Müdrik ol — Allahdan qorx!
«Rəbb qorxusu hikmətin başlanğıcıdır» (SÜLEYMANIN MƏSƏLLƏRİ 9:10).
1. Nə üçün çoxları Allah qorxusunun nə demək olduğunu başa düşmür?
BİR vaxtlar kiminsə Allahdan qorxan insan olduğunu söyləmək onu tə’rifləmək hesab olunurdu. Bu gün isə Allah qorxusu çoxları üçün köhnə, çətin dərk edilən anlayışdır. «Əgər Allah məhəbbətdirsə, ondan nə üçün qorxmalıyam?» deyə bə’ziləri soruşa bilərlər. Onların fikrincə, qorxu mənfi, hətta iflicedici hissdir. Həqiqi Allah qorxusu isə daha geniş mə’naya malikdir və görəcəyimiz kimi, sadəcə bir hiss deyildir.
2, 3. Allah qarşısında həqiqi qorxu nə deməkdir?
2 Müqəddəs Kitabda Allah qorxusu müsbət mə’nada işlənir (Yeşaya 11:3). Bu, Allaha dərin hörmət və ehtiram hissi, Onu mə’yus etməmək üçün ürəkdən gələn güclü arzudur (Məzmur 115:11). Allah qorxusuna Onun əxlaq normalarını qəbul etmək və onlara dəqiq riayət etmək, o cümlədən, Allahın yaxşılığa və pisliyə dair prinsiplərinə uyğun yaşamaq arzusu da daxildir. Bir arayış əsərinə əsasən, belə sağlam qorxu «müdrik davranmağa və hər cür pislikdən qaçınmağa təşviq edən Allaha olan münasibəti» göstərir. Münasib olaraq Allahın Kəlamında deyilir: «Rəbb qorxusu hikmətin başlanğıcıdır» (Süleymanın məsəlləri 9:10).
3 Həqiqətən də, Allah qorxusu insan həyatının geniş sahəsini əhatə edir. O, təkcə müdrikliklə deyil, həmçinin sevinc, sülh, müvəffəqiyyət, uzunömürlülük, ümid, e’tibar və əminliklə də bağlıdır (Məzmur 2:11; Süleymanın məsəlləri 1:7; 10:27; 14:26; 22:4; 23:17, 18; Həvarilərin işləri 9:31). O, həmçinin iman və məhəbbətlə də əlaqəlidir. Beləliklə, Allah qorxusu Allah və insanlarla münasibətimizin hər sahəsini özünə daxil edir (Qanunun təkrarı 10:12; Əyyub 6:14; İbranilərə 11:7). Bundan başqa, əgər bizdə Allah qorxusu varsa, o zaman biz səmavi Atamızın şəxsən qayğımıza qaldığına və xətalarımızı bağışlamağa hazır olduğuna tam əmin olacağıq (Məzmur 130:4). Yalnız tövbə etməyən günahkarların Allah qarşısında dəhşətə gəlməyə əsasları vardıra (İbranilərə 10:26-31).
Yehovadan qorxmağı necə öyrənmək olar?
4. Yehovadan ‘qorxmağı öyrənməyə’ bizə nə kömək edə bilər?
4 Allah qorxusu müdrik qərarlar qəbul etmək və Allahın xeyir-dualarını almaq üçün vacib olduğuna görə ‘Allahdan qorxmağı’ necə öyrənə bilərik? (Qanunun təkrarı 17:19). Müqəddəs Kitabda «bizə tə’lim olaraq» Allahdan qorxan insanların nümunələri qələmə alınmışdır (Romalılara 15:4). Allahdan qorxmağın əslində nə demək olduğunu başa düşmək üçün, gəlin bu nümunələrdən birini, qədim İsrailin padşahı Davudun həyatını nəzərdən keçirək.
5. Qoyun otardığı gecələrdə Davud Yehovadan qorxmağın nə demək olduğunu necə öyrəndi?
5 Yehova İsrailin ilk padşahı Şaulu Allahdan deyil, insanlardan qorxduğu üçün rədd etdi (1 Şamuel 15:24-26). Davudun həyatı və Yehova ilə yaxın münasibətləri isə onun əsl Allahdan qorxan adam olduğunu göstərir. Davud gənc yaşlarından tez-tez çöldə atasının qoyunlarını otarırdı (1 Şamuel 16:11). Ulduzlu səma altında keçirdiyi gecələr, ehtimal ki, Yehova qarşısında qorxunun nə demək olduğunu anlamaqda Davuda kömək etmişdi. Kainatın əzəmətinin yalnız kiçik bir hissəsini gördüyünə baxmayaraq, Davud düzgün nəticə çıxardı: Allah ehtirama və sitayiş olunmağa layiqdir. Sonralar o yazırdı: «Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?”» (Məzmur 8:3, 4).
6. Yehovanın əzəmətini dərk edəndə Davud hansı hissləri keçirdi?
6 Təəccüblü deyil ki, Davud özünün kiçikliyini sonsuz ulduzlu səma ilə müqayisə edəndə valeh olurdu. Bu onu vahiməyə salmırdi, əksinə Yehovanı izzətləndirməyə təşviq edirdi. Davud oxuyurdu: «Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini e’lan edir» (Məzmur 19:1). Allaha ehtiram Davudu Yehovaya yaxınlaşdırdı və onda Allahın kamil yollarını öyrənib, onları izləmək istəyi yaratdı. Yehovaya: «Əzəmətli, xariqələr yaradan Sənsən, yeganə Allah Sənsən! Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» deyə oxuyanda Davudun hansı hisslər keçirdiyini təsəvvürünüzə gətirin (Məzmur 86:10, 11).
7. Allah qorxusu Qolyatla döyüşmək üçün Davuda necə kömək etdi?
7 Filiştlilər İsrailə hücum edəndə təxminən üç metr hündürlüyündə olan pəhləvan Qolyat, mahiyyət e’tibarilə: «Mənimlə təkbətək döyüşmək üçün bir nəfər seçin. Əgər o qalib gəlsə, biz sizə xidmət edəcəyik» deyərək israilliləri lağa qoyurdu (1 Şamuel 17:4-10). Davuddan başqa hamı — Şaul və onun bütün ordusu dəhşət içində idi. Davud bilirdi ki, insan nə qədər güclü olsa da, yalnız Yehovadan qorxmaq lazımdır. Davud Qolyata dedi: «Mən sənin üstünə... Ordular Rəbbinin ismi ilə gəlirəm... Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir». Sapandla, tək bir daşla və Yehovanın köməyilə Davud nəhəngi öldürdü (1 Şamuel 17:45-47).
8. Allahdan qorxan insanların Müqəddəs Kitabda yazılmış nümunələri bizə nə öyrədir?
8 Ola bilsin, biz də Davudun qarşılaşdığından heç də az qorxulu olmayan çətinliklərlə və ya düşmənlərlə üzləşirik. Belə halda nə edə bilərik? Biz də Davud və qədimdə yaşayan başqa sadiq insanlar kimi onların öhdəsindən Allah qorxusunun köməyilə gələ bilərik. Allah qorxusu insan qorxusuna üstün gələ bilər. Allahın sadiq xidmətçisi Nehemya düşmənlərin təzyiqinə mə’ruz qalan israilliləri təşviq edirdi: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın!» (Nehemya 4:14). Yehovanın köməyilə Davud, Nehemya və Allahın başqa sadiq xidmətçiləri Ondan aldıqları tapşırıqları uğurla yerinə yetirmişlər. Allah qorxusunun sayəsində bunu biz də bacararıq.
Problemlərə Allah qorxusunun köməyilə sinə gəririk
9. Davud Allahdan qorxduğunu hansı şəraitlərdə göstərdi?
9 Qolyatı öldürəndən sonra Yehova Davuda daha çox qələbələr qazandırdı. Lakin qısqanc Şaul əvvəlcə hirsli vaxtında, sonra hiyləyə əl ataraq, axırda isə ordu ilə Davudu öldürməyə çalışırdı. Yehova Davudu padşah olacağına əmin etsə də, o, illərlə qaçıb canını qurtarmalı, mübarizə aparmalı və Yehovanın onu padşah edəcəyi vaxtı gözləməli oldu. Bütün bunlara tab gətirərək, Davud həqiqi Allahdan qorxduğunu göstərdi (1 Şamuel 18:9, 11, 17; 24:2).
10. Təhlükə qarşısında ikən Davud Allahdan qorxduğunu necə göstərdi?
10 Bir dəfə Davud Akişin padşahlıq etdiyi Qolyatın doğma şəhəri Qatda sığınacaq axtarırdı (1 Şamuel 21:10-15). Ə’yanları padşaha Davudun düşmən olduğunu xəbər verdilər. Düşdüyü təhlükəli vəziyyətdə Davud nə etdi? O, duada ürəyini Yehovaya boşaltdı (Məzmur 56:1-4, 11-13). Canını qurtarmaq üçün özünü dəliliyə vurmalı olsa da, Davud sə’ylərinə xeyir-dua verərək onu qurtaranın əslində Yehova olduğunu bilirdi. Davudun Yehovaya ürəkdən güvənməsi və Ona e’tibar etməsi göstərdi ki, o, həqiqətən də Allahdan qorxur (Məzmur 34:4-6, 9-11).
11. Ağır sınaqlarla üzləşəndə, Davud kimi, biz də Allahdan qorxduğumuzu necə göstərə bilərik?
11 Allahın problemlərimizin öhdəsindən gəlməkdə bizə kömək edəcəyi və’dinə inanmaqla, Davud kimi, biz də Allahdan qorxduğumuzu göstərə bilərik. Davud deyirdi: «Yolunu Rəbbə ver, Ona güvən, O edəcək» (Məzmur 37:5). Bu o demək deyildir ki, imkanımız daxilində olan heç bir şeyi etmədən problemlərimizi Yehovanın üzərinə atıb, Onun həll edəcəyini gözləyirik. Davud kömək üçün Allaha dua edəndən sonra boş dayanmadı. O, Yehovanın bəxş etdiyi fiziki və əqli qabiliyyətindən istifadə edərək problemə girişdi. Lakin Davud başa düşürdü ki, yalnız insan sə’yləri ilə müvəffəqiyyət qazanmaq mümkün deyil. Biz də belə etməliyik. Gücümüz daxilində hər bir şeyi edib, qalanını Yehovanın üzərinə qoymalıyıq. Ancaq çox vaxt Yehovaya güvənməkdən başqa, əlimizdən heç nə gəlmir. Məhz bu zaman Allahdan nə dərəcədə qorxduğumuz aşkar ola bilər. Davudun ürəkdən gələn sözlərindən biz də təsəlli tapa bilərik: «Yehova ilə sıx münasibət Ondan qorxanlarındır» (Məzmur 25:14, YD).
12. Dualarımıza nə üçün ciddi yanaşmalıyıq və hansı əhval-ruhiyyədən uzaq durmalıyıq?
12 Buna görə də dualarımıza və Allahla münasibətimizə ciddi yanaşmalıyıq. Yehovaya yaxınlaşanda ‘iman etməliyik ki, O var və Onu axtaranlara mükafat verir’ (İbranilərə 11:6; Yaqub 1:5-8). O bizə kömək edəndə isə, Pavelin məsləhət etdiyi kimi, «şükür edənlər olmalıyıq» (Koloslulara 3:15, 17). Biz heç vaxt bir təcrübəli məsh olunmuş məsihçinin təsvir etdiyi adamlara bənzəməməliyik. O deyirdi: «Onlar üçün Allah bir növ səmavi qulluqçudur. Bir şey lazım olanda çırtma çalan kimi Onun dərhal gəlməsini, istədiklərini alandan sonra isə çıxıb getməsini istəyirlər». Belə münasibət Allah qorxusunun olmadığını aşkar edir.
Allah qorxusu itiriləndə
13. Davud Allahın qanununa nə zaman hörmətsizlik göstərdi?
13 Çətinliklər zamanı Yehovanın Davuda dayaq olması sayəsində o, Allahdan daha çox qorxmağa başladı və e’tibarı möhkəmləndi (Məzmur 31:22-24). Lakin üç halda o, Allah qorxusunu itirmiş, bu isə ciddi nəticələrə gətirib çıxarmışdı. Birinci dəfə, Yehovanın əhd sandığını Yerusəlimə gətirmək üçün gördüyü hazırlıq Davudun Allah qorxusunu itirdiyini göstərirdi. Sandığı, Allahın qanununda göstərildiyi kimi, levililərin çiynində aparmaq əvəzinə, onu arabaya qoydu. Arabanı sürən Uzza sandığın aşmaması üçün onu tutanda, «hörmətsizlik etdiyinə» görə, dərhal öldü. Bəli, Uzza ciddi günah işlətmişdi, lakin bu faciənin baş verməsinə səbəb məhz Davudun Allahın qanununa layiqincə hörmət göstərməməsi idi. Allahdan qorxmaq hər şeyi Onun müəyyən etdiyi kimi icra etmək deməkdir (2 Şamuel 6:2-9; Saylar 4:15; 7:9).
14. Davudun İsraili siyahıya alması nə ilə nəticələndi?
14 Sonra Şeytanın təhriki ilə Davud İsrailin igidlərini siyahıya aldı (1 Salnamələr 21:1). Bu hərəkət də Davudun Allah qorxusunu itirdiyini göstərdi və 70 000 israillinin ölümünə səbəb oldu. Davud Yehovanın önündə tövbə etsə də, həm özü, həm də başqaları çox əziyyət çəkdilər (2 Şamuel 24:1-16).
15. Davudun cinsi əxlaqsızlıq etməsinə səbəb nə oldu?
15 Davudun müvəqqəti olaraq Allah qorxusunu itirməsi Uriyanın arvadı Bat-Şeva ilə əxlaqsızlıq etməsinə gətirib çıxardı. Davud əxlaqsızlığın, hətta başqasının arvadını arzulamağın belə günah olduğunu bilirdi (Çıxış 20:14, 17). Problem Bat-Şeva çimərkən Davudun gözünün ona sataşması ilə başlandı. Allah qarşısında qorxu Davudu gözlərini və fikrini dərhal başqa yerə yönəltməyə təşviq etməli idi. Belə davranmaq əvəzinə Davud, görünür, ehtirası Allah qorxusuna üstün gələnədək ona baxmağa davam etdi (Matta 5:28; 2 Şamuel 11:1-4). O, həyatının heç bir sahəsinin Yehovanın nəzərindən qaçmayacağını unutdu (Məzmur 139:1-7).
16. Davudun günahının hansı nəticələri oldu?
16 Davudun Bat-Şeva ilə əlaqəsi nəticəsində oğlu oldu. Çox keçmədən Yehova peyğəmbər Natanı onun günahını ifşa etməyə göndərdi. Özünə gələndə Davuda yenidən Allah qorxusunu əldə etdi və o, əməlindən tövbə etdi, Yehovaya onu atmaması və ya müqəddəs ruhunu geri almaması üçün yalvardı (Məzmur 51:7, 11). Yehova Davudu bağışladı və cəzasını yüngülləşdirdi, lakin hərəkətinin bütün faciəvi nəticələrindən onu qorumadı. Davudun oğlu öldü və hətta sonralar da faciə onun ailəsini rahat buraxmadı. Allah qorxusunu itirməsi ona necə də baha başa gəldi! (2 Şamuel 12:10-14; 13:10-14; 15:14).
17. Günahlı hərəkətlərin gətirdiyi ürək ağrısını təsvir edin.
17 Bu gün də əxlaq məsələlərində Allah qorxusunun olmaması ciddi və uzun sürən nəticələrə səbəb ola bilər. Məsihçi ərinin xaricdə işləyərkən ona xəyanət etdiyini öyrənən bir gənc qadının çəkdiyi iztirabları təsəvvür edin. Sarsıntıdan və kədərdən ikiqat bükülərək, üzünü əlləri tutub, hönkür-hönkür ağladı. Ərinə yenidən onun e’tibarını və hörmətini qazanmaq üçün nə qədər vaxt lazım olacaq? Allahdan həqiqətən də qorxmaqla belə faciəvi nəticələrdən qaçmaq olar (1 Korinflilərə 6:18).
Allah qorxusu bizi günahdan çəkindirir
18. Şeytanın məqsədi nədir və öz məqsədinə çatmaq üçün hansı üsullardan istifadə edir?
18 Şeytan çox sür’ətlə dünyanın əxlaq dəyərlərini aşağı salır. O, xüsusilə də həqiqi məsihçiləri yoldan çıxarmaq istəyir. Bunun üçün ürəyimizə və ağlımıza birbaşa yoldan — hisslərimizdən, xüsusilə də göz və qulaqlarımızdan istifadə edir (Efeslilərə 4:17-19). Təsadüfən ədəbsiz sözlər eşidəndə, gözün əxlaqsız şəkillərə və ya insanlara sataşanda nə edəcəksən?
19. Allah qorxusu bir məsihçiyə sınaqların öhdəsindən gəlməkdə necə kömək etdi?
19 Ağsaqqal kimi xidmət edən Andreninb nümunəsini nəzərdən keçirək. Ailəsi ilə birgə Avropa ölkələrinin birində yaşayan Andre xəstaxanada həkim işləyir. Gecə növbəsində olanda, qadın əməkdaşları dönə-dönə onun yastığına ürək şəkilləri ilə bəzədilmiş məktublar sancaraq, onlarla cinsi əlaqəyə girməyi təklif edirdilər. Andre qətiyyətlə onların təklifini rədd edirdi. Bundan başqa, o, pis əhatədən xilas olmaq üçün özünə başqa yerdə iş tapdı. Allahdan qorxması böyük müdriklik oldu və xeyir-dualar gətirdi. Bu gün Andre Yehovanın Şahidlərinin öz ölkəsindəki filialında natamam iş günü xidmət edir.
20, 21. a) Allah qorxusu bizə günahdan qaçmağa necə kömək edə bilər? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
20 Düzgün olmayan fikirlərin üzərində dayanmaq elə düşüncə tərzinə gətirib çıxara bilər ki, insan hüququ olmayan şeylərə görə Yehova ilə qiymətli münasibətini pozmağa hazır olar (Yaqub 1:14, 15). Digər tərəfdən, əgər biz Yehovadan qorxuruqsa, əxlaqi sayıqlığımızı zəiflədə biləcək insanlardan, yerlərdən, işlərdən və əyləncədən kənar duracağıq (Süleymanın məsəlləri 22:3). Nə qədər utansaq və ya hansı qurbanları verməli olsaq da, bu, Allahın lütfünün itirilməsi ilə müqayisədə çox əhəmiyyətsizdir (Matta 5:29, 30). Allahdan qorxuruqsa, şübhəsiz ki, heç vaxt özümüzü bilərəkdən, istənilən formada pornoqrafiya da daxil olmaqla, əxlaqsızlığın tə’sirinə mə’ruz qoymayacaq, əksinə ‘gözlərimizi fani şeylərə baxmaqdan’ yayındıracağıq. Belə etsək, əmin ola bilərik ki, Yehova bizə ‘həyat bəxş edəcək’ və həqiqətən də ehtiyacımız olan hər bir şeylə bizi tə’min edəcəkdir (Məzmur 84:11; 119:37).
21 Həmişə həqiqi Allah qorxusu ilə davranmaq müdriklikdir, həm də əsl xoşbəxtliyin mənbəyidir (Məzmur 34:9). Növbəti məqalədə bunu daha ətraflı müzakirə edəcəyik.
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının 1998-ci il 8 yanvar sayının (rus.) «Müqəddəs Kitabın nöqteyi-nəzəri: “Məhəbbət Allahından qorxmaq?!”» adlı məqaləsinə baxın.
b Ad dəyişdirilib.
Necə izah edərdiniz?
• Allah qorxusu hansı məsihçi keyfiyyətləri ilə bağlıdır?
• Allah qorxusu insan qorxusuna necə üstün gələ bilər?
• Duaya düzgün münasibəti necə göstərə bilərik?
• Allah qorxusu bizi günah etməkdən necə saxlaya bilər?
[25-ci səhifədəki şəkil]
Davud Yehovanın əl işini seyr edərkən Ondan qorxmağı öyrəndi.