Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/12 s. 7—10
  • «Nəğmələr nəğməsi» kitabından diqqətəlayiq fikirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Nəğmələr nəğməsi» kitabından diqqətəlayiq fikirlər
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • ‘ÜRƏYİMDƏ MƏHƏBBƏT OYATMAYIN’
  • (Nəğmələr nəğməsi 1:1–3:5)
  • ‘ŞULAM QIZINA NİYƏ BAXMAQ İSTƏYİRSİNİZ?’
  • (Nəğmələr nəğməsi 3:6–8:4)
  • ‘YAHIN ALOVU’
  • (Nəğmələr nəğməsi 8:5-14)
  • Qoy məhəbbətiniz tükənməsin!
    Gözətçi qülləsi 2015
  • Şulam qızı — örnək götürüləsi qız
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/12 s. 7—10

Yehovanın Kəlamı canlıdır

«Nəğmələr nəğməsi» kitabından diqqətəlayiq fikirlər

«MƏNİM yarım qızlar arasındadır, elə bil bir zanbaq tikanlar arasındadır». «Mənim sevgilim oğlanlar arasındadır, meşədəki ağaclar arasında alma ağacına oxşayır». «Şəfəq saçan, ay tək gözəl, gün tək parlayan, müzəffər ordu kimi möhtəşəm olan [qız] kimdir?» (Nəğmələr nəğməsi 2:2, 3; 6:10). «Nəğmələr nəğməsi» kitabından gətirilən bu sözlər necə də gözəldir! Kitab dərin mə’nalı və gözəl bədii ifadələrlə zəngin sənət əsəridir. Bu səbəbdən o, «Nəğmələr nəğməsi», yə’ni ən gözəl nəğmə adlanır (Nəğmələr nəğməsi 1:1).

Kitabı qədim İsrailin padşahı Süleyman eramızdan əvvəl təxminən 1020-ci ildə 40 illik hakimiyyətinin əvvəlində yazmışdır. Nəğmədə gənc çobanla Şulam qızı arasındakı məhəbbətdən bəhs edilir. Orada həmçinin, qızın anası və qardaşları, ‘Yerusəlim qızları [saray xanımları]’ və «Sion qızları [Yerusəlim qadınları]» xatırlanır (Nəğmələr nəğməsi 1:5; 3:11). Kitabı oxuyanda danışanın kim olduğunu başa düşmək çətin olur, ancaq qəhrəmanların öz sözlərini və onlara ünvanlanan sözləri ayırd etməklə danışanın kimliyini asanlıqla müəyyən etmək mümkündür.

Allahın ilhamlanmış Kəlamının bir hissəsi olan «Nəğmələr nəğməsi» iki səbəbə görə çox dəyərlidir (İbranilərə 4:12). Birincisi, bu kitab kişi ilə qadın arasındakı əsl sevginin nə olduğunu göstərir. İkincisi, nəğmə İsa Məsihlə məsh edilmişlərin yığıncağı arasında mövcud olan məhəbbəti təsvir edir (2 Korinflilərə 11:2; Efeslilərə 5:25-31).

‘ÜRƏYİMDƏ MƏHƏBBƏT OYATMAYIN’

(Nəğmələr nəğməsi 1:1–3:5)

«Qoy dodaqların məni öpdükcə öpsün, çünki eşqin [«oxşamaların», KM] şərabdan da yaxşıdır» (Nəğmələr nəğməsi 1:2). Kitab padşah Süleymanın çadırına gətirilmiş sadə bir kəndli qızının sözləri ilə başlayır. Qız padşahın çadırına necə gəlib çıxıb?

O nəql edir: «Qardaşlarımın mənə qəzəbi tutarkən məni üzümlüklərinə qarovulçu qoydular». Qardaşlarının qıza nəyə görə qəzəbi tutub? Qızın sevdiyi çoban onu gözəl bir bahar günündə gəzməyə də’vət edib. Qardaşları qızı gəzməyə buraxmayıb, ona üzümlükləri korlayan kiçik tülküləri tutmağı tapşırırlar. Beləliklə, qız Süleyman padşahın düşərgəsinin yaxınlığına gəlib çıxır. O, «qoz bağına» gedərkən onun gözəlliyini görüb, padşahın düşərgəsinə gətirirlər (Nəğmələr nəğməsi 1:6; 2:10-15; 6:11).

Saray xanımları sevgilisinin həsrətini çəkən qıza ‘sürülərin izi ilə gedib’ onu axtarmağı məsləhət görürlər. Amma padşah ona icazə vermir. Qızın gözəlliyinə heyran olan Süleyman ona «düymələri gümüşdən qızıl silsilə» verməyi və’d edir. Ancaq qız onun və’dlərinə uymur. Çoban qızın dalınca padşahın düşərgəsinə gəlir, onu tapıb deyir: «Ey yarım, nə gözəlsən, nə gözəlsən!» Gənc qız saray xanımlarına and verir: ‘Özüm sevməyənəcən, ürəyimdə məhəbbət oyatmayın’ (Nəğmələr nəğməsi 1:8-11, 15; 2:7; 3:5, YD).

Müqəddəs Kitab suallarına cavablar:

1:2, 3 — Qız nə üçün xatirələrində çobanın oxşamalarını şəraba, adını isə ətirə (hərfi mə’nada yağa) bənzədirdi? Şərab insanın ürəyini xoşhal edir, başa çəkilən yağ insana rahatlıq gətirir. Oğlanın eşqinin və adının xatirəsi də qıza güc verir, rahatlıq gətirirdi (Məzmur 23:5; 104:15). Həqiqi məsihçilər də, xüsusilə məsh olunmuşlar, İsa Məsihin onlara bəslədiyi məhəbbət üzərində düşünəndə ruhlanır və möhkəmlənirlər.

1:5 — Qarabuğdayı kəndli qız nəyə görə özünü ‘Qedar çadırlarına’ bənzədirdi? Keçi tükündən hazırlanmış parçadan çox şey üçün istifadə edirdilər (Saylar 31:20). Məsələn, israillilər ‘məskəni örtən çadırın pərdəsini keçi yunundan’ düzəltmişdilər (Çıxış 26:7). Bugünkü bədəvi çadırları kimi, Qedar çadırları da qara keçi tükündən düzəldilirdi.

1:15 — Sevgilisini «göyərçin gözlü» adlandırmaqla çoban nə demək istəyirdi? Çoban demək istəyirdi ki, onun yarının baxışı göyərçinin gözləri kimi yumşaq və mülayimdir.

2:7; 3:5 — Şulam qızı nə üçün saray xanımlarını «dişi ceyranlara, çöldəki marallara» and verirdi? Ceyranla maralın zərifliyi və gözəlliyi dillər əzbəridir. Şulam qızı da saray xanımlarını zərif və gözəl olan hər şeyə and verirdi ki, onun ürəyində məhəbbət oyatmasınlar.

Bizim üçün ibrət dərsləri:

1:2; 2:6. Nişanlıların bir-birini əzizləyib oxşamasında pis bir şey yoxdur. Amma ehtiyatlı olmaq lazımdır ki, oxşamalar əxlaqsızlığa səbəb olan natəmiz ehtiras yaratmasın, saf məhəbbətdən doğsun (Qalatiyalılara 5:19).

1:6; 2:10-​15. Qızın qardaşları onu oğlanla dağa, adamlardan uzaq yerə gəzməyə buraxmadılar. Ona görə yox ki, onlar bacılarının təmiz qız olduğuna şübhə edirdilər. Qardaşları qızın əxlaqsız bir hərəkətə gətirib çıxara bilən vəziyyətə düşməməsi üçün ehtiyatı əldən vermirdilər. Bu gün də gənclər çalışmalıdırlar ki, tənha yerlərdə görüşməsinlər.

2:1-3, 8, 9. Şulam qızı gözəl olsa da, çox sadə idi. O özünü adi çiçək olan ‘Şaron nərgizi’ adlandırırdı. Sevgilisi qızın gözəlliyinə və Yehovaya olan sədaqətinə görə onu tikanlar arasında bitən ‘zanbağa’ bənzədirdi. Bəs çoban özü necə oğlan idi? O yaraşıqlı olduğu üçün qız onu ‘ahuya’ oxşadırdı. O həm də möhkəm imanlı, Yehovaya sadiq insan idi. Qız oğlanı belə təsvir edirdi: «Mənim sevgilim oğlanlar arasındadır, meşədəki ağaclar arasında alma ağacına oxşayır». Həyat yoldaşı seçəndə fikir vermək lazımdır ki, o da möhkəm imanlı və Yehovaya sadiq insan olsun.

2:7; 3:5 (YD). Kəndli qızının padşah Süleymana heç bir meyli yox idi. Qız saray xanımlarından xahiş edirdi ki, ürəyində çobandan başqa heç kimə qarşı məhəbbət oyatmasınlar. Qarşıya çıxan hər adamı sevmək olmaz. Ailə qurmaq istəyən məsihçi, yaxşı olardı ki, özünə yalnız Yehovanın sadiq xidmətçilərindən həyat yoldaşı seçsin (1 Korinflilərə 7:39).

‘ŞULAM QIZINA NİYƏ BAXMAQ İSTƏYİRSİNİZ?’

(Nəğmələr nəğməsi 3:6–8:4)

‘Səhradan keçən, tüstü sütunları kimi gələn kimdir?’ (Nəğmələr nəğməsi 3:6). Yerusəlim qadınları nə görsələr yaxşıdır? Padşah Süleyman ordusu ilə şəhərə qayıdır! Şulam qızı da onun yanındadır.

Çoban qızın dalınca gəlir və tezliklə onunla görüşür. Oğlan qızı sevdiyinə əmin edir, qız da şəhərdən getmək istədiyini bu sözlərlə deyir: «Gün sərinləşənəcən, kölgələr düşənəcən, mirra dağına, kündür təpəsinə gedəcəyəm». Qız çobanı də’vət edir: «Sevgilim öz bağçasına gəlsin, seçmə meyvələrdən yesin». Oğlan cavab verir: «Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm». Yerusəlim qadınları sevgililərə deyirlər: «Ay dostlar, yeyin, ay sevgililər, için, doyunca için» (Nəğmələr nəğməsi 4:6, 16; 5:1).

Şulam qızı yuxusunu saray xanımlarına danışandan sonra deyir: «Mən eşq xəstəsiyəm». Onlar maraqlanırlar: «Sevgilinin digərlərindən fərqi nədir?». Qız cavab verir: «Sevgilim nur saçır, əlvan rənglidir, o, on minlərin arasından seçilir» (Nəğmələr nəğməsi 5:2-10). Süleyman qıza tə’riflər yağdıranda qız təvazökarlıqla deyir: «Niyə Şulam qızına baxmaq istəyirsiniz?» (Nəğmələr nəğməsi 6:4-13). Fürsətdən istifadə edərək Süleyman qızın ürəyini fəth etmək üçün yenidən onun tə’rifini göylərə ucaldır. Qız isə sevgilisinə sadiq qalır. Axırda padşah onu buraxır.

Müqəddəs Kitab suallarına cavablar:

4:1; 6:5 — Qızın saçları nəyə görə «keçi sürüsü»nə bənzədilir? Qızın saçı keçilərin qara yunu kimi parlaq və gur idi.

4:11 — «Dodaqlarından şanı balı axır, bal və süd sənin dilinin altındadır» sözləri nə deməkdir? Şandan çıxan bal açıqda qalan baldan daha ətirli, dadlı və şirindir. Belə bənzətmə Şulam qızının sözlərinin xoş və mehriban olduğunu göstərmək üçündür.

5:12 — ‘Gözləri axar sular kənarındakı, süd içində yuyunmuş göyərçinlərə oxşayır’ sözləri nə deməkdir? Burada qız sevgilisinin gözlərinin gözəlliyindən danışır. Qız bədii dillə danışaraq, oğlanın gözlərinin ağ ilə əhatə olunan qarasını süddə çimən bozumtul göyərçinlərə bənzədir.

5:14, 15 — Çobanın əlləri və ayaqları nəyə görə bu cür təsvir edilir? Çox güman ki, burada qız oğlanın barmaqlarını ‘qızıl budaqlara’, dırnaqlarını ‘yaqut’ daşına, ayaqlarını isə güclü və gözəl olduğu üçün «mərmər sütünlara» bənzədir.

6:4 — Qız nəyə görə Tirsa şəhərinə bənzədilir? Kən’an şəhəri olan Tirsanı vaxtilə Yeşua istila etmiş, Süleymanın ölümündən sonra isə şəhər onqəbiləli İsrail padşahlığının ilk paytaxtı olmuşdur (Yeşua 12:7, 24; 1 Padşahlar 16:5, 6, 8, 15). Bir kitabda deyilir: «Görünür, Tirsa çox gözəl şəhər idi, “Nəğmələr nəğməsi”ndə xatırlanmasını da elə bununla izah etmək olar».

6:13 — ‘Maxanayim oyunu’ nədir? Bu oyuna «iki düşərgə rəqsi» də deyirdilər. Maxanayim şəhəri İordan çayının şərqində Yabboq vadisi yaxınlığında yerləşirdi (Yaradılış 32:2, 22; 2 Şamuel 2:29). Ola bilər, ‘Maxanayim oyunu’ həmin şəhərdəki şənlikdə ifa edilən rəqs idi.

7:4 — Süleyman Şulam qızının boynunu nəyə görə «fil dişi qülləsi»nə oxşadır? Bir qədər əvvəl Süleyman qızı belə tə’rifləmişdi: «Boynun... Davud qülləsi kimi vüqarlıdır» (Nəğmələr nəğməsi 4:4). Qüllə uca və nazik, fil dişi isə hamar olur. Süleyman qızın boynunun incəliyinə və hamarlığına valeh olmuşdu.

Bizim üçün ibrət dərsləri:

4:1-7. Şulam qızı qeyri-kamil olsa da, Süleymanın tələsinə düşməyib mə’sumluğunu qorudu. Qızın möhkəmliyi onu daha da gözəlləşdirirdi. Məsihçi qadınlar da Şulam qızından nümunə götürməlidirlər.

4:12. Çəpərə və ya hasara alınmış gözəl bağçaya yalnız darvazadan girmək olar. Şulam qızı da öz eşqini, sevgisini yalnız gələcək əri üçün qoruyurdu. Subay məsihçilərə bu ə’la örnəkdir.

‘YAHIN ALOVU’

(Nəğmələr nəğməsi 8:5-14)

Qardaşları evə qayıdan Şulam qızını görəndə bir-birindən soruşurlar: «Sevgilisinə söykənib çöldən gələn bu gözəl kimdir?» Əvvəllər onlardan biri demişdi: ‘Əgər o, bir hasar olsa, biz üstünə gümüşdən bürc vurarıq. Əgər o, bir qapı olsa, onu sidrdən xonça bağlayıb dövrəyə alarıq’. İndi isə qızın çobana olan sevgisi sınanandan sonra o özü haqqında deyir: «Mən bir hasaram, döşlərim qüllələrə oxşar, ona görə yarımın gözləri məndən razı qalar» (Nəğmələr nəğməsi 8:5, 9, 10).

Əsl məhəbbətin mənbəyi Yehovadır. Ona görə də məhəbbət ‘Yahın alovu’ (YD) adlanır. İnsana sevmək qabiliyyətini verən Allahdır. Məhəbbətin alovu sönməzdir. «Nəğmələr nəğməsi» kitabında kişi ilə qadın arasındakı əsl sevginin ‘ölüm qədər qüvvətli’ olması çox gözəl təsvir edilir (Nəğmələr nəğməsi 8:6).

Süleymanın yazdığı bu möhtəşəm nəğmə həm də İsa Məsihlə göylər «gəlini» sinfinin üzvləri arasındakı münasibəti yaxşı açıqlayır (Vəhy 21:2, 9). İsanın məsh edilmişlərə bəslədiyi məhəbbət dünya yaranandan bəri kişi ilə qadın arasında mövcud olmuş sevgidən qat-qat üstündür. ‘Gəlin’ sinfinin üzvləri də İsa Məsihə sədaqətlərində sarsılmazdırlar. İsa öz həyatını ‘başqa qoyunlar’ uğrunda da qurban vermişdir (Yəhya 10:16). Allaha ibadət edən hər bir kəs Şulam qızının sarsılmaz məhəbbəti və sədaqətindən nümunə götürə bilər.

[8-ci səhifədəki şəkil]

«Nəğmələr nəğməsi» həyat yoldaşı seçərkən məsihçini hansı keyfiyyətlərə diqqət yetirməyə təşviq edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş