Müqəddəs Kitabı anlamaq sizə məmnunluq gətirəcək
MÜQƏDDƏS Kitab Allahdan olan dəyərli həqiqətlərlə doludur. Bu kitab bizə həyatın mə’nasını, insanların başına gələn bəlaların səbəbini və qarşıda bəşəriyyəti nələr gözlədiyini açıqlayır. Müqəddəs Kitab bizə xoşbəxtliyi tapmağın, dostlar qazanmağın və problermləri uğurla necə həll etməyin açarını təqdim edir. Bundan əlavə, Yaradanımız olan səmavi Atamız haqqında yalnız bu kitabdan öyrənə bilərik. Bu cür bilik bizə sevinc gətirməklə yanaşı, həyatımızı mə’na ilə doldurur.
Müqəddəs Kitab Allah haqqında biliyə yiyələnməyi qida qəbulu ilə müqayisə edir. İsa demişdi: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Matta 4:4; İbranilərə 5:12-14). Yaşamaq üçün müntəzəm olaraq qidalı yemək qəbul etmək zəruri olduğu kimi, Allahın və’d etdiyi əbədi həyatı almaq üçün də Müqəddəs Yazıları müntəzəm olaraq oxumaq vacibdir.
Yehova bizi elə yaradıb ki, biz qidadan həzz alaq. Həmçinin qida bizim yeməyə olan tələbatımızı da ödəyir. Lakin xoşbəxt olmaq istəyiriksə, digər vacib bir tələbatımızın olduğunu da yaddan çıxarmamalıyıq. İsa demişdi: «Ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər» (Matta 5:3, YD). Bəli, Allahın Kəlamını anlamaqla insan öz ruhani tələbatını ödəyir və bu ona həqiqi xoşbəxtlik gətirir.
Düzdür, çoxlarına elə gəlir ki, Müqəddəs Kitabı başa düşmək müşkül məsələdir. Məsələn, mətndə sizə tanış olmayan adətlər haqqında danışılanda və ya obrazlı ifadələrə rast gələndə, onları başa düşmək üçün köməyə ehtiyac duya bilərsiniz. Bundan başqa, simvolik dildə yazılmış peyğəmbərliklər də vardır ki, onları yalnız Müqəddəs Kitabın eyni mövzuda olan digər mətnləri ilə müqayisədə anlamaq olar (Daniel 7:1-7; Vəhy 13:1, 2). Buna baxmayaraq, siz Müqəddəs Kitabı anlaya bilərsiniz. Bu necə mümkündür?
Hamıya məmnunluq gətirə bilər
Müqəddəs Kitab Allahın Kəlamıdır. Onun səhifələrindən Allah bizə Öz iradəsini açır. Sizcə, Allah bəşəriyyətə çətin başa düşülən və ya yalnız ali təhsilli adamların anlaya biləcəyi bir kitabı verərdimi? Xeyr, Yehova bu qədər mərhəmətsiz olmazdı. İsa Məsih demişdi: «Aranızda elə bir ata varmı ki, oğlu... balıq istərsə, ona balıq əvəzinə ilan versin? Yaxud, yumurta istərsə, ona əqrəb versin? Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:10-13). Siz də Allahdan Onun Kəlamını başa düşməyi səmimi qəlbdən xahiş etsəniz, Müqəddəs Kitabı anlayacağınıza əmin ola bilərsiniz. Allah lazım olan köməyi sizdən əsirgəməyəcək. Hətta kiçikyaşlı uşaqlar belə Müqəddəs Kitabın əsas tə’limlərini başa düşə bilərlər! (2 Timoteyə 3:15).
Müqəddəs Kitabı başa düşmək çoxlu sə’y tələb etsə də, imanımızı möhkəmləndirir, bizə böyük sevinc bəxş edir. İsa, diriləndən sonra şagirdlərindən ikisinə görünərək, onlarla Müqəddəs Kitab peyğəmbərliklərindən danışdı. Orada yazılıb: «Musa ilə bütün peyğəmbərlərdən başlayaraq bütün Müqəddəs Yazılarda Özü haqqında olan şeyləri onlara izah etdi». Bu hansı nəticəni verdi? O axşam eşitdikləri barədə düşünən şagirdlər bir-birlərinə dedilər: «O, yolda bizimlə danışarkən və Müqəddəs Yazıları bizə izah edərkən, bizim ürəklərimiz alışıb yanmırdımı?» (Luka 24:13-32). Allahın Kəlamını anlamaları onlara məmnunluq gətirdi, Allahın və’dlərinə olan inamlarını möhkəmləndirdi və gələcəyə ümid verdi.
Müqəddəs Kitabı anlamaq ağır yük deyil. Dadlı və qidalı yemək bizə ləzzət verdiyi kimi, Allahın Kəlamını anlamaq da bizə məmnunluq gətirir, faydalı və maraqlıdır. Bəs onu anlamaq üçün nə etmək lazımdır? Növbəti məqalədə Allah haqqında biliyin sizə necə zövq gətirəcəyi barədə bəhs edilir (Süleymanın məsəlləri 2:1-5).
[4-cü səhifədəki şəkil]
Yehova, sevən bir ata kimi, Müqəddəs Kitabı anlamaq üçün bizə müqəddəs ruhunu verir.