Birinci əsrdə və bu gün Allahın ruhunun fəaliyyəti
«Bütün bu işləri həyata keçirən eyni müqəddəs ruhdur» (1 KOR. 12:11).
1. Bu məqalədə nəyi araşdıracağıq?
ƏLLİNCİ GÜN BAYRAMI. Məgər bu bayramın adı gələndə həmin gün baş verən həyəcanlandırıcı hadisələr yadımıza düşmür? (Həv. iş. 2:1—4). Birinci əsrdə İsanın şagirdlərinin üzərinə müqəddəs ruhun tökülməsi Allahın Öz xidmətçiləri ilə münasibətdə mühüm dəyişiklik etdiyindən xəbər verdi. Ötən məqalədə biz Allahın ruhunun qədimdə yaşamış sadiq xidmətçilərinə çətinliklərin öhdəsindən gəlməyə və tapşırıqları yerinə yetirməyə necə kömək etdiyini araşdırdıq. Bəs Allahın ruhunun məsihçilikdən öncəki fəaliyyəti ilə birinci əsrdəki fəaliyyəti arasında hansı fərq var? Və bu gün məsihçilər Allahın ruhunun fəaliyyətindən necə yararlanırlar? Gəlin baxaq.
«Mən Yehovanın kəniziyəm!»
2. Məryəm müqəddəs ruhun hansı möhtəşəm təsirini görmüşdü?
2 Yerusəlimdəki üst otaqda toplaşan və müqəddəs ruh alan şagirdlər arasında Məryəm də var idi (Həv. iş. 1:13, 14). Bu hadisədən təxminən otuz il əvvəl o, Yehovanın ruhunun möhtəşəm fəaliyyətinin şahidi olmuşdu. Yehova Oğlunun həyatını göydən bakirə olan Məryəmin bətninə köçürdü. O, bunu «müqəddəs ruh vasitəsilə» etdi (Mat. 1:20).
3, 4. Məryəm biləndə ki, Allah Öz Oğlunun həyatını onun bətninə köçürmək istəyir, buna necə yanaşdı və biz onun nümunəsindən nə öyrənirik?
3 Nəyə görə bu qeyri-adi şərəfə məhz Məryəm layiq görülmüşdü? Mələk Yehovanın Məryəm üçün olan niyyətini açıqlayanda o, ucadan dedi: «Mən Yehovanın kəniziyəm! Qoy sən deyən kimi olsun» (Luka 1:38). Məryəmin bu sözləri Yehovanın onda əvvəlcədən gördüyü xüsusiyyəti üzə çıxartdı. Onun mələyə dərhal cavab verməsi göstərdi ki, o, Yehovanın onun üçün olan iradəsini qəbul etməyə hazırdır. Bu qız Allahdan camaatın nə deyəcəyini və nişanlısı ilə münasibətlərinə bunun necə təsir edəcəyini heç soruşmadı. Özünü Allahın ən kiçik qulu adlandırmaqla Məryəm Ağası Yehovaya tam etibar etdiyini göstərdi.
4 Hərdən sənə elə gəlirmi ki, Yehovaya xidmətdə aldığın məsuliyyətlər həddən artıq çoxdur və ya ağırdır? Hər birimiz özümüzdən soruşmalıyıq: «Mən Yehovanın bütün işlərə Öz iradəsinə uyğun şəkildə nəzarət etdiyinə tam inanıram? Allahın işini canla-başla görürəm?» Əmin ol ki, Yehova Ona bütün ürəkdən etibar edən və Ali Hökmdar kimi tabe olan insanlardan Öz ruhunu əsirgəmir (Həv. iş. 5:32).
Müqəddəs ruh Peterə kömək etmişdi
5. Eramızın 33-cü ilin Əllinci gün bayramından əvvəl Peter müqəddəs ruhun hansı fəaliyyətinin şahidi olmuşdu?
5 Məryəm kimi, Peter də eramızın 33-cü ilin Əllinci gün bayramından əvvəl müqəddəs ruhun möhtəşəm fəaliyyətini öz üzərində hiss etmişdi. İsa ona və digər həvarilərinə cinləri qovmaq səlahiyyəti vermişdi (Mark 3:14—16). Müqəddəs Yazılarda bu haqda ətraflı məlumat verilməsə də, görünür, Peter bu səlahiyyətdən istifadə edirdi. İsanın çağırışı ilə Peter Qalileya dənizinin üzərində ona tərəf yeriyəndə də Allahın qüvvəsi özünü büruzə verdi. (Matta 14:25—29 ayələrini oxu.) Bu hadisədən aydın görürük ki, Peter müqəddəs ruhun rəhbərliyinə etibar etdiyi üçün belə möhtəşəm işlər görə bilirdi. Lakin tezliklə bu ruh Peterdə və digər şagirdlərdə özünü tamamilə yeni tərzdə büruzə verəcəkdi.
6. Eramızın 33-cü ilin Əllinci gün bayramı ərəfəsində və ondan sonra Peter müqəddəs ruhun köməyilə nə etmişdi?
6 Eramızın 33-cü ilin Əllinci gün bayramında Peter və digər şagirdlərə Yerusəlimə gələn əcnəbilərlə möcüzəvi şəkildə onların dilində danışmaq bacarığı verildi. Bundan sonra Peter onların qarşısında nitqlə çıxış etdi (Həv. iş. 2:14—36). Hövsələsiz, çılğın və bəzən qorxuya düşən Peter müqəddəs ruh aldıqdan sonra, hədə-qorxulara və təqiblərə baxmayaraq, xoş xəbəri cəsarətlə bəyan edirdi (Həv. iş. 4:18—20, 31). Allah Öz ruhu ilə Peterə xüsusi bilik vermişdi (Həv. iş. 5:8, 9). Hətta bir dəfə o, bu ruhun köməyilə adam diriltmişdi (Həv. iş. 9:40).
7. İsanın öyrətdiyi hansı təlimlər Peterə məsh edildikdən sonra aydın oldu?
7 Hətta Əllinci gün bayramından əvvəl də Peter İsanın bir çox təlimlərini anlayırdı (Mat. 16:16, 17; Yəh. 6:68). Ancaq İsanın təlimlərinin elə yönləri var idi ki, Peter onları yalnız Əllinci gün bayramından sonra başa düşdü. Məsələn, Peter Məsihin üç gündən sonra ruhani şəxsiyyət kimi diriləcəyini və Allahın Padşahlığının yerdə yox, göydə qurulacağını başa düşməmişdi (Yəh. 20:6—10; Həv. iş. 1:6). İnsanların ruhani bədən alaraq səmavi Padşahlıqda Məsihlə birgə hökmranlıq edəcəkləri fikri də onun üçün yad idi. Yalnız müqəddəs ruhla vəftiz olduqdan və göylər həyatı üçün seçildikdən sonra o, İsanın bununla əlaqədar söylədiklərini anladı.
8. Həm məsh olunmuşlara, həm də başqa qoyunlara hansı biliklər açılıb?
8 İsanın şagirdlərinin üzərinə müqəddəs ruh töküləndən sonra əvvəllər onlar üçün qaranlıq olan şeyləri anladılar. Yunanca Müqəddəs Yazıları qələmə alanlar Allahdan ilham alaraq Onun niyyətinin heyrətamiz yönlərini bizim xeyrimiz üçün tam açıqladılar (Efes. 3:8—11, 18). Bu gün həm məsh olunmuşlar, həm də başqa qoyunlar məhz həmin həqiqətləri araşdırır və onları başa düşürlər (Yəh. 10:16). Müqəddəs ruhun köməyilə Allahın Kəlamından açılan bilikləri və onları başa düşməyini qiymətləndirirsənmi?
Pavel «müqəddəs ruhla doldu»
9. Pavel müqəddəs ruhun köməyilə hansı işləri görürdü?
9 Eramızın 33-cü ilin Əllinci gün bayramından təxminən bir il sonra daha bir nəfər Allahın ənamını — müqəddəs ruh almışdı. Söhbət sonradan həvari Pavel kimi tanınan Şauldan gedir. Allahın ruhunun ona verdiyi bacarıq bu gün bizə də fayda gətirir. O, Allahdan ilham alaraq Müqəddəs Yazılara daxil olan 14 məktub yazmışdı. Müqəddəs ruh Peterə kömək etdiyi kimi, Pavelə də ölməzlik və çürüməzlik ümidinin nə olduğunu anlamağa və onu aydın şəkildə Müqəddəs Kitabda qələmə almağa kömək etmişdi. Həmçinin bu ruhun verdiyi güc sayəsində Pavel insanlara şəfa verirdi, cinləri qovurdu və hətta bir dəfə adam diriltmişdi! Lakin bu güc ona daha vacib məqsəd üçün verilmişdi. Möcüzəvi şəkildə olmasa da, biz də həmin gücdən alaraq eyni işi görürük.
10. Müqəddəs ruh Pavelin danışıq qabiliyyətinə necə təsir etmişdi?
10 «Müqəddəs ruhla [dolan]» Pavel cadugər Elima ilə danışarkən çox cəsarətli idi. Onlar arasındakı söhbətə başdan ayağa qulaq asan Kipr adasının valisinə bu, böyük təsir bağışlamışdı. «Yehova haqqında öyrəndikləri onu valeh etmişdi» və o, həqiqəti qəbul etdi (Həv. iş. 13:8—12). Bəli, Pavel həqiqət barədə danışarkən müqəddəs ruhun rolunun nə qədər vacib olduğunu çox yaxşı bilirdi (Mat. 10:20). Sonradan o, Efes yığıncağından xahiş etmişdi ki, onda «danışmaq qabiliyyəti» olsun deyə dua etsinlər (Efes. 6:18—20).
11. Allahın ruhu Pavelə necə rəhbərlik edirdi?
11 Müqəddəs ruh Pavelə danışıq qabiliyyəti verməklə yanaşı, bəzən ona müəyyən yerlərdə danışmağı qadağan edirdi. Pavel hər dəfə missioner xidmətinə başlayanda ona Allahın ruhu istiqamət verirdi (Həv. iş. 13:2; Həvarilərin işləri 16:6—10 ayələrini oxu). Yehova bu gün də təbliğ işinə müqəddəs ruhu ilə rəhbərlik edir. Pavel kimi, Allahın bütün itaətkar xidmətçiləri həqiqəti səylə və cəsarətlə bəyan etməyə çalışırlar. Allahın ruhunun rəhbərliyi Pavelin günlərindəki kimi açıq-aşkar görünməsə də, biz əmin ola bilərik ki, Yehova layiqli insanların həqiqəti eşitmələri üçün bu gün də Öz ruhundan istifadə edir (Yəh. 6:44).
«Fəaliyyətlər də müxtəlifdir»
12-14. Allahın ruhu Onun bütün xidmətçilərində eyni cür fəaliyyət göstərir? İzah et.
12 Yehovanın birinci əsrdəki məsh olunmuşlardan ibarət yığıncaqlara necə xeyir-dua verməsi barədə oxumaq, şübhəsiz ki, bizi çox ruhlandırır. Pavelin Korinf yığıncağındakı məsihçilərə müqəddəs ruhun möcüzəli ənamları barədə yazdığı sözləri yadımıza salaq: «Ənamlar müxtəlifdir, ancaq müqəddəs ruh həmin müqəddəs ruhdur. Xidmət növləri də müxtəlifdir, amma Ağamız birdir. Fəaliyyətlər də müxtəlifdir, lakin bütün insanlarda bu fəaliyyətləri göstərən Allah birdir» (1 Kor. 12:4—6, 11). Bəli, müqəddəs ruh Yehovanın müxtəlif xidmətçilərində müxtəlif cür fəaliyyət göstərərək konkret məqsədlər üçün xidmət edir. Allahın ruhu həm Məsihin «kiçik sürü»sünə, həm də onun «başqa [qoyunları]» üçün əlçatandır (Luka 12:32; Yəh. 10:16). Bununla belə, bu ruh heç də həmişə yığıncağın bütün üzvlərində eyni şəkildə fəaliyyət göstərmir.
13 Məsələn, ağsaqqallar müqəddəs ruhla təyin olunurlar (Həv. iş. 20:28). Lakin bu ruhla məsh edilən məsihçilərin hamısı yığıncaqda nəzarətçi deyillər. Biz bundan hansı nəticəyə gəlirik? Müqəddəs ruh yığıncağın üzvlərində müxtəlif cür fəaliyyət göstərir.
14 Məsh olunmuş məsihçilərdə onların Allah tərəfindən «oğulluğa» götürüldüklərinə dair əminliyi hasil edən müqəddəs ruhdur. Bu, o ruhdur ki, Yehova ondan istifadə edərək yeganə Oğlunu göylər həyatı üçün dirildib ölməzlik bəxş edib. (Romalılara 8:11, 15 ayələrini oxu.) Bu, o ruhdur ki, onun vasitəsilə Allah bütün kainatı yaradıb (Yar. 1:1—3). Elə həmin ruh Besalelə müqəddəs məskəni tikmək kimi xüsusi işi icra etmək, Şimşona fövqəladə güc tələb edən tapşırığı yerinə yetirmək və Peterə suyun üzərində gəzmək bacarığı vermişdi. Buna görə də gəlin Allahın ruhuna malik olmağı sadəcə bu ruhun xüsusi fəaliyyəti ilə, yəni məsh edilməklə səhv salmayaq. Allah kimi ruhla məsh edəcəyinə Özü qərar verir.
15. Müqəddəs ruhla vəftiz olunma əbədiyyət boyu davam edəcək? İzah et.
15 Allahın müqəddəs fəal qüvvəsi Onun sadiq xidmətçilərində tarix boyu, hətta O, insanları bu ruhla məsh etməyə başlamazdan min illər öncə müxtəlif cür fəaliyyət göstərirdi. Müqəddəs ruhla məsh olunma eramızın 33-cü ilin Əllinci gün bayramında başlayıb və bu, əbədiyyən davam etməyəcək. Ruhla vəftiz olunma gələcəkdə dayandırılsa da, bu ruh Allahın niyyətini yerinə yetirə bilmələri üçün əbədiyyət boyu Onun xidmətçilərində fəaliyyət göstərəcək.
16. Allahın xidmətçiləri Onun ruhunun köməyilə hansı işi görürlər?
16 Bəs bu gün Allahın ruhu yer üzündə necə fəaliyyət göstərir? Vəhy 22:17 ayəsi bu suala cavab verir: «Müqəddəs ruh və gəlin deyirlər: “Gəl!” Bunu eşidən hər kəs qoy: “Gəl!” — desin. Qoy susayan hər kəs gəlsin. İstəyən qoy həyat suyunu havayı götürsün». Yehovanın ruhu məsihçiləri həyat sularını qəbul etmək «istəyən» hər kəsə Onun bu dəvətini çatdırmağa təşviq edir. Bu işin başında məsh olunmuş məsihçilər dururlar. Digər qoyunlar isə onlarla əməkdaşlıq edirlər. Hər iki sinif bu işin yerinə yetirilməsi üçün müqəddəs ruhun rəhbərliyinə tabe olur. Üstəlik, onların hamısı özlərini Yehovaya həsr edərək «Ata, Oğul və müqəddəs ruh naminə» vəftiz olunublar (Mat. 28:19). Onların hamısı müqəddəs ruhun həyatlarına təsir etməsinə və daxillərində ruhun bəhrəsini yetişdirməsinə yol verirlər (Qalat. 5:22, 23). Məsh olunmuşlar kimi, başqa qoyunlar da Allahın ruhunun onlara kömək etməsinə yol verirlər. Bu ruhun köməyilə onlar Allahın müqəddəslik tələblərinə müvafiq olmaq üçün əllərindən gələni əsirgəmirlər (2 Kor. 7:1; Vəhy 7:9, 14).
Durmadan müqəddəs ruh dilə
17. Səndə Allahın ruhunun olduğunu necə göstərə bilərsən?
17 Göylər və ya yerüzü ümidinə malik olmağından asılı olmayaraq, Yehova sənə «insan gücündən üstün olan» qüdrət verəcək ki, nöqsansızlığını axıradək qoruyub mükafatını alasan (2 Kor. 4:7). Təbliğ etdiyinə görə insanlar səni lağa qoya bilərlər. Bu zaman Müqəddəs Kitabdakı sözləri yadına sal: «Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, siz xoşbəxtsiniz, çünki şöhrət ruhu, yəni Allahın ruhu üzərinizdədir» (1 Pet. 4:14).
18, 19. Yehova müqəddəs ruhu ilə sənə necə kömək edəcək və sən nə etməyə qəti qərarlısan?
18 Allah Ondan müqəddəs ruhu səmimiyyətlə diləyənlərə təmənnasız şəkildə bu ruhdan verir. Bu ruh yalnız sənin bacarığını yox, həm də Ona ən yaxşı tərzdə xidmət etmək istəyini artıracaq. «Allah Özü sizin arzu və hərəkətlərinizi istədiyi səmtə yönəldərək sizdə fəaliyyət göstərir», — deyə Müqəddəs Kitabda qeyd edilir. Qiymətli ənam olan müqəddəs ruhun köməyi «həyat sözündən ikiəlli [yapışmaq]» üçün göstərdiyimiz səylə bərabər, bizə var gücümüzlə «xilasa yetişməyə» kömək edəcək (Filip. 2:12, 13, 16).
19 Beləliklə, Allahın ruhuna tam güvənərək aldığın hər tapşırığı ürəkdən, canla-başla yerinə yetir, daima püxtələş və kömək üçün Yehovaya üz tut (Yaq. 1:5). O, sənə Kəlamını başa düşmək, problemlərin öhdəsindən gəlmək və xoş xəbəri bəyan etmək üçün lazımi köməkliyi göstərəcək. «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar» (Luka 11:9, 13). Bu sözləri müqəddəs ruhu diləməyə də aid etmək olar. Yehovaya durmadan yalvar ki, sənə ruhun rəhbərliyinə tabe olan həm keçmişdə, həm də müasir dövrdə yaşayan sadiq xidmətçiləri kimi olmağa kömək etsin.
İzah edə bilərsinizmi?
• Biz Məryəmin hansı xüsusiyyətini təqlid edə bilərik və bu, bizə hansı xeyir-duaları gətirəcək?
• Müqəddəs ruh Pavelə necə rəhbərlik edirdi?
• Allahın ruhu Onun xidmətçilərinə bu gün necə rəhbərlik edir?
[24–cü səhifədəki şəkil]
Allahın ruhu sayəsində Pavel pis ruhani varlıqların təsirinin öhdəsindən gəldi
[26–cı səhifədəki şəkil]
Bu gün müqəddəs ruh, hansı ümidə malik olmalarından asılı olmayaraq, bütün məsihçilər üçün əlçatandır