Yehovadan qorx — xoşbəxt ol!
«Nə bəxtiyardır Rəbdən qorxan» (MƏZMUR 112:1).
1, 2. Yehova qarşısında qorxu insana nə gətirə bilər?
XOŞBƏXTLİK asanlıqla əldə olunmur. Əsl xoşbəxtliyə doğru seçim etməklə, düzgün davranmaqla və yanlış yoldan dönməklə nail olmaq mümkündür. Yaradanımız Yehova bizə ən yaxşı həyat yolunu göstərmək üçün Kəlamı olan Müqəddəs Kitabı verib. Yehovanın göstərişlərini öyrənib, onlara əməl edərək Ondan qorxduğumuzu göstərəndə, həqiqətən də həyatımızdan razı qalacaq və xoşbəxt ömür sürəcəyik (Məzmur 23:1; Süleymanın məsəlləri 14:26).
2 Bu məqalədə biz həqiqi Allah qorxusuna malik olan qədimdə və müasir dövrdə yaşayan insanların nümunələrini nəzərdən keçirəcəyik. Bu nümunələrdən Allah qorxusunun yanlış hərəkətlərdən qaçınmaq üçün güc, düzgün olanını etmək üçü isə cəsarət verdiyini öyrənəcəyik. Görəcəyik ki, Allah qorxusu padşah Davudun etdiyi kimi bizi də atdığımız səhv addımı düzəltməyə təşviq edərək xoşbəxtlik gətirə bilər. Həmçinin öyrənəcəyik ki, Yehova qarşısında qorxu valideynlərin uşaqlarına verə biləcəyi həqiqi dəyəri olan mirasdır. Allahın Kəlamı bizi əmin edir: «Bəxtiyardır Rəbdən qorxan» (Məzmur 112:1).
İtirilmiş xoşbəxtliyi geri qaytarmaq
3. Ruhani cəhətdən sağalmağa Davuda nə kömək etdi?
3 Əvvəlki məqalədə müzakirə etdiyimiz kimi, Davud üç halda həqiqi Allah qorxusu göstərmədiyi üçün günah işlətdi. Lakin onun Yehovanın verdiyi cəzaya olan münasibəti göstərdi ki, əslində o, Allahdan qorxan insandır. Allaha hörmət və ehtiram Davudu günahını boynuna almağa, səhvini düzəltməyə və Yehova ilə münasibətini bərpa etməyə təşviq etdi. Səhvlərinin özü ilə yanaşı başqalarına da iztirablar gətirməsinə baxmayaraq, səmimi qəlbdən tövbə etdiyinə görə Yehova Öz yardımını və xeyir-duasını ondan əsirgəmədi. Davudun nümunəsi ciddi günah işlətmiş müasir məsihçiləri ürəkləndirə bilər.
4. Allah qorxusu xoşbəxtliyə yenidən nail olmağa necə kömək edir?
4 Sonyanın nümunəsinə nəzər salaqa. Tammüddətli xidmət etməsinə baxmayaraq, Sonya pis dostların əhatəsinə düşərək məsihçiyə yaraşmayan hərəkət etdi. Onu yığıncaqdan kənar etmək lazım gəldi. Özünə gəldikdə, Sonya Yehova ilə münasibətlərini bərpa etmək üçün tələb olunan hər bir şeyi etdi. Bir müddət sonra o, yenidən yığıncağın üzvü oldu. Bütün bu müddət ərzində Sonyanın ürəyində Yehovaya xidmət etmək arzusu heç vaxt sönməmişdi. O, yenidən tammüddətli xidmətə başladı. Sonralar o, ağsaqqal kimi xidmət edən qardaş ilə ailə qurdu və hazırda onunla birlikdə sevinclə yığıncaqda xidmət edir. Məsihçi yolundan müvəqqəti olaraq kənar düşdüyünə görə peşmançılıq çəksə də, Sonya Allah qorxusunun ona yenidən yığıncağa dönməsinə kömək etdiyinə görə xoşbəxtdir.
Günah etməkdənsə əzab çəkmək yaxşıdır
5, 6. Davudun iki dəfə Şaulun həyatına necə və nə üçün rəhm etdiyini izah edin.
5 Əlbəttə, Allah qorxusunun elə əvvəlcədən adamı günahdan saxlaması daha yaxşıdır. Bu, Davudun hadisəsindən görünür. Bir dəfə Şaul üç min nəfərlik ordusu ilə Davudu tə’qib edərkən, onun adamları ilə birlikdə gizləndiyi mağaraya girdi. Adamları Davudu Şaulu öldürməyə təhrik etdilər. Məgər qatı düşmənini onun əlinə verən Yehova deyildimi? Davud xəlvətcə Şaula yaxınlaşdı və libasının ətəyindən kəsdi. Davud Allahdan qorxduğu üçün, hətta nisbətən zərərsiz hərəkətinə görə vicdanı ona əzab verməyə başladı. Davud Şaulu öldürmək istəyən adamlarının qarşısını alaraq dedi: «Rəbbin məsh etdiyi ağama əl qaldırıb belə bir iş görməyi Rəbb məndən uzaq etsin, çünki o, Rəbbin məsh olunmuşudur»b (1 Şamuel 24:1-7).
6 Başqa bir vaxt, Şaul gecələmək üçün düşərgə saldı, həmin gecə onun və adamlarının üstünə ‘Rəbb tərəfindən dərin yuxu gəldi’. Davud və onun cəsur bacısı oğlu Avişay düşərgənin düz ortasına gələrək, yuxuya getmiş Şaulun başının üstündə durdular. Avişay birdəfəlik Şaulun işini bitirmək istəyəndə Davud onun əlini saxlayaraq soruşdu: «Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?» (1 Şamuel 26:9, 12).
7. Davudu günah etməkdən nə çəkindirdi?
7 Əlinə iki dəfə fürsət düşsə də, Davud Şaulu nə üçün öldürmədi? Çünki o, Şauldan çox Yehovadan qorxurdu. Davud, Allahdan həqiqətən də qorxduğuna görə günah işlətməkdənsə, lazım gələrsə iztirab çəkməyə hazır idi (İbranilərə 11:25). O, Yehovanın Öz xalqına və şəxsən ona qayğı göstərdiyinə tam arxayın idi. Davud bilirdi ki, Allaha e’tinasızlıq Onun narazılığını qazandırdığı halda, itaətkarlıq və inam xoşbəxtlik və çoxlu xeyir-dualar gətirir (Məzmur 65:4). O, həm də başa düşürdü ki, Allah Şaulu devirərək onu padşah etmək və’dini öz vaxtında və lazım bildiyi yolla yerinə yetirəcək (1 Şamuel 26:10).
Allahdan qorxmaq xoşbəxtlik gətirir
8. Davudun çətin vəziyyətlərə düşərkən necə davranmasından hansı nümunəni götürürük?
8 Biz məsihçi olduğumuz üçün istehzalar, tə’qiblər və başqa sınaqlarla üzləşə bilərik (Matta 24:9; 2 Peter 3:3). Hətta bə’zən həmimanlılarımızla çətinliklər yarana bilər. Lakin biz bilirik ki, Yehova hər şeyi görür, dualarımızı eşidir və öz vaxtında işləri iradəsinə uyğun olaraq qaydaya salacaq (Romalılara 12:17-21; İbranilərə 4:16). Buna görə də, əleyhdarlarımızdan deyil, Allahdan qorxur və Onun xilasını gözləyirik. Biz də Davud kimi nə qisas alır, nə də ki, iztirablardan qaçınmaq üçün ədalətli prinsipləri pozuruq. Son nəticədə bu, xoşbəxtlik gətirir. Ancaq necə?
9. Tə’qiblərə baxmayaraq, Allah qorxusunun necə xoşbəxtlik gətirdiyinə dair nümunə çəkin.
9 «Bir qadın və onun yeniyetmə qızı heç yadımdan çıxmır. Onlar məsihçi bitərəfliyini qorumaq üçün partiya bileti almaqdan imtina etdilər» deyə uzun müddət Afrikada missioner xidmət edən bir qardaş danışır. «Bir dəstə kişi amansızcasına onların üstünə düşdü, sonra isə evə göndərdi. Yol uzunu ana, baş verənlərin səbəbini başa düşməyə çalışan, ağlayan qızına təsəlli verirdi. Əlbəttə ki, onlar o zaman sevinmirdilər, lakin vicdanları təmiz idi. Sonralar isə Allaha tabe olduqları üçün onlar çox xoşbəxt idilər. Əgər partiya bileti alsaydılar, həmin adamlar çox şad olar, onlara limonad verər və evə çatanadək ətraflarında rəqs edərdilər. Lakin qız və onun anası geri çəkildiklərini bilərək, dünyanın ən bədbəxt adamları olardılar. Allah qorxusu onları bundan xilas etdi».
10, 11. Bir qadının Allahdan qorxması hansı yaxşı nəticələri gətirdi?
10 Həyatın müqəddəsliyinə hörmətlə bağlı sınaqla üzləşərkən də Allah qorxusu ilə davranmaq xoşbəxtlik gətirir. Meri üçüncü uşağa hamilə qalanda, həkim abort etdirməyi tə’kid edirdi: «Sənin vəziyyətin təhlükəlidir. İstənilən vaxt ağırlaşma ola bilər və 24 saat içində həyatını itirə bilərsən. Sonra uşaq da öləcək. Necə olursa-olsun, uşağın sağlam doğulacağına heç bir zəmanət yoxdur». Meri o vaxt Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi, ancaq hələ vəftiz olunmamışdı. O deyir: «Mən artıq Yehovaya xidmət etməyi və nə olursa-olsun ona tabe olmağı qərara almışdım» (Çıxış 21:22, 23).
11 Hamiləliyi dövründə Meri Müqəddəs Kitabı öyrənməyə və ailəsinin qayğısına qalmağa davam edirdi. Nəhayət uşaq dünyaya gəldi. «Bu doğuş əvvəlkilərdən bir az ağır keçdi, lakin elə də ciddi ağırlaşmalar olmadı» deyə Meri söyləyir. Allah qorxusu Meriyə vicdanını təmiz saxlamağa kömək etdi və o, tezliklə vəftiz olundu. Uşaq da böyüdükcə Yehovadan qorxmağı öyrəndi və hazırda Yehovanın Şahidlərinin filiallarının birində xidmət edir.
Yehovadan ‘qüvvət alın’
12. Allah qorxusu Davudu necə möhkəmləndirdi?
12 Allah qorxusu Davudu sadəcə olaraq günah etməkdən çəkindirmədi, həm də çətin şəraitlərdə qətiyyətli və müdrik davranmaq üçün ona güc verdi. Bir il dörd ay ərzində Davud adamları ilə birlikdə Şaulun əlindən filiştlilərin Ziqlaq şəhərində sığınacaq tapdı (1 Şamuel 27:5-7). Bir dəfə kişilər şəhərdə olmayanda amaleqli soyğunçular şəhəri yandıraraq bütün qadınları, uşaqları və mal-qaranı apardılar. Qayıdanda baş verənləri görən Davud və onun adamları hönkür-hönkür ağladılar. Qüssə tezliklə hiddətə çevrildi və Davudun adamları onu daşlamaq istəyirdilər. Fəlakətə düşdüyünə baxmayaraq, Davud ümidsizliyə qapılmadı (Süleymanın məsəlləri 24:10). Allah qorxusu onu Yehovaya üz tutmağa təşviq etdi, «Davud Allahı Rəbdən qüvvət aldı». Allahın köməyi ilə Davud və adamları amaleqlilərə qalib gəldilər və hər şeylərini geri qaytardılar (1 Şamuel 30:1-20).
13, 14. Allah qorxusu bir məsihçiyə düzgün qərar qəbul etməkdə necə kömək etdi?
13 Allahın müasir xidmətçiləri də elə hallarla üzləşirlər ki, qətiyyətlə hərəkət etmək üçün onlardan Yehovaya inam və cəsarət tələb olunur. Kristinanın hadisəsi buna nümunədir. Uşaq ikən Kristina Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Lakin o, pianoçu olmaq, konsertlər vermək istəyirdi və bu niyyətinə doğru xeyli irəliləyiş etmişdi. O, həm də təbliğ etməyə utandığından vəftizin gətirdiyi məs’uliyyətləri üzərinə götürməyə qorxurdu. Kristina Allahın Kəlamını öyrəndikcə, onun qüvvəsini hiss etməyə başladı. O, Yehovadan qorxmağı öyrənir və başa düşürdü ki, Yehova Öz xidmətçilərindən Onu bütün ürəyi, canı, düşüncə və qüvvəti ilə sevmələrini gözləyir (Mark 12:30). Bu onu həyatını Yehovaya həsr etməyə və vəftiz olmağa təşviq etdi.
14 Kristina ruhani cəhətdən irəliləmək üçün Yehovadan kömək istəyirdi. Kristina deyir: «Mən bilirdim ki, pianoçu daima qastrol səfərlərində olur və ildə 400-ə qədər konsert vermək üçün müqavilə bağlayır. Buna görə də qərara aldım ki, yaxşısı budur özümü maddi cəhətdən tə’min etmək üçün müəllimlik edim və tammüddətli xidmətə başlayım». Bu vaxt o öz ölkəsinin məşhur konsert zalında artıq ilk konsertini verməyi planlaşdırmışdı. «Bu mənim ilk və son konsertim oldu» deyə Kristina davam edir. Sonralar Kristina məsihçi ağsaqqalı ilə ailə qurdu. İndi onlar birlikdə Yehovanın Şahidlərinin filiallarından birində xidmət edirlər. O, çox xoşbəxtdir ki, Yehova ona düzgün qərarlar qəbul etmək üçün güc verdi və indi o öz vaxtını, gücünü xidmətə həsr edə bilir.
Qiymətli miras
15. Davud öz övladlarına nəyi miras vermək istəyirdi və o bunu necə etdi?
15 Davud yazırdı: «Gəlin, ey övladlar, məni dinləyin, Rəbdən qorxmağı məndən öyrənin» (Məzmur 34:11). Davud qiymətli mirası — həqiqi, tarazlı, sağlam Allah qorxusunu uşaqlarına verməyə qəti qərarlı idi. Davud sözləri və hərəkətləri ilə göstərmişdi ki, Yehova qanunlarının pozulduğunu irad tutan tələbkar, qorxulu Allah deyil, yerüzü övladlarını sevən, qayğıkeş və bağışlayan Atadır. Davud soruşurdu: «Kim öz səhvlərini duya bilər?» Sonra Yehovanın daima diqqətlə səhvlərimizi izləmədiyinə dair əminliyini bildirərək əlavə etdi: «Məni gizli təqsirlərimdən təmizlə». Davud əmin idi ki, əgər əlindən gələni edərsə, sözləri və düşüncələri ilə Yehovanı razı sala bilər (Məzmur 19:12, 14).
16, 17. Valideynlər uşaqlarına Yehovadan qorxmağı necə öyrədə bilərlər?
16 Davud bugünkü valideynlər üçün nümunədir. Qardaşı ilə birgə Yehovanın Şahidlərinin filialında xidmət edən Ralf deyir: «Valideynlərimiz bizi elə tərbiyə edirdilər ki, həqiqətdə olmaq bizə xoş idi. Biz uşaq olanda onlar yığıncağın işləri barədə söhbətlərə bizi də cəlb edirdilər, bunun sayəsində onlar kimi bizim də, xidmətdə sə’yimiz artdı. Biz əmin idik ki, Yehovaya xidmətdə xeyirli işlər görə bilərik. Bir neçə il ailəmiz Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan ölkədə yaşayaraq, orada yeni yığıncaqlar təşkil etməyə kömək edirdi.
17 Bizi düz yolda saxlayan çoxlu sayda sərt qaydalar deyil, valideynlərimiz üçün Yehovanın real, çox mərhəmətli və xeyirxah Allah olması idi. Onlar Yehovanı daha yaxşı tanımağa və Onu razı salmağa can atırdılar. Valideynlərimizin Allah qorxusu və Ona olan məhəbbəti bizə çox şeyi öyrətdi. Hətta səhvə yol verəndə belə, valideynlərimiz bizdə elə fikir yaratmırdılar ki, Yehova artıq bizi sevmir, onlar qəzəblə üzərimizə yersiz məhdudiyyətlər də qoymurdular. Çox vaxt onlar oturub bizimlə sakitcə söhbət edirdilər, anam bə’zən gözlərində yaş ürəyimizə yol tapmağa çalışırdı. Bunun köməyi dəydi. Valideynlərimizin sözlərindən və hərəkətlərindən Yehovaya xidmət etməyin yük olmadığını, sevinc və məmnunluq gətirdiyini, Allah qorxusunun isə bizim xeyrimizə olduğunu öyrəndik (1 Yəhya 5:3).
18. Həqiqi Allahdan qorxmaqla nə əldə edəcəyik?
18 ‘Davudun son sözləri’ arasında bunlar da var idi: «İnsanlar üstündə doğruluqla hökm edən, Allahın qorxusu ilə səltənət sürən şəxs buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir» (2 Şamuel 23:1, 3, 4). Görünür, Davudun oğlu və varisi olan Süleyman bunu yaxşı başa düşmüşdü, çünki Yehovadan «dərrakəli ürək» və ‘yaxşı ilə pisi ayırd etmək’ qabiliyyətini xahiş etdi (1 Padşahlar 3:9). Süleyman Yehovadan qorxmağın müdriklik olduğunu və xoşbəxtlik gətirdiyini dərk edirdi. Sonralar o, «Vaiz» kitabına belə sözlərlə yekun vurdu: «Hər şey aşkar oldu, nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur. Çünki Allah hər işi, gizli olan hər şeyi — istər yaxşı olsun, istər pis — mühakimə edəcək» (Vaiz 12:13, 14). Əgər biz bu məsləhətə qulaq assaq, həqiqətən də ‘təvazökarlığın və Rəbb qorxusunun nəticəsinin’ yalnız müdriklik və xoşbəxtlik deyil, həm də ‘sərvət, şərəf, həyat’ olduğunu görəcəyik (Süleymanın məsəlləri 22:4).
19. «Rəbb qorxusunu» anlamağa bizə nə kömək edəcək?
19 Müqəddəs Kitab və müasir dövr nümunələrindən gördük ki, həqiqi Allah qorxusu Yehovanın xidmətçilərinin həyatına müsbət tə’sir göstərir. Belə qorxu bizi nəinki səmavi Atamızın xoşuna gəlməyən əməllərdən saxlayır, həm də düşmənlərimizə qarşı durmağa cəsarət, yolumuza çıxan sınaq və çətinliklərə tab gətirməyə güc verir. Buna görə də gəlin yaşımızdan asılı olmayaraq, hamımız sə’ylə Allahın Kəlamını öyrənməklə, öyrəndiklərimiz üzərində düşünməklə məşğul olaq, müntəzəm və səmimi dualar vasitəsilə Yehovaya yaxınlaşaq. Belə etməklə, biz ‘Allahı tanımaqla’ yanaşı, həm də ‘Rəbb qorxusunun’ nə olduğunu anlayacağıq (Süleymanın məsəlləri 2:1-5).
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b Ola bilər ki, bu, Davudu 57 və 142-ci məzmurları yazmağa təşviq edən hadisələrdən biridir.
İzah edə bilərsinizmi?
Allah qorxusu
• ciddi günahdan dönməyə necə kömək edə bilər?
• sınaqlar və tə’qiblər zamanı necə xoşbəxtlik gətirə bilər?
• Onun iradəsini yerinə yetirmək üçün bizə necə güc verə bilər?
• övladlarımız üçün qiymətli miras necə ola bilər?
[32-ci səhifədəki şəkil]
Yehova qarşısında qorxu Davudu padşah Şaulu öldürməkdən saxladı.