İçki içmək məsələsində tarazlığı qoru
«Şərab insanları ələ salar, kefləndirici içki onları dalaşdırar, sərxoş olan [«onlara görə yolunu azan», YD] müdrik olmaz» (SÜLEYMANIN MƏSƏLLƏRİ 20:1).
1. Məzmurçu Yehovadan gələn yaxşı bəxşişlərdən bə’zilərinə görə öz minnətdarlığını necə ifadə etdi?
ŞAGİRD Yaqub yazırdı: «Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, nurlar Atasından gəlir» (Yaqub 1:17). Allahdan gələn çoxsaylı bəxşişlərə görə minnətdarlıq hissi ilə dolu olan məzmurçu isə belə oxuyurdu: «Heyvanlar üçün ot bitirirsən, insana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın: ürəkləri xoşhal edən şərabı, üzləri güldürən zeytun yağını, taqət verən çörəyi» (Məzmur 104:14, 15). Bitki, çörək və zeytun yağı kimi şərab və başqa spirtli içkilər də Allahdan gələn gözəl bəxşişlərdir. Biz bu bəxşişlərdən necə istifadə etməliyik?
2. İçki içmək məsələsi ilə bağlı hansı sualları müzakirə edəcəyik?
2 Hər bir xoş bəxşiş yalnız düzgün şəkildə istifadə edildikdə fayda gətirir. Məsələn, balın «xeyri var», lakin «çox bal yemək xeyirli... deyil» (Süleymanın məsəlləri 24:13; 25:27). Eləcə də «bir az şərab» içmək xoşdur, amma spirtli içkilərdən sui-istifadə etmək ciddi problem yarada bilər (1 Timoteyə 5:23). Müqəddəs Kitab xəbərdarlıq edir: «Şərab insanları ələ salar, kefləndirici içki onları dalaşdırar, sərxoş olan [«onlara görə yolunu azan», YD] müdrik olmaz» (Süleymanın məsəlləri 20:1). Bəs alkoqola görə ‘yolunu azmaq’ nə deməkdir?a Hansı miqdarda spirtli içki həddindən artıq sayılır? Bu suala dair tarazlı nöqteyi-nəzər nədən ibarətdir?
Alkoqola görə ‘yolunu azmaq’ nə deməkdir?
3, 4. a) Sərxoşluğun Müqəddəs Kitabda mühakimə olunduğunu nə göstərir? b) Sərxoşluğun əlamətlərindən bə’ziləri hansılardır?
3 Qədim İsraildə bir oğul öyüd-nəsihət verilməsinə baxmayaraq, qarınqululuq və əyyaşlıqla məşğul olmağa davam edirdisə, onu daşqalaq edib öldürürdülər (Qanunun təkrarı 21:18-21). Həvari Pavel məsihçilərə xəbərdarlıq etmişdir: «Siz özünü qardaş adlandırıb, əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, acıdillik, sərxoşluq və yaxud qəsbkarlıq edənlə oturub-durmayasınız; hətta belələri ilə bir yerdə çörək belə yeməyəsiniz». Beləliklə, sərxoşluq Müqəddəs Yazılarda aydın şəkildə mühakimə olunur (1 Korinflilərə 5:11; 6:9, 10).
4 Müqəddəs Kitabda sərxoşluğun əlamətləri belə təsvir olunur: «Şərabın al rənginə, qədəhdə parlamasına, rahat içilməsinə baxma. Axırda ilan kimi sancar, əf’i ilan kimi zəhərlər. Gözlərinə qəribə şeylər görünər, qəlbinə əyri fikirlər gələr» (Süleymanın məsəlləri 23:31-33). Həddindən artıq içki içmək ilan kimi sancır: insanın ürəyi bulanır, fikirləri dolaşır, o, hətta huşunu belə itirə bilər. Sərxoş adam «qəribə şeylər» görə bilər: onda qarabasmalar, yaxud fantaziyalar yarana bilər. O, həmçinin təmkinliyi itirir: adətən insanların özlərində boğmağa çalışdıqları əxlaqsız fikir və arzular haqda sərbəst danışır.
5. Spirtli içkilərdən sui-istifadə etmək nəyə görə təhlükəlidir?
5 Bə’ziləri düşünür ki, sərxoş olduqları kənardan nəzərə çarpmayıncayadək istədikləri qədər içə bilərlər. Lakin elə insanlar var ki, xeyli içsələr belə, onlarda sərxoşluq əlamətləri müşahidə olunmur. Bunun zərərsiz olduğunu düşünmək özünü aldatmaq deməkdir (Yeremya 17:9). İnsanda tədricən spirtli içkilərdən asılılıq yarana bilər və o, «şərab düşkünü»nə çevrilə bilər (Titusa 2:3). Əyyaşlıq prosesi haqqında Karolayn Nepp öz kitabında yazır: «Bu, yavaş-yavaş, tədricən və nəzərə çarpmadan baş verən prosesdir». Bəli, spirtli içkilərdən sui-istifadə etmək çox dəhşətli bir tələdir!
6. Nəyə görə insan içki və qida məsələsində tarazlı olmalıdır?
6 İsanın xəbərdarlığını xatırlayaq: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir» (Luka 21:34, 35). Fiziki və ruhani cəhətdən süst və tənbəl hala düşmək üçün, sərxoş olana qədər içməyə ehtiyac yoxdur. Yehovanın günü kimi isə bu vəziyyətdə qəflətən yaxalarsa, onda necə?
Spirtli içkilərdən sui-istifadə etmək nəyə gətirib çıxarır?
7. Spirtli içkilərdən sui-istifadə etmək 2 Korinflilərə 7:1 ayəsindəki göstərişə nəyə görə ziddir?
7 Spirtli içkilərdən həddindən artıq istifadə etmək fiziki və ruhani cəhətdən bir çox təhlükələrə səbəb olur. Spirtli içkilərdən sui-istifadə etməyin səbəb olduğu xəstəliklər arasında qaraciyər sirrozu, hepatit və müxtəlif əsəb pozğunluqları, məsələn, ağ isitmə (alkoqol sayıqlaması) vardır. Uzunmüddətli sərxoşluq xərçəng, şəkər, eləcə də ürək və mə’də xəstəliklərinə gətirib çıxara bilər. Spirtli içkilərdən sui-istifadə Müqəddəs Kitabın növbəti göstərişinə açıq-aydın ziddir: «Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək» (2 Korinflilərə 7:1).
8. Süleymanın məsəlləri 23:20, 21 ayələrinə əsasən, həddindən artıq içki içmək nəyə gətirib çıxara bilər?
8 Həddindən artıq içki içmək insanın pulunu israf etməsinə, hətta işini belə itirməsinə gətirib çıxara bilər. Qədim İsrailin padşahı Süleyman xəbərdarlıq edirdi: «Şəraba düşkün əyyaşlara, ət qapan qarınqululara qoşulma». Nə üçün? O izah edir: «Çünki əyyaş və qarınqulu yoxsullaşar, yeyib-içib, məst olan cır-cındır içində qalar» (Süleymanın məsəlləri 23:20, 21).
9. Əgər sükan arxasında oturmalıyıqsa, spirtli içkidən imtina etmək nəyə görə müdrik hərəkət olardı?
9 Daha bir təhlükə də var. «Tədqiqatlar göstərir ki, spirtli içkilər insanın avtomobil idarə etmək qabiliyyətinə tə’sir göstərir, çünki insanın reaksiyasını, koordinasiyasını, diqqətliliyini, görmə qabiliyyətini, dərrakəsini kütləşdirir» («The Encyclopedia of Alcoholism»). Sərxoş halda avtomobil sürməyin nəticəsi fəlakətli ola bilər. Təkcə Birləşmiş Ştatlarda sərxoş sürücülər ucbatından baş verən avtomobil qəzalarında hər il on minlərlə insan həlak olur, yüz minlərlə isə travma alır. Bu təhlükəyə xüsusilə də gənclər mə’ruz qalırlar, çünki onların həm sürücülük, həm də içki içmək məsələsində təcrübələri azdır. Demək olarmı ki, sərxoş halda avtomobil sürən adam həyatını Yehovadan olan hədiyyə kimi qiymətləndirir? (Məzmur 36:9). Həyatın müqəddəs olduğunu yadda saxlayaraq, maşın sürən adamın tamamilə ayıq olması daha yaxşıdır.
10. Spirtli içki beyinə necə tə’sir edir və bu cür tə’sir nəyə görə təhlükəlidir?
10 Həddindən artıq içki içmək yalnız fiziki deyil, ruhani cəhətdən də zərər gətirir. Müqəddəs Kitabda deyilir: «Zina, köhnə və təzə şərab onların ürəklərini cəlb edib [«ağlı alır», KM]» (Huşə 4:11). Spirtli içki ağla tə’sir edir. Amerikanın Milli Narkologiya institutunun bir nəşrində izah edilir: «İnsan içəndə, spirtli içki həzm sistemi yolu ilə qana hopur və tezcə beyinə daxil olur. Orada beynin düşüncə və hisslərə cavabdeh olan şöbələrinin fəaliyyətinə əngəl olmağa başlayır. İnsan özünü daha azad və sərbəst hiss edir». Belə olan halda o, asanlıqla ‘yolunu aza’, ədəbsizliyə yol verə bilər və onda hər hansı yersiz hərəkət etmək həvəsi yarana bilər (Süleymanın məsəlləri 20:1, YD).
11, 12. Spirtli içkilərdən həddindən artıq istifadə etmək ruhani cəhətdən hansı zərəri vura bilər?
11 Müqəddəs Kitab buyurur: «Yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin» (1 Korinflilərə 10:31). Əgər insan spirtli içkidən həddindən artıq istifadə edirsə, bu Allaha izzət gətirə bilərmi? Əlbəttə, heç bir məsihçi əyyaş kimi tanınmaq istəməz. Belə ad Yehovanın adını rüsvay edə bilər, Ona heç cür izzət gətirməz.
12 Həddindən artıq spirtli içki içən məsihçi həmimanlısının, məsələn, yığıncağın yeni üzvlərindən kiminsə büdrəməsinə səbəb olarsa, bəs onda necə? (Romalılara 14:21). İsa xəbərdarlıq etmişdir: «Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, boynuna iri bir dəyirman daşı asıb dənizin dibinə atılmaq onun üçün daha yaxşı olar» (Matta 18:6). Spirtli içkilərdən sui-istifadə etmək insanın yığıncaqdakı şərəfli məs’uliyyətlərini itirməsinə də səbəb ola bilər (1 Timoteyə 3:1-3, 8). Əyyaşlığın ailə həyatına nə dərəcədə pis tə’sir etdiyini də unutmaq lazım deyil.
Təhlükələrdən qaçmaq necə mümkündür?
13. Spirtli içkidən sui-istifadə etməyin tələsinə düşməmək üçün nə etmək gərəkdir?
13 Spirtli içkilərdən sui-istifadə etməyin tələsinə düşməmək üçün, sərhədin haradan keçdiyini bilmək lazımdır. Amma spirtli içkilərdən həddindən artıq istifadə etməklə əyyaşlıq arasındakı sərhədi deyil, ondan qədərincə istifadə etməklə həddindən artıq istifadə etmək arasındakı sərhədi bilmək lazımdır. Bizlərdən hər birimiz üçün bu sərhədi kim müəyyən edə bilər? Burada bir çox amillər rol oynadığı üçün nə qədər miqdarda spirtli içkinin sənin üçün həddindən artıq olduğunu heç kim deyə bilməz. Hər kəs öz normasını bilməli və ona riayət etməlidir. Sənə öz normanı müəyyən etməkdə nə kömək edəcək? Hansı prinsipi rəhbər tutmaq lazımdır?
14. Qədərincə və həddindən artıq içmək arasındakı sərhədi müəyyən etməkdə hansı prinsipi rəhbər tutmalıyıq?
14 Müqəddəs Kitabda deyilir: «Sağlam şüura, dərrakəyə bağlan, bunlardan gözünü çəkmə. Onlar sənin həyatın olar, gözəl naxış kimi boynuna bağlanar» (Süleymanın məsəlləri 3:21, 22). Beləliklə, rəhbər tutmalı olduğumuz prinsip növbəti amildən ibarətdir: sağlam düşüncə tərzinə və mühakimə yürütməyinə mane olan miqdarda içki sənin üçün çoxdur. Bu səbəbdən öz normanı müəyyən edərkən öz-özünlə dürüst olmalısan.
15. Nə zaman hətta kiçik miqdarda içki belə həddindən artıq hesab oluna bilər?
15 Bə’zi hallarda hətta cüz’i miqdarda içki də həddindən artıq hesab oluna bilər. Hamilə qadın körpənin həyatını təhlükəyə atmamaq üçün, ümumiyyətlə spirtli içkiyə toxunmamaq qərarına gələ bilər. Spirtli içkilərlə vaxtilə problemi olan və ya vicdanı içki içməyi qəbul etməyən adamın yanında içməmək, məgər mərhəmətin təzahürü olmazdımı? Yehova çadırda vəzifələrini yerinə yetirən kahinlərə buyurmuşdu: «Hüzur çadırına nə şərab, nə də kefləndirici başqa içki içib girməyin, yoxsa ölərsiniz» (Levililər 10:8, 9). Buna görə də bilavasitə məsihçi yığıncaqlarına getməzdən, xidmətə çıxmazdan və ya başqa teokratik vəzifələri yerinə yetirməzdən əvvəl spirtli içki içməkdən çəkinmək lazımdır. Bundan əlavə, spirtli içkilərin qadağan olunduğu və ya yaş məhdudiyyəti qoyulduğu ölkələrdə hakim dairələrin tələblərinə lazımi hörmət göstərilməlidir (Romalılara 13:1).
16. Spirtli içki təklif olunan zaman nə haqda düşünmək lazımdır?
16 İçki içilən bir mühitdə olanda və ya sənə spirtli içki təklif ediləndə özündən soruş: «Ümumiyyətlə içməyə dəyərmi?» Əgər içmək qərarına gəlsən, dəqiq olaraq öz normanı müəyyən et və həddini aşma. Ev yiyəsinin əliaçıqlığının sənə tə’sir etməsinə izn vermə. Bə’zi toylarda olduğu kimi, qonaqlar üçün təklif olunan spirtli içkilərin çox olduğu süfrə başında sayıq ol. Bir çox ölkələrdə uşaqların spirtli içki içməsinə qanuni olaraq icazə verilir. İçki içməyə dair göstərişlər vermək və onlara nəzarət etmək valideynlərin vəzifəsidir (Süleymanın məsəlləri 22:6).
Bu asılılığın öhdəsindən gələ bilərsən
17. Spirtli içkilərdən asılılığın olub-olmadığını müəyyən etməkdə nə kömək edə bilər?
17 Spirtli içkilərdən asılılığın varmı? Əmin ol ki, əgər spirtli içkidən sui-istifadə etmək gizlin günaha çevrilirsə, əvvəl-axır bu sənə öz tə’sirini göstərəcəkdir. Dəqiqliklə və dürüstlüklə özünü yoxla. Özündən soruş: «Əvvəlkindən daha tez-tezmi içirəm? Daha tünd tərkibli içkilər içirəmmi? Həyəcan hisslərini unutmaq, stressdən və problemlərdən azad olmaq üçünmü içirəm? Ailə üzvlərimdən və ya dostlarımdan kimsə spirtli içkilərə aludə olduğuma dair narahatçılığını bildiribmi? İçki içməyim ailəmdə problemlərə səbəb olubmu? Bir həftə, bir ay və ya bir neçə ay ərzində içkisiz keçinmək çətindirmi? Nə qədər içdiyimi başqalarından gizlədirəmmi?» Əgər burada gətirilən suallardan bə’zilərinə «bəli» cavabı verdinsə, onda necə? ‘Güzgüdə öz sifətinin cizgilərini seyr edən və dərhal necə olduğunu unudan’ adama bənzəmə (Yaqub 1:22-24). Problemi aradan qaldırmaq üçün addımlar at. Hansı addımları atmaq olar?
18, 19. Spirtli içkilərdən asılılığın öhdəsindən gəlmək üçün nə etmək olar?
18 Həvari Pavel məsihçilərə nəsihət verirdi: «Şərabla sərxoş olmayın, səfahətə səbəb odur; lakin Ruhla dolu olun» (Efeslilərə 5:18). Hansı miqdarda içkinin sənin üçün həddindən artıq olduğunu müəyyən et və özünə məhdudiyyətlər qoy. Onları pozmamağı qəti qərarlaşdır və özünə hakim olmağı bacar (Qalatiyalılara 5:22, 23). Dostlarının arasında səni içkidən sui-istifadə etməyə təşviq edən varmı? Ehtiyatlı ol. Müqəddəs Kitab deyir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20).
19 Əgər sən problemlərdən qaçmaq üçün içirsənsə, çətinliklərlə üz-üzə gəlməyi öyrən. Allahın Kəlamındakı məsləhətləri tətbiq etməklə problemlərin öhdəsindən gəlmək mümkündür (Məzmur 119:105). Sənə yaxın olan ağsaqqallardan birinə kömək üçün müraciət etməkdən çəkinmə. Yehovanın sənin ruhaniliyini inkişaf etdirmək üçün təqdim etdiyi hər şeydən faydalan. Allahla münasibətlərini möhkəmləndir. Daima Ona dua et. Sən xüsusilə də zəifliklərin barədə dua edə bilərsən. Allahdan simvolik böyrəklərini və ürəyini saf etməsini dilə (Məzmur 26:2). Əvvəlki məqalədə təşviq olunduğu kimi, var qüvvənlə nöqsansızlıq yolu ilə yeriməyə çalış.
20. Spirtli içkilərdən asılılığın öhdəsindən gəlmək alınmırsa, hansı ölçüləri götürmək tələb oluna bilər?
20 Əgər bütün cəhdlərə baxmayaraq asılılığın öhdəsindən gəlmək mümkün deyilsə, onda necə? O zaman İsanın nəsihətinə əməl et: «Əlin səni pis yola çəkərsə, onu kəs; sənin üçün həyata çolaq girmək, iki əlin olaraq cəhənnəmə, sönməz oda atılmaqdan yaxşıdır» (Mark 9:43). Burada heç içməmək nəzərdə tutulur. İren (ad dəyişdirilib) adlı bir qadın məhz belə etmək qərarına gəlmişdir. O deyir: «Təxminən iki il yarım ərzində içkidən uzaq durduqdan sonra, bu problemin öhdəsindən gəldiyimi görmək üçün bir qədəh içməyin heç bir zərəri olmayacağını düşündüm. Lakin ağlıma belə bir fikir gələn kimi, dərhal Yehovaya dua etməyə başlayıram. Yeni dünyaya qədər, hətta ola bilsin, heç zaman ağzıma spirtli içki almamaq qərarına gəlmişəm». Spirtli içkidən tamamilə imtina etmək, Allahın salehlik ömür sürən yeni dünyasında yaşamağın müqabilində bir o qədər də böyük fədakarlıq deyil (2 Peter 3:13).
«Elə qaçın ki, mükafat qazanasınız»
21, 22. Həyat uğrunda qaçışda finişə çatmağa nə mane ola bilər və bu maneənin öhdəsindən necə gəlmək olar?
21 Məsihçi həyatını idman yarışı ilə müqayisə edərək, həvari Pavel yazırdı: «Məgər bilmirsinizmi ki, qaçış meydanında yarışanların hamısı qaçar, amma tək bir nəfər mükafat alar? Elə qaçın ki, mükafat qazanasınız. Müsabiqədə iştirak edənlərin hamısı hər cəhətcə özlərini saxlayırlar. Onlar bunu fani bir dəfnə tacı almaq üçün edərlər, biz isə fani olmayan üçün edirik. Buna görə, mən elə qaçıram ki, məqsədsiz olmayım. Elə vuruşuram ki, yumruğumu havanı döyən kimi atmayım. Amma bədənimə cəfa verib onu kölə edirəm ki, başqalarına və’z etdikdən sonra, özüm yarışda iştirak etməkdən mərhum olmayım» (1 Korinflilərə 9:24-27).
22 Mükafatı, yalnız məsafəni axıracan qaçanlar alır. Spirtli içkilərdən sui-istifadə etmək finişə çatmağa mane ola bilər. Biz özümüzə hakim olmağı bacarmalıyıq. Əbəs yerə qaçmamaq üçün «sərxoşluq»dan uzaq olmaq lazımdır (1 Peter 4:3). Bundan əlavə, hər şeydə özünə hakim olmağı bacarmaq lazımdır. Spirtli içkidən sui-istifadə etməyə gəldikdə isə, «Allaha qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli, saleh və Allah yoluna uyğun» bir ömür sürməyimiz müdriklikdir (Titusa 2:12).
[Haşiyə]
a Bu məqalədə «alkoqol» altında pivə, şərab və digər spirtli içkilər nəzərdə tutulur.
Xatırlayırsınızmı?
• Spirtli-içkilərdən sui-istifadə etmək nə deməkdir?
• Həddindən artıq spirtli içki içmək hansı zərəri gətirir?
• Spirtli içkilərin səbəb olduğu təhlükələrdən necə qaçmaq olar?
• Spirtli içkilərdən asılılığın öhdəsindən necə gəlmək olar?
[28-ci səhifədəki şəkil]
Şərab «ürəkləri xoşhal» edir.
[29-cu səhifədəki şəkil]
Öz normamızı bilməli və onu aşmamalıyıq.
[30-cu səhifədəki şəkil]
Özün üçün sərhədin harada olduğunu əvvəlcədən müəyyən et.
[31-ci səhifədəki şəkil]
Öz zəifliklərin barədə Yehovaya müntəzəm olaraq dua et.
[32-ci səhifədəki şəkil]
Spirtli içkilər məsələsində uşaqlara göstəriş vermək valideynlərin vəzifəsidir.