Yehovanın Kəlamı canlıdır
«Nehemya» kitabından diqqətəlayiq fikirlər
MÜQƏDDƏS YAZILARIN «Ezra» kitabında bəhs edilən son hadisələrin baş verməsindən on iki il keçib. ‘Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxması’— Məsihə aparan 70 illik həftənin başlanmasına işarə edən hadisənin vaxtı yaxınlaşır (Daniel 9:24-27). «Nehemya» kitabı Yerusəlim divarını bərpa edən Allahın xalqının tarixidir. Bu kitab b. e. ə. 456-443-cü illəri və bir qədər sonrakı müddət də daxil olmaqla, 12 ildən bir qədər uzun sürən həlledici dövrü əhatə edir.
Vali Nehemya tərəfindən yazılan bu kitab, qətiyyətliliklə Allaha e’tibarın birləşməsi nəticəsində həqiqi ibadətin yüksəlməsindən bəhs edən həyəcanlandırıcı mə’lumatı təqdim edir. Burada Yehovanın Öz iradəsini həyata keçirmək üçün hadisələrə necə istiqamət verdiyini aydın şəkildə görmək olar. Bu, həm də mətin və cəsarətli rəhbərin hekayətidir. «Nehemya» kitabı ‘Allahın canlı və tə’sirli kəlamının’ bir hissəsi olduğundan Yehovanın müasir xidmətçiləri üçün dəyərli ibrət dərsləri təqdim edir (İbranilərə 4:12).
«DİVARIN TİKİNTİSİ TAMAMLANDI»
Nehemya Şuşan qalasındadır. Padşah Artaxşasta I Əliuzun ona məs’uliyyətli vəzifə e’tibar etmişdir. Nehemya xalqın ‘böyük məşəqqət və xəcalət içində yaşadığını, Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmış’ olduğunu eşidəndə bərk narahat olur. Allahın ona yol göstərməsi üçün o, bütün qəlbi ilə dua edir (Nehemya 1:3, 4). Bir qədər vaxtdan sonra padşah, Nehemyanın kədərli olduğunu hiss edir və ona Yerusəlimə getməyə icazə verir.
Yerusəlimə çatdıqdan sonra Nehemya gecə ikən şəhərin divarını yoxlayır və onu bərpa etmək planını yəhudilərə açıqlayır. Tikinti işləri başlanır. Lakin bu maneəsiz keçinmir, belə ki, düşmənlər müqavimət göstərməyə başlayırlar. Buna baxmayaraq, Nehemyanın cəsarətli rəhbərliyi altında ‘divarın tikintisi tamamlanır’ (Nehemya 6:15).
Müqəddəs Kitab suallarına cavablar:
1:1; 2:1 — Bu iki ayədə göstərilən «iyirminci il» eyni hadisəyəmi aiddir? Bəli, burada padşah Artaxşastanın hakimiyyətinin 20-ci ili nəzərdə tutulur. Bununla belə, bu iki ayədəki hesablama üsulu müxtəlifdir. Tarixi faktlara əsasən, Artaxşasta b. e. ə. 475-ci ildə taxta oturmuşdu. Babil mirzələri adətən Fars padşahlarının hökmranlıq illərini nisan ayından (mart, aprel) növbəti nisan ayına kimi hesabladıqları üçün Artaxşastanın hakimiyyəti b. e. ə. 474-cü ilin nisanından başlamışdı. Beləliklə, Nehemya 2:1 ayəsində xatırlanan hakimiyyətin 20-ci ili b. e. ə. 455-ci ildə başlamışdı. Nehemya 1:1 ayəsində göstərilən kislev ayı (noyabr, dekabr), məntiqə uyğun olaraq, 455-ci ildən bir il əvvəl — b. e. ə. 456-cı ilin kislev ayı idi. Nehemya bu ayı Artaxşastanın hakimiyyətinin 20-ci ilinə aid edir. Güman ki, bu halda o, illəri hökmdarın taxta oturduğu tarixdən hesablayırdı. O cümlədən, ola bilər Nehemya vaxtı, sentyabr, oktyabr aylarına müvafiq tişri ayından başlayan və bu gün yəhudilərin təqvim ili adlandırdıqları il hesabı ilə hesablayırdı. Hər halda, Yerusəlimin bərpası haqda əmr b. e. ə. 455-ci ildə çıxmışdı.
4:17, 18 — Bir əl ilə tikinti işlərini necə görmək olardı? Yük daşıyan fəhlələr üçün bu problem deyildi. Yük daşıyanlar asanlıqla bir əli ilə yükü çiyinlərində və ya başlarında saxlayır, ‘o biri əli ilə silah tuturdular’. İşini iki əli ilə görməli olan bənnalar da «hər biri qılıncı belinə bağlayaraq divar tikirdi». Düşmən hücum etdiyi halda onlar müdafiəyə hazır idilər.
5:7 — Hansı mə’nada Nehemya ‘ə’yanlarla hökumət mə’murlarını tənbeh etdi’? Bu insanlar Musanın qanununu pozaraq öz yəhudi qardaşlarından sələm tələb edirdilər (Levililər 25:36; Qanunun təkrarı 23:19). Bundan başqa onlar pulu çox yüksək faizlə sələmə verirdilər. Əgər sələm hər ay tələb olunsaydı, o zaman onun «yüzdə biri» ildə 12 faizə bərabər olardı (Nehemya 5:11, KM). Onsuz da vergilər və ərzaq qıtlığından əziyyət çəkən xalqın üzərinə, üstəlik belə bir yük də qoymaq qəddarlıq idi. Allahın qanunundan istifadə edərək Nehemya onları tənbeh və məzəmmət etdi və beləliklə, onlar ifşa olundular.
6:5 — Məxfi məktublar adətən möhürlü olduğu halda, Sanballat nə üçün Nehemyaya «möhürlənməmiş namə» göndərdi? İrəli sürdüyü yalan ittihamları möhürlənməmiş namədə göndərməkdə Sanballatın, ola bilsin ki, onları xalqın içində yaymaq niyyəti vardı. Bəlkə də o güman edirdi ki, bu, Nehemyanı o dərəcədə qəzəbləndirəcək ki, o, tikinti işlərini kənara qoyub, öz müdafiəsinə qalxacaq. Yaxud Sanballat düşünə bilərdi ki, məktubun məzmunu yəhudilər arasında elə təşvişə səbəb olacaq ki, onlar işi tamamilə dayanadıracaqlar. Nehemya qorxuya düşmədi və təmkinlə Allahın ona həvalə etdiyi tapşırığı yerinə yetirməyə davam etdi.
Bizim üçün ibrət dərsləri:
1:4; 2:4; 4:4, 5. Çətin şəraitlərlə üzləşərkən və ya vacib qərarlar qəbul edərkən biz ‘duada mətanətli olmalı’ və Allahın təqdim etdiyi rəhbərliyə uyğun davranmalıyıq (Romalılara 12:12).
1:11–2:8; 4:4, 5, 15, 16; 6:16. Yehova xidmətçilərinin səmimi dualarını cavabsız qoymur (Məzmur 86:6, 7).
1:4; 4:19, 20; 6:3, 15. Baxmayaraq ki, Nehemya mülayim adam idi, o, salehlik uğrunda mətinlik göstərərək daima fəaliyyətdə olan bir şəxs kimi gözəl nümunə qoymuşdur.
1:11–2:3. Nehemyaya sevinc gətirən onun saqi olaraq tutduğu yüksək mövqeyi deyil, həqiqi ibadətin irəliləməsi idi. Yehovaya ibadət və onun irəliləməsi bizim əsas məqsədimiz və sevinc mənbəyimiz olmalı deyilmi?
2:4-8. Yehova Artaxşastanı təşviq etdi ki, o, Yerusəlimin divarını bərpa etmək üçün Nehemyaya vətəninə dönməyə icazə versin. Süleymanın məsəlləri 21:1 ayəsində deyilir: «Padşahın ürəyi Rəbbin əlindədir, onu su arxı kimi istədiyi səmtə döndərər».
3:5, 27. Biz həqiqi ibadətin maraqları üçün görülən fiziki işi Teqoa «əsilzadələri» kimi öz ləyaqətimizdən aşağı hesab etməli deyilik. Bunun əvəzinə, gəlin özlərini işə sə’ylə həsr edən sadə teqoalıları təqlid edək.
3:10, 23, 28-30. Bə’zilərinin Padşahlıq təbliğçilərinə ehtiyac olan yerlərə köçmək imkanları var, ancaq bizlərdən çoxumuz həqiqi ibadətin irəliləməsi üçün yaşadığımız yerdə əlimizdən gələni edirik. Biz bunu Padşahlıq Zalı tikintisində və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işində iştirak etməklə, lakin əsas e’tibarilə Padşahlıq haqqında müjdəni başqaları ilə bölüşməklə edə bilərik.
4:14. Müqavimətlərlə üzləşərkən ‘böyük və zəhmli Xudavəndi xatırlayaraq’ biz də qorxuya üstün gələ bilərik.
5:14-19. Vali Nehemya məsihçi ağsaqqallarına təvazökar olmaqda, şəxsi mənfəəti güdməməkdə və düşüncəlilikdə ə’la nümunə qoymuşdu. Qanunun yerinə yetirilməsinə sə’ylə nəzarət edən Nehemya, başqaları üzərində tamahkar məqsədləri üçün ağalıq etmirdi. Əksinə o, haqqı tapdalananlara və yoxsullara qayğı göstərirdi. Alicənablıqda Nehemya Allahın bütün xidmətçilərinə ə’la nümunə qoymuşdur.
«EY ALLAHIM, MƏNİ YADDA SAXLA VƏ MƏNƏ XEYİRXAH OL!»
Yerusəlim divarının tikintisi tamamlanan kimi Nehemya darvazaları vurur və şəhərin müdafiəsi üçün tədbirlər görür, sonra isə xalqın nəsil şəcərəsini tərtib edir. Xalq «Su darvazasının qarşısındakı meydana» toplaşdıqda kahin Ezra Musanın qanun kitabını oxuyur, Nehemya ilə Levililər Qanunu xalqa izah edirlər (Nehemya 8:1). Çardaqlar bayramının keçirilməsi haqda Allahın əmrini bildikdə xalq bayramı sevinclə qeyd edir.
Baş tutan növbəti toplantıda «İsrail övladları nəsli» xalqın günahlarını e’tiraf edir, Levililər Allahın İsrailə göstərdiyi münasibəti xalqın yadına salır və xalq ‘Xudavənd Rəbbin qanunlarına e’tina ilə əməl etmək üçün’ and içir (Nehemya 9:1, 2; 10:29). Yerusəlimdə əhalinin sayı hələ də az olduğundan, şəhər ətrafında yaşayan hər on nəfərdən birinin şəhərə köçməsi üçün püşk atılır. Divarın təqdisetmə mərasimi elə şadyanalıqla keçirilir ki, ‘Yerusəlimin şənliyi uzaqlardan eşidilir’ (Nehemya 12:43). Dönüşündən on iki il sonra Nehemya, Artaxşastanın qarşısındakı vəzifəsini yerinə yetirmək üçün Yerusəlimi tərk edir. Yəhudilər arasında natəmizlik tezliklə özünü büruzə verir. Yerusəlimə qayıtdıqdan sonra Nehemya vəziyyəti düzəltmək üçün qəti addımlar atır. Özü üçün isə təvazökarlıqla rica edir: «Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!»
Müqəddəs Kitab suallarına cavablar:
7:6-67 — Zerubbabillə Yerusəlimə qayıdan yəhudilərin bə’zi ailə üzvlərinin adları Nehemya ilə Ezra tərəfindən tutulan siyahılarda nə üçün fərqlənir? (Ezra 2:1-65). Buna səbəb Ezra və Nehemyanın müxtəlif mənbələrdən istifadə etmələri ola bilər. Məsələn, qayıtmaq üçün siyahıya alınanların sayı qayıdanların sayından fərqlənə bilərdi. Siyahı həm də ona görə fərqlənə bilərdi ki, vaxtilə nəsil şəcərəsini müəyyən edə bilməyən yəhudilər bunu sonralar etmişdi. Hər halda, bu iki siyahı bir məsələdə uzlaşır: kölə və ilahiçilər istisna olmaqla, ilk geri dönənlərin sayı 42 360 nəfər idi.
10:34 — Nə üçün camaatdan mə’bədi odunla tə’min etmək tələb olunurdu? Musanın qanununda bu haqda əmr yox idi. Bu tələb sırf ehtiyac üzündən doğmuşdu. Qurbangahda qurbanları yandırmaq üçün böyük miqdarda odun tələb olunurdu. Görünür, mə’bəd qulları kimi xidmət edən Netinimlərin sayı kifayət qədər deyildi. Bu səbəbdən, mə’bədi fasiləsiz olaraq odunla tə’min etmək üçün püşk atıldı.
13:6 — Nehemyanın Yerusəlimdə olmaması nə qədər davam etdi? Müqəddəs Kitab yalnız, «bir müddət sonra» və ya hərfi mə’nada «günlərin sonunda» Nehemyanın Yerusəlimə qayıtmaq üçün padşahdan izin aldığı haqqında mə’lumat verir. Buna görə də, onun Yerusəlimdə olmadığı müddəti müəyyən etmək qeyri-mümkündür. Hər halda, Nehemya Yerusəlimə qayıdarkən gördü ki, kahinlər onlara düşən payla tə’min olunmur, Allahın şənbə gününə dair qanununa əməl edilmirdi. Çoxları yadelli qadınlarla evlənmiş, onların övladları isə hətta Yəhudi dilində danışmağı belə bacarmırdılar. Vəziyyətin bu dərəcədə pisləşməsindən elə nəticə çıxarmaq olar ki, Nehemya Yerusəlimdə uzun müddət olmamışdı.
13:25, 28 — Yollarından dönmüş yəhudiləri tənbeh etməkdən başqa Nehemya daha hansı islahedici ölçülər götürdü? Nehemyanın onlara ‘lə’nət etməsi’ Allahın qanunundakı hökmləri onlara e’lan etmək mə’nasını daşıyırdı. ‘Bə’zilərini döyməyi’ isə, ola bilsin ki, onlara qarşı düşünülmüş tərzdə ölçü götürmək demək idi. Bundan əlavə, öz qəzəbini bildirərək, Nehemya onların ‘saçlarını yoldu’. O, həmçinin Xoronlu Sanballatın qızını alan baş kahin Elyaşivin nəvəsini yanından qovdu.
Bizim üçün ibrət dərsləri:
8:8. Allahın Kəlamının müəllimləri kimi biz də, onun ‘mə’nasını izah edə’ bilərik. Buna görə Müqəddəs Yazıları ifadəli oxumalı, fikirləri düzgün izah etməli və dinləyicilərimizin onları həyatlarında tətbiq edə bilmələri üçün bu fikirləri aydın şəkildə çatdırmalıyıq.
8:10. «Rəbbin verdiyi sevinc»i ruhani ehtiyaclarımızı dərk edib onları tə’min etməklə və teokratik rəhbərliyə əməl etməklə əldə edə bilərik. Müqəddəs Kitabı çalışqanlıqla öyrənmək, məsihçi görüşlərində müntəzəm iştirak etmək və Padşahlığın təbliği və şagird hazırlamaq işi ilə sə’ylə məşğul olmaq son dərəcə vacibdir!
11:2. İrs olaraq aldığı mülkü tərk edib, Yerusəlimə köçmək xərclər və zərərə düşmək hesabına başa gəlmişdi. Bütün bunlara baxmayaraq, bu addımı atanlar fədakarlıq ruhu təzahür etdirmişlər. Konqreslərdə və digər hallarda başqalarına könüllü olaraq xidmət etmək üçün imkan yarandıqda biz də belə bir ruh əks etdirə bilərik.
12:31, 38, 40-42. Həmd nəğmələri oxumaq Yehovaya həmd etmək və minnətdarlığımızı ifadə etmək üçün çox gözəl vasitədir. Biz məsihçi görüşlərində bütün qəlbimizlə oxumalıyıq.
13:4-31. Var-dövlətin, mə’nəvi pozğunluğun və dönüklüyün həyatımıza daxil olmaması üçün ayıq durmalıyıq.
13:22. Nehemya, Allah qarşısında cavabdeh olduğunu çox gözəl başa düşürdü. Biz də Yehovanın önündə məs’uliyyətimizi dərk etməliyik.
Yehovanın xeyir-duası vacibdir
Məzmurçu oxuyurdu: «Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər» (Məzmur 127:1). «Nehemya» kitabı bu sözlərin həqiqiliyini necə də gözəl təsvir edir!
Bizim üçün olan ibrət dərsi aydındır: üzərimizə götürdüyümüz hər hansı işdə müvəffəqiyyətə nail olmaq üçün Yehovanın xeyir-duası zəruridir. Əgər həqiqi ibadətə həyatımızda əsas yer vermiriksə, Yehovadan xeyir-dua gözləyə bilərikmi? Qoy Nehemya kimi bizim də əsas məqsədimiz həqiqi ibadət və onun tərəqqisi olsun.
[16-cı səhifədəki şəkil]
«Padşahın ürəyi Rəbbin əlindədir».
[17-ci səhifədəki şəkillər]
Mülayim və daima fəaliyyətdə olan Nehemya Yerusəlimə gəlir.
[18 və 19-cu səhifələrdəki şəkillər]
Sən Allahın Kəlamının ‘mə’nasını izah edə’ bilirsənmi?