Qocalanda da bar verirlər
‘Rəbbin evində əkilənlər qocalanda da bar verəcəklər’ (MƏZMUR 92:13, 14).
1, 2. a) Qocalıq adətən necə təsvir edilir? b) Müqəddəs Yazılara əsasən, Adəmin günahının nəticələri ilə nə olacaq?
QOCALIQ deyəndə ağlınıza ilk gələn nə olur? Qırışmış dəri? Ağır eşidən qulaq? Taqətdən düşmüş dizlər? Yoxsa Vaiz 12:1-7 ayələrində hərtərəfli təsvir olunan ‘pis günlərin’ digər əlamətləri? Əgər belədirsə, yadda saxlamaq lazımdır ki, burada Yaradanımızın niyyət etdiyi yaşlılığın əlamətləri deyil, Adəmin günahının insan bədəninə tə’sirinin nəticəsi olan qocalığın əlamətləri təsvir olunur (Romalılara 5:12).
2 Yaşa dolmaq öz-özlüyündə lə’nət deyil, çünki mövcud olmaq üçün illərin keçməsi gərəkdir. Əslində, böyümək və yetkinliyə çatmaq bütün canlı varlıqlar üçün arzuolunandır. Günah və qeyri-kamilliyin altı min illik zərəri tezliklə keçmişdə qalacaq, itaətkar insanlar, ilk dəfə nəzərdə tutulduğu kimi, qocalıq və ölümün gətirdiyi ağrı olmadan yaşayacaqlar (Yaradılış 1:28; Vəhy 21:4, 5). O vaxt heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24). Qocalar ‘yeniyetməlik dövrünə qayıdacaqlar’, onların ‘bədəni uşaq bədəni kimi təzə olacaq’ (Əyyub 33:25). Lakin indi hər birimiz Adəmdən aldığımız miras ilə mübarizə aparmalı oluruq. Yehovanın xidmətçilərinə isə yaşa dolmaq bir çox baxımdan fayda gətirir.
3. Məsihçilər hansı mə’nada ‘qocalanda da bar verə’ bilərlər?
3 Allahın Kəlamı bizi əmin edir ki, ‘Rəbbin evində əkilənlər qocalanda da bar verəcəklər’ (Məzmur 92:13, 14). Məzmurçu bədii dillə vacib həqiqəti açıqlayır: Allahın sadiq xidmətçiləri cismən qocalsalar da, ruhani cəhətdən inkişaf edib çiçəklənə bilərlər. Müqəddəs Kitabdan və həyatdan olan bir çox nümunələr bunun doğrudan da belə olduğunu sübut edir.
‘Mə’bəddən heç ayrılmazdı’
4. Qoca Anna Allaha sədaqətini necə göstərdi və Allah onu necə mükafatlandırdı?
4 Peyğəmbər Annanın nümunəsinə baxaq. 84 yaşına çatan Anna «mə’bəd ərazisindən heç ayrılmaz, gecə-gündüz oruc tutub dua edərək, ibadətlə məşğul idi». Atası Levi deyil, «Aşer qəbiləsindən» olduğu üçün o, mə’bəddə yaşaya bilməzdi. Təsəvvür edin ki, hər gün səhər gətirilən təqdimdən axşam gətirilən təqdimədək mə’bəddə olmaq onun üçün nə demək idi! Sədaqətinə görə Allah Annanı bol-bol mükafatlandırdı. Yusif və Məryəm Qanuna uyğun olaraq körpə İsanı Yehovaya təqdim etmək üçün mə’bədə gətirəndə Anna da orada idi. İsanı görəndə Anna «Rəbbi mədh edib Yerusəlimdə qurtuluş gözləyənlərin hamısına bu Körpə haqqında danışdı» (Luka 2:22-24, 36-38; Saylar 18:6, 7).
5, 6. Yaşa dolmuş bir çox bacı-qardaşlarımız Annaya nədə bənzəyirlər?
5 Yaşa dolmuş bir çox bacı-qardaşlarımız görüşlərə müntəzəm gəldikləri, həqiqi ibadət üçün əllərindən gələni etdikləri və xoş xəbəri coşğun arzu ilə bölüşdükləri üçün Annaya bənzəyirlər. Görüşlərə yoldaşı ilə birlikdə müntəzəm gələn 80 yaşlarında olan qardaş demişdi: «Görüşlərə getmək bizim üçün adət halını alıb. Görüş vaxtı başqa heç yerdə olmaq istəmirik. Allahın xalqı haradadırsa, biz də orada olmaq istəyirik. Özümüzü məhz orada rahat hiss edirik». Onların nümunəsi necə də ruhlandırıcıdır! (İbranilərə 10:24, 25).
6 «Əgər hansısa ruhani tədbir olacaqsa və mən iştirak edə bilərəmsə, deməli orada olacağam». Bu, 80 yaşında olan dul məsihçi qadının şüarıdır. O deyir: «Əlbəttə, mənim də qəmgin vaxtlarım olur, ancaq nə üçün bu vaxt başqalarının da kefini pozum?» Ceyn ruhani tədbirlərlə əlaqədar başqa ölkələrə getməyindən sevinclə danışırdı. Axırıncı səyahətində o, yol yoldaşlarına demişdi: «Mən daha qalalara baxmaq istəmirəm, təbliğə getmək istəyirəm!» Orada danışılan dili bilməsə də, Ceyn həmsöhbətlərində Müqəddəs Kitaba maraq oyada bilmişdi. Bundan əlavə, yeni dil öyrənmək və bir tərəfə bir saat vaxt sərf etmək lazım gəlməsinə baxmayaraq, o, bir neçə il ərzində köməyə ehtiyacı olan yığıncaqda xidmət etdi.
Hafizənizi canlı saxlayın
7. Musa ahıl vaxtında Allahla münasibətlərini möhkəmləndirmək arzusunu necə ifadə etmişdi?
7 İllər ötdükcə həyat təcrübəsi artır (Əyyub 12:12). Ruhani inkişaf isə yaşla birgə öz-özünə gəlmir. Buna görə, keçmişdə əldə edilən biliyə güvənmək əvəzinə, Allahın sadiq xidmətçiləri illər keçdikcə ‘biliklərini artırırlar’ (Süleymanın məsəlləri 9:9, KM). Yehova Musaya tapşırıq verəndə onun 80 yaşı var idi (Çıxış 7:7). Onun dövründə o yaşa gəlib çatmaq, görünür, qeyri-adi idi. Bu onun yazdığı sözlərdən bəllidir: «Yetmiş il ömür sürərik, sağlam olsaq, səksənə yetişərik» (Məzmur 90:10). Ancaq Musa öyrənmək üçün yaşının ötdüyünü heç vaxt düşünmürdü. Onilliklər ərzində Allaha xidmət etdikdən, ciddi tapşırıqlar yerinə yetirdikdən sonra Musa Yehovadan xahiş etdi: «Yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım» (Çıxış 33:13). Musanın Yehova ilə münasibətlərini möhkəmləndirmək arzusu heç vaxt sönmürdü.
8. Daniel peyğəmbər 90 yaşlarında olsa da, hafizəsini necə canlı saxlayırdı və bu hansı nəticələr gətirdi?
8 Daniel peyğəmbər təxminən 90 yaşlarında olanda da Müqəddəs Yazıları araşdırırdı. Ehtimal ki, «Levililər», «Yeşaya», «Yeremya», «Huşə», «Amos» kitablarının daxil olduğu «kitablardan» öyrəndikləri onu Yehovaya ürəkdən dua etməyə təşviq etdi (Daniel 9:1, 2). Yehova həmin duanın cavabında Məsihin gəlişi və həqiqi ibadətin gələcəyi barədə peyğəmbərinə xəbər verdi (Daniel 9:20-27).
9, 10. Bə’ziləri hafizələrini canlı saxlamaq üçün nə edirlər?
9 Musa və Daniel kimi, biz də gücümüz daxilində ruhani mövzuları araşdıraraq hafizəmizi canlı saxlaya bilərik. Bir çoxları belə də edir. 80 yaşlarında olan məsihçi ağsaqqalı Vörs çalışır ki, «sadiq və ağıllı qul»un buraxdığı hər yeni nəşri oxusun (Matta 24:45). O deyir: «Mən həqiqətə məftunam və həqiqətin nurunun getdikcə daha çox saçdığını görmək məni vəcdə gətirir» (Süleymanın məsəlləri 4:18). Ömrünün altmış ilindən çoxunu tammüddətli xidmətdə keçirən Fred də həmimanlıları ilə ruhani söhbətlərin təravətləndirici olduğunu deyir. O qeyd edir: «Müqəddəs Kitab hafizəmdə canlı olmalıdır. Müqəddəs Kitabı canlandıranda, yə’ni mə’nalı edəndə və öyrəndiklərində “səhih sözləri” görəndə, alınan mə’lumat qırıq-qırıq olmayacaq. Hər zərrəciyin öz yerində necə bərq vurduğu görünəcək» (2 Timoteyə 1:13).
10 Yaşa dolmaq yeni, mürəkkəb bir şeyi öyrənmək üçün maneə deyil. 60, 70, hətta 80 yaşlarında olan adamlar yazıb-oxumağı, yeni dilləri öyrənmişlər. Yehovanın Şahidlərinin bə’ziləri xoş xəbəri müxtəlif xalqlardan olan insanlarla bölüşmək məqsədilə bunu etmişlər (Mark 13:10). Hari və arvadı portuqalca danışan adamlara kömək etməyi qərara alanda onların 70-ə yaxın yaşı var idi. Hari deyir: «Sözün doğrusu, yaş ötdükcə hər hansı işi görmək çətinləşir». Bununla belə, sə’y və mətanət göstərərək onlar həmin dildə Müqəddəs Kitab öyrənmələri keçirməyə müvəffəq oldular. Artıq neçə illərdir ki, Hari vilayət konqreslərində onun üçün yeni olan dildə çıxış edir.
11. Qoca həmimanlılarımızın nailiyyətlərini nəzərdən keçirməyin məqsədi nədir?
11 Əlbəttə, belə çətin işlərə girişməyə hamının şəraiti və sağlamlığı yol vermir. Bəs bə’zi qoca bacı-qardaşlarımızın nailiyyətlərini nəzərdən keçirməkdə məqsədimiz nədir? Sözsüz ki, hamını haqqında danışdığımız şeylərə can atmağa təşviq etmək deyil. Məqsədi anlamağa həvari Pavelin sadiq ağsaqqallar barədə ibrani məsihçilərinə yazdığı sözlər kömək edər: «Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin» (İbranilərə 13:7). Çalışqan qoca həmimanlılarımızın nümunəsi üzərində düşünmək bizi onların möhkəm imanını təqlid etməyə təşviq edə bilər. Bəs indi 87 yaşı olan Harini nə ruhlandırır? «Yerdə qalan illərimi ağılla keçirmək və imkanım nə qədər yol verirsə, Yehovaya xeyir gətirmək istəyirəm». Yuxarıda adı çəkilən Fred Bet-Eldə xidmət etməkdən böyük sevinc duyur. O qeyd edir: «Gərək Yehovaya xidmətin hansı növündə daha faydalı olduğunu tapasan və ondan möhkəm yapışasan».
Onlar dəyişkən vəziyyətə baxmayaraq, sadiq qaldılar
12, 13. Qocalmasına baxmayaraq, Barzillay Allaha sədaqətini necə göstərdi?
12 Səhhətin pisləşməsi ilə mübarizə aparmaq çətindir. Lakin buna baxmayaraq, sadiq qalmaq mümkündür. Bu baxımdan gileadlı Barzillay gözəl nümunədir. Avşalom üsyan qaldıran zaman o, 80 yaşında ola-ola Davudu və ordusunu azuqə, sığınacaqla tə’min edərək çox böyük qonaqpərvərlik göstərdi. Davud Yerusəlimə qayıdanda Barzillay onu İordan çayına qədər ötürdü. Davud Barzillaya sarayda yaşamağı təklif etdi. Onun cavabı nə oldu? «Mənim bu gün səksən yaşım var... Qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi?.. Lakin budur, qulun Kimham, qoy o, ağam padşahla çayı keçsin və sən də gözündə xoş görünəni onun üçün et» (2 Şamuel 17:27-29; 19:31-40).
13 Barzillay qocalsa da, Yehovanın məsh olunmuş padşahına kömək etmək üçün əlindən gələni əsirgəmədi. O, əvvəlki kimi dad bilmədiyi, eşitmədiyi üçün hiddətlənmirdi. Öz yerinə Kimhamın saraya getməsini təklif etməklə, daxilən necə insan olduğunu göstərdi. Bu gün Allahın bir çox yaşa dolmuş xidmətçiləri də Barzillay kimi öz mənfəətlərini güdmürlər və səxavətlidirlər. Onlar ‘bu cür qurbanların Allaha məqbul’ olduğunu bilərək həqiqi ibadət üçün əllərindən gələni edirlər. Aramızda sadiq bacı-qardaşların olması necə də böyük xeyir-duadır! (İbranilərə 13:16).
14. Davudun yaşlı olması Məzmur 37:23-25 ayələrindəki sözlərə necə mə’na qatır?
14 Davud illər ərzində müxtəlif şəraitlərə düşsə də, o, həmişə əmin idi ki, Yehova daim sadiq xidmətçilərinin qeydinə qalır. O, həyatının sonuna yaxın, indi 37-ci məzmur kimi tanınan ilahini yazdı. Davudun düşüncəli-düşüncəli lira çalaraq: «Rəbb insana gedəcəyi yolu göstərir, kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, çünki Rəbb onun əlindən tutar. Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm», — deyə oxuduğunu təsəvvür edin (Məzmur 37:23-25). Yehova bu məzmurda Davudun yaşının xatırlanmasını münasib bildi. Bu amil ürəkdən gələn sözlərə necə də böyük mə’na qatır!
15. Dəyişkən vəziyyətinə və qocaldığına baxmayaraq, həvari Yəhya sadiqliyini necə qorudu?
15 Dəyişkən vəziyyətinə və qocalığına baxmayaraq, sadiqliyi qoruyan başqa bir nəfər həvari Yəhya idi. Allaha təxminən 70 il xidmət edəndən sonra Yəhya ‘Allahın kəlamı və İsa Məsihin şəhadətinə’ görə Patmos adasına sürgün olundu (Vəhy 1:9). Amma onun hələ görüləsi işləri çox idi. Yəhya Müqəddəs Yazılara daxil olan bütün kitablarını ömrünün son illərində yazmışdır. Patmos adasında olarkən ona vəhy verildi, o, gördüklərini dəqiqliklə qələmə aldı (Vəhy 1:1, 2). Elə hesab olunur ki, Yəhya Roma imperatoru Nervanın günlərində azadlığa buraxılmışdır. Bundan sonra, təxminən eramızın 98-ci ilində 90-100 yaşlarında olarkən Yəhya özünün adını daşıyan Müjdəni və üç məktubu yazdı.
Sarsılmaz dözüm nümunəsi
16. Danışıq qabiliyyətini itirən insanlar Yehovaya sadiq qaldıqlarını necə göstərirlər?
16 İnsanların imkanı müxtəlif səbəblərdən irəli gələrək müxtəlif dərəcədə məhdud olur. Misal üçün, bə’ziləri danışıq qabiliyyətini itirmişlər. Lakin onlar Allahın məhəbbəti və lütfü barədə xatirələri sevə-sevə ürəklərində qoruyurlar. Onlar dildə deyə bilməsələr də, ürəklərində Yehovaya deyirlər: «Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (Məzmur 119:97). Yehova isə öz növbəsində ‘ismini düşünənləri’ tanıyır və Onun yollarına əhəmiyyət verməyən bəşəriyyət içində bu insanların necə seçildiyini görür (Malaki 3:16, KM; Məzmur 10:4). Ürəyimizin düşüncələrinin Yehova üçün xoş olduğunu bilmək necə də böyük təsəllidir! (1 Salnamələr 28:9; Məzmur 19:14).
17. Yehovaya uzun illər xidmət edənlərin əldə etdiyi nadir şey nədir?
17 Nəzərdən qaçırmaq olmaz ki, Yehovaya onilliklər ərzində xidmət edənlər, başqa heç cür əldə edilə bilməyəcək nadir bir şey — sarsılmaz dözüm, səbir qazanmışlar. İsa demişdi: «Öz canlarınızı səbirlə xilas edin» (Luka 21:19). Əbədi həyatı almaq üçün dözüm vacibdir. «Allahın iradəsini» yerinə yetirən və həyat tərzi ilə sadiqliyinizi sübut edən sizlər «və’d olunmuş şeyi» almağa ümid edə bilərsiniz (İbranilərə 10:36).
18. a) Qoca xidmətçilərində Yehovaya xoş olan nədir? b) Növbəti məqalədə söhbət nədən gedəcək?
18 Yehova, istər az olsun, istərsə də çox, ürəkdən etdiyiniz xidməti qiymətləndirir. Yaşa dolduqca ‘zahiri varlığa’ nə olursa-olsun, ‘daxili varlıq’ gündən-günə təzələnə bilər (2 Korinflilərə 4:16). Sübhəsiz, Yehova, keçmişdə gördüyünüz işləri qiymətləndirir, ancaq əmin ola bilərsiniz ki, Allahın adı naminə indi etdikləriniz də Onun üçün çox dəyərlidir (İbranilərə 6:10). Bəs sadiqliyiniz başqalarına necə tə’sir göstərir? Bu haqda növbəti məqalədə danışılacaq.
Necə cavab verərdiniz?
• Anna qoca məsihçilər üçün hansı nümunəni qoydu?
• Müəyyən nailiyyətlər əldə etmək üçün yaş nəyə görə maneə deyil?
• Allahın xidmətçiləri yaşa dolduqda da, sadiqliklərini necə göstərə bilərlər?
• Yehova qoca xidmətçilərinin Onun üçün etdiklərinə necə yanaşır?
[23-cü səhifədəki şəkil]
Qoca Daniel «kitablardan» Yəhudanın sürgündə nə qədər olacağını anladı.
[25-ci səhifədəki şəkillər]
Bir çox qoca həmimanlılarımız görüşlərə müntəzəm gəlməkdə, sə’ylə təbliğ etməkdə və öyrənməyə həvəs göstərməkdə nümunədirlər.