Ey gənclər, Yehovaya həmd edin!
«Rəbbə həmd edin, ey yer üzündəkilər... ey gənc oğlanlar və qızlar!» (MƏZMUR 148:7, 12).
1, 2. a) Bir çox yeniyetmələr hansı məhdudiyyətlərdən xəbərdardırlar? b) Nəyə görə valideynlər nəyəsə icazə verməyəndə uşaqlar inciməməlidirlər?
BİR QAYDA olaraq, yeniyetmələr onlara nəyin icazə verilib-verilmədiyini çox gözəl bilirlər. Onlardan bir çoxları, hətta deyə bilər ki, valideynləri neçə yaşında onları küçəni sərbəst keçməyə, yatağa bir qədər gec getməyə və maşın sürməyə qoyacaqlar. Amma yeniyetmələrə çox zaman elə gəlir ki, valideynləri onların istədikləri hər şeyə yaman tez-tez: «İndi olmaz, bir az böyü sonra» deyə cavab verirlər.
2 Gənc oğlan və qızlar, valideynlərinizin bu məhdudiyyətləri sizin xeyrinizə, sizi qorumaq üçün qoyduğunu bilirsiniz. Həmçinin yaxşı bilirsiniz ki, valideynlərinizə qulaq asmaqla Yehova Allahın ürəyini sevindirirsiniz (Koloslulara 3:20). Amma sizə hərdən elə gəlmirmi ki, bu cür məhdudiyyətlər sərbəst həyata qədəm qoymağınıza mane olur? Məgər doğrudanmı, vacib işlərlə məşğul olmaq üçün hələ lazımi qədər böyüməmisiniz? Əsla yox! Bu gün bütün dünyada vacib bir iş yerinə yetirilir və bu iş, qarşınızda açılacaq bütün imkanlardan qat-qat əhəmiyyətlidir. Bəs bu işdə uşaqlar və yeniyetmələr də iştirak edə bilərmi? Nəinki iştirak edə bilər, hətta Haqq-Taala Allah Özü sizi bunu etməyə də’vət edir!
3. Yehova yeniyetmələri hansı gözəl imkandan istifadə etməyə də’vət edir və biz hansı sualları nəzərdən keçirəcəyik?
3 Söhbət hansı işdən gedir? Məqaləmizin əsaslandığı ayəyə yenidən fikir verin: «Rəbbə həmd edin, ey yer üzündəkilər... ey gənc oğlanlar və qızlar, ey qocalar, cavanlar!» (Məzmur 148:7, 12). Bəli, bu gözəl imkanı əldən buraxmayın! Siz Yehova Allaha həmd edə bilərsiniz! Bir gənc kimi sən də bu böyük işdə sevincləmi iştirak edirsən? Bir çoxları bu işi çox sevirlər. Bunun səbəbini bilmək üçün gəl əvvəlcə aşağıdakı üç sualı müzakirə edək. Birincisi, sən Yehovaya nə üçün həmd etməlisən? İkincisi, bunu necə edə bilərsən? Nəhayət üçüncüsü, Yehovaya həmd etməyə nə vaxt başlamaq olar?
Yehovaya həmd etmək nə üçün lazımdır?
4, 5. a) 148-ci Məzmura əsasən, biz indi hansı gözəl vəziyyətdəyik? b) Cansız təbiət danışa və düşünə bilməsə də, Yehovaya necə həmd edir?
4 Yehovaya həmd etməyin ən başlıca səbəblərindən biri də Onun Yaradan olmasıdır. 148-ci Məzmuru nəzərdən keçirdikdə bunu daha dərindən hiss edəcəksən. Bir təsəvvürünə gətir: Gözəl, tə’siredici bir mahnını səs-səsə verib oxuyan bir qrup adama rast gəlirsən. Onları dinləyərkən sən hansı hissləri keçirərdin? Mahnıda sənin doğru və vacib hesab etdiyin şeylərdən oxunur, musiqisi də ürəkaçan və ruhlandırıcıdır. Məgər sən mahnının sözlərini öyrənib bu qrupa qoşulmaq istəməzdinmi? Çoxumuz məhz belə də edərdik. 148-ci Məzmura nəzər salsan, buna oxşar, amma bundan qat-qat gözəl bir vəziyyətdə olduğunu görəcəksən. Bu məzmurda Yehovaya bir ağızdan həmd edən böyük bir izdiham təsvir edilir. Amma məzmuru oxuyarkən gözünə qeyri-adi bir şey dəyəcək. Nə?
5 148-ci Məzmurda Allaha həmd edənlərin çoxu nə danışa, nə də düşünə bilir. Məsələn, orada biz günəşin, ayın, qarın, küləyin, dağların və təpələrin Yehovaya həmd etdiyi barədə oxuyuruq. Yehovanın yaratdığı bu cansız təbiət Ona necə həmd edir? (3, 8 və 9-cu ayələr). Onlar bunu ağacların, suda yaşayan canlıların və heyvanların etdiyi kimi edirlər (7, 9, 10-cu ayələr). Heç günəşin batdığı zaman açılan gözəl mənzərəyə, ayın ulduzlu səmada sanki üzməsinə tamaşa etmisənmi? Bəlkə nə vaxtsa heyvan balalarının oynamasını müşahidə edərkən doyunca gülmüsən? Bəs göz oxşayan bir mənzərənin gözəlliyinə heç valeh olmusanmı? Əgər həyatında nə vaxtsa belə dəqiqələr yaşamısansa, onda sən də Yehovanın yaratdıqlarının Ona necə həmd nəğməsi oxuduqlarını «eşitmisən». Yehovanın yaratdığı hər bir şey bizə Onun Qadir Yaradan olduğunu xatırladır. Bütün kainatda Yehova qədər güclü, müdrik və sevən şəxsiyyət yoxdur (Romalılara 1:20; Vəhy 4:11).
6, 7. a) 148-ci Məzmurda Yehovaya həmd edən hansı şüurlu məxluqlar təsvir edilir? b) Bizi Yehovaya həmd etməyə nə təşviq edəcək? Misal gətirin.
6 148-ci Məzmurda şüurlu məxluqların da Yehovaya həmd etdikləri təsvir olunur. 2-ci ayəyə baxsaq, Yehovanın səmavi «ordusunun», yə’ni mələklərinin Ona həmd etdiyini görəcəyik. 11-ci ayədə isə padşahlar və hakimlər kimi nüfuzlu və güclü adamlar da bu həmd nəğməsinə qoşulmağa də’vət olunurlar. Əgər böyük gücə malik olan mələklər belə Yehovaya sevinclə həmd edirlərsə, onda adi bir insan nədir ki, Yehovaya həmd etməyi mənliyinə sığışdırmasın?! Daha sonra, 12-ci və 13-cü ayələrdə artıq sizlər — gənc oğlan və qızlar Yehovaya həmd etməyə də’vət olunursunuz. Sən də Allaha həmd etmək istəyirsənmi?
7 Gəl bir misal üzərində düşünək. Əgər sənin idmanda, incəsənətdə və yaxud da musiqidə iste’dada malik olan bir dostun olsaydı, məgər onun haqqında ailənə və ya başqa dostlarına danışmazdınmı? Şübhəsiz ki, belə də edərdin. Yehovanın yaratdığı şeylər haqqında öyrənərkən biz də eyni şeyi etmək istəyəcəyik. Məsələn, Məzmur 19:1, 2 ayələrində yazılıb ki, ulduzlu səma durmadan Allahın əzəmətini «nəql edir». Eyni şəkildə biz də Yehovanın yaratdığı şeylər barəsində düşünəndə, Allahımız haqqında başqalarına danışmaya bilmirik.
8, 9. Yehova hansı səbəblərə görə bizim Ona həmd etməyimizi istəyir?
8 Yehovaya həmd etməyin başqa vacib bir səbəbi də var: Ona həmd etməyimizi Allah Özü bizdən gözləyir. Nə üçün? Məgər Allahın adi insanların həmdinə ehtiyacımı var? Xeyr, yoxdur. Biz insanları vaxtaşırı tə’rifləmək lazımdır. Yehova isə bizdən qat-qat ucadır (Yeşaya 55:8). Allahın Öz şəxsiyyətinə və ya keyfiyyətlərinə dair heç bir şübhəsi yoxdur (Yeşaya 45:5). Buna baxmayaraq, Allah bizim Ona həmd etməyimizi istəyir və biz bunu edəndə ürəyi çox sevinir. Niyə? Gəl iki səbəbi nəzərdən keçirək. Birincisi, Yehova bizim Ona həmd etmək tələbatımız olduğunu bilir. O bizi ruhani tələbatlarla, ibadət etmək tələbatı ilə yaradıb (Matta 5:3). Uşaqlar faydalı yemək yeyəndə valideynləri sevindiyi kimi, Yehova da sənin bu tələbatı tə’min etdiyini görəndə sevinir (Yəhya 4:34).
9 İkincisi, Yehova bilir ki, bizim Ona həmd etməyimizi başqa insanlar da eşitməlidirlər. Həvari Pavel bu sözləri gənc Timoteyə ünvanlandırmışdı: «Özünə və verdiyin tə’limata diqqət yetir və bu işləri davam etdir. Çünki bunu etməklə sən həm özünü, həm də sənə qulaq asanları xilas edərsən» (1 Timoteyə 4:16). Bəli, sən Yehova Allah haqqında başqalarına öyrədəndə, Ona həmd edəndə onlar da Yehova ilə tanış olmaq imkanı əldə edirlər. Bu cür biliyin sayəsində onlar əbədi xilasa malik ola bilərlər! (Yəhya 17:3).
10. Biz nə üçün Allahımıza həmd etmək istəyirik?
10 Növbəti səbəbə keçməzdən əvvəl iste’dadlı dostun haqqındakı misalı yadına sal. Əgər qulağına çatsaydı ki, kim isə onun haqqında yalanlar, böhtanlar yayır, məgər sən bu yalanları təkzib etmək üçün dostunu daha çox tə’rifləyib onun haqqında həqiqəti söyləməzdinmi? Bəli, bu dünyada Yehova Allaha çoxlu böhtanlar atırlar (Yəhya 8:44; Vəhy 12:9). Bütün bu yalanlar Allahı sevənlərə pis tə’sir etdiyi üçün onlar Allahları haqqındakı həqiqəti hamıya çatdırmaq istəyirlər. Bəs sən necə? Yehovaya olan məhəbbətini və təşəkkürünü bildirməklə Onun baş düşməni olan Şeytana yox, Yehova Allaha itaət etmək istədiyini göstərəcəksənmi? Sən buna Yehovaya həmd etməklə nail ola bilərsən. Gəl görək bunu necə etmək olar.
Bə’zi yeniyetmələr Yehovaya necə həmd edirdilər?
11. Müqəddəs Kitabda yazılan hansı nümunələr göstərir ki, uşaqlar da Yehovaya uğurla həmd edə bilərlər?
11 Müqəddəs Kitabdakı bir çox nümunələr göstərir ki, uşaqlar da Yehovaya müvəffəqiyyətlə həmd edə bilərlər. Misal üçün, suriyalıların əsir götürdükləri israilli qızı xatırlayırsanmı? O, qulluq etdiyi xanıma Yehovanın peyğəmbəri Elişa haqqında cəsarətlə danışdı. Bu qızın sözlərinin sayəsində mö’cüzə baş verdi və üstəlik həmin adamlara gözəl şahidlik edildi (2 Padşahlar 5:1-17). İsa da uşaq olanda Allah haqqında cəsarətlə şəhadət edirdi. Yehova İsanın uşaqlığı haqqında bizə ətraflı mə’lumat verə bilərdi. Amma Müqəddəs Kitabda yazılması üçün yalnız bir hadisəni seçib. O vaxt İsanın 12 yaşı vardı. Yerusəlim mə’bədində din müəllimlərinə qorxmadan suallar vermiş və Yehovanın yollarını nə dərəcədə dərin anlaması ilə onları təəccübləndirmişdi (Luka 2:46-49).
12, 13. a) İsa ölümündən bir neçə gün əvvəl mə’bəddə nə edirdi və bu oradakı insanlara hansı tə’siri bağışladı? b) Uşaqların ona həmd etməsinə İsa necə münasibət göstərdi?
12 İsa böyüdükdən sonra da uşaqları Yehovaya həmd etməyə təşviq edirdi. Məsələn, ölümündən bir neçə gün əvvəl o, Yerusəlim mə’bədinə gəldi və orada «təəccüb doğuran işlər» etdi. İsa bu müqəddəs yeri quldur yuvasına döndərənləri mə’bəddən qovdu. O, həmçinin kor və topal adamlara da şəfa verdi. Onun hərəkətlərini müşahidə edənlər, xüsusilə də din rəhbərləri Yehovaya və Onun Oğlu Məsihə həmd etməli idilər. Heyf ki, o günlərdə Allaha və Onun Məsihinə həmd edənlər demək olar ki, yox idi. Bir çoxları İsanın Allah tərəfindən göndərildiyini bilsələr də, din rəhbərlərindən qorxurdular. Amma bir qrup insan din rəhbərlərindən heç qorxmurdu. Bilirsən onlar kimlər idi? Müqəddəs Kitabda deyilir: «Baş kahinlər və din alimləri Onun [İsanın] etdiyi təəccüb doğuran işləri və mə’bəddə “Davud Oğluna hosanna!” — deyə bağıran uşaqları gördükdə qəzəblənərək Ona [İsaya] dedilər: “Bunların nə söylədiyini eşidirsənmi?”» (Matta 21:15, 16; Yəhya 12:42).
13 Kahinlər ümid edirdilər ki, İsa ona həmd edən uşaqlara susmağı əmr edəcək. İsa bunu etdimi? Əlbəttə ki, yox! O, kahinlərə belə cavab verdi: «“Kiçik uşaqların və əmzikli olanların ağzından kamil həmd aldın” sözünü heç oxumamısınızmı?» Bu sözlərdən aydın olur ki, İsa və onun Atası uşaqlardan çox razı idilər. Bu balaca uşaqlar əslində böyüklərin görməli olduqları işi edirdilər. O uşaqlar üçün Allaha həmd etməkdə təəccüblü heç bir şey yox idi. Onlar İsanın heyrətli işlərini, cəsarətlə və imanla danışdığını, həmçinin Allaha və Onun xalqına olan coşğun məhəbbətini görürdülər. O, həqiqətən də özünün dediyi kimi, və’d edilmiş «Davudun oğlu» Məsih idi. Uşaqlar peyğəmbərliyin yerinə yetirilməsində iştirak etmək şərəfinə layiq görülərək, imanlarına görə xeyir-dua aldılar (Məzmur 8:2).
14. Gənclərin malik olduqları ən’amlar Yehovaya həmd etməkdə onlara necə kömək edir?
14 Biz bu cür nümunələrdən nə öyrənə bilərik? Uşaqlar da Yehovaya çox uğurla həmd edə bilərlər. Onlar həqiqəti aydın və olduğu kimi görürlər, imanlarını isə ürəkdən və həvəslə ifadə edirlər. Süleymanın məsəlləri 20:29 ayəsində deyildiyi kimi, onlar başqa bir ən’ama da malikdirlər: «Gəncləri qüvvəti şərəfləndirər». Bəli, uşaqlar, sizdə Yehovaya həmd etməyə lazım olan keyfiyyətlər — həm güc, həm də enerji var. Bəs bu cür ən’amlardan siz necə istifadə edə bilərsiniz?
Sən Yehovaya necə həmd edə bilərsən?
15. Yehovaya uğurla həmd etməyə bizi hansı hiss təşviq etməlidir?
15 Hər şey ürəkdən başlayır. Əgər Yehovaya həmd etməyə səni öz istəyin deyil, başqaları təşviq edirsə, onda sən bu işin öhdəsindən asanlıqla gələ bilməyəcəksən. Unutma, əmrlərin ən vacibi budur: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» (Matta 22:37). Müqəddəs Kitabı şəxsən öyrənərək Yehova ilə yaxından tanış olmusanmı? Bu cür şəxsi öyrənmənin sayəsində sən Yehova Allahı daha da çox sevəcəksən. Allaha olan məhəbbətini Ona həmd etməklə ifadə edə bilərsən. Əgər bu hiss ürəyindən gəlirsə və çox güclüdürsə, onda sən Yehovaya böyük sevinclə həmd etməyə hazır olacaqsan.
16, 17. Yehovaya həmd etməkdə davranış hansı rolu oynayır? Misal gətirin.
16 Buna görə də nə deyəcəyini düşünməzdən əvvəl, necə davranacağının üzərində düşün. Məsələn, əgər Elişanın günlərində yaşayan balaca israilli qız özünü kobud aparsaydı, hörmətsiz və vicdansız olsaydı, səncə, onu əsir götürən suriyalılar Yehovanın peyğəmbəri haqda dediklərinə qulaq asardılarmı? Yəqin ki, qulaq asmazdılar. Eyni şəkildə sən də hörmətcil və düzgün olsan, özünü yaxşı aparsan, onda başqaları sənə daha məmnuniyyətlə qulaq asacaqlar (Romalılara 2:21). Aşağıdakı nümunəyə fikir ver.
17 Portuqaliyada yaşayan 11 yaşlı bir qız məktəbdə böyük bir sınaqla qarşılaşdı. Onun Müqəddəs Kitab üzrə öyrədilmiş vicdanı Allaha məqbul olmayan bayramlarda iştirak etməsinə yol vermirdi. Bu qız bu bayramlarda iştirak etməməsinin səbəbini hörmətcil surətdə müəlliməsinə izah etdi, amma müəllimə onu lağa qoymağa başladı. Vaxtaşırı müəllimə bu qızı ələ salır və onun dini baxışlarına gülürdü. Bu cür sınaqlara baxmayaraq, o, müəlliməsi ilə çox hörmətlə davranırdı. Bir neçə il keçir və bacımız artıq daimi pioner, yə’ni tammüddətli xidmətçi olur. Konqreslərin birində vəftiz olunanlar arasında bir nəfər bacıya tanış gəlir. Bu, bacımızın məktəb müəlliməsi idi! Doyunca qucaqlaşıb ağlayandan sonra müəllimə bacımıza onun hörmətcil davranışını heç cür unuda bilmədiyini söylədi. Və bir dəfə Şahidlər onun yanına gələndə müəllimə şagirdinin davranışı haqqında onlara danışdı. Bundan sonra o, Müqəddəs Kitab öyrənməsinə başladı və həqiqəti qəbul etdi. Gördüyün kimi, sən özünü nümunəvi aparmaqla da Yehovaya həmd etmiş olursan.
18. Müqəddəs Kitab və Yehova Allah haqqında danışmağa çəkinən yeniyetmə nə edə bilər?
18 Heç elə olubmu ki, məktəbdə öz imanın haqqında danışmağa çətinlik çəkəsən? Bu cür hissləri tək sən keçirmirsən. Amma sən elə edə bilərsən ki, başqaları sənin imanına maraq göstərsinlər. Məsələn, əgər qanuna zidd deyilsə, nə üçün məktəbə Müqəddəs Kitaba əsaslanan nəşrlər gətirib, onları tənəffüsdə və ya başqa boş vaxtında oxumayasan? Sinif yoldaşların da səni görəndə nə oxuduğunla maraqlana bilərlər. Əlindəki kitabda və ya məqalədə maraqlı olan şeylər haqqında onlara danışanda özün də bilmədən yaxşı söhbət başlana bilər. Sinif yoldaşlarının nəyə inandıqlarına dair suallar verməyi də unutma. Onları hörmətlə dinləyib Müqəddəs Kitabdan öyrəndiklərin haqqında onlarla bölüş. Bu cür nümunələr göstərir ki, bir çox gənc oğlan və qızlar məktəbdə Yehovaya həmd edirlər. Onlar bundan böyük sevinc hissi duyurlar və başqalarına da Yehova ilə tanış olmağa kömək edirlər.
19. Gənclər evdən-evə təbliğdə daha səmərəli olmağa necə nail ola bilərlər?
19 Yehovaya həmd etməyin ən gözəl üsulu evdən-evə təbliğdir. Əgər hələ bu xidmət növündə iştirak etməmisənsə, nə üçün bunu etməyi qarşına məqsəd qoymayasan? Əgər artıq evdən-evə təbliğ edirsənsə, onda qarşına başqa məqsədlər qoya bilərsənmi? Məsələn, hər qapının ağzında eyni sözləri təkrarlamaqdansa, yaxşı olardı ki, bu işdə püxtələşmək üçün valideynlərinə və ya təbliğ işində daha təcrübəli olanlara müraciət edəsən. Müqəddəs Kitabdan daha çox istifadə etməyi və səmərəli təkrar başçəkmələr etməyi öyrən, həmçinin Müqəddəs Kitab öyrənməsi başlamağa çalış (1 Timoteyə 4:15). Yehovaya nə qədər çox həmd etsən, bir o qədər də xidmətdə uğurlu olacaq və bundan böyük sevinc duyacaqsan.
Yehovaya həmd etməyə nə vaxt başlamaq olar?
20. Nəyə görə uşaqlar Yehovaya həmd etmək üçün hələ çox gənc olduqlarını düşünməməlidirlər?
20 Bu məqalədə müzakirə etdiyimiz üç sualdan ən asanı sonuncu sualın cavabıdır. Müqəddəs Kitabın verdiyi aydın cavaba fikir ver: «Cavanlıq günlərində Səni Yaradanı xatırla» (Vaiz 12:1). Bəli, Yehovaya həmd etməyə başlamağın əsl vaxtı elə indidir! Əlbəttə, sən deyə bilərsən: «Yehovaya həmd etmək üçün hələ çox gəncəm. Təcrübəm də azdır. Qoy bir az böyüyüm». Bu cür düşünən tək sən deyilsən. Misal üçün, gənc Yeremya da Yehovaya deyirdi: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». Yehova Allah onu sakitləşdirdi, qorxmağa heç bir əsas yox idi (Yeremya 1:6, 7). Eynilə, biz də Yehovaya həmd edəndə qorxmamalıyıq. Elə bir zərər yoxdur ki, Yehova bizi ondan azad etməyə qadir olmasın (Məzmur 118:6).
21, 22. Gənclər nə üçün şeh damcıları ilə müqayisə edilir və bu cür müqayisə onları nəyə görə ruhlandırır?
21 Beləliklə, ey gənclər, Yehovaya həmd etməyə utanmayın! Nə qədər ki, gəncsiniz bütün dünyada keçirilən ən vacib işdə iştirak etməyin əsl vaxtıdır. Bu işdə iştirak etdikdə böyük bir ailənin —Yehovaya həmd edənlər ailəsinin üzvü olacaqsınız. Sizin də bu ailənin bir üzvü olmağınıza Yehovanın ürəyi çox sevinir. Məzmurçunun Yehova Allaha dediyi sözlərə fikir verin: «Döyüş günü əsgərlərin könüllü olaraq döyüşə gedəcək, gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək» (Məzmur 110:3).
22 Səhər açılanda yarpaqların üzərində parlayan şeh damcıları qarşımızda gözəl bir mənzərə açır, elə deyilmi? Onlar təravətli, parıltılı və saysız-hesabsızdır. Yehova da, sizi, bu çətin günlərdə Ona sədaqətlə xidmət edən gəncləri, məhz bu cür görür. Əmin ola bilərsiniz, sizin Yehovaya həmd etmək seçiminiz Onun ürəyini çox sevindirir (Süleymanın məsəlləri 27:11). Buna görə, ey gənclər var qüvvənizlə Yehovaya həmd edin!
Necə cavab verərdiniz?
• Yehovaya həmd etməyə hansı mühüm səbəblər var?
• Müqəddəs Kitabda yazılmış hansı misallar göstərir ki, uşaqlar da Yehovaya həmd etməkdə müvəffəqiyyətli ola bilərlər?
• Bu gün yeniyetmələr Yehovaya necə həmd edə bilərlər?
• Gənclər Yehovaya həmd etməyə nə vaxt başlaya bilərlər və nə üçün?
[15-ci səhifədəki şəkillər]
Əgər dostun qeyri-adi iste’dada malikdirsə, məgər sən onun haqqında başqalarına danışmazdınmı?
[17-ci səhifədəki şəkil]
Sinif yoldaşların sənin imanınla maraqlana bilərlər.
[18-ci səhifədəki şəkil]
Əgər öz xidmətində püxtələşmək istəyirsənsə, kömək üçün təcrübəli Şahidlərə müraciət et.