İndi qəti addımlar atmağın vaxtıdır
«Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?» (1 PADŞAHLAR 18:21).
1. Bizim dövrü keçmiş dövrlərdən fərqləndirən səciyyəvi xüsusiyyət hansıdır?
YEHOVANIN vahid həqiqi Allah olduğuna və Şeytanın pis dünyasının öz ‘axır günlərini’ yaşadığına inanırsanmı? (2 Timoteyə 3:1). Onda sən razılaşacaqsan ki, qəti addımlar atmaq indi əvvəlkindən daha da vacibdir. Bəşər tarixinin heç bir dövründə bu qədər insan həyatı təhlükə altında olmamışdır.
2. Padşah Axavın hökmranlıq etdiyi dövrdə onqəbiləli İsrail padşahlığında nələr baş verirdi?
2 Eramızdan əvvəl onuncu əsrdə İsrail xalqı çox vacib bir qərar qəbul etməli idi: onlar kimə xidmət edəcəklər? Padşah Axav bütpərəst arvadı İzevelin tə’siri ilə onqəbiləli İsrail padşahlığında Baala ibadəti yaymışdı. Baal məhsuldarlıq allahı idi və ona ibadət edənlər inanırdılar ki, yağışı və bəhrəli məhsulu o verirdi. Baalın pərəstişkarları ona öpüş göndərirdilər və bütünə səcdə edirdilər. Baal onların məhsullarını və ev heyvanlarını səmərəli etsin deyə, pərəstişkarları mə’bəd fahişələri ilə iyrənc cinsi hərəkətlərlə məşğul olurdular. Onların hətta qan axana qədər özlərini yaralamaq adəti də var idi (1 Padşahlar 18:28).
3. Baala ibadət Allahın xalqına necə tə’sir göstərmişdi?
3 Lakin 7 000 israilli bu bütpərəst, əxlaqsız və dəhşətli ibadətdə iştirak etməkdən imtina etmişdi (1 Padşahlar 19:18). Onlar Yehova Allahın İsrail xalqı ilə bağladığı əhdə sadiq qaldıqları üçün tə’qiblərlə üzləşməli oldular. Məsələn, mələkə İzevel Yehovanın bir çox peyğəmbərlərini qətl etmişdi (1 Padşahlar 18:4, 13). Yaranmış belə bir çətin vəziyyətdə israillilərin əksəriyyəti həm Yehovanı, həm Baalı məmnun etməyə çalışaraq ikisinə də ibadət edirdi. Lakin bu, Yehovanın gözündə dönüklük idi. Yehova israilliləri yalnız Onu sevdikləri və əmrlərinə itaət etdikləri halda xeyir-dualandırmağı və’d etmişdi. Yehova onlara xəbərdarlıq etmişdi ki, əgər Ondan üz döndərib başqa allahlara ibadət etsələr, O, onları məhv edəcək (Qanunun təkrarı 5:6-10; 28:15, 63).
4. İsa Məsih və onun həvariləri məsihçilərin arasında nəyin baş verəcəyini peyğəmbərlik etmişdilər və bu peyğəmbərlik necə yerinə yetdi?
4 Xristian dünyası da eyni vəziyyətdədir. Xristianlar İsanın həqiqi davamçıları olduqlarını iddia edirlər, lakin onların bayramları, davranış tərzi və e’tiqadları Müqəddəs Kitab tə’limlərinə ziddir. Xristian dünyasının ruhaniləri İzevel kimi, Yehovanın Şahidlərinə qarşı yönəlmiş tə’qiblərin başında dururlar. Onlar əsrlər boyu müharibələrin tərəfdarı olmuşlar və buna görə həlak olan milyonlarla kilsə üzvlərinin qanı onların üstündədir. Onların dünya hakimiyyətlərini dəstəkləmələri Müqəddəs Kitabda ruhani əxlaqsızlıq adlandırılır (Vəhy 18:2, 3). Üstəlik, Xristian dünyasının dini rəhbərləri, hətta keşişlərin arasında geniş yayılmış cinsi əxlaqsızlığa belə göz yumurlar. İsa Məsih və onun həvariləri bu cür böyük dönüklüyün olacağını peyğəmbərlik etmişdilər (Matta 13:36-43; Həvarilərin işləri 20:29, 30; 2 Peter 2:1, 2). Bəs xristianlığa mənsub olan bir milyarddan çox insanın aqibəti necə olacaq? Yehovanın həqiqi ibadətçiləri yalan dinin azdırdığı insanların qarşısında hansı məs’uliyyəti daşıyırlar? İsraildə ‘Baalın kökünün kəsilməsinə’ gətirib çıxaran həyəcan dolu dramatik hadisələri nəzərdən keçirsək, bu suallara aydın cavablar tapacağıq (2 Padşahlar 10:28).
Allahın, yolundan azmış xalqına bəslədiyi məhəbbət
5. Yehova, yolunu azmış xalqına məhəbbət dolu qayğısını necə təzahür etdirdi?
5 Yehova Allah Ona sadiq qalmayan insanları cəzalandırmaqdan həzz almır. O, məhəbbət dolu bir Ata kimi, pis insanların tövbə edib, öz yollarından Ona tərəf dönməsini arzulayır (Yezekel 18:32; 2 Peter 3:9). Bu ondan bəllidir ki, Yehova Axavın və İzevelin günlərində Baala ibadətin gətirdiyi nəticələrdən Öz xalqını xəbərdar etmək üçün onların yanına peyğəmbərlərini göndərirdi. İlyas bu peyğəmbərlərdən biri olmuşdur. İlyas, qabaqcadan xəbər edilən viranedici quraqlıqdan sonra, padşah Axava dedi ki, İsrail və Baal peyğəmbərlərini bir yerə, Karmel dağına yığsın (1 Padşahlar 18:1, 19).
6, 7. a) İlyas İsrailin dönüklüyünün səbəbinin nədə olduğunu necə göstərdi? b) Baalın peyğəmbərləri nə etdilər? c) İlyas nə etdi?
6 Görüş Yehovanın ‘dağıdılmış qurbangahının’ yanında oldu. Ehtimal ki, bu qurbangahı İzeveli razı salmaq üçün dağıtmışdılar (1 Padşahlar 18:30). Təəssüflər olsun ki, orada yığışan israillilərin heç biri Yehovanın və ya Baalın səbirsizliklə gözlənilən yağışı yağdırmağa qadir olduğuna əmin deyildi. Baalı 450 peyğəmbər təmsil edirdi, Yehovanı isə yalnız bir nəfər, İlyas. Bu cür acınacaqlı vəziyyətin kökünə işarə edərək İlyas xalqdan soruşdu: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?» Sonra isə açıq-aydın onlara dedi: «Əgər Rəbb [«Yehova», YD] Allahdırsa, ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Qətiyyətsiz israilliləri yalnız Yehovaya ibadət etməyə təşviq etmək üçün İlyas onlara kimin həqiqi Allah olub-olmadığına dair bir sınaq keçirməyi təklif etdi. Bunun üçün iki buğa qurban kəsilməli idi — biri Yehovaya, o birisi isə Baala. Həqiqi Allah bu qurbanı odla udmalı idi. Baalın peyğəmbərləri öz qurbanlarını hazırladıqdan sonra bir neçə saat ərzində «Ey Baal, bizə cavab ver!» deyə qışqıraraq onu çağırdılar. İlyas onları lağa qoymağa başlayanda, peyğəmbərlər qan axıncaya qədər özlərini yaralayaraq var qüvvələri ilə qışqırmağa davam etdilər. Lakin cavab gəlmədi (1 Padşahlar 18:21, 26-29).
7 İndi isə İlyasın növbəsi idi. İlk növbədə o, Yehovanın qurbangahını bərpa etdi və buğanı doğrayıb üstünə qoydu. İlyas dörd səhəng su gətirib qurbanın üstünə tökməyi əmr etdi. Bu üç dəfə — qurbangahın ətrafında qazılan xəndək doluncaya qədər edildi. Sonra İlyas dua etdi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb [«Yehova», YD]! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. Səsimi eşit, ya Rəbb [«Yehova», YD], mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb [«Yehova», YD], onda onların ürəyini Özünə tərəf döndərəcəksən» (1 Padşahlar 18:30-37).
8. Allah İlyasın duasına necə cavab verdi və peyğəmbər hansı addımı atdı?
8 Həqiqi Allah göydən od göndərdi. Od qurbanı, qurbangahı, hətta xəndəkdəki suyu da uddu! Bunun israillilərə göstərdiyi tə’sir haqqında bir düşün! «Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: “Rəbb [«Yehova», YD] Allahdır! Rəbb [«Yehova», YD] Allahdır!”» İlyas növbəti qəti addımı ataraq israillilərə «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın» deyə əmr etdi. Baalın 450 peyğəmbərinin hamısı Karmel dağının ətəyində öldürüldü (1 Padşahlar 18:38-40).
9. Yehovanın ibadətçilərinin nöqsansızlığı necə sınağa çəkildi?
9 Həmin unudulmaz gündə Yehova üç il yarım ərzində ilk dəfə idi ki torpağa yağış göndərdi! (Yaqub 5:17, 18). İsraillilər evlərinə qayıdanda bütün yol boyu Yehovanın Allah olduğunu sübut etdikləri barədə söhbətlərini təsəvvürünə gətir. Lakin Baalın pərəstişkarları təslim olmadılar. İzevel Yehovanın xidmətçilərini tə’qib etməyə davam edirdi (1 Padşahlar 19:1, 2; 21:11-16). Allahın xalqının nöqsansızlığı yenə də sınağa çəkildi. Baalın xidmətçiləri üzərinə Yehovanın hökm günü gələndə, israillilər Yehovaya sadiq qalacaqlarmı?
İndi qəti addımlar atın
10. a) Məsh edilmiş məsihçilər bu gün hansı işlə məşğuldurlar? b) Vəhy 18:4 ayəsində yazılan çağırışa əməl etmək nə deməkdir?
10 Bizim günlərdə, məsh olunmuş məsihçilər İlyasın işinə bənzər işi həyata keçirirlər. Onlar evdən-evə təbliğ edir və müxtəlif nəşrlər vasitəsilə bütün millətlərdən olan insanları, həm xristianları, həm başqa dinlərə e’tiqad edənləri yalan dinin gətirdiyi təhlükələr haqqında xəbərdar edirlər. Bunun nəticəsi olaraq, milyonlarla insan yalan dinlə əlaqəsini kəsmək üçün qəti addımlar atıblar. Onlar həyatlarını Yehovaya həsr edərək İsa Məsihin vəftiz olunmuş davamçıları olublar. Bəli, onlar tə’xirə salmadan Allahın çağırışına hay veriblər: «Ey xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız» (Vəhy 18:4).
11. Yehovanın rəğbətini qazanmaq üçün nə etmək lazımdır?
11 Yehovanın Şahidlərinin təbliğ etdiyi Müqəddəs Kitab xəbəri milyonlarla insanın xoşuna gəlsə də, onlar nə etməli olduqlarına əmin deyillər. Belə insanlardan bə’ziləri hərdənbir İsa Məsihin Xatirə gecəsində və vilayət konqresinin bə’zi hissələrində iştirak edirlər. Biz onları İlyasın sözləri üzərində dərindən düşünməyə təşviq edirik. Bir Müqəddəs Kitab tərcüməsində bu sözlər belə tərcümə edilib: «Nə vaxta qədər hasarın üstündə oturacaqsınız?» (1 Padşahlar 18:21, New English Bible). Gözləmə mövqeyi tutmaq əvəzinə, onlar Yehovanın həsr və vəftiz edilmiş xidmətçisi olmaq üçün artıq indidən qəti addımlar atmalıdırlar. Onların əbədi həyatı təhlükə altındadır! (2 Saloniklilərə 1:6-9).
12. Bə’zi vəftiz olunmuş məsihçilər hansı təhlükəli vəziyyətdədirlər və onlar nə etməlidirlər?
12 Çox təəssüflər olsun ki, bə’zi vəftiz olunmuş məsihçilər xidmətlərində qeyri-fəal və qeyri-müntəzəm olublar (İbranilərə 10:23-25; 13:15, 16). Tə’qiblər qarşısında yaranan qorxu, ailəni dolandırmaq üçün çəkilən narahatçılıq, varlanmaq və ya öz kefi üçün yaşamaq kimi arzular onların sə’yini zəiflətdi. İsa xəbərdarlıq etmişdi ki, məhz bunlar onun bə’zi davamçılarını büdrədəcək, sə’ylərini boğacaq və onlar üçün tələ olacaq (Matta 10:28-33; 13:20-22; Luka 12:22-31; 21:34-36). ‘İki tərəfə əyilməyə’ davam etmək əvəzinə, onlar ‘sə’yli olub, tövbə edərək’ həsr olunarkən Allaha verdikləri və’di yerinə yetirmək üçün qəti addımlar atmalıdırlar (Vəhy 3:15-19).
Yalan dinin qəfil məhvi
13. Yehu padşah tə’yin edilən zaman İsraildəki vəziyyəti təsvir edin.
13 İnsanlar tə’xirə salmadan indi qəti addımlar atmalıdırlar. Bunun vacib olduğunu başa düşmək üçün, gəlin Karmel dağında kimin həqiqi Allah olduğunu müəyyən edən sınaqdan 18 il sonra İsraildə baş verən hadisələri nəzərdən keçirək. Baalın pərəstişkarları üzərinə Yehovanın hökm günü qəflətən, İlyasın xələfi olan Elişanın günlərində gəldi. O vaxt İsraildə Axavın oğlu Yehoram padşahlıq edirdi, İzevel isə hələ də sağ idi. Elişa heç kimə xəbər vermədən, nökərini İsrail ordusunun başçısı Yehunun yanına göndərdi və ona Yehunu yeni padşah kimi məsh etməyi tapşırdı. Həmin vaxt o, İordan çayının şərq sahilində, Ramot-Gileadda, İsrailin düşmənlərinə qarşı müharibə aparırdı. Padşah Yehoram isə aldığı yaralardan sağalmaq üçün İzreeldə, Megiddonun yanındakı düzənlikdə idi (2 Padşahlar 8:29–9:4).
14, 15. Yehu hansı tapşırığı aldı və onu necə qəbul etdi?
14 Yehovanın Yehuya verdiyi əmr bu idi: «Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam. Bütün Axav nəsli məhv olacaq... İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq» (2 Padşahlar 9:7-10).
15 Yehu qətiyyətli insan idi. O, tə’xirə salmadan, döyüş arabasına minib onu sür’ətlə İzreelə sarı sürdü. İzreeldəki gözətçi Yehunu arabanı sürməsindən tanıdı və padşah Yehorama xəbər verdi. Padşah ordu başçısını qarşılamaq üçün arabasına minib yola düşdü. Onlar qarşılaşanda Yehoram Yehudan soruşdu: «Xeyir ola, Yehu?» O cavab verdi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» Yehoram qaçmağa macal tapmamış, Yehu kamanını çəkdi və onun kürəyindən elə vurdu ki, ox onun ürəyindən keçdi (2 Padşahlar 9:20-24).
16. a) İzevelin nökərləri gözlənilmədən hansı vəziyyətə düşdülər? b) Yehovanın İzevel haqqındakı peyğəmbərliyi necə yerinə yetdi?
16 Vaxt itirmədən o, arabasını şəhərə sürdü. Üz-gözünü boyamış İzevel pəncərədən boylanaraq Yehunu kinayəli sözlərlə qarşıladı. Yehu ona məhəl qoymayaraq, «Kim mənimlədir, kim?» deyə içəridə olanları köməyə çağırdı. İzevelin nökərləri indi qətiyyətlə hərəkət etməli idilər. İki-üç saray xidmətçisi pəncərədən boylandı. Həmin an onların sadiqliyi sınağa çəkildi. «Onu aşağı atın» deyə Yehu əmr etdi. Xidmətçilər İzeveli çölə atdılar və Yehu öz arabası və atları ilə onun cəsədini tapdalayıb keçdi. Beləliklə, İsraildə Baala ibadətə başçılıq edən İzevel öz layiqli sonuna gəlib çatdı. Onu dəfn etməyə macal tapmamış, cəsədini köpəklər yedi. Bununla da onun haqqında deyilən peyğəmbərlik sözləri yerinə yetdi (2 Padşahlar 9:30-37).
17. İzevelin üzərində yerinə yetirilən hökm gələcəkdə hansı hadisənin olacağına dair imanımızı möhkəmləndirir?
17 Ruhani fahişə olan «Böyük Babilin» də sonu belə qəflətən gələcək. Fahişə, kökləri qədim Babil şəhərinə gedən Şeytan dünyasının yalan dinlərini təmsil edir. Yalan dinləri məhv etdikdən sonra, Yehova bütün diqqətini Şeytan dünyasının digər hissələrini təşkil edən insanlara yönəldəcək. Onları da məhv etdikdən sonra yeni saleh dünyaya yol açılacaq (Vəhy 17:3-6; 19:19-21; 21:1-4).
18. İzevelin ölümündən sonra İsraildə Baalın pərəstişkarları ilə nə baş verdi?
18 İzevelin ölümündən sonra, Yehu vaxt itirmədən Axavın bütün nəslini və onun tərəfdarlarını məhv etdi (2 Padşahlar 10:11). Lakin ölkədə Baala ibadət edən israillilər hələ də qalmaqda idi. Bunu nəzərə alaraq, Yehu ‘Rəbb üçün qeyrətini göstərmək’ məqsədilə növbəti qəti addımını atdı (2 Padşahlar 10:16). Özünü Baalın pərəstişkarı kimi qələmə verərək, Yehu, Axavın Samariyada Baalın adına tikdiyi mə’bəddə böyük bayram mərasimi təşkil etdi. İsraildə Baala ibadət edənlərin hamısı bu bayrama toplaşdı. Lakin mə’bəd onlar üçün tələ oldu: Yehunun adamları onların hamısını öldürdülər. Bu Müqəddəs Kitab hekayəsi belə sözlərlə başa çatır: «Beləliklə, Yehu İsraildən Baalın kökünü kəsdi» (2 Padşahlar 10:18-28).
19. Yehovaya sadiq qalan ‘böyük izdihamı’ qabaqda nə gözləyir?
19 İsraildə Baala ibadətin kökü kəsildi. Şübhəsiz ki, yalan dinin də sonu bu cür qəflətən gələcək. O möhtəşəm hökm günü ərzində sən kimin tərəfində olacaqsan? «Böyük məşəqqətdən» sağ çıxacaq ‘böyük izdihamın’ arasında olmaq üçün qəti addımları indi at. Onda sən sevinə-sevinə geriyə baxıb, ‘cinsi əxlaqsızlığı ilə yer üzünü yoldan çıxaran böyük fahişənin’ üzərində həyata keçirilən hökmə görə Yehovaya izzət verəcəksən. Allahın başqa sadiq xidmətçiləri ilə birlikdə səmadan gələn: «Haleluya! Çünki Küll-İxtiyar Rəbb Allahımız səltənət sürür» sözlərinə şərik olacaqsan (Vəhy 7:9, 10, 14; 19:1, 2, 6).
Düşünmək üçün suallar
• İsraillilər Baalla ibadətə necə cəlb edildilər?
• Müqəddəs Kitabda hansı böyük dönüklük haqqında peyğəmbərlik edilmişdi və o necə yerinə yetdi?
• Yehu Baala ibadətin kökünü necə kəsdi?
• Allahın hökm günündən sağ çıxmaq üçün biz nə etməliyik?
[18-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
Soko
Afeq
Xelqat
Yoqneam
Megiddo
Taanak
Dotan
SAMARİYA
En-Dor
Şunem
Ofra
İzreel
İvleam (Qat-Rimmon)
Tirsa
Bet-Şemeş
Bet-Şean
Yaveş-Gilead?
Avel-Mexola
Bet-Arbel
Ramot-Gilead
Dağın zirvəsi
Karmel dağı
Tavor dağı
More
Gilboa dağı
[Su hövzələri]
Aralıq dənizi
Qalileya dənizi
[Çayı]
İordan çayı
[Çeşmə]
Xarod çeşməsi
[İcazə ilə]
Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel
[20-ci səhifədəki şəkillər]
Padşahlığın təbliğində və məsihçi görüşlərində müntəzəm iştirak etmək həqiqi ibadətin vacib hissəsidir.