Milad mövsümü. Mahiyyəti nədən ibarətdir?
MİLYONLARLA insanlar bayram günlərini ailələri və dostları ilə xoş və məhəbbət dolu atmosferdə keçirmək üçün səbirsizliklə gözləyirlər. Digərləri isə, bu günlərdə Məsihin doğulması və onun bəşəriyyətin xilasında oynadığı rol üzərində düşünürlər. Başqa ölkələrdən fərqli olaraq, Rusiyada Milad bayramının qeyd edilməsinə həmişə icazə verilməyib. Rus pravoslav xristianları əsrlər boyu Milad bayramını açıqca qeyd etsələr də, XX əsrin ikinci onilliyinin sonundan bu bayram qadağan edilmişdi. Buna səbəb nə olmuşdu?
1917-ci ildə baş verən Bolşevik Kommunist inqilabından dərhal sonra Sovet hökuməti, tərkibinə daxil olan bütün ölkələrdə ateizm siyasətini yürütməyə başladı. Dini xarakter daşıyan Milad mövsümü də Sovet rəsmilərinin hədəf nöqtəsinə çevrildi. Dövlət həm Milad, həm də Yeni il bayramlarına qarşı təbliğat aparmağa başladı. Hətta bu bayramların rəmzləri olan Milad yolkası və Şaxta Baba da açıq-açığına tənqid atəşinə tutuldu.
Lakin 1935-ci ildə Sovet hakimiyyəti bu bayramlarla əlaqədar böyük dəyişikliklər etdi. Yeni il şənlikləri, yolka və Şaxta Baba qayıtdı, amma tamamilə başqa cilddə. Artıq Şaxta Baba hədiyyələri Miladda deyil, Yeni il gecəsində gətirəcəkdi. Yolka isə Milad yolkası deyil, Yeni il yolkası olacaqdı. Beləliklə, Sovet İttifaqında bu bayramın mahiyyəti köklü surətdə dəyişdirildi. Yeni il bayramı Milad bayramını sıxışdırıb aradan çıxardı.
Milad mövsümü öz dini mahiyyətini tamamilə itirərək adi bir dünyəvi bayrama çevrildi. Yeni il yolkası artıq dini mə’na daşıyan bəzək əşyaları ilə deyil, Sovet İttifaqının tərəqqisinin göstəricisi olan yolka oyuncaqları ilə bəzədilməyə başladı. Rusiyada çıxan «Vokruq Sveta» jurnalında deyilir: «Sovet erasının müxtəlif dövrlərində çıxan yolka oyuncaqlarının vasitəsilə kommunist cəmiyyətinin qurulmasının tarixini asanlıqla izləmək olar. Bayağı dovşan balaları, buz lülələri, kökələr formasında olan yolka oyuncaqları ilə yanaşı, bir qədər vaxtdan sonra oraq və çəkic, traktor, daha sonralar şaxtaçılar, kosmonavtlar, neft buruqları, raketlər və lunoxod fiqurları istehsal edilməyə başladı».
Bəs Milad gününün özü ilə nə baş verdi? Onu bərpa etdilərmi? Xeyr. Əksinə, Sovet hakimiyyəti onu adi iş günlərindən birinə çevirdi. Amma Milad bayramını ona xas olan dini atributlarla qeyd etmək istəyənlər bunu ehtiyatla edirdilər, çünki belələrini dövlətin ədavətinə düçar olmaq və bunun acı nəticələrini dadmaq təhlükəsi gözləyirdi. Gördüyümüz kimi, 20-ci əsrin ateist Rusiyasında dini mə’na daşıyan bayramlara yer yox idi.
Son zaman baş vermiş dəyişikliklər
1991-ci ildə Sovet İttifaqı dağılandan sonra dövlətin ateizm siyasəti də süquta uğradı. Yeni yaranmış müstəqil dünyəvi respublikaların vətəndaşları daha çox azadlıqlar əldə etdilər. Din dövlətdən ayrıldı. Allaha inanan insanlar öz əqidələrinə artıq açıqcasına e’tiqad edə bilərdilər. Onlar düşünürdülər ki, bunu etməyin yollarından biri dini bayram olan Milad bayramını qeyd etməkdir. Lakin tezliklə, bir çoxları acı həqiqətlə üzləşməli oldular.
Bayram ildən-ilə daha çox ticarət xarakteri daşımağa başlayır. Qərbdə olduğu kimi, Rusiyada da istehsalçılar, topdan və pərakəndə satış işçiləri Milad mövsümündən qazanc mənbəyi kimi istifadə edirlər. Miladi bəzək əşyaları vitrinlərdən bərq vurur. Mağazalardan, bu vaxtadək Rusiyada tanınmayan qərbsayağı Milad mahnılarının sədaları gəlir. Şəhərətrafı qatarlarda və digər ictimai nəqliyyat vasitələrində bəzək-düzək və oyun-oyuncaqlarla dolu torbalar daşıyan satıcılar öz mallarını camaata sırıyırlar. Bu gün Rusiyada Milad mövsümündə bu cür mənzərəni müşahidə etmək olar.
Bu açıq-aşkar alverdə pis şey görməyənləri bayram şənliklərinin ayrılmaz hissəsi olan spirtli içkilərdən sui-istifadə və onun törətdiyi problemlər narahat edə bilər. Moskva xəstəxanalarından birinin tə’cili yardım şö’bəsində çalışan həkim bu haqda deyir: «Biz həkimlər, Yeni il şənliklərində sərxoşluğun, ailə üzvləri tərəfindən törədilən zorakılıq aktlarının, yol qəza hadisələrinin nəticəsində baş verən baş-bədən xəsarətlərinin, bıçaq və güllə yaralarının sayının çox olmasına artıq alışmışıq». Rusiya Elmlər Akademiyasının kafedralarının birinin baş elmi işçisi qeyd edir: «Spirtli içkilərdən ölənlərin sayı kəskin surətdə artır. 2000-ci ildə onların sayı xüsusən yüksək idi. O cümlədən, intihar və qətl hadisələrinin sayı da artmışdır».
Əfsuslar olsun ki, Rusiyada bu vəziyyət daha bir amil ucbatından ağırlaşır. «İzvestiye» qəzetində «Ruslar Milad bayramını iki dəfə qeyd edirlər» adlı başlıq altında çıxan məqalədə mə’lumat verilir: «Demək olar ki, on rusdan biri Milad bayramını iki dəfə qeyd edir. ROMİR monitorinq mərkəzinin keçirdiyi rə’y sorğusuna əsasən, respondentlərin 8 faizi e’tiraf etdi ki, Milad bayramını həm katolik təqviminə görə dekabrın 25-də, həm də rus pravoslav kilsəsinin təqviminə görə yanvarın 7-də qeyd edirlər... Göründüyü kimi, bə’zilərini Miladın dini mə’nası maraqlandırmır, sadəcə olaraq bu, onlara bayram etmək üçün bir bəhanədir»a.
Bayramların yeni «siması» Məsihə şərəf gətirirmi?
Artıq gördüyümüz kimi, bu bayramlarda Allahı rüsvay edən bir çox hərəkətlərə yol verilir. Bə’zilərinə bu hal kədərli görünsə də, Allaha və Məsihə ehtiramlarını bildirmək üçün bu bayramları qeyd etməyi özlərinə borc bilirlər. Allahı məmnun etmək arzusu təqdirəlayiqdir. Bəs Milad bayramı Allaha və Məsihə məqbuldurmu? Gəlin bu bayramın köklərinə diqqət yetirək.
İnsanların Milad bayramına münasibətlərindən asılı olmayaraq, «Azərbaycan Sovet Ensiklopediyası»nda yazılmış tarixi fakt təkzibedilməzdir: «Milad bayramı... əkinçi xalqlar arasında geniş yayılmışdır və adətən, “ölən və dirilən” allahlara sitayişlə bağlıdır. M[ilad] b[ayramı]nın ilkin mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) xilaskar allahın “doğulması” ilə əlaqədar keçirilən qədim bütpərəst mərasim bayramı olmuşdur».
«Böyük Sovet Ensiklopediyası»ndakı mə’lumat da diqqətə layiqdir: «Birinci əsrin məsihçiləri Milad bayramını qeyd etmirdilər... 4-cü əsrin ortalarından başlayaraq, xristianlar Mitraya həsr edilən qış günəş duruşu bayramını mənimsəyib, onu Milad bayramı kimi qələmə verməyə başladılar. İlk olaraq, Milad bayramını Romanın xristian icmaları qeyd etmişdilər. 10-cu əsrdə xristianlıqla bərabər Milad bayramı da Rusiyanın ərazisində yayılaraq, əcdadların ruhlarının şərəfinə qışda qeyd edilən qədim slavyan bayramı ilə qarışdı».
Siz soruşa bilərsiniz: bəs Allahın Kəlamı olan Müqəddəs Kitabda İsanın dekabrın 25-də doğulması haqqında nə isə yazılıbmı? İş orasındadır ki, Müqəddəs Kitab İsanın doğum tarixi haqqında heç nə demir. Orada nəinki İsanın öz doğum günü haqqında xatırlatması, heç onun qeyd edilməsi barədə göstəriş verdiyi belə deyilmir. Buna baxmayaraq, Müqəddəs Kitab İsanın ilin hansı fəslində doğulmasını müəyyən etməyə kömək edir.
«Mattanın Müjdəsi»nin 26 və 27-ci fəsillərinə əsasən, İsa Nisan ayının 14-ü, yəhudi Pasxası günü e’dam edilmişdi. Həmin gün, bizim təqvimə əsasən, eramızın 33-cü ili mart ayının 31-i başlayırdı. «Lukanın Müjdəsi»ndən isə İsanın vəftiz olub xidmətinə başlayanda təxminən 30 yaşında olduğunu öyrənirik (Luka 3:21-23). Onun yer üzündə xidməti üç il yarım davam etmişdi. Belə çıxır ki, İsa 33 yaş yarımında ölmüşdü. Onun 34 yaşı eramızın 33-cü ili sentyabrın sonu oktyabrın əvvəlində tamam olacaqdı. Luka mə’lumat verir ki, İsa anadan olanda «çobanlar... gecə çöldə öz sürülərinin keşiyini çəkirdilər» (Luka 2:8). Dekabr ayında Bet-Lexemin ətrafında qar da yağa bilər. Buna görə onlar bunu oktyabrın əvvəllərində edə bilərdilər. İsa, bir çox dəlillərə əsasən, ilin məhz bu vaxtında doğulmuşdu.
Yeni il bayramına gəldikdə isə, artıq mə’lum olduğu kimi, şənliklər əxlaqsız davranışla müşayiət edilir. Onu adi dünyəvi bayrama çevirmək cəhdlərinə baxmayaraq, Yeni il bayramının da kökləri şübhəlidir.
Yeni il və Milad bayramları haqqında araşdırdığımız faktları nəzərə alaraq, «Bayramın səbəbkarı İsadır» şüarının artıq öz mə’nasını itirdiyini aydın surətdə görürük. Əgər bu bayramların gəlir mənbəyinə çevrilməsi, mənfur yalan dinlərdən əmələ gəlməsi və əxlaqsız hərəkətlərlə müşayiət edilməsi sizi mə’yus edirsə, ruhdan düşməyin. Allaha və Məsihə, onların layiq olduqları ehtiramı bildirmək və ailə tellərini möhkəmləndirmək üçün çox gözəl üsul var.
Allaha və İsaya ehtiram bildirməyin daha yaxşı yolu
Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir» (Matta 20:28). O, günahlarımız üçün ölməyə razı olaraq, özünün e’dam edilməsinə yol verdi. Bə’ziləri düşünürlər ki, İsaya minnətdarlıqlarını Milad bayramını qeyd etməklə göstərə bilərlər. Lakin gördüyümüz kimi, Milad və Yeni il bayramları yalan dinlərdən əmələ gəldiyinə görə onların İsa ilə heç bir əlaqəsi yoxdur. Bu bayramlar nə qədər cəlbedici görünsə də, bə’zi adamlara ciblərini güdmək üçün ə’la fürsət verir. Bundan başqa e’tiraf etmək lazımdır ki, onlar Allahın və Məsihin nifrət etdiyi biabırçı hərəkətlərlə müşayiət edilir.
Allahı həqiqətən də məmnun etmək istəyən adamın bu bayramlara münasibəti necə olmalıdır? Səmimi insan, dini hisslərini yatıran və Müqəddəs Kitaba zidd olan insan ən’ənələrinin ətəyindən yapışmaq əvəzinə, Allaha və Məsihə ehtiramını bildirmək üçün həqiqi yolu tapmağa çalışacaq. Bəs bu həqiqətləri haradan tapmaq olar?
Məsihin özü demişdir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Səmimi insan Allaha və İsaya ehtiramını düzgün şəkildə bildirmək üçün dəqiq bilik əldə edəcək. Sonra isə o, öyrəndiklərini yalnız ilin müəyyən günlərində deyil, hər gün tətbiq edəcək. Bu bilikləri həyatımızda tətbiq etməyimiz əbədi həyata yol açır. Allahı məhz belə məmnun etmək olar.
Siz, əzizlərinizin Allaha və Məsihə ehtiramlarını düzgün şəkildə bildirənlərin sırasında olmalarını istərdinizmi? Yehovanın Şahidləri bütün dünyada milyonlarla ailələrə Müqəddəs Kitabdan həyati vacib bilikləri əldə etməyə kömək ediblər. Biz sizi yaxınlığınızda yaşayan Yehovanın Şahidlərindən birinə müraciət etməyə və ya ikinci səhifədə olan ünvanların birinə yazmağa də’vət edirik.
[Haşiyə]
a 1917-ci il Oktyabr inqilabından əvvəl bir çox ölkələr Qriqori təqvimindən istifadə etdiyi halda, Rusiyada hələ də köhnə Yuli təqvimindən istifadə edilirdi. 1917-ci ildə Yuli təqvimi Qriqori təqvimindən 13 gün geridə qalırdı. İnqilabdan sonra Sovetlər ölkəsi, demək olar ki, bütün ölkələrdə istifadə edilən Qriqori təqviminə keçdi. Buna baxmayaraq, rus pravoslav kilsəsi öz dini mərasimlərini «köhnə üslub» sayılan Yuli təqviminə əsasən qeyd edirdi. Ola bilər, siz Milad bayramının Rusiyada yanvarın 7-də qeyd edildiyini bilirsiniz. Beləliklə, Qriqori təqviminə əsasən yanvarın 7-si Yuli təqviminin dekabrın 25-nə münasibdir. Buna görə, qışda Rusiyada qeyd edilən bayramların ardıcıllığı belədir: dekabrın 25-i (qərb üslublu Milad bayramı), yanvarın 1-i (Yeni il), yanvarın 7-si (pravoslav Milad bayramı), yanvarın 14-ü (köhnə yeni il).
[7-ci səhifədəki çərçivə/şəkil]
Yeni il bayramının kökləri
Gürcü pravoslav kilsəsinin keşişi deyir:
«Yeni il bayramının kökü qədim Romada qeyd edilən bütpərəst bayramlara gedib çıxır. Yanvarın 1-i Romada yalan allah olan Yanusa həsr edilmiş bayram qeyd edilirdi. Yanvar ayının adı da onun adından əmələ gəlib. Yanus iki sifətli — bir üzü keçmişə, o biri üzü isə gələcəyə yönəldilmiş təsvir edilirdi. İnanca görə, yanvarın birini şənliklə və bol süfrə arxasında qarşılayanlar bütün ili xoşbəxtlik və xoş güzaran içində keçirəcəkdilər. Bizim həmvətənlərimiz də bu cür mövhümata inanırlar... Qədimdə bunun kimi bütpərəst bayramlarda insanları bütlərə qurban gətirirdilər. Həmçinin onlar zina, cinsi əxlaqsızlıq və iyrənc eyş-işrət məclislərinə görə tanınırdılar. Yanus allahın şərəfinə keçirilən şənliklərdə insanlar qarınqululuq, sərxoşluq edir və hər növ natəmizliklə də məşğul olurdular. Əgər bu bayramı necə qeyd etdiyimizi xatırlasaq, onda e’tiraf etməliyik ki, biz də bu qədim bütpərəst mərasimin iştirakçısı olmuşuq» (Gürcü qəzeti).
[6-cı səhifədəki şəkil]
Xristian dünyası Mitraya ibadəti mənimsədi.
[İcazə ilə]
Museum Wiesbaden
[6-cı səhifədəki şəkil]
Çobanlar, çətin ki, dekabrın soyuğunda çöldə sürülərinin keşiyini çəkirdilər.