: başlıcası vaxtdan səmərəli surətdə istifadə etməkdir. Sabit olmağın sayəsində, hər bir məsihçinin xidməti səmərəli ola bilər. Təbliğ xidmətinə çox vaxt ayırmaq üçün, ağsaqqala öz gününü tarazlaşmış surətdə planlaşdırmaq, həmçinin hansı məs’uliyyətləri başqaları ilə bölüşmək və bunu necə etməyin yolunu bilmək lazımdır (İbranilərə 13:17). Təbiidir ki, yığıncaqda hörmət qazanmış ağsaqqal, Yerusəlimin divarlarının yenidən ucaldılmasında şəxsən iştirak edən Nehemyaya bənzər tərzdə, yığıncaqda öz payına düşən işi yerinə yetirəcəkdir (Nehemya 5:16). Yehovanın bütün xidmətçilərinə də Padşahlıq haqqındakı təbliğ işində müntəzəm olaraq iştirak etmək lazımdır (1 Korinflilərə 9:16-18).
5. Biz xidmətimizə necə yanaşmalıyıq?
5 Bizə həvalə edilmiş tapşırığı — tə’sis edilmiş səmavi Padşahlıq haqqında e’lan etmək tapşırığını yerinə yetirmək necə də sevindiricidir! Sözsüz ki, son gələnə qədər xoş xəbərin bütün dünyada təbliğində iştirak etmək üstünlüyünü qiymətləndiririk (Matta 24:14). Qeyri-kamil olmağımıza baxmayaraq, Pavelin sözlərindən təsəlli əldə edə bilərik: “Bu sərvəti saxsı qablarda saxlayırıq ki, ən üstün qüdrət bizə yox, Allaha aid olsun” (2 Korinflilərə 4:7). Gördüyümüz kimi, Allaha məqbul olan xidməti yalnız Onun verdiyi qüvvə və müdrikliyin köməyi ilə icra etmək mümkündür (1 Korinflilərə 1:26-31).
Allahın izzətini əks etdirmək
6. Cismani İsrail ilə ruhani İsrail arasındakı fərq nədədir?
6 Məsh edilmiş məsihçilərə dair Pavel deyir ki, Allah onları “Əhdi-Cədidin xidmətkarları olmağa qabil etdi”. Həvari, İsa Məsihin vasitəsilə ruhani İsrail xalqı ilə bağlanan yeni əhdi, Musanın vasitəsilə cismani İsrail xalqı ilə bağlanan köhnə əhdlə — Qanun əhdi ilə müqayisə edir. Pavel əlavə edir ki, Musa, üzərində On qanun həkk olunmuş lövhələrlə Sina dağından enəndə, üzü nur saçdığı üçün israillilər onun üzünə baxa bilmədilər. Lakin sonradan ciddi hadisə baş verdi; onların ‘zehinləri kor oldu’ və ürəkləri “örtük” altında qaldı. Səmimi qəlbdən ehtiram hissi ilə Yehovaya tərəf dönəndə isə, örtük götürülür. Köhnə əhddə olanlara e’tibar edilmiş xidməti nəzərdə tutaraq Pavel deyir: ‘Biz hamımız isə, örtüksüz üzlə Rəbbin izzətini aynada imiş kimi görürük [“əks etdiririk”, YD]’ (2 Korinflilərə 3:6-8, 14-18, İ–93; Çıxış 34:29-35). Bizim günlərdə İsanın “başqa qoyunları” da Yehovanın izzətini əks etdirməyə layiq görülüblər (Yəhya 10:16).
7. İnsanlar Allahın izzətini necə əks etdirə bilərlər?
7 Allahın üzünü görüb sağ qala bilməyən günahlı insanlar Onun izzətini necə əks etdirə bilərlər? (Çıxış 33:20). Məsələ ondadır ki, Yehovanın Öz izzətindən başqa, Onun izzətli niyyəti — Padşahlıq vasitəsilə Öz hökmranlığına bəraət qazandırmaq niyyəti də var. Padşahlıqla bağlı olan həqiqətlər, eramızın 33-cü ilində üzərlərinə müqəddəs ruh tökülən kəslərin e’lan etməyə başladıqları “Allahın möhtəşəm işləri”nin bir hissəsidir (Həvarilərin işləri 2:11). Ruhun rəhbərliyi altında, onlara həvalə edilmiş xidməti tam şəkildə icra edə bilirdilər (Həvarilərin işləri 1:8).
8. Xidmətə münasibətində Pavel hansı qətiyyətli əhval-ruhiyyəni əks etdirirdi?
8 Pavel, xidmətini tam şəkildə icra etmək üçün ona heç bir şeyin mane olmasına yol vermirdi. O yazırdı: “Bizə göstərilən mərhəmət sayəsində bu cür xidmətə malik olduğumuz üçün ruhdan düşmürük. Lakin biz gizli, eyibli üsulları rədd etdik. Hiyləgərlik ilə hərəkət etmirik, Allahın kəlamını təhrif etmirik, amma həqiqəti açıq e’lan edərək özümüzü Allah qarşısında hər insanın vicdanına təqdim edirik” (2 Korinflilərə 4:1, 2). Pavelin “bu cür xidmət” adlandırdığı şeyin vasitəsilə həqiqət bəlli olur və hər tərəfə ruhani işıq saçır.
9, 10. Yehovanın izzətini əks etdirmək necə mümkündür?
9 Həqiqi və ruhani işığın Mənbəyinə dair Pavel yazırdı: “Qaranlıqdan işıq parlayacaqdır”, — deyən Allah ürəklərimizi işıqlandırdı ki, İsa Məsihin simasında Allah izzətini dərk etmək nuruna malik olaq” (2 Korinflilərə 4:6; Təkvin 1:2-5). Allahın xidmətçiləri olmaq kimi qiymətli imkana malik olduğumuz üçün, gəlin özümüzü təmiz saxlayaq ki, aynalar kimi Yehovanın izzətini əks etdirək.
10 Ruhani zülmətdə olan insanlar nə Yehovanın izzətini, nə də Onun izzətinin Böyük Musa sayılan İsa Məsihdəki əksini görürlər. Amma Yehovanın xidmətçiləri kimi biz, Müqəddəs Yazılardakı izzətli nuru qəbul edir və onu başqalarına əks etdiririk. Ruhani zülmətdə yaşayan insanların həlakdan xilas olmaları üçün, onlara Allahdan gələn işıq lazımdır. Buna görə də Yehovanın izzəti üçün böyük sevinclə və sə’ylə biz Onun “qaranlıqdan işıq parlayacaqdır” göstərişinə riayət edirik.
Qoy sənin nurun Müqəddəs Kitab öyrənmələrində parlasın
11. İsa işığa dair hansı nəsihəti verdi və biz xidmətimizdə bu nəsihətə necə riayət edə bilərik?
11 İsa öz davamçılarına demişdir: “Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Və çıraq yandırarkən, onu qabın altına qoymazlar, amma çıraqdana qoyarlar ki, evdə olanların hamısını işıqlandırsın. Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər” (Matta 5:14-16). Bizim nümunəvi davranışımız başqalarını Allaha izzət verməyə təşviq edə bilər (1 Peter 2:12). Bizim müjdəçi işimizin müxtəlif sahələri sayəsində də ruhani işığımızın parlaması üçün çox imkanlarımız var. Başlıca məqsədlərimizdən biri — Allahın Kəlamındakı ruhani işığı, bacarıqla Müqəddəs Kitab öyrənməsi keçirərkən əks etdirməkdir. Xidmətimizi tam şəkildə icra etmək istəyiriksə, bu çox vacib üsuldur. Həqiqəti axtaran kəslərin ürəyinə yol tapacaq dərəcədə Müqəddəs Kitab öyrənməsi keçirməkdə bizə nə kömək edə bilər?
12. Dua Müqəddəs Kitab öyrənməsi keçirməklə necə bağlıdır?
12 Əgər Müqəddəs Kitab öyrənməsi keçirməyi ürəkdən arzu ediriksə, bu barədə Yehovaya dua edəcəyik. Bu cür dualar həm də başqalarına Allah haqqında bilik əldə etməkdə kömək etməyin nə qədər vacib olduğunu başa düşdüyümüzü göstərir (Hezekiel 33:7-9). Yehova dualarımıza mütləq cavab verəcək və xidmətdəki vicdanlı sə’ylərimizi xeyir-dualandıracaq (1 Yəhya 5:14, 15). Lakin biz yalnız Müqəddəs Kitab öyrənməsi keçirə biləcəyimiz adamı tapa bilməyimiz barəsində dua etmirik. Kiminləsə Müqəddəs Kitab öyrənməsi keçirməyə başlayarkən dua edəcək və məhz həmin adamın nəyə ehtiyacı olduğu barədə dərindən düşünəcəyik — bu, hər bir dərsi effektli şəkildə keçirməyə kömək edəcək (Romalılara 12:12).
13. Müqəddəs Kitab öyrənmələrini keyfiyyətli şəkildə keçirməkdə bizə nə kömək edə bilər?
13 Müqəddəs Kitab öyrənməsini effektli şəkildə keçirmək üçün, biz hər öyrənməyə yaxşı hazırlaşmalıyıq. Əgər özümüzü tam əmin hiss etmiriksə, məs’ul qardaşların hər həftə yığıncağın kitaböyrənməsini necə keçirdiklərinə diqqət yetirmək faydalı olardı. Ehtimal ki, vaxtaşırı olaraq, Müqəddəs Kitab öyrənməsini yaxşı keçirməyi bacaran Padşahlıq təbliğçiləri ilə xidmətə çıxa biləcəyik. Şübhəsiz ki, İsa Məsihin keyfiyyətləri və müəllimlik üsulları xüsusilə diqqətəlayiqdir.
14. Müqəddəs Kitabı öyrənən insanın ürəyinə yol tapmaqda bizə nə kömək edər?
14 İsa səmavi Atasının iradəsini yerinə yetirməyi və insanlarla Allah haqqında danışmağı ürəkdən arzu edirdi (Məzmur 40:8). O, həlim idi və dinləyicilərinin ürəyinə yol tapırdı (Matta 11:28-30). Buna görə də gəlin, Müqəddəs Kitabı öyrənməyə kömək etdiyimiz adamların ürəyinə yol tapmağa çalışaq. Bunun üçün hər bir öyrənməyə, konkret insanın şəraitləri barədə düşünərək razırlaşmalıyıq. Məsələn, əgər onun mədəniyyətində Müqəddəs Kitab nüfuzlu kitab sayılmırsa, biz, yəqin ki, onu həqiqətin Müqəddəs Kitabda olduğuna inandırmalıyıq. Həm də, ehtimal ki, biz Müqəddəs Kitabın daha çox ayələrini oxumalı və izah etməli olacağıq.
Müqəddəs Kitabı öyrənənlərə məsəlləri başa düşməkdə kömək et
15, 16. a) Müqəddəs Kitabı öyrənən və onda istifadə olunan nümunələrdən hansınısa başa düşməyən adama necə kömək edə bilərik? b) Ədəbiyyatlarımızdan hansındasa Müqəddəs Kitabı öyrənən adamın başa düşmədiyi nümunə istifadə olunursa, nə etməli?
15 Müqəddəs Kitabı öyrənən adama Müqəddəs Yazılardakı hansısa məsəl tanış olmaya bilər. Məsələn, o, çıraqdan üzərinə qoyulan çıraq haqqında İsanın dediklərinin mə’nasını başa düşməyə bilər (Mark 4:21, 22). İsa, qədimdə işlənən, fitili olan və yağla yanan çıraqdan danışırdı. Bu cür çırağı xüsusi çıraqdan üzərinə qoyurdular və bunun da sayəsində evin bir hissəsi işıqlanırdı. İsanın məsəlini izah etmək üçün, ehtimal ki, ədəbiyyatlarımızdan əlavə mə’lumat axtarıb tapmalı olacağıq. Lakin Müqəddəs Kitabı öyrənən adamın yanına onun başa düşəcəyi və qiymətləndirəcəyi izahatla gəlmək necə də xoşdur!
16 Müqəddəs Kitabı öyrənmək üçün olan vəsaitlərdə istifadə olunan məsəlləri başa düşmək bə’zən öyrənən adam üçün çətin olur. Bu cür məsəli izah et və ya həmin fikri aydınlaşdıran başqa məsəldən istifadə et. Fərz edək ki, ədəbiyyatda müvəffəqiyyətli nikah üçün yaxşı həyat yoldaşının olması və yekdil sə’ylər göstərməyin vacibliyi vurğulanır. Bunu aydınlaşdırmaq üçün, gimnastlarla əlaqəli nümunə gətirilir. Bu nümunədə hərəkət edən trapesiyadan atılan gimnastı başqa bir gimnast tutur. Bu nümunənin əvəzinə, ehtimal ki, yeşikləri biri-birinə ötürərək gəmini boşaldan işçilərin nümunəsini istifadə etmək olar. Bu halda da yaxşı ortağın və hərəkətlərin yekdil olması vacibdir.
17. İsanın məsəllərdən istifadə etmək üsulundan biz nə öyrənə bilərik?
17 Əlavə məsəl söyləmək üçün, ehtimal ki, qabaqcadan hazırlaşmaq lazımdır. Lakin bunu etməklə Müqəddəs Kitabı öyrənən adama şəxsi marağımızı göstərmiş oluruq. Çətin məsələləri başa salmaq üçün, İsa sadə məsəllərdən istifadə edirdi. Bunu onun Dağüstü təbliği sübut edir və Müqəddəs Kitaba əsasən, onun öyrətmə qabiliyyəti dinləyiciləri təəccübləndirirdi (Matta 5:1–7:29). İsa insanlarla dərindən maraqlandığı üçün hər şeyi səbirlə izah edirdi (Matta 16:5-12).
18. Ədəbiyyatlarımızda istifadə olunan Müqəddəs Kitab ayələrinə dair hansı məsləhət verilir?
18 İnsanlara olan marağımız, bizi Müqəddəs Yazılar əsasında ‘onlarla müzakirə etməyə’ təşviq edəcəkdir (Həvarilərin işləri 17:2, 3, İ–93). Bunun üçün bizim özümüz “sadiq... nökərbaşı”nın təqdim etdiyi nəşrləri dua vasitəsilə öyrənməli və onlardan müdrikliklə istifadə etməliyik (Luka 12:42-44). Məsələn, “Əbədi həyata aparan bilik” kitabında çoxlu Müqəddəs Kitab ayələri vara. Yerə qənaət etmək məqsədilə onlardan bə’zilərinə sadəcə istinad edilir. Müqəddəs Kitab öyrənməsi zamanı bu ayələrdən heç olmasa hansınısa oxumaq və izah etmək gərəkdir, axı bizim verdiyimiz tə’lim çox tə’sirli olan Allahın Kəlamına əsaslanır (İbranilərə 4:12). Hər bir öyrənmə zamanı abzaslarda olan ayələri sərbəst surətdə istifadə edərək Müqəddəs Kitaba müraciət et. Müəyyən sual və ya müəyyən hərəkət tərzi barədə Müqəddəs Kitabda nə deyildiyini görməkdə öyrənən adama kömək et. Allaha qulaq asmağın nə qədər faydalı olduğunu ona göstərməyə çalış (İşaya 48:17, 18).
Düşünməyə təşviq edən suallar ver
19, 20. a) Müqəddəs Kitab öyrənməsi zamanı nöqteyi-nəzərə əsaslanan suallardan istifadə etmək nəyə görə lazımdır? b) Əgər hansısa sual daha dərindən nəzərdən keçirilməyi tələb edirsə, nə etməli?
19 İsa məharətlə istifadə etdiyi sualların köməyi ilə insanlara mülahizə yürütməkdə kömək edirdi (Matta 17:24-27). Əgər biz Müqəddəs Kitabı öyrənən adamı çıxılmaz vəziyyətdə qoymayan nöqteyi-nəzərə əsaslanan suallar veririksə, cavablardan həmin adamın bu və ya digər məsələyə dair nə düşündüyünü öyrənə bilərik. Ehtimal ki, onun hələ də Müqəddəs Kitaba əsaslanmayan baxışlara malik olduğunu, məsələn, Üç üqnuma inandığını görə bilərik. “Bilik” kitabının 3-cü fəslində deyilir ki, “Üç üqnum” sözü Müqəddəs Kitabda istifadə olunmur. Həmin kitabda Yehovanın İsadan fərqləndiyini və müqəddəs ruhun şəxsiyyət deyil, Yehovanın fəal qüvvəsi olduğunu göstərən Müqəddəs Yazıların ayələri göstərilir. Ola bilər ki, Müqəddəs Kitabın bu ayələrini yalnız oxumaq və müzakirə etmək kifayət edəcəkdir. Bəs daha çox şey tələb olunsa necə? Belə halda növbəti dəfə öyrənmədən sonra, bu mövzunu Yehovanın Şahidlərinin başqa bir nəşrinin məsələn, “Üç üqnuma inanmağa dəyərmi?” (rus.) adlı broşürasının köməyi ilə faydalı surətdə müzakirə etmək üçün müəyyən vaxt ayırmaq olar. Bundan sonra “Bilik” kitabının köməyi ilə öyrənməni davam etdirmək olar.
20 Öyrənən adamın müəyyən nöqteyi-nəzərə dair suala verdiyi cavabın bizi təəccübləndirəcəyini və ya hətta naümid edəcəyini güman etmək olar. Əgər söhbət siqaret çəkməkdən və ya hər hansı incə mətləbdən gedirsə, biz dərsi davam etdirməyi, bu mövzunun müzakirəsini isə bir qədər sonraya saxlamağı təklif edə bilərik. Öyrənən adamın hələ də siqaret çəkdiyini bilərək, ədəbiyyatlarımızda ona ruhani nailiyyətlər etməyə kömək edə biləcək mə’lumatlar axtara bilərik. Öyrənən adamın ürəyinə yol tapmağa sə’y göstərərək dua edəcəyik ki, Yehova həmin adamın ruhən inkişaf etməsinə kömək etsin.
21. Müəllimlik qabiliyyətlərimizi Müqəddəs Kitabı öyrənən adamın xüsusiyyətlərinə uyğunlaşdırırıqsa, hansı nəticələr əldə oluna bilər?
21 Əgər biz yaxşı hazırlaşır və Yehovanın köməyindən istifadə ediriksə, şübhəsiz ki, müəllimlik qabiliyyətlərimizi Müqəddəs Kitabı öyrənən adamın xüsusiyyətlərinə uyğunlaşdıra biləcəyik. Vaxt ötdükcə biz, ehtimal ki, həmin adama Allaha dərin məhəbbət hissini inkişaf etdirməkdə kömək edə biləcəyik. Həm də həmin adama, Yehovanın təşkilatına hörmətlə yanaşmağı və onu qiymətləndirməyi öyrətmək istəyirik. Müqəddəs Kitabı öyrənən adamın “Allah həqiqətən aranızdadır” deyə e’tiraf etməsi necə də xoşdur! (1 Korinflilərə 14:24, 25). Buna görə də gəlin Müqəddəs Kitab öyrənmələrini bacarıqla keçirək və insanlara İsanın şagirdləri olmaqda kömək etmək üçün əlimizdən gələni edək.
Qiymətləndirilməli sərvət
22, 23. Xidmətimizi tam şəkildə icra etmək üçün bizə nə lazımdır?
22 Xidmətimizi tam şəkildə icra etmək üçün, biz Allahın gücünə bel bağlamalıyıq. Həvari Pavel həmimanlılarına, məsh edilmiş məsihçilərə, xidmətə dair bunları yazırdı: “Bu sərvəti saxsı qablarda saxlayırıq ki, ən üstün qüdrət bizə yox, Allaha aid olsun” (2 Korinflilərə 4:7).
23 Bizim hamımız — həm məsh edilmişlər, həm də “başqa qoyunlar” — tezsınan saxsı qaba bənzəyirik (Yəhya 10:16). Amma Yehova bizə heç bir çətinliyə baxmayaraq, xidmətdəki tapşırıqlarımızı yerinə yetirmək üçün lazım olan qüvvəni verə bilər (Yəhya 16:13; Filipililərə 4:13). Buna görə də gəlin bütünlüklə Yehovaya bel bağlayaq, müjdəçi sərvətini qiymətləndirək və xidmətimizi tam şəkildə icra edək.
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur.
Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur.
Necə cavab verərdiniz?
• Ağsaqqallar öz xidmətlərini tam şəkildə necə icra edə bilərlər?
• Müqəddəs Kitab öyrənmələri keçirməyin keyfiyyətini necə yaxşılaşdıra bilərik?
• Müqəddəs Kitabı öyrənən adam bir məsəli başa düşmürsə və ya ona hansısa suala dair əlavə mə’lumat lazımdırsa, necə davranmaq gərəkdir?
[14-cü səhifədəki şəkil]
Məsihçi ağsaqqalları yığıncaqda tə’lim verir və həmimanlılarına təbliğ işini öyrədirlər.
[16-cı səhifədəki şəkil]
Nurumuzun parlamasına yol verməyin üsullarından biri — Müqəddəs Kitab öyrənməsini bacarıqla keçirməkdir.