Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/1 s. 13—17
  • Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Tə’kidlə dua edin
  • Nə qədər çox ehtiyac duyuruqsa, bir o qədər də tə’kidlə xahiş etməliyik
  • Əminliklə dua etməyə bizi nə təşviq edir?
  • Müqəddəs ruh köməkçimizdir
  • Müqəddəs ruh bizə necə kömək edir?
    Gözətçi qülləsi 2019
  • Birinci əsrdə və bu gün Allahın ruhunun fəaliyyəti
    Gözətçi qülləsi 2011
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • İsanın sözləri dualarımıza təsir edirmi?
    Gözətçi qülləsi 2009
Gözətçi qülləsi 2007
w07 1/1 s. 13—17

Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’

«Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (LUKA 11:13).

1. Müqəddəs ruhun köməyinə xüsusilə nə vaxt ehtiyac duyuruq?

«MƏN özüm bunun öhdəsindən gələ bilməzdim. Yalnız müqəddəs ruhun köməyilə bu sınağa tab gətirirəm!» Sən də nə vaxtsa belə hisslər keçirmisənmi? Bir çox məsihçilərə bu hisslər tanışdır. Ola bilsin, kimsə ciddi xəstəliyə tutulduğunu biləndə, ömür-gün yoldaşını itirəndə, yaxud bir zamanlar yaşamağı sevən insan depressiyaya qapılanda bu hissləri keçirib. Həyatın ağrılı-acılı günlərində çoxları çəkdikləri əziyyətə yalnız Yehovanın müqəddəs ruhunun verdiyi «ən üstün qüdrət» sayəsində tab gətirdiklərini başa düşürlər (2 Korinflilərə 4:7-9; Məzmur 40:1, 2).

2. a) Həqiqi məsihçilər hansı çətinliklərlə üzləşirlər? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

2 Həqiqi məsihçilər bu allahsız dünyada get-gedə artan təzyiqlər və müqavimətlərlə mübarizə aparmalı olurlar (1 Yəhya 5:19). Üstəlik, Şeytan İblisin özü də Məsihin davamçılarına hücum edir. O, ‘Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalanlara’ qarşı amansız müharibə aparır (Vəhy 12:12, 17). Buna görə də, bu gün əvvəlkindən daha çox Allahın ruhunun köməyinə ehtiyac duyduğumuz təəccüblü deyil. Biz Yehovanın bol-bol verdiyi müqəddəs ruhu necə ala bilərik? Allahın sınaqlar zamanı ehtiyacımız olan gücü bizə verməyə hazır olduğunu haradan bilirik? İsanın çəkdiyi iki məsəli araşdırmaqla bu sualların cavabını tapmaq olar.

Tə’kidlə dua edin

3, 4. İsa hansı məsəli danışdı və onu duaya necə tətbiq etdi?

3 Bir dəfə şagirdlərdən biri İsadan xahiş etdi: «Ya Rəbb!.. bizə dua etməyi öyrət» (Luka 11:1). Cavabında İsa şagirdlərinə bir-birilə bağlı iki məsəl danışdı. Birincisi, evinə qonaq gələn kişi, ikincisi isə, oğlunun xahişini dinləyən ata haqqında idi. Gəlin bu məsəlləri araşdıraq.

4 İsa məsələ belə başladı: «Fərz edək ki, sizlərdən birisinin dostu var. Gecə yarısı onun evinə gəlib deyir: “Dostum! Mənə üç çörək borc ver, çünki yoldan yanıma bir dostum gəlib, ona təklif edəcək bir şeyim yoxdur”. O da içəridən ona cavab verərək deyir: “Məni narahat etmə, qapı artıq bağlıdır və uşaqlarım mənimlə bərabər yataqdadırlar; qalxıb sənə bir şey verə bilmərəm”. Sizə deyirəm ki, əgər o, dostluq naminə qalxıb verməsə də, dostu üzə saldığından qalxıb nə qədər istəyirsə ona verəcəkdir». Sonra İsa bu məsəli duaya tətbiq edərək dedi: «Mən sizə deyirəm: Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı döyənə açılır» (Luka 11:5-10).

5. Xahişini tə’kidlə bildirən ev sahibinin nümunəsindən göründüyü kimi, biz necə dua etməliyik?

5 Bu əyani nümunədən necə dua etmək lazım olduğunu öyrənirik. Diqqət yetirin ki, kişi «üzə saldığından» istədiyini ala bildi (Luka 11:8). «Üzə salmaq» ifadəsinə Müqəddəs Kitabda yalnız bir dəfə rast gəlinir. Ümumiyyətlə bu pis xüsusiyyət olsa da, xeyirxah işlər üçün üzə salmaq və ya tə’kid göstərmək tə’rifə layiqdir. Məsəldəki ev sahibi haqqında da belə demək olar. O özünə lazım olan şeyi tə’kidlə istəməyə utanmadı. İsanın çəkdiyi bu nümunə göstərir ki, biz tə’kidlə dua etməliyik. Yehova bizim ‘diləməyə, axtarmağa, qapını döyməyə’ davam etməyimizi istəyir. Cavabında O, diləyənlərə müqəddəs ruhu verəcək.

6. İsanın günlərində qonağı necə qarşılayırdılar?

6 İsa bizə təkcə necə dua etməli olduğumuzu deyil, həm də nə üçün belə etməli olduğumuzu göstərdi. Bu ibrət dərsini yaxşı başa düşmək üçün, əvvəlcə məsəli dinləyənlərin qonağa necə münasibət göstərdiklərini nəzərdən keçirməliyik. Müqəddəs Yazılardan görürük ki, o dövrdə yaşayan insanlar, xüsusilə Allahın xidmətçiləri qonağın qayğısına qalmağı özlərinə borc bilirdilər (Yaradılış 18:2-5; İbranilərə 13:2). Qonağı yaxşı qarşılamamaq ayıb sayılırdı (Luka 7:36-38, 44-46). Bunu yadda saxlayaraq, gəlin İsanın söylədiyi hekayətə bir daha nəzər salaq.

7. İsanın məsəlindəki ev sahibi dostunu yuxudan oyatmağa nə üçün çəkinmədi?

7 Məsəldəki kişinin evinə gecə yarısı qonaq gəlir. O, qonağın qabağına yemək qoymağı özünə borc bilir, lakin mə’lum olur ki, ‘təklif edəcək bir şeyi yoxdur’. Çətin vəziyyətə düşən ev sahibi nə olursa-olsun çörək tapmalıdır. Buna görə də, o, çəkinmədən dostunun yanına gedir və onu yuxudan oyadaraq deyir: «Dostum! Mənə üç çörək borc ver». O, istədiyini almayınca əl çəkmir. Qonağın qabağına yalnız çörək qoyduqdan sonra əsl qonaqpərvərlik göstərərdi.

Nə qədər çox ehtiyac duyuruqsa, bir o qədər də tə’kidlə xahiş etməliyik

8. Müqəddəs ruh üçün tə’kidlə dua etməyə bizi nə təşviq edəcək?

8 Bu nümunə bizə tə’kidlə dua etməyin səbəbi haqda nə öyrədir? Ev yiyəsi başa düşürdü ki, qonağı layiqincə qarşılamaq üçün çörək mütləq lazımdır, buna görə də tə’kidlə dostundan çörək istədi (Yeşaya 58:5-7). Çörəksiz o, qonağın qabağına çıxa bilməzdi. Biz də başa düşürük ki, məsihçi xidmətini icra etmək üçün bizə Allahın müqəddəs ruhu mütləq lazımdır. Buna görə də, tə’kidlə Allaha müqəddəs ruh üçün dua edirik (Zəkəriyyə 4:6). Müqəddəs ruh olmadan Allaha xidmət edə bilmərik (Matta 26:41). Bu nümunədən hansı vacib nəticəni çıxarırıq? Əgər biz Allahın ruhuna son dərəcədə ehtiyacımız olduğunu dərk ediriksə, dualarımızda onu tə’kidlə istəyəcəyik.

9, 10. a) Allahdan müqəddəs ruhu nə üçün tə’kidlə diləməli olduğumuzu nümunə əsasında göstərin. b) Özümüzə hansı sualı verməliyik və nə üçün?

9 Gəlin bu nümunəni bizim günlərə tətbiq edək. Təsəvvür edin ki, ailə üzvlərinizdən kiminsə halı gecə yarısı pisləşir. Məgər siz həkimi oyatmazdınızmı? Əgər bu kiçik nasazlıqdırsa, əlbəttə ki, yox. Lakin onun ürəyi tutubsa, həkimə zəng etməyə utanmazdınız. Niyə? Çünki vəziyyət təhlükəlidir. Başa düşürsünüz ki, həkimin köməyi mütləq lazımdır. Həkim çağırmasanız, xəstə ölə bilər. Həqiqi məsihçilərin də vəziyyəti təhlükəlidir. Çünki Şeytan «nə’rə çəkən... aslan kimi» bizi daim aşırmağa çalışır (1 Peter 5:8). Ruhani cəhətdən sağ qalmaq üçün, Allahın ruhunun köməyi mütləq lazımdır. Allahdan kömək istəməsək, bu, faciə ilə nəticələnə bilər. Buna görə də, Allahdan tə’kidlə müqəddəs ruh diləyirik (Efeslilərə 3:14-16). Yalnız belə etdikdə ‘axıra qədər səbir etmək’ üçün qüvvəmiz olacaq (Matta 10:22; 24:13).

10 Bu səbəbdən vaxtaşırı özümüzdən soruşmalıyıq: «Mən nə dərəcədə tə’kidlə dua edirəm?» Yadda saxla ki, yalnız Allahın köməyinə ehtiyac duyduğumuzu dərk etdiyimiz halda, duada Allahdan müqəddəs ruhu tə’kidlə diləyəcəyik.

Əminliklə dua etməyə bizi nə təşviq edir?

11. İsa ata və oğul məsəlini duaya necə tətbiq etdi?

11 İsanın çəkdiyi birinci məsəldə dua edənin, ikinci məsəldə isə, duaları dinləyən Yehova Allahın əhval-ruhiyyəsi vurğulanır. İsa sual verdi: «Aranızda elə bir ata varmı ki, oğlu... balıq istərsə, ona balıq əvəzinə ilan versin? Yaxud, yumurta istərsə, ona əqrəb versin?» İsa bu məsəli də duaya tətbiq etdi: «Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:11-13).

12. Oğulun xahişini dinləyən atanın nümunəsi Yehovanın dualarımıza cavab verməyə hazır olduğunu necə göstərir?

12 Oğulun xahişinə cavab verən atanın nümunəsində İsa Yehovanın duada Ona müraciət edənlərə necə yanaşdığını göstərir (Luka 10:22). Əvvəlcə bu iki nümunə arasındakı fərqə fikir verin. Birinci nümunədəki könülsüz kömək edən kişidən fərqli olaraq, Yehova uşağının xahişini həvəslə yerinə yetirən qayğıkeş ataya bənzəyir (Məzmur 50:15). İsa Yehovanı insanla müqayisə edərək Onun köməyə hazır olduğunu daha aydın şəkildə göstərir. Əgər ata miras aldığı günah üzündən ‘pis olduğu halda’ oğluna yaxşı hədiyyələr verirsə, biz xeyirxah səmavi Atamızın Öz xidmətçilərinə müqəddəs ruh verəcəyini daha çox gözləməli deyilikmi?! (Yaqub 1:17).

13. Yehovaya dua edəndə nəyə əmin ola bilərik?

13 Burada bizim üçün hansı ibrət dərsi var? Əmin ola bilərik ki, səmavi Atamızdan müqəddəs ruh istəyəndə, o, xahişimizə böyük məmnuniyyətlə cavab verir (1 Yəhya 5:14). Biz Yehovaya dönə-dönə dua edəndə, O heç vaxt «Məni narahat etmə, qapı artıq bağlıdır» deməyəcək (Luka 11:7). Əksinə, İsa çağırırdı: «Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq» (Luka 11:9, 10). Bəli, Yehova Onu ‘çağırarkən bizə cavab verəcək’ (Məzmur 20:9; 145:18).

14. a) Sınaqlarla üzləşən bə’zi məsihçiləri hansı yanlış fikir narahat edir? b) Sınaqlarla üzləşəndə Yehovaya nəyə görə əminliklə dua edə bilərik?

14 İsanın gətirdiyi qayğıkeş ata nümunəsi, həmçinin göstərir ki, Yehovanın xeyirxahlığı insan xeyirxahlığından qat-qat üstündür. Buna görə də, heç vaxt fikirləşməməliyik ki, üzləşdiyimiz sınaqlar Allahın bizdən narazı olduğunun əlamətidir. Belə düşünməyimizi istəyən qatı düşmənimiz olan Şeytandır (Əyyub 4:1, 7, 8; Yəhya 8:44). Müqəddəs Kitab özümüzü belə üzməyə heç bir əsas vermir. Yehova bizi «pisliklə... imtahan etmir» (Yaqub 1:13). İsanın Luka 11:11-13 ayələrindəki sözlərinə müvafiq olaraq, Yehova bizi «ilan» və ya «əqrəb» timsalında sınaqlara mə’ruz qoymur. Səmavi Atamız «Ondan diləyənlərə yaxşı şeylər» verir (Matta 7:11). Yehovanın xeyirxahlığını və bizə kömək etməyə hazır olduğunu nə qədər yaxşı dərk edəriksə, bir o qədər də əminliklə Ona dua etməyə can atarıq. Belə olduqda biz də məzmurçunun sözlərinə şərik olacağıq: «Allah məni dinlədi, duamın səsini eşitdi» (Məzmur 10:17; 66:19).

Müqəddəs ruh köməkçimizdir

15. a) İsa müqəddəs ruha dair nəyi və’d etdi? b) Müqəddəs ruh bizə necə kömək edir?

15 Ölümündən bir az əvvəl İsa müqəddəs ruh haqqında danışarkən həvarilərini bir daha Yehovanın kömək etməyə hazır olduğuna əmin etdi: «Mən də Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici [«köməkçi», YD] versin» (Yəhya 14:16). Bununla İsa və’d etdi ki, köməkçi, yə’ni müqəddəs ruh, bizim günlər də daxil olmaqla, həmişə onun davamçıları ilə olacaq. Müqəddəs ruh bu gün bizə necə kömək edir? Məsələn, müxtəlif sınaqlara tab gətirməyimizə kömək edir. Necə? Özü sınaqlara mə’ruz qalmış həvari Pavel korinflilərə məktubunda Allahın ruhunun ona necə kömək etdiyini təsvir edir. Gəlin onun yazdıqlarını qısaca araşdıraq.

16. Pavel kimi biz də hansı vəziyyətə düşə bilərik?

16 Əvvəlcə Pavel həmimanlılarına ‘bədənindəki neştər’ ilə, yə’ni hansısa sınaqla mübarizə apardığını söylədi. Sonra o dedi: «Üç dəfə Rəbbə [Yehovaya] yalvardım ki, onu məndən uzaqlaşdırsın» (2 Korinflilərə 12:7, 8). Lakin Yehova bu ‘neştərini’ ondan uzaqlaşdırmadı. Bəlkə sən də eyni vəziyyətdəsən. Pavel kimi sən də Yehovanın sınağı səndən uzaqlaşdırması üçün tə’kidlə və əminliklə dua etmisən. Dönə-dönə xahiş etdiyinə baxmayaraq, problem olduğu kimi qalır. Bu o deməkdirmi ki, Yehova sənin dualarına cavab vermir və Onun ruhu sənə kömək etmir? Qətiyyən yox! (Məzmur 10:1, 17). Həvari Pavelin sonra dediyi sözlərə diqqət yetirək.

17. Yehova Pavelin dualarına necə cavab verdi?

17 Yehova Pavelə «lütfüm sənə yetər; çünki Mənim qüdrətim zəiflikdə kamilləşir» cavabını verdiyi üçün o demişdir: «Buna görə, daha çox öz zəifliklərimlə məmnuniyyətlə öyünəcəyəm ki, Məsihin qüdrəti içimdə sakin olsun [«çadır kimi üzərimdə olsun», YD]» (2 Korinflilərə 12:9; Məzmur 147:5). Pavel, Allahın, sanki üzərində qurulan çadır kimi, Məsih vasitəsilə onu müdafiə etdiyini öz üzərində hiss etmişdi. Yehova bu gün də dualarımıza eyni tərzdə cavab verir. O Öz ­xidmətçilərini sanki çadır kimi müdafiə edir.

18. Sınaqlara nəyin sayəsində tab gətirə bilərik?

18 Düzdür, çadır yağışı və ya küləyi dayandırmır, ancaq müəyyən dərəcədə onlardan müdafiə edir. Eynilə «Məsihin qüdrəti» vasitəsilə təqdim olunan sığınacaq bizi sınaq və çətinliklərdən azad etmir. Lakin bizi bu dünyanın pisliklərindən və onun rəhbəri olan Şeytanın hücumlarından ruhani cəhətdən müdafiə edir (Vəhy 7:9, 15, 16). Buna görə də əgər sınaqlar ‘səndən uzaqlaşmırsa’, əmin ol ki, Yehova apardığın mübarizədən xəbərdardır və ‘fəryadını’ cavabsız qoymur (Yeşaya 30:19; 2 Korinflilərə 1:3, 4). Pavel yazırdı: «Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz» (1 Korinflilərə 10:13; Filipililərə 4:6, 7).

19. Biz nə etməliyik və nə üçün?

19 Bu allahsız dünyanın ‘axır günlərində’ «çətin anlar» gəlib (2 Timoteyə 3:1). Lakin bu o demək deyil ki, çətin anlar Allahın xidmətçiləri üçün dözülməz olacaq. Nə üçün? Çünki Yehova Ondan tə’kidlə və əminliklə müqəddəs ruh istəyən hər kəsə onu bol-bol və həvəslə verir. Müqəddəs ruh isə köməyimizə çatır və bizi müdafiə edir. Buna görə də, gəlin, dualarımızda hər gün Allahdan müqəddəs ruh istəyək (Məzmur 34:6; 1 Yəhya 5:14, 15).

Necə cavab verərdiniz?

• Allahdan müqəddəs ruh almaq üçün nə etməliyik?

• Yehovaya müqəddəs ruh üçün dua edəndə Onun cavab verəcəyinə nə üçün əmin ola bilərik?

• Müqəddəs ruh sınaqlara tab gətirməyə necə kömək edir?

[15-ci səhifədəki şəkil]

Qayğıkeş ata məsəlindən Yehova haqqında nə öyrənirik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş