Siz kimə itaət edirsiniz — Allaha, yoxsa insanlara?
«İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (HƏVARİLƏRİN İŞLƏRİ 5:29).
1. a) Bu məqalədə hansı ayəni müzakirə edəcəyik? b) Həvariləri nəyə görə zindana atmışdılar?
YƏHUDİ Ali Məhkəməsinin hakimləri bərk qəzəbləniblər. Məhbuslar zindanda yoxdurlar. Onlar, bir neçə həftə bundan qabaq Ali Məhkəmə tərəfindən ölümə məhkum edilmiş İsa Məsihin həvariləridirlər. İndi isə məhkəmə onun ən yaxın davamçıları ilə hesablaşmağa hazırdır. Keşikçilər dustaqların dalınca gedəndə, zindanın qapıları bağlı olsa da, içəridə heç kimi tapmamışlar. Bir qədər sonra onlar xəbər tuturlar ki, həvarilər zindana məhz təbliğ fəaliyyətinə görə atıldıqlarına baxmayaraq, yenə də Yerusəlim mə’bədində xalqa İsa Məsih haqqında cəsarətlə təbliğ edirlər! Keşikçilər birbaşa ora yollanıb həvariləri həbs edirlər və onları məhkəmə qarşısına gətirirlər (Həvarilərin işləri 5:17-27).
2. Mələk həvarilərə hansı göstərişi verdi?
2 Həvariləri zindandan azad edən mələk idi. Mələk onları gələcək tə’qiblərdən qurtarmaq üçünmü bunu etdi? Xeyr, o, bunu etdi ki, Yerusəlim sakinləri İsa Məsih haqqında xoş xəbəri eşitsinlər. Mələk onlara «bu Həyat barəsindəki bütün sözləri xalqa söyləyin» deyə göstəriş vermişdi (Həvarilərin işləri 5:19, 20). Mə’bəd keşikçiləri oraya gələndə, həvariləri itaətkarlıqla bu göstərişə riayət edən görürlər.
3, 4. a) Təbliğ etməyə qadağa qoyulanda Peter və Yəhya nə dedilər? b) Bəs digər həvarilərin cavabı necə oldu?
3 Bu qətiyyətli təbliğçilərdən ikisi, həvari Peter və Yəhya, bundan qabaq da məhkəmədə olmuşdular. Buna istinad edərək, baş hakim Qayafa onları ciddi surətdə məzəmmət etdi: «Sizə bu adla [İsanın adı ilə] tə’lim verməyi ciddi qadağan etmədikmi? Və budur, tə’liminizi Yerusəlimin hər yerinə yaydınız» (Həvarilərin işləri 5:28). Qayafa onları yenə də məhkəmə qarşısında görərək, heç də təəccüblənmədi. Onlara birinci dəfə təbliğ etməyi qadağan edəndə, iki həvari cavab vermişdi: «Özünüz deyin: sizi Allahdan daha artıq dinləmək Allahın qarşısında doğrudurmu? Eşitdiyimiz və gördüyümüz şeyləri söyləməməyimiz qeyri-mümkündür». Yeremya peyğəmbər kimi, Peter və Yəhya da Allahın təbliğ etmək əmrinə tabe olmamağı qeyri-mümkün sayırdılar (Həvarilərin işləri 4:18-20; Yeremya 20:9).
4 İndi isə yalnız Peter və Yəhyanın deyil, yenicə seçilmiş həvari Matiyanı da daxil etməklə, bütün həvarilərin məhkəmə qarşısında şahidlik vermək imkanı yaranmışdır (Həvarilərin işləri 1:21-26). Təbliğ etmək qadağan ediləndə, onlar da cəsarətlə dedilər: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həvarilərin işləri 5:29).
Kimə itaət etməli: Allaha, yoxsa insanlara?
5, 6. Həvarilər nəyə görə məhkəmənin qərarına tabe olmadılar?
5 Həvarilər qanuna tabe olurdular və adətən məhkəmənin qərarını pozmurdular. Lakin nə qədər nüfuzlu olsa da, heç bir insanın ixtiyarı yoxdur ki, kimisə Allahın bir qanununu belə pozmağa təhrik etsin. Bütün yer üzünün Haqq-Taalası Yehovadır (Məzmur 83:18). O «bütün dünyanın Hakimi» olmaqla yanaşı, Ali Qanunverici və əbədiyyət Padşahıdır. Allahın hər hansı bir qanununun ləğv edilməsi barədə məhkəmə qərarı Onun gözündə qanuni qüvvəyə malik deyil (Yaradılış 18:25; Yeşaya 33:22).
6 Bu həqiqəti bə’zi görkəmli hüquqşünaslar da e’tiraf etmişlər. Məsələn, 18-ci əsrdə yaşamış məşhur ingilis hüquqşünası Uilyam Blakston yazmışdı ki, insanın yaratdığı heç bir qanunun Müqəddəs Kitabda yazılan «vəhy qanununa» zidd getməsinə yol verilməməlidir. Buna görə, Sinedrion həvarilərə təbliğ etməyi qadağan edəndə, öz səlahiyyətindən kənara çıxmışdı. Həvarilər bu qərara heç cür tabe ola bilməzdilər.
7. Təbliğ işi kahinləri nəyə görə acıqlandırırdı?
7 Həvarilərin təbliği davam etdirməkdə qəti olmaları başçı kahinləri acıqlandırırdı. Qayafa və kahin tayfasının üzvlərindən bə’ziləri dirilməyə inanmayan sadukeylər idi (Həvarilərin işləri 4:1, 2; 5:17). Lakin həvarilər İsanın dirildiyini sübut etməyə davam edirdilər. Başçı kahinlərdən bə’ziləri Roma hakimiyyətinin iltifatını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Pilat, İsanı özlərinin padşahı kimi qəbul etməyi onlara təklif edəndə, başçı kahinlər hətta «qeysərdən başqa hökmdarımız yoxdur» deyə qışqırmaqdan çəkinmədilər (Yəhya 19:15)a. Həvarilər yalnız İsanın dirildiyini deyil, onun adından başqa «səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək» deyərək xalqı öyrədirdilər (Həvarilərin işləri 2:36; 4:12). Kahinlər qorxurdular ki, əgər yəhudilər İsanı öz rəhbərləri kimi qəbul etsələr, Roma qoşunları gəlib onları və digər rəhbərləri ‘həm yerlərindən’ məhrum edəcək, ‘həm də xalqlarını yox edəcəklər’ (Yəhya 11:48).
8. Qamliyel Sinedriona hansı müdrik məsləhəti verdi?
8 İsa Məsihin həvariləri üçün gələcək heç də ürəkaçan görünmürdü. Sinedrionun hakimləri onları öldürmək qərarında qəti idilər (Həvarilərin işləri 5:33). Lakin vəziyyət gözlənilmədən dəyişdi. Qanunu yaxşı bilən Qamliyel ayağa qalxıb, hakimlərə məsləhət gördü ki, fikirləşmədən hökm çıxarmasınlar. O çox müdrik sözlər söylədi: «Bu təşəbbüs və bu hərəkət insanlardan isə, yox olacaqdır; lakin Allahdan isə, onu yox etməyə sizin gücünüz çatmaz». Sonra o, diqqətəlayiq bir fikir əlavə etdi: «Hətta Allahla savaşanların halına düşə bilərsiniz» (Həvarilərin işləri 5:34, 38, 39).
9. Nədən mə’lum oldu ki, həvarilərin işi doğrudan da Allahdan idi?
9 Təəccüblü olsa da, məhkəmə Qamliyelin məsləhətinə qulaq asdı. «[Onlar] həvariləri çağırdılar... döydürdükdən sonra, İsanın adı ilə danışmasınlar deyə, tənbeh etdilər və sərbəst buraxdılar». Hətta başlarına gəlmiş bütün hadisələrdən sonra belə həvarilər mələyin təbliğ etmək göstərişinə riayət etməyə qəti qərarlı idilər. Məhkəmə binasını tərk etdikdən sonra, onlar «hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər» (Həvarilərin işləri 5:40, 42). Buna görə də, Yehova onları mükafatlandırdı. Necə? «Allahın kəlamı vüs’ət alırdı və Yerusəlimdə şagirdlərin sayı xeyli artırdı. Kahinlərdən bir çoxu da imana sarılırdı» (Həvarilərin işləri 6:7). Başçı kahinlər az qala qəzəbdən boğulurdular. Lakin həqiqət aydın idi: həvarilərin işi doğrudan da Allahdan idi!
Allahla mübarizə uğursuzluqla nəticələnəcək
10. Qayafa tutduğu vəzifəsində özünü nə üçün təhlükəsiz hiss edirdi və onun insanlara güvənməsi necə boşa çıxdı?
10 Birinci əsrdə baş kahinləri Roma hökuməti tə’yin edirdi. Varlı Yusif Qayafanı bu vəzifəyə Valeri Qrat tə’yin etmişdi və o bu vəzifəni sələflərinin əksəriyyətindən daha uzun müddət tutmuşdu. Ehtimal ki, Qayafa bu vəzifəyə tə’yin olunmasını ilahi qüvvənin müdaxiləsilə deyil, yaxşı diplomat olması və Pilatla dostluq münasibətləri ilə əlaqələndirirdi. Hər halda onun insanlara güvənməsi boşa çıxdı. Həvarilərin Sinedrionun qarşısında durmalarından yalnız üç il sonra, Qayafa Roma hökumətinin gözündən düşdü və tutduğu vəzifədən azad edildi.
11. Ponti Pilatın və yəhudi sisteminin sonu necə gəldi və siz bundan hansı ibrət dərsini aldınız?
11 Qayafanı tutduğu vəzifədən kənar etmək əmrini Suriyanın valisi və Pilatın birbaşa rəisi Lusi Vitelli vermişdi və onun yaxın dostu Pilat buna qarşı heç bir tədbir görə bilmədi. Bu hadisədən bir il sonra Pilatın özü, tutduğu vəzifədən azad edildi və yaranmış ciddi problemlərə görə cavab vermək üçün Romaya çağırıldı. O ki qaldı ümidlərini qeysərə bağlayan yəhudi rəhbərlərinə, romalılar doğrudan da ‘gəlib həm yerlərini, həm də xalqlarını yox etdilər’. Bu, eramızın 70 ilində, Roma qoşunları Yerusəlimi, mə’bədi və Sinedrion zalını yerlə yeksan edən zaman baş verdi. Məzmurçu «əsilzadələrə, sizi qurtara bilməyən bəşər oğluna güvənməyin» deyərkən necə də haqlı idi! (Yəhya 11:48; Məzmur 146:3).
12. İsanın nümunəsindən necə aydın olur ki, Allaha itaət etməklə biz müdrik davranırıq?
12 Onlardan fərqli olaraq, Allah, dirilmiş İsa Məsihi möhtəşəm ruhani mə’bəddə Baş Kahin tə’yin etmişdir. Heç bir insan onu bu vəzifədən kənar edə bilməz. İsa «daimi kahinliyə malikdir» (İbranilərə 2:9; 7:17, 24; 9:11). Allah ona hətta diriləri və ölüləri mühakimə etmək səlahiyyətini də vermişdir (1 Peter 4:5). Məhz İsa Qayafanın və Ponti Pilatın yaşayıb-yaşamayacağını həll edəcək (Matta 23:33; Həvarilərin işləri 24:15).
Padşahlığın müasir cəsarətli təbliğçiləri
13. Müasir dövrdə hansı iş insanlardan, hansı iş Allahdan olmuşdur? Bu nədən mə’lum oldu?
13 Birinci əsrdə olduğu kimi, bizim günlərdə də «Allahla savaşanların» sayı az deyil (Həvarilərin işləri 5:39). Məsələn, Almaniyada yaşayan Yehovanın Şahidləri Adolf Hitleri öz fürerləri, yə’ni rəhbərləri kimi qəbul etməkdən imtina edəndə, Hitler Şahidlərin kökünü kəsəcəyinə and içmişdi (Matta 23:10). İnsan nöqteyi-nəzərindən bunu etmək üçün Hitlerin, sözsüz ki, kifayət qədər qüvvəsi var idi. Nasistlər minlərlə Şahidləri yaxalayıb həbs düşərgələrinə göndərmişlər. Bə’zilərini öldürmələrinə baxmayaraq, onlar Şahidlərin Yehovadan başqa heç kimə ibadət etmək əzmlərini qıra bilmədilər və onları qrup şəklində məhv etmək cəhdində tamamilə müvəffəqiyyətsizliyə uğradılar. Bu məsihçilərin fəaliyyəti Allahdan idi, Onun işini isə heç kim dayandıra bilməz. Hitlerin həbs düşərgələrindən sağ çıxan sadiq məsihçilər altmış il sonra da Yehovaya ‘bütün ürəkləri, bütün canları və bütün düşüncələri’ ilə xidmət etməyə davam edirlər. Hitler və onun Nasist partiyası isə əməlləri ilə özlərini tarixin qara səhifələrinə yazdılar (Matta 22:37).
14. a) Tə’qibçilər Yehovanın Şahidlərini ləkələmək üçün onlara hansı böhtanları atırlar və bu nə ilə nəticələnir? b) Bütün bunlar Allahın xalqına böyük zərər gətirə bilərmi? (İbranilərə 13:5, 6).
14 Bu gün Yehova ilə digər qüvvələr mübarizə aparır. Bu mübarizənin də sonu qabaqcadan bəllidir — o uğursuzluqla nəticələnəcək! Lakin bu vəziyyət hələ davam etdiyindən, Şahidlər bir çox çətinliklərlə qarşılaşırlar. Məsələn, bir neçə Avropa ölkəsində hiyləgər din rəhbərləri və siyasi qüvvələr Yehovanın Şahidlərinə «təhlükəli təriqət» damğasını basmışlar. Vaxtilə birinci əsrin məsihçilərinə də belə damğa basılmışdır (Həvarilərin işləri 28:22). Lakin İnsan Haqları üzrə Avropa Məhkəməsi Yehovanın Şahidlərinin təriqət yox, din olduğunu e’tiraf etmişdir. Tə’qibçilərin bu qərardan, şübhəsiz ki, xəbərləri var. Lakin onlar Şahidlərə böhtan atmağa davam edirlər. Təəssüflər olsun ki, çoxları bu yalana uyur və nəticədə bə’zi məsihçilər işlərindən azad edilirlər. Məsihçi uşaqlarını məktəbdə incidirlər. Uzun müddət ərzində Şahidlərə yığıncaq görüşlərini keçirmək üçün binalarını icarəyə verən bə’zi sahibkarlar qorxudulduqları üçün Şahidlərlə bağladığı müqavilələri ləğv edirlər. Digər hallarda mə’murlar bə’zi bacı-qardaşlarımıza vətəndaşlıq verməkdən imtina etmişlər. Bunun yeganə səbəbi — onların Yehovanın Şahidləri olmasıdır. Lakin bütün bunlara baxmayaraq, məsihçilər yenilməzdirlər!
15, 16. Fransada yaşayan Yehovanın Şahidləri onların işinə qarşı yönəldilən tə’qiblərə necə münasibət göstərdilər və biz nəyə görə təbliğ işimizi davam etdiririk?
15 Məsələn, Fransada insanların əksəriyyəti mülayim və qərəzsizdirlər. Lakin bə’zi tə’qibçilər Padşahlıq işinə məhdudiyyət qoymaq məqsədilə, bir sıra qanunlar çıxarmışlar. Yehovanın Şahidləri buna necə münasibət göstərdilər? Padşahlıq xəbəri Fransanın tarixində görünməyən dərəcədə vüs’ət aldı və bu, heyranedici bəhrələr gətirdi (Yaqub 4:7). Bir təsəvvürünüzə gətirin, yalnız altı ay ərzində Müqəddəs Kitab öyrənmələrinin sayı 33 faiz artdı! Səmimi ürəkli insanların xoş xəbərə hay verməsi İblisi bərk qəzəbləndirir (Vəhy 12:17). Fransada xidmət edən həmimanlılarımız əmindirlər ki, Yeşaya peyğəmbərin yazdığı sözlər bu halda da düz çıxır: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər bir kəsi təqsirkar çıxaracaqsan» (Yeşaya 54:17).
16 Bu o demək deyil ki, tə’qiblər bizim xoşumuza gəlir. Lakin biz Allahın bütün xidmətçilərinə verdiyi əmrə tabe olaraq, eşitdiyimiz şeylər haqqında danışmaya bilmərik və bunu etmək fikrində deyilik. Biz yaşadığımız dövlətin nümunəvi vətəndaşı olmaq istəyirik. Amma insanların qanunu Allahın qanununa zidd gedəndə, biz Allaha itaət etməliyik.
Onlardan qorxmayın
17. a) Biz nəyə görə düşmənlərimizdən qorxmamalıyıq? b) Bizi tə’qib edənlərə qarşı münasibətimiz necə olmalıdır?
17 Düşmənlərimiz çox təhlükəli vəziyyətdədirlər, çünki onlar Allahla mübarizə aparırlar. İsa demişdir ki, onlardan qorxmayaq, əksinə, bizi tə’qib edənlər üçün dua edək (Matta 5:44). Biz Allahdan xahiş edirik ki, əgər tə’qibçilərimizin arasında Tarsuslu Şaul kimi bunu bilmədən edənlər varsa, Yehova xeyirxahlıqla onların gözlərini həqiqətə açsın (2 Korinflilərə 4:4). Şaul məsihçiliyi qəbul etdikdən sonra həvari Pavel kimi tanınmağa başladı və o vaxtın hökumət nümayəndələrindən çox əziyyət çəkdi. Bununla belə, o, həmimanlılarına xatırladırdı: ‘Rəislərə və hakim dairələrə tabe olun, itaət edin, hər növ xeyirxah iş görməyə hazır olun. Heç kimə [hətta sizi tə’qib edənlərə belə] iftira atmayın, qeyri-davakar, mülayim olub, bütün insanlara tam həlimlik göstərin’ (Titusa 3:1, 2). Fransada və dünyanın hər bir yerində yaşayan Yehovanın Şahidləri bu sözlərə ürəkdən riayət edirlər.
18. a) Yehova xidmətçilərini tə’qiblərdən qurtarmaq üçün nə edə bilər? b) Biz hansı əminliyə malikik?
18 Allah Yeremya peyğəmbərə demişdir: «Səni qurtarmaq üçün Mən səninlə olacağam» (Yeremya 1:8). Yehova bizi bu gün tə’qiblərdən necə qurtara bilər? O, Qamliyel kimi ədalətli bir hakim yetirə bilər. Ya da elə edə bilər ki, rüşvətxor və bizə ədavət bəsləyən mə’mur gözlənilmədən tutduğu vəzifəsindən azad edilsin və onun yerini qərəzsiz bir adam tutsun. Lakin hərdən Yehova tə’qiblərin davam etməsinə yol verə bilər (2 Timoteyə 3:12). Belə olduğu halda, onlara tab gətirək deyə, Allah bizə həmişə yetərincə qüvvə verir (1 Korinflilərə 10:13). Yehovanın hansı tə’qiblərə yol verməsindən asılı olmayaraq, biz belə bir əminliyə malikik: Allahın xalqına qarşı mübarizə edən, Allaha qarşı mübarizə edir. Onlar heç vaxt qələbə qazana bilməyəcəklər.
19. 2006-cı il üçün hansı ayə seçilib və bu ayə nəyə görə münasibdir?
19 İsa şagirdlərini qabaqcadan xəbərdar etmişdi ki, onlar çətinliklərlə üzləşəcəklər (Yəhya 16:33). Buna görə Həvarilərin işləri 5:29 ayəsində yazılan sözlər bizim günlər üçün xüsusilə aktualdır: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir». Bu səbəbdən Həvarilərin işləri 5:29 ayəsi 2006-cı il üçün illik ayə olaraq seçilib. Gəlin həm üzümüzə gələn 2006-cı ildə, həm də bütün əbədiyyət boyu nəyin bahasına olursa-olsun Allaha itaət edək!
[Haşiyə]
a Kahinlərin açıqcasına dəstəklədikləri «qeysər» — hamının nifrət etdiyi, riyakar və qatil olan Roma imperatoru Tiberius idi. O, həmçinin iyrənc cinsi hərəkətlərlə məşğul olan adam kimi də ad qazanmışdır (Daniel 11:15, 21).
Necə cavab verərdiniz?
• Həvarilərin tə’qiblərə münasibətindən biz özümüz üçün hansı ibrət dərsini ala bilərik?
• Nəyə görə biz insanlardan artıq Allaha itaət etməliyik?
• Düşmənlərimiz əslində kiminlə mübarizə aparırlar?
• Bizi tə’qib edənlərə dair nəyə əmin ola bilərik
[15-ci səhifədəki yazı]
2006-cı il üçün illik ayə «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» ayəsi olacaq (Həvarilərin işləri 5:29).
[13-cü səhifədəki şəkil]
«İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir»