İmanınızı əməldə göstərin
«İman... yaxşı əməlləri yox isə, özü-özlüyündə ölüdür» (YAQUB 2:17).
1. Erkən məsihçilər nə üçün həm imanı, həm də əməlləri vacib sayırdılar?
ERKƏN məsihçilər imanlarını həyat tərzlərilə göstərirdilər. Şagird Yaqub bütün məsihçiləri təşviq edirdi: ‘Allah kəlamını yalnız eşitməklə kifayətlənməyin, bu kəlamın icraçısı da olun’. O, həmçinin əlavə etmişdi: «Bədən ruh olmadıqda ölü olduğu kimi, iman da əməllər olmadıqda ölüdür» (Yaqub 1:22; 2:26). Bu sözlərin yazılmasından 35 il sonra da bir çox məsihçilər imanlarını layiqli əməllərlə təsdiqləyirdilər. Əfsuslar olsun ki, bunu hamı etmirdi. İsa İzmir şəhərindəki məsihçiləri tə’riflədi, Sardisdəkilərə isə dedi: «Sənin əməllərindən xəbərdaram. Adın vardır, guya sağsan, amma əslində ölüsən» (Vəhy 2:8-11; 3:1).
2. Məsihçilər imanlarına dair özlərinə hansı sualları verməlidirlər?
2 İsa Sardisdəki məsihçiləri, ümumiyyətlə onun sözlərini oxuyan hər kəsi məsihçi həqiqətinə ilk məhəbbətlərini əməldə göstərməyə və ruhani cəhətdən oyaq olmağa çağırırdı (Vəhy 3:2, 3). Hər kəs özündən soruşa bilər: «Bəs mənim əməllərim haqqında nə demək olar? Təbliğ işi və yığıncaq görüşləri ilə birbaşa bağlı olmayan işlərdə belə öz imanımı əməllərimlə həmişə təsdiq etməyə çalışdığım aydın görünürmü?» (Luka 16:10). Çox sahələrə toxunmaq olar, ancaq gəlin yalnız dostluq görüşlərini və məsihçi toylarını nəzərdən keçirək.
Balaca dostluq görüşləri
3. Müqəddəs Kitabın ailəvi və dostluq görüşlərinə münasibəti necədir?
3 Məsihçilər bizi qonaq çağıranda çoxumuza xoş olur. Yehova Öz xidmətçilərinin xoşbəxtliyini istəyən «xoşbəxt Allah»dır (1 Timoteyə 1:11, YD). O, Süleymanı həyatın bu sahəsi haqda yazmağa ilhamlandırdı: «Mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır» (Vaiz 3:1, 4, 13; 8:15). Bura ailəvi və ya Yehovanın xidmətçilərinin balaca dostluq görüşlərində keçirilən vaxtı da aid etmək olar (Əyyub 1:4, 5, 18; Luka 10:38-42; 14:12-14).
4. Dostluq görüşü təşkil edən adam nəyə diqqət yetirməlidir?
4 Əgər biz belə bir tədbir planlaşdırır və onun keçirilməsinə cavabdehiksə, hər şeyi yaxşıca ölçüb-biçməliyik. Hətta bir neçə nəfəri ünsiyyət üçün qonaq də’vət edəndə də bu cür etmək lazımdır (Romalılara 12:13). ‘Hər şeyin ədəblə’ «yuxarıdan nazil olan hikmət»in rəhbərliyi altında keçməsi vacibdir (1 Korinflilərə 14:40; Yaqub 3:17). Həvari Pavel yazırdı: «Yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin». O, həmçinin başqalarını büdrətməməyi də xatırlatmışdı (1 Korinflilərə 10:31, 32). Bəs nəyə xüsusilə diqqət yetirmək lazımdır? Bə’zi məqamları əvvəlcədən nəzərə alsaq, həm biz, həm də qonaqlar imanımızı əməldə göstərə biləcəyik (Romalılara 12:2).
Dostluq görüşü necə keçəcək?
5. Nəyə görə görüşün təşkilatçısı məclisdə spirtli içkilərin və musiqinin olub-olmayacağını ciddi tərzdə ölçüb-biçməlidir?
5 Qonaqlıq təşkil edənlərin bir çoxları məclisə spirtli içkilər verib-verməmək seçimi etməli olmuşlar. Ürəkaçan ünsiyyət üçün süfrədə içkinin olması heç də vacib deyil. Yanına gələn böyük izdihamı yedirtmək üçün, İsanın çörək və balığı çoxaltdığı hadisəni yadımıza salaq. Müjdələrdə onun mö’cüzə ilə şərab düzəltdiyi deyilmir, hərçənd, bildiyimiz kimi, o bunu edə bilərdi (Matta 14:14-21). Əgər süfrəyə spirtli içki vermək qərarına gəlsən, çalış ki, qədərindən artıq olmasın. Süfrədə yaxşı spirtsiz içkilərin olmasının da qayğısına qal (1 Timoteyə 3:2, 3, 8; 5:23; 1 Peter 4:3). Heç kimi, ‘ilan kimi sanca’ bilən spirtli içki içməyə məcbur etmə (Süleymanın məsəlləri 23:29-32). Bəs musiqi və mahnılar haqqında nə demək olar? Əgər məclisdə musiqi olacaqsa, onda mahnıların ritminə və sözlərinə diqqət yetir (Koloslulara 3:8; Yaqub 1:21). Bir çox məsihçilər fikir vermişlər ki, «Padşahlıq melodiyaları» səslənəndə və ya məsihçi mahnıları oxunanda məclisdə gözəl əhval-ruhiyyə yaranır (Efeslilərə 5:19, 20). Ünsiyyətə və qonşulara mane olmasın deyə, musiqinin səsini vaxtaşırı tənzimlə (Matta 7:12).
6. Görüşün təşkilatçısı ünsiyyət və başqa məsələlərdə imanının canlı olduğunu necə göstərə bilər?
6 Dostluq görüşlərində məsihçilər müxtəlif mövzular haqqında söhbət edir, maraqlı məqalələr oxuyur və ya hadisələr danışırlar. Əgər söhbət ədəb-ərkan qaydalarından kənara çıxırsa, məclisi təşkil edən adam mövzunu nəzakətlə dəyişəcək. O çalışmalıdır ki, söhbəti təkcə bir nəfər ələ almasın. Belə vəziyyət yaranarsa, o müdaxilə edib başqalarını, məsələn, uşaqları söhbətə cəlb edə bilər, yaxud da hamının qoşula biləcəyi mövzudan söz aça bilər. Belə ünsiyyət həm uşaqların, həm də böyüklərin xoşuna gələcək. Əgər sən məclisi uzaqgörənliklə və nəzakətlə idarə etsən, qonaqlar sənin müdrikliyini görəcəklər (Filipililərə 4:5). Onlar sənin imanın canlı olduğuna və həyatının bütün sahələrinə tə’sir etdiyinə əmin olacaqlar.
Nikah və toy mərasimləri
7. Nikah və toy mərasimlərinin təşkilinə nə üçün diqqətlə yanaşmaq lazımdır?
7 Məsihçi toyu çox sevindirici hadisədir. Allahın qədimdəki xidmətçilərinə, o cümlədən İsa və onun şagirdlərinə toy məclislərində iştirak etmək xoş idi (Yaradılış 29:21, 22; Yəhya 2:1, 2). Toy həyatda adi haldır. Ancaq təcrübədən göründüyü kimi, onu yaxşı təşkil etmək üçün xüsusi qüvvə tələb olunur. Bu, məsihçiyə imanını təzahür etdirməyə, müdriklik və tarazlıq göstərməyə imkan yaradır.
8, 9. Bir çox toylarda baş verənlər 1 Yəhya 2:16, 17 ayələrinin doğruluğunu necə təsdiq edir?
8 Toy, Allahın prinsiplərini bilməyən və onlara əhəmiyyət verməyən bir çox adamlar üçün, hər şeydə həddi aşmağa və buna bəraət qazandırmağa bir bəhanədir. Avropada dərc edilən jurnalda təzə bir gəlin təmtəraqlı toyundan danışır: «Bərbəzəkli dörd atlı faytonda gedirdik, bizi daha 12 fayton və orkestr müşayiət edirdi. Sonra təntənəli ziyafət oldu və gözəl musiqi səsləndi. Hər şey ə’la keçdi! Lap istədiyim kimi oldu. O gün mən kraliça idim».
9 Hər yerin öz adəti olsa da, bu hadisə həvari Yəhyanın sözlərinin doğruluğunu təsdiq edir: «Dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır». Ruhən yetkin məsihçilərin bu cür təmtəraqlı toy ziyafəti qurduqlarını təsəvvür edə bilərsinizmi? Bu kimi məsələlərdə də yadda saxlamaq lazımdır ki, «Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:16, 17).
10. a) Toya hazırlıq görərkən nəyə görə hər şeyi əvvəlcədən ölçüb-biçmək lazımdır? b) Qonaqları də’vət edərkən nə nəzərə alınmalıdır?
10 Məsihçilər hər şeydə realist və müdrik olmağa çalışırlar, Müqəddəs Kitab bu işdə onlara kömək edir. Toy günü vacib hadisə olsa da, onlar başa düşürlər ki, bu, əbədi həyata ümid bəsləyən iki məsihçinin ailə həyatının sadəcə başlanğıcıdır. Toy məclisinin çox böyük olması vacib deyil. Əgər bəy və gəlin ziyafət qurmaq qərarına gələrlərsə, onlar məsrəfləri hesablamalı və hər şeyi ölçüb-biçməlidirlər (Luka 14:28). Müqəddəs Kitaba əsasən, onların ailəsinin başçısı ər olacaq (1 Korinflilərə 11:3; Efeslilərə 5:22, 23). Buna görə də toyun təşkil edilməsində əsas məs’uliyyət bəyin üzərinə düşür. Əlbəttə, o, toya kimləri də’vət etmək istədiklərini və nə qədər adam çağıra biləcəklərini öz gələcək həyat yoldaşı ilə məhəbbətlə məsləhətləşəcək. Bütün qohum-əqrabanı və dost-tanışı də’vət etmək qeyri-mümkündür. Buna görə də, bə’zi məsələlərdə qərar qəbul edərkən tarazlığı qorumaq tələb olunur. Bəy və gəlin hamını də’vət edə bilməyəcəkləri üçün, başqa məsihçilərin onları başa düşməyəcəklərinə və inciyəcəklərinə görə narahat olmamalıdırlar (Vaiz 7:9).
«Ziyafətə başçılıq edən»
11. Toyun keçirilməsində «ziyafət başçısı» hansı rolu oynayır?
11 Əgər bəy və gəlin nikah mərasimi münasibətilə ziyafət vermək istəyirlərsə, hər şeyin ləyaqətlə keçməsi üçün nə etməlidirlər? Artıq çox illərdir ki, bu məsələdə Yehovanın Şahidləri üçün İsanın Qanada iştirak etdiyi toy məclisi nümunədir. Toyda «ziyafətə başçılıq edən» bir nəfər var idi, ehtimal ki, o, Allahın məs’ul xidmətçisi idi (Yəhya 2:9, 10). Müdrik bəy də bu tədbiri yola vermək üçün ruhən yetkin məsihçini seçəcək. Ziyafət başçısı bəyin arzu və istəklərini nəzərə alaraq qabaqcadan hər şeyin qayğısına qalacaq və toyun gedişinə nəzarət edəcək.
12. Spirtli içkilərlə bağlı bəy nəyi nəzərə almalıdır?
12 Beşinci abzasda deyilənlərə qayıtsaq, qeyd etmək lazımdır ki, bə’zi məsihçilər toyda süfrəyə spirtli içkilər qoymurlar. Onlar kiminsə içkidən sui-istifadə edərək şənliyə qalmaqal salmasını istəmirlər (Romalılara 13:13; 1 Korinflilərə 5:11). İçki verilən toylarda isə, bəy onun süfrəyə qədərindən artıq verilməyəcəyinə əmin olmalıdır. İsanın Qanada iştirak etdiyi toyda da şərab var idi, hətta o özü toyda yüksək keyfiyyətli şərab düzəltmişdi. Ziyafət başçısı təəccüblə dedi: «Hər bir adam yaxşı şərabı əvvəl, adisini isə şərab çox içildikdən sonra verir, sən isə yaxşı şərabı indiyə saxlamısan» (Yəhya 2:10). Əlbəttə, İsa heç kimi sərxoşluğa təşviq etmək niyyətində deyildi, əksinə, o belə hərəkəti mühakimə edirdi (Luka 12:45, 46). Ziyafət başçısının sözlərindən görünür ki, qonaqlardan kiminsə sərxoş olduğu hallar da olurdu (Həvarilərin işləri 2:15; 1 Saloniklilərə 5:7). Buna görə də, bəy və ziyafətə başçılıq edən məsihçi diqqət yetirməlidirlər ki, toyda iştirak edənlərin hər biri Müqəddəs Kitabın aydın göstərişinə riayət edir: «Şərabla sərxoş olmayın, səfahətə səbəb odur» (Efeslilərə 5:18; Süleymanın məsəlləri 20:1; Huşə 4:11).
13. Əgər toylarında musiqi olacaqsa, bəylə gəlin nəyi nəzərə almalıdırlar və nə üçün?
13 Əgər toyda və ya dostluq görüşlərində musiqi olacaqsa, onun səsi ünsiyyətə mane olmamalıdır. Bir ağsaqqal diqqət yetirmişdir ki, «axşama yaxın söhbət qızışanda və ya rəqs başlayanda, bə’zən musiqinin səsi qalxır. Beləliklə, sakit musiqi get-gedə hay-küyə çevrilib ünsiyyətə mane ola bilər. Toy xoş ünsiyyət üçün gözəl imkandır. Həddindən artıq hündürdən səslənən musiqinin şənliyi korlaması necə də kədərlidir!» Bəy və ziyafət başçısı bu məsələyə ciddi yanaşmalıdırlar: mahnıların məzmununu və səsinin tənzimini musiqiçilərin kimliyindən asılı olmayaraq, onların öhdəsinə buraxmamalıdırlar. Həvari Pavel yazırdı: «Sözdə və əməldə nə etsəniz, hər şeyi Rəbb İsanın naminə edin» (Koloslulara 3:17). Qonaqlar dağılaşandan sonra toyda səslənən musiqi onların xatirində necə qalacaq? Bu musiqi yeni evlənənlərin hər şeyi İsanın naminə etdiklərini göstərəcəkmi? Bu çox vacibdir.
14. Məsihçi toyu nə ilə yadda qalmalıdır?
14 Bəli, yaxşı toyu xatırlamaq həmişə xoşdur. Artıq 30 ildir ki, evli olan Adam və Edita bir toy haqqında belə demişlər: «Toyda əsl məsihçi əhval-ruhiyyəsi duyulurdu. Biz Yehovaya həmd nəğmələri oxuyurduq, eyni zamanda başqa əyləncələr də var idi. Musiqi və rəqs ikinci dərəcəli rol oynayırdı. Hər şey Müqəddəs Kitab prinsiplərinə uyğun və şən keçdi». Sözsüz ki, bəylə gəlin toya hazırlaşarkən öz imanlarını əməldə göstərmək üçün çox şey edə bilərlər.
Toy hədiyyələri
15. Toy hədiyyələri ilə bağlı hansı Müqəddəs Kitab məsləhətinə riayət etmək olar?
15 Bir çox ölkələrdə qohumlar və dostlar bəylə gəlinə hədiyyə bağışlayırlar. Əgər sizdə də belə adət varsa, həvari Yəhyanın «həyatın təkəbbürü» haqdakı sözlərini yaddan çıxarma. O, bu cür təkəbbürlüyü imanlarını əməldə göstərən məsihçilərlə yox, ‘keçib gedən’ dünya ilə əlaqələndirdi (1 Yəhya 2:16, 17). Yəhyanın Allahdan ilham almış sözlərini nəzərə alsaq, toyda kimin nə hədiyyə etdiyini e’lan etmək lazımdırmı? Makedoniyadan və Axayadan olan məsihçilər Yerusəlimdəki qardaşlara maddi kömək göstərdilər, lakin Müqəddəs Kitabda onların adları çəkilmir (Romalılara 15:26). Toyda hədiyyə verən məsihçilərin çoxu özlərinə gərəksiz diqqət cəlb etməmək üçün adlarının çəkilməsini istəmirlər. Bununla bağlı İsanın Matta 6:1-4 ayələrindəki məsləhətini nəzərdən keçirin.
16. Yeni evlənənlər başqalarının xətrinə dəyməmək üçün toy hədiyyələri ilə əlaqədar nəyi nəzərə almalıdırlar?
16 Hədiyyə verənlərin adlarını çəkərək kimin hədiyyəsinin daha yaxşı və ya bahalı olduğunu nümayiş etdirməklə ‘bir-birimizi rəqabətə təhrik edə’ bilərik. Bu səbəbdən, toy edən müdrik məsihçilər hədiyyə verənlərin adlarını açıqlamırlar. Əks təqdirdə, hədiyyə verməyə imkanı olmayanlar sıxıla bilərlər (Qalatiyalılara 5:26, YD; 6:10). Əlbəttə, yeni evlənənlərin hədiyyəni kimin verdiyini bilmələrində pis bir şey yoxdur. Məsələn, onlar bunu hədiyyənin içinə qoyulmuş açıqcadan öyrənə bilərlər, ancaq onu başqalarına oxumayacaqlar. Hədiyyə seçmək, bağışlamaq və ya qəbul etmək kimi şəxsi məsələlərdə belə hər birimizin öz imanını əməldə göstərmək imkanı var.
17. Məsihçilər iman və əməllərlə bağlı hansı məqsədə can atmalıdırlar?
17 Əlbəttə, imanımızın təzahürü yüksək mə’nəviyyatlı həyat sürməklə, məsihçi görüşlərinə gəlməklə və təbliğ işində iştirak etməklə kifayətlənmir. Qoy, hər birimiz həyatımızın bütün sahələrində əks olunan canlı imana sahib olsun. Bəli, biz imanımızı, yuxarıda nəzərdən keçirdiyimiz məsələlər də daxil olmaqla, ‘Allah qarşısında kamil olan’ əməllərlə təsdiq edə bilərik (Vəhy 3:2).
18. Yəhya 13:17 ayəsi məsihçi toylarına və dostluq görüşlərinə necə aiddir?
18 İsa sadiq həvarilərinə gözəl nümunə qoyaraq təvazökarlıqla onların ayaqlarını yuduqdan sonra dedi: «Əgər bu şeyləri bilirsiniz və onlara əməl edirsinizsə, bəxtiyarsınız» (Yəhya 13:4-17). Ola bilsin, yaşadığımız yerdə başqalarının, məsələn, qonaqların ayaqlarını yumaq lazım gəlmir, heç belə bir adət də yoxdur. Ancaq bu məqalədən gördüyümüz kimi, həyatın elə sahələri var ki, məhəbbət və diqqətlə davranaraq imanımızı əməldə göstərə bilərik. Dostluq görüşləri və toy ziyafətləri də istisna deyil. İstər özümüzün, istərsə də başqalarının toyunda, hamımız belə davranmalıyıq.
Necə cavab verərdiniz?
• Dostluq görüşləri təşkil edərkən imanımızı necə göstərə bilərik?
• Nikah və toy mərasimi zamanı imanımızı necə göstərə bilərik?
• Toy hədiyyəsi verərkən və qəbul edərkən imanımızı necə göstərə bilərik?
[18-ci səhifədəki şəkil]
Bir neçə nəfəri qonaq də’vət etsək də, «yuxarıdan nazil olan hikmət»i rəhbər tutmaq vacibdir.