Suallar qutusu
◼ Evlənənlər toy mərasimini Padşahlıq zalında keçirmək istəyirlərsə, ağsaqqallarla hansı məsələləri müzakirə etməlidirlər?
Müqəddəs Kitabın prinsiplərinə uyğun təşkil olunan toylar Yehovaya izzət gətirir. Bunu xüsusilə də Padşahlıq Zalında keçirilən toylarla bağlı demək olar, çünki burada keçirilən mərasimlər insanların gözündə təşkilatımızı əks etdirir. Buna görə də toyu Padşahlıq Zalında keçirmək istəyəndə ‘hər şeyin ədəblə və nizamla edilməsi’ üçün yerli ağsaqqallar evlənməyə hazırlaşanlarla bir sıra məsələləri müzakirə etməlidirlər (1 Kor. 14:40).
Padşahlıq Zalında toy etmək istəyənlər həmin zalda görüş keçirən yığıncağın xidməti komitəsinə yazılı şəkildə müraciət etməlidirlər. Məktubu baxılmaq üçün kifayət qədər əvvəlcədən vermək, zaldan istifadə etmək istədikləri günü və saatı qeyd etmək lazımdır. Onlar yadda saxlamalıdırlar ki, ağsaqqallar toya görə görüşlərin vaxtını dəyişməyəcəklər. Bundan əlavə, bəylə gəlin Müqəddəs Kitab prinsiplərinə və Yehovanın saleh normalarına müvafiq yaşayaraq yaxşı ad qazanmış olmalıdırlar.
Toyun Allahın adına şərəf gətirəcəyinə əmin olmaq üçün evlənməyə hazırlaşanlar toy hazırlıqlarını yekunlaşdırmazdan əvvəl bunu xidməti komitə ilə müzakirə etməlidirlər. Düzdür, ağsaqqallar öz şəxsi fikirlərini qəbul etdirməyə çalışmayacaqlar, ancaq nə isə yolverilməz bir şey etmək planlaşdırılırsa, onda dəyişiklik edilməlidir. Yalnız Padşahlıq melodiyalarından, yaxud nəğmə kitabında olan mahnıları səsləndirmək olar. Padşahlıq Zalını bəzəmək, yaxud stulların yerini dəyişmək üçün icazə almaq lazımdır. Əgər fotoaparatdan və ya videokameradan istifadə ediləcəksə, bu, mərasimin ləyaqətini aşağı salmamalıdır. Ağsaqqallar yığıncağın işlərinə mane olmamaq şərtilə, Padşahlıq Zalında məşq keçirilməsinə icazə verə bilərlər. Elanlar lövhəsində dəvət yerləşdirilməməlidir. Ancaq ağsaqqallar Padşahlıq Zalında keçirilməsi gözlənilən toy barəsində yığıncağı xəbərdar etmək üçün Xidməti görüşdə qısa elan edə bilərlər.
Bəylə gəlinin sağdış-soldışlarının hamısının vəftiz olunmuş olması tələb olunmasa da, həyat tərzi Müqəddəs Kitab prinsiplərinə zidd gedən, yaxud davranışı ilə başqalarında sual doğuracaq kəsləri seçmək düzgün olmazdı. Əgər mümkündürsə, toyu ağsaqqal aparsın. Ağsaqqallar Allahın Kəlamının bacarıqlı müəllimləri olduğundan Müqəddəs Yazıların bu mühüm mərasimə dair prinsiplərini vurğulamaq üçün onlar ən münasib şəxslərdir (1 Tim. 3:2).
Toy həm də onu aparan ağsaqqalın adına təsir etdiyindən, toy hazırlıqları ilə bağlı ona da məlumat vermək lazımdır. O, evlənənlərin görüşdükləri vaxt əxlaq qaydalarına əməl edib-etmədiklərini öyrənmək üçün onlarla söhbət edəcək; onlar da qardaşla açıq danışmalı və hər şeyi düz deməlidirlər. Bəy və ya gəlin əvvəllər evli olmuşdursa, Müqəddəs Yazılara və dövlət qanununa əsasən evlənmək hüququnun olduğunu sübut etməlidir (Mat. 19:9). Boşanma kağızını da ağsaqqala göstərmək lazımdır.
Evlənənlər ağsaqqallarla açıq ünsiyyət və hərtərəfli əməkdaşlıq etsələr, toy hamı üçün sevincli hadisə olacaq (Sül. məs. 15:22; İbr. 13:17).