Sadiqliyin gətirdiyi xeyir-dualar
BƏ’Zİ ölkələrdə uşaqlar birgə oynadıqları uşaqların paltarlarına tikanlar yapışdırmaqla onları cırnatmağı xoşlayırlar. Tikanlar paltara o qədər bərk yapışır ki, uşaq istər gəzsin, istər qaçsın, istər tullanıb-düşsün, istərsə də silkələnsin tikanlar paltardan düşmür. Tikanlardan yaxa qurtarmağın yeganə üsulu onları bir-bir əl ilə qoparmaqdır. Belə oyunlar uşaqların çox xoşuna gəlir.
Əlbəttə, heç kim istəməz ki, onun paltarına tikanlar yapışsın, lakin onların yapışqanlığı insanlara məzəli gəlir. Sadiq insanın da belə bir cəhəti var, o, bu xüsusiyyəti təzahür etdirən insanla sıx bağlı olur. Sadiq insan çətin vəziyyətlərdə belə öz borcunu və vəzifəsini sədaqətlə yerinə yetirir. «Sadiqlik» sözünü eşidəndə, ağlımıza sədaqət, vəfalılıq, e’tibarlılıq kimi gözəl xüsusiyyətlər gəlir. Bəli, biz istəyirik ki, kimsə bizə sadiq olsun. Bəs biz özümüz sadiq olmaq istəyirikmi? Əgər belədirsə, onda kimə sadiq olmalıyıq?
Sadiqlik nikahın təməlidir
Sadiqliyi təzahür etdirməyin vacib olduğu sahələrdən biri nikahdır. Lakin təəssüflər olsun ki, ər-arvad arasında bu xüsusiyyətə çox az hallarda rast olunur. Evlilik əhdinə sadiq qalan, yə’ni bir yerdə yaşamağa davam edən və bir-birinin rifahı üçün çalışan ər-arvad özlərini xoşbəxt və təhlükəsizlikdə hiss edirlər. Nəyə görə? Çünki insanlar kiməsə sadiq olmaq və özlərinə qarşı sadiqliyi hiss etmək tələbatı ilə yaradılıblar. Eden bağında Adəmlə Həvva arasında nikah telləri qurulanda Allah bəyan etmişdir: «Kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq». Bu, arvada da aid idi, o öz ərinə qovuşmalı idi. İlk insan cütü bir-birinə sadiq qalmalı və əməkdaşlıq etməli idi (Yaradılış 2:24; Matta 19:3-9).
Əlbəttə, bu hadisə çox qədimdə baş vermişdir. Demək olarmı ki, bizim günlərdə nikahda sadiqlik «dəbdən düşüb»? Çoxları belə düşünmür. Almaniyada keçirilən sorğuda iştirak edənlərin 80 faizi, ər-arvadın bir-birlərinə sadiq qalmalarını çox vacib hesab edir. Kişilərin qadınlarda və qadınların kişilərdə qiymətləndirdikləri beş xüsusiyyəti aşkar etmək üçün keçirilən ikinci sorğunun nəticəsindən mə’lum oldu ki, həm kişilərin, həm qadınların bir-birlərində qiymətləndirdikləri ən dəyərli xüsusiyyət məhz sadiqlikdir.
Bəli, sadiqlik xoşbəxt nikahın təməlidir. Lakin əvvəlki məqalədən gördüyümüz kimi, insanlar sadiqliyi dəyərli xüsusiyyət hesab etsələr də, onu təzahür etdirmirlər. Məsələn, bir çox ölkələrdə boşanmaların çox olması xəyanətin geniş yayıldığını göstərir. Nikahda olan kişi və qadınlar bu cür əhval-ruhiyyəyə qarşı durmaq və həyat yoldaşlarına sadiq qalmaq üçün nə edə bilərlər?
Sadiqlik nikahı möhkəmləndirir
Ərlə arvadın sadiqliyi onda təzahür olunacaq ki, onlar bir-birlərini sədaqətli olduqlarına əmin edəcəklər. Məsələn, onlar «mənim» demək əvəzinə, «bizim» — «bizim dostlarımız», «bizim uşaqlarımız», «bizim əmlakımız», «bizim təcrübəmiz», «bizim evimiz» və sairə deyəcəklər. Ərlə arvad işə, evə, uşaqların tərbiyəsinə, əyləncəyə, istirahətə və ya ruhani işlərə dair planlar quranda, yaxud qərarlar qəbul edəndə bir-birlərinin hisslərini və fikirlərini nəzərə almalıdırlar (Süleymanın məsəlləri 11:14; 15:22).
Ərlə arvad bir-birinə ehtiyac duyduqlarını və bir-birini sevdiklərini göstərəndə də sadiqliyi təzahür etdirmiş olurlar. Nikahda olan şəxs əks cinsdən olan başqa insanla həddindən artıq dostcasına rəftar edərsə, onun həyat yoldaşı özünü təhlükəsiz hiss edə bilməz. Müqəddəs Kitab kişilərə ‘gənc ikən evləndikləri arvadlarına’ qovuşmağı məsləhət görür. Evli kişinin öz həyat yoldaşından savayı bir qadının ona məftun olması fikri, ürəyindən belə keçməməlidir. Sözsüz ki, o, başqa qadınla cinsi əlaqədə olmaqdan da qaçınmalıdır. Müqəddəs Kitab xəbərdarlıq edir: «Qadınla zina edən qanmazdır, özünü məhv etmək istəyən belə edər». Sadiqliyə dair bu cür yüksək normalara arvad da riayət etməlidir (Süleymanın məsəlləri 5:18; 6:32).
Həyat yoldaşına sadiq qalmaq üçün qüvvə sərf etməyə dəyərmi? Əlbəttə! Sadiqlik nikahı daha möhkəm və uzunömürlü edir və hər ikisinə xeyir-dua gətirir. Məsələn, ər öz arvadının rifahı üçün sədaqətlə qayğı göstərirsə, arvad özünü təhlükəsiz hiss edir, bu isə qadına kömək edir ki, özünün ən yaxşı xüsusiyyətlərini təzahür etdirsin. Kişiyə gəldikdə də bu belədir. Ər öz arvadına sadiq qalmaqda qətiyyətli olarsa, həyatının bütün sahələrində salehlik prinsiplərinə riayət etmək ona asan olacaq.
Ər və arvad çətinliklərlə üzləşəndə sadiqlik onlara əminlik hissi verəcək. Lakin, onlar bir-birlərinə sadiq deyillərsə, problem yaranan kimi çox vaxt ayrılmaq və ya boşanmaq qərarına gəlirlər. Belə addım problemi həll etmir, əksinə, bir problem başqa problemlə əvəz olunur. 1980-ci illərdə bir məşhur moda mütəxəssisi ailəsini tərk etmişdir. O, ailəsindən ayrı yaşamaqla xoşbəxtliyə nail ola bildimi? İyirmi il keçdikdən sonra o e’tiraf etmişdir: «Bütün bu illər ərzində tənhalıq və narahatçılıq hissi məni tərk etmirdi və hər gecə öz uşaqlarıma “yuxunuz şirin olsun” demək arzusu ilə yuxuya gedirdim».
Valideynlər ilə uşaqlar arasında sadiqlik
Əgər ər və arvad bir-birlərinə sadiqdirlərsə, onda, ehtimal ki, onların uşaqları da bu xüsusiyyəti inkişaf etdirə biləcəklər. Xoşbəxt və məhəbbət dolu ailədə böyüyənlərə nikaha məs’uliyyətlə yanaşmaq və yaşlı valideyinlərin qayğısına qalmaq asan olacaq (1 Timoteyə 5:4, 8).
Əlbəttə, bə’zən xəstələnən və qulluğa ehtiyac duyan valideynlər yox, uşaqlar olur. Yehovanın Şahidləri olan Herbert və Qertrudun 40-dan artıq yaşları var və onlar məhz belə vəziyyətlə qarşılaşmışlar. Onların oğulları Diter anadan olandan əzələ distrofiyası xəstəliyindən əziyyət çəkmiş və 2002-ci ilin noyabr ayında ölmüşdür. Son yeddi il ərzində Diterə gecə-gündüz diqqət və qayğı göstərilməsi tələb olunurdu. Diterin valideynləri məhəbbətlə onun qeydinə qalırdılar. Onlar hətta evlərində lazımi tibb avadanlığı quraşdırmış və bu sahədə xüsusi tibbi kurslar keçmişdilər. Bu, ailə üzvlərinə sadiq olmağa dair necə də gözəl nümunədir!
Dostluq münasibətində sadiqlik
Birqit adlı bir qadın deyir: «İnsan nikahsız da xoşbəxt ola bilər, lakin dostsuz xoşbəxt olmaq çətindir». Ola bilsin, siz də bu fikirlə razısınız. Evli və ya subay olmağınızdan asılı olmayaraq, e’tibarlı dostun sadiqliyi ürəyinizi sevindirəcək və həyatınızı zənginləşdirəcək. Əlbəttə ki, əgər evlisinizsə, onda ən yaxın dostunuz həyat yoldaşınız olmalıdır.
«Dost» və «tanış» fərqli anlayışlardır. Bizim çoxlu tanışımız ola bilər, məsələn, qonşularımız, iş yoldaşlarımız və vaxtaşırı rastlaşdığımız insanlar. Həqiqi dostluq isə vaxt, qüvvə və emosional bağlılıq tələb edir. Kiminsə dostu olmaq böyük şərəfdir. Dostluq bir çox fayda gətirir, lakin bununla yanaşı məs’uliyyət də tələb edir.
Dostlarımızla yaxşı ünsiyyət olduqca vacibdir. Onlar dəstəyimizə və köməyimizə ehtiyac duyurlar. Birqit deyir: «Əgər bizlərdən birimizin problemi yaranırsa, onda rəfiqəmlə həftədə bir-iki dəfə zəngləşirik. Onun yanımda olmağa və məni dinləməyə hazır olmasını bilmək mənə təsəlli verir». Uzaq məsafə dostluğa maneə deyil. Qerda ilə Xilda bir-birlərindən minlərlə kilometr uzaqlıqda yaşayırlar, lakin onlar 35 ildən çoxdur ki, dostluq edirlər. Qerda deyir: «Biz müntəzəm olaraq məktublaşırıq və bir-birimizlə həyat təcrübəmizi və dərin hisslərimizi — kədər və sevincimizi bölüşürük. Xildadan məktub alanda özümü çox xoşbəxt hiss edirəm. Biz bir-birimizi bir kəlmə sözdən başa düşürük və eyni düşüncə tərzinə malikik».
Dostluqda sadiqlik son dərəcə vacibdir. Sədaqətsizlik hətta uzun müddət davam edən dostluğu da poza bilər. Dostlar adətən sirli məsələlər barədə də bir-birlərilə məsləhətləşirlər. Onlar səmimidirlər və qorxmurlar ki, onları düz başa düşməyəcəklər və ya sirləri başqalarına açılacaq. Müqəddəs Kitab deyir: «Dost hər zaman sevər, qardaş [«kimi», YD] dar gün üçün doğulur» (Süleymanın məsəlləri 17:17).
Dostlar bizim düşüncə tərzimizə, hisslərimizə və hərəkətlərimizə tə’sir göstərdikləri üçün, həyat yolu bizim həyat yolumuza uyğun olan insanlarla dostluq etmək çox vacibdir. Məsələn, eyni e’tiqadlara, eyni əxlaqi prinsiplərə, o cümlədən pisliyə və yaxşılığa dair eyni nöqteyi-nəzərə malik olan insanlarla dostluq etdiyinə əmin ol. Belə dostlar, qarşına qoyduğun məqsədlərə nail olmaqda sənə kömək edəcəklər. Axı nəyə görə sizin malik olduğunuz əxlaq normalarına şərik olmayan insanlarla dostluq edəsiniz? Yaxşı insanlarla dostluq etməyin vacibliyini Müqəddəs Kitab göstərir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20).
Sadiqliyi təzahür etdirməyi öyrənmək olar
Tikanları paltara yapışdırmağı öyrənən uşaq bunu təkrar-təkrar etmək istəyəcək. Bu nümunəni sadiq insana da tətbiq etmək olar. Nəyə görə? Nə qədər çox sadiq qalırıqsa, bu xüsusiyyəti təzahür etdirmək bir o qədər də asan olur. Əgər öz ailəsində uşaq erkən yaşlarından sadiqliyi təzahür etdirməyi öyrənirsə, sadiq dost olmaq ona asan olacaq. Möhkəm dostluq isə gələcəkdə həyat yoldaşına sadiq olmaq üçün ona yaxşı zəmin yaradacaq. Bu, həmçinin ən vacib dostluqda sadiqliyi qorumağa ona kömək edəcək.
İsa demişdir ki, ən vacib əmr Yehova Allahı bütün ürəyinlə, canınla, düşüncənlə və qüvvətinlə sevməkdir (Mark 12:30). Bu, o deməkdir ki, biz Allaha hədsiz sadiq olmalıyıq. Yehova Allaha sadiq olmaq bol-bol xeyir-dualar gətirir. O, bizi heç vaxt mə’yus etməz, çünki Müqəddəs Kitabda Onun haqqında deyilir: «Allah sadiqdir» (1 Korinflilərə 10:13). Bəli, Allaha olan sadiqliyimiz və ya sədaqətimiz əbədi mükafatlar gətirər (1 Yəhya 2:17).
[6-cı səhifədəki yazı]
Yaxşı dostun sadiqliyi ürəyi sevindirir.
[5-ci səhifədəki şəkil]
Ailə üzvləri bir-birinin qeydinə qalmaqla sadiqliyi təzahür etdirmiş olurlar.