Yehu həqiqi ibadətin müdafiəçisi
YEHU həqiqi ibadətin müdafiəçisi idi. O, bu işi fəal, cəld, inadla, yorulmadan və cəsarətlə icra etdi. Yehu bir çox təqdirəlayiq xüsusiyyətlərə malik idi və biz məsihçilər onu təqlid etməliyik.
Yehu Allahdan tapşırıq alanda İsrail xalqı çox acınacaqlı vəziyyətdə idi. Ölkə vəfat etmiş Axavın arvadı və həmin dövrdə padşahlıq edən Yehoramın anası İzebelin əlində idi. Bu zalım qadın insanları Yehova Allaha yox, Baal bütlərinə ibadət etməyə sövq edirdi. O, Allahın peyğəmbərlərini öldürürdü, «xainlikləri və cadugərlikləri» ilə xalqı pozurdu (2 Pad. 9:22; 1 Pad. 18:4, 13). Yehoram və İzebel də daxil olmaqla, Yehova Axavın bütün nəslinin məhv edilməsinə qərar verdi. Bu işi Yehu icra edəcəkdi.
Müqəddəs Yazılarda Yehunun adı ilk dəfə qoşun başçıları arasında oturarkən çəkilir; həmin vaxt israillilər Ramot-Gileadda aramlılarla, yəni suriyalılarla döyüşürdü. Yehu yüksək rütbəli hərbiçi və hətta ola bilsin, sərkərdə idi. Elişa peyğəmbərlərdən birini Yehunun yanına göndərir ki, onu padşah vəzifəsinə məsh etsin və dönük Axav nəslində olan hər bir kişini məhv etməyi tapşırsın (2 Pad. 8:28; 9:1—10).
Qoşun başçıları Yehudan həmin adamın gəlişinin məqsədini soruşanda əvvəlcə o, heç nə cavab vermək istəmədi. Ancaq onu dilə tutanda o, həqiqəti söylədi və onlar birgə Yehorama qarşı sui-qəsd hazırlamağa başladılar (2 Pad. 9:11—14). Görünür, orduda hakimiyyət başında olan sülalənin yürütdüyü siyasətdən və İzebelin təsirindən narazı olan və onlara qarşı düşmən mövqe tutanlar vardı. Hər necə olsa da, Yehu tapşırığına məsuliyyətlə yanaşdı və onu yerinə yetirmək üçün ən yaxşı üsul axtarmağa başladı.
Döyüşdə yaralanan padşah Yehoram müalicə üçün İzreel şəhərinə getmişdi. Yehu bilirdi ki, onun planı baş tutsun deyə İzreeldə olan padşahın qulağına bir kəlmə belə çatmamalıdır. Yehu dedi: «Qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın» (2 Pad. 9:14, 15). Ola bilsin, Yehu Yehoramın tərəfini tutan hərbçilərin ona müqavimət göstərəcəyindən ehtiyat edirdi, buna görə də özünü bundan sığortaladı.
DƏLİSOV ARABAÇI!
Gəlişi gözlənilməz olsun deyə Yehu döyüş arabasına minib Ramot-Gileadla İzreel arasındakı 72 kilometrlik məsafəni ildırım surəti ilə qət etdi. Yehunun şəhərə çatmasına az qalmış qüllədə duran gözətçi onun qoşununu gördü (2 Pad. 9:17). Məqsədinə nail olmaq üçün Yehu, görünür, hər ehtimala qarşı özü ilə böyük qoşun götürmüşdü.
Gözətçi arabalardan birini cəsur Yehunun sürdüyünü başa düşüb qışqırdı: «O, dəli kimi sürür» (2 Pad. 9:20). Əgər Yehu adi hallarda belə sürürdüsə, təsəvvür edirsiniz, xüsusi tapşırığını yerinə yetirərkən o, necə sürərdi?!
Yehu yanına göndərilən iki qasidə heç bir söz demədi. Sonra onun qarşısına Yehoram padşah və onun müttəfiqi olan Yəhuda padşahı Axazya çıxdı. Yehoramın: «Xeyir ola, Yehu?» — sualına o, belə cavab verdi: «Anan İzevelin [İzebelin] xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» Bu cavabdan təşvişə düşən Yehoram qaçmağa cəhd göstərdi, lakin canını onun əlindən qurtara bilmədi. Yehu ox-kamanını çəkdi və Yehoramı ürəyindən vurdu. Padşah arabasına yıxılıb öldü. Axazya qaçmağa müvəffəq olsa da, Yehu ona çatıb onu da öldürdü (2 Pad. 9:22—24, 27).
Axavın ailəsindən olan növbəti qurban isə pis mələkə İzebel idi. Yehu haqlı olaraq onu «lənətə gəlmiş» qadın adlandırdı. Yehu İzreel şəhərinə daxil olanda İzebeli sarayın pəncərəsindən boylanıb baxan gördü. Yehu saray xidmətçilərinə dərhal əmr etdi ki, onu pəncərədən aşağı atsınlar. Sonra Yehu atları ilə bütün İsrail xalqını pozğunluq girdabına qərq edən bu qadının üstündən keçərək cəsədini tapdaladı. Bundan sonra Yehu zalım Axavın nəslindən xeyli adam qırdı (2 Pad. 9:30—34; 10:1—14).
Zorakılıq haqda düşünmək belə insana xoş olmasa da, biz unutmamalıyıq ki, həmin dövrdə Yehova Öz hökmlərini icra etmək üçün xidmətçilərindən istifadə edirdi. Müqəddəs Yazılarda oxuyuruq: «Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı» (2 Saln. 22:7). Yehu Yehoramın cəsədini arabasından atanda qeyd etdi ki, bununla Navotu öldürdüyünə görə Axavı cəzalandıracağını vəd edən Yehovanın peyğəmbərliyi yerinə yetdi. Bundan əlavə, Yehuya əmr edilmişdi ki, Yehovanın «qullarının qanı»nı tökdüyü üçün İzebeldən qisas alsın (2 Pad. 9:7, 25, 26; 1 Pad. 21:17—19).
Bu gün Yehovanın heç bir xidmətçisi həqiqi ibadətə düşmən kəsilənlərə zor tətbiq etmir. «Qisas Mənimdir», — deyə Yehova bəyan edir (İbr. 10:30). Lakin yığıncağı ona pis təsir göstərə biləcək insanlardan təmizləmək üçün ağsaqqallara Yehu kimi cəsarətlə hərəkət etmək lazım gələ bilər (1 Kor. 5:9—13). Yığıncağın bütün üzvləri ondan kənar edilən şəxslə ünsiyyət etməməlidirlər (2 Yəh. 9—11).
YEHU HƏQİQİ İBADƏTİN QEYRƏTİNİ ÇƏKİRDİ
Yehunun tapşırığını hansı niyyətdən irəli gələrək yerinə yetirməsini sadiq Yehonadava dediyi sözlərdən görmək olar: «Mənimlə gəl və Rəbb üçün göstərdiyim qeyrəti gör». Yehonadav bu dəvəti qəbul etdi və Yehunun döyüş arabasına minib onunla birgə Samariyaya getdi. «Yehu burada hiylə işlətdi ki, Baala səcdə edənləri məhv etsin» (2 Pad. 10:15—17, 19).
Yehu «Baala böyük [qurban]» gətirmək niyyəti barədə elan etdi (2 Pad. 10:18, 19). Bir alim deyir: «Yehunun istifadə etdiyi bu ifadə hiyləgər söz oyunudur». Burada istifadə olunan sözün «ümumi mənası “qurban” olsa da, dönüklərin “qırğını” mənasında da işlənir». Yehu istəmirdi ki, Baala ibadət edən insanlardan kim isə bu tədbiri buraxsın. Buna görə də onların hamısını Baalın məbədinə yığıb onlara xüsusi paltar geyindirdi. «Yandırma qurbanları gətirilməsi sona çatanda» Yehu 80 nəfər silahlı adamına tapşırdı ki, Baala ibadət edənlərin hamısını qırsınlar. Sonra o, Baal məbədinin ibadət üçün yararsız olsun deyə onu dağıdıb ayaq yolu etdi (2 Pad. 10:20—27).
Düzdür, Yehu çoxlu qan tökmüşdü. Lakin Müqəddəs Yazılarda o, İsrail xalqını zalım İzebel və onun ailəsinin hökmranlığından azad edən bir insan kimi təsvir olunur. İsrailin başçılarından kim isə bu işi icra edəcəkdisə, uğur qazanmaq üçün o, cəsarətli, qətiyyətli və qeyrətli adam olmalı idi. Bir Müqəddəs Kitab lüğətində deyilir: «Bu çətin iş idi və o, tam dəqiqliyi ilə yerinə yetirilmişdi. Bundan yumşaq tədbir görülsəydi, çətin ki, İsraildə Baala ibadətin kökü kəsilərdi».
Şübhəsiz, sən özün də başa düşürsən ki, məsihçilərin bu gün üzləşdiyi vəziyyətlər onlardan Yehunun malik olduğu bəzi xüsusiyyətləri təzahür etdirməyi tələb edir. Məsələn, ürəyimiz bizi Yehovanın mühakimə etdiyi işlə məşğul olmağa təhrik edərsə, biz nə edəcəyik? Biz bu arzunu dərhal, cəsarətlə və qətiyyətlə ürəyimizdən silib atacağıq. Yehovaya ibadət məsələsində biz həmişə qeyrət göstərməliyik, yəni heç vaxt güzəştə getməməliyik.
EHTİYATI ƏLDƏN VERMƏ
Bu əhvalatın sonu bizim üçün xəbərdarlıqdır. Yehu «Bet-Eldə və Danda olan qızıl danalara səcdə etməkdən əl çəkmədi» (2 Pad. 10:29). Necə oldu ki, həqiqi ibadətin qeyrətini çəkən bir insan bütpərəstliyə yol verdi?
Görünür, Yehu düşünürdü ki, İsrail padşahlığının Yəhudadan müstəqil olaraq qalması üçün gərək onun dini də fərqli olsun. Buna görə də İsrailin sabiq padşahları kimi, danaya ibadəti əbədiləşdirmək cəhdi göstərdi. Bununla o, onu padşah təyin edən Yehovaya imanının olmadığını göstərdi.
Yehu Yehovanın gözündə doğru olan işi gördüyü üçün Yehova onu təriflədi. «Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin qanunu ilə getmək istəmədi» (2 Pad. 10:30, 31). Onun bundan qabaq etdiklərini gözünün önünə gətirəndə, yəqin, səndə təəccüb və təəssüf hissi yaranır. Biz onun nümunəsindən ibrət dərsi götürməliyik və heç vaxt Yehova ilə münasibətimizə barmaqarası baxmamalıyıq. Hər gün Onun Kəlamını araşdırıb üzərində düşünməklə və səmimi-qəlbdən səmavi Atamıza dua etməklə sadiqliyimizi qorumalıyıq. Gəlin bundan sonra da son dərəcədə ehtiyatlı olaraq Allahın qanunlarına ürəkdən riayət edək (1 Kor. 10:12).
[4–cü səhifədəki çərçivə]
Yehu dünya tarixinin səhifələrində
Tənqidçilər Müqəddəs Kitabda adları çəkilən şəxslərin mövcudluğuna çox vaxt şübhə ilə yanaşırlar. Bəs yaxşı, Müqəddəs Kitabdan başqa, Yehunun tarixi şəxs olduğunu sübut edən mənbələr varmı?
Qədim Assuriyanın xarabalıqları arasında aşkar edilən ən azı üç sənəddə İsrailin bu padşahının adı çəkilir. Ehtimal edilir ki, onlardan birində Yehu və yaxud da, ola bilsin, onun elçilərindən biri təsvir olunub. O, Assuriya padşahı III Şalmaneserə təzim edərək xərac təqdim edir. Həmin sütunun üzərində həkk olunan yazıda deyilir: «Omri (Huumri) oğlu Yehunun (Yaúa) xəracı; mən ondan qızıl, gümüş, bir qızıl saplu-cam, alt hissəsi iti olan bir qızıl vaza, qızıl bardaqlar, qızıl vedrələr, qalay, padşah əsası və taxta puruhtu [bu sözün mənası məlum deyil] aldım». Yehu Omrinin oğlu deyildi, lakin bu ifadə Omrinin xələfinin kim olduğunu göstərmək üçün istifadə edilmişdi, görünür, bunun səbəbi Omrinin İsrailin paytaxtı Samariyanı tikdiyi üçün çox məşhur adam olması idi.
Assuriya padşahının Yehunun ona xərac ödədiyi barədə məlumatı yoxlamaq qeyri-mümkündür. Buna baxmayaraq, o, Yehunun adını üç dəfə — yuxarıda adı çəkilən sütunda, Şalmaneserin heykəlində və Assuriyanın padşah salnamələrində çəkir. Bu üç sübut Müqəddəs Kitabda adı çəkilən Yehunun tarixi şəxs olduğuna dair bütün şübhələri aradan qaldırır.