Müqəddəs ruha qarşı günah işlətmək nə deməkdir?
«Ölümlə nəticələnən... günah vardır» (1 YƏHYA 5:16).
1, 2. Allahın müqəddəs ruhuna qarşı günah işlətməyin mümkün olduğunu haradan bilirik?
«MÜQƏDDƏS RUHA qarşı günah işlətdiyim fikri məni rahat buraxmırdı». Almaniyada yaşayan bir qadın Allaha xidmət etdiyinə baxmayaraq, bu sözləri yazmışdı. Doğrudanmı məsihçinin Allahın müqəddəs ruhuna və ya fəal qüvvəsinə qarşı günah işlətməsi mümkündür?
2 Bəli, Yehovanın müqəddəs ruhuna qarşı günah işlətmək mümkündür. İsa Məsih demişdir: «İnsanların hər günah və küfrü bağışlanacaqdır; amma Ruha qarşı küfr bağışlanmayacaqdır» (Matta 12:31). Müqəddəs Yazılar xəbərdarlıq edir: «Həqiqəti dərk edib mənimsədikdən sonra qəsdən günah işləsək, günahlar üçün artıq qurban qalmaz, lakin hökmün dəhşətli bir intizarı... qalır» (İbranilərə 10:26, 27). Həvari Yəhya isə yazmışdır: «Ölümlə nəticələnən... günah vardır» (1 Yəhya 5:16). Bəs işlətdiyi ciddi günahın «ölümlə nəticələnən» olub-olmadığını müəyyən etmək günahkarın öz öhdəsinəmi buraxılır?
Tövbə edənlər bağışlanır
3. Əgər etdiyimiz günaha görə dərin kədər hissi keçiririksə, hansı qənaətə gəlmək olar?
3 Günahkarlara qarşı son hökmü Yehova çıxarır. Bəli, hamımız Ona hesabat verməliyik, Onun hökmləri isə həmişə adildir (Yaradılış 18:25; Romalılara 14:12). Bağışlanmaz günah işlədib-işlətmədiyimizi yalnız Yehova müəyyən edir və müqəddəs ruhunu bizdən ancaq O ala bilər ( Məzmur 51:11). Amma günahımıza görə dərindən kədərləniriksə, çox güman ki, doğrudan da tövbə edirik. Bəs həqiqətən də tövbə etmək nə deməkdir?
4. a) Tövbə etmək nə deməkdir? b) Məzmur 103:10-14 ayələrində təskinlik verən nədir?
4 Tövbə etmək keçmişdə işlədilən və ya niyyətdə tutulan günaha qarşı münasibəti dəyişməkdir. Bu isə peşman olmaq və səhv yoldan dönmək deməkdir. Əgər ciddi günah işlətmiş, amma həqiqətən də tövbə etdiyimizi göstərmək üçün lazımi addımları atmışıqsa, məzmurçunun sözlərindən təskinlik tapa bilərik: «[Yehova] bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi, Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur» (Məzmur 103:10-14).
5, 6. 1 Yəhya 3:19-22 ayələrinin məğzini söyləyin və həvarinin sözlərinin mə’nasını izah edin.
5 Həvari Yəhyanın sözləri də təsəlli verir: «Biz həqiqətə aid olduğumuzu bundan bilirik və ürəyimiz nə xüsusda bizi məhkum edirsə, ürəyimizi Allahın qarşısında sakitləşdiririk. Çünki Allah ürəyimizdən üstündür və hər şeyi bilir. Sevimlilərim, əgər ürəyimiz bizi məhkum etmirsə, bizim Allah qarşısında cəsarətimiz vardır. Və nə rica etsək, Ondan alırıq, çünki Onun əmrlərinə riayət edirik və Onun qarşısında məqbul olan işləri görürük» (1 Yəhya 3:19-22).
6 «Həqiqətə aid olduğumuzu» qardaşları sevməyimizdən və günahdan uzaq durmağımızdan bilirik (Məzmur 119:11). Əgər müəyyən səbəblərə görə özümüzü mühakimə ediriksə, yaxşı olardı ki, ‘Allahın ürəyimizdən üstün olduğunu və hər şeyi bildiyini’ yada salaq. Yehova ‘qardaşlar üçün riyasız məhəbbətimizi’, günahla apardığımız mübarizəni və Onun iradəsini yerinə yetirmək üçün qüvvə sərf etdiyimizi görür, elə buna görə də bizə mərhəmətlə yanaşır (1 Peter 1:22). Əgər Yehovaya e’tibar edir və qardaşları seviriksə, həmçinin bilərəkdən günah işlətmək vərdişimiz yoxdursa, ürəyimiz bizi ‘məhkum etməyəcək’. Allaha ‘cəsarətlə’ dua edəcəyik, O isə əmrlərinə riayət etdiyimiz üçün dualarımızı cavabsız qoymayacaq.
Onlar müqəddəs ruha qarşı günah işlətdilər
7. Günahın bağışlanmaz olub-olmadığını nə müəyyən edir?
7 Hansı günahlar bağışlanmır? Suala cavab vermək üçün gəlin bə’zi Müqəddəs Kitab nümunələrini nəzərdən keçirək. Tövbə etməyimizə baxmayaraq, ciddi günahlarımıza görə hələ də kədər içindəyiksə, bu nümunələr bizə təsəlli verəcək. Biz görəcəyik ki, günahın bağışlanmaz olub-olmaması təkcə edilən günahdan yox, həm də insanın niyyətindən, ürəyinin vəziyyətindən və günahın nə dərəcədə bilərəkdən edilməsindən asılıdır.
8. Birinci əsrdəki bə’zi yəhudi din rəhbərləri müqəddəs ruha qarşı necə günah işlətmişdilər?
8 Birinci əsrdə İsa Məsihə kinlə müqavimət göstərən din rəhbərləri müqəddəs ruha qarşı günah edirdilər. Məsih Yehovaya izzət gətirən mö’cüzələr göstərəndə onun düşmənləri Allahın ruhunun fəaliyyətini görür, ancaq yenə də bu qüvvəni Şeytan İblisə aid edirdilər. İsanın sözlərinə görə, Allahın müqəddəs ruhuna qarşı bu cür küfr edənlərin günahı ‘nə bu dövrdə və nə də gələcəkdə’ bağışlanacaqdı (Matta 12:22-32).
9. Küfr nədir və İsa bu haqda nə demişdi?
9 Küfr kinlə və böhtanla dolu təhqiramiz sözlərdir. Müqəddəs ruhun mənbəyi Allah olduğu üçün həmin ruha qarşı danışmaq Yehovaya qarşı danışmaqla eynidir. Bu cür danışığından tövbə etməyən kəs bağışlanmır. İsanın belə günah haqqında dediyi sözləri göstərir ki, o, Allahın müqəddəs ruhunun fəaliyyətinə qəsdən müqavimət göstərən insanları nəzərdə tuturdu. Yehovanın ruhu İsada fəaliyyət göstərsə də, düşmənləri bu qüvvəni İblisə aid edir, bununla da utanmadan ruha qarşı küfr edirdilər. Buna görə də İsa dedi: «Kim Müqəddəs Ruha küfr edərsə, əbədi olaraq bağışlanmayacaq, ancaq əbədi məhkumiyyətə mə’ruz qalacaqdır» (Mark 3:20-29).
10. Nəyə görə İsa Yəhudanı ‘həlak oğlu’ adlandırdı?
10 Yəhuda İskaryotun hadisəsinə də nəzər salaq. Yəhuda ona e’tibar edilən qutudan pul oğurlayaraq əyri yol tutmuşdu (Yəhya 12:5, 6). Bir qədər sonra o, yəhudi din rəhbərlərinin yanına gedib, İsanı 30 gümüş pula satdı. Yəhuda sonra vicdan əzabı çəksə də, qəsdən işlətdiyi günaha görə heç vaxt tövbə etmədi. Deməli, Yəhuda dirilməyə layiq deyil. Buna görə də İsa onu ‘həlak oğlu’ adlandırdı (Yəhya 17:12; Matta 26:14-16).
Onların günahı müqəddəs ruha qarşı deyildi
11-13. Davud Bat-Şeva ilə hansı günahı işlətdi və Allahın onlarla rəftarı bizə necə təsəlli verir?
11 Ciddi günahlarını e’tiraf edən və yığıncağın ağsaqqallarından ruhani kömək istəyən məsihçilər, ola bilsin, keçmiş günahlarına görə hələ də əzab çəkirlər (Yaqub 5:14). Əgər bu cür hisslər bizi də boğursa, günahları bağışlanan insanların nümunələri bizə kömək edə bilər.
12 Davud Uriyanın arvadı Bat-Şeva ilə böyük günah işlətdi. Davud qonşu damdan bu gözəl qadını çimən görüb, onu sarayına gətirməyi əmr etdi və onunla cinsi əlaqədə oldu. Bir qədər sonra qadının hamilə olduğundan xəbər tutanda Davud elə plan qurdu ki, Uriya arvadının yanına qayıdıb onunla yatsın, bununla da öz əxlaqsızlığını ört-basdır etsin. Niyyəti baş tutmayanda padşah Uriyanı döyüşdə öldürtdürür. Sonra Bat-Şeva Davuda ərə gedir, onların uşağı olur və çox keçməmiş körpə ölür (2 Şamuel 11:1-27).
13 Davudla Bat-Şevanın məsələsinə Yehova Özü baxdı. Çox güman ki, tövbə etməsi və onunla bağlanan Padşahlıq əhdi kimi səbəblərdən irəli gələrək Allah Davudu bağışladı (2 Şamuel 7:11-16; 12:7-14). Görünür, Bat-Şeva da tövbə etmişdi, çünki o, Süleyman padşahın anası oldu və adı İsa Məsihin nəsil şəcərəsinə düşdü (Matta 1:1, 6, 16). Əgər biz günah işlətmişiksə, yaxşı olardı ki, Yehovanın səmimi qəlbdən tövbə etdiyimizi nəzərə aldığını unutmayaq.
14. Yehovanın əfvinin nə qədər bol olduğu Menaşşenin həyatından necə görünür?
14 Yehovanın əfvinin nə qədər bol olduğunu Yəhuda padşahı Menaşşenin həyatından da görmək olar. O, Yehovanın gözündə pis olan şeyləri edirdi. Menaşşe Baal bütləri üçün qurbangahlar qurub, «bütün səma cisimlərinə» səcdə edirdi və hətta mə’bədin hər iki həyətində yalançı allahlar üçün qurbangahlar tikdi. Menaşşe oğullarını oda qurban verdi, cindarlığı yaydı, Yəhuda və Yerusəlim sakinlərini «Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı». Allahın peyğəmbərlərinin xəbərdarlıqlarına qulaq asmadı. Axırda Aşşur padşahı Menaşşeni sürgün etdi. Əsirlikdə olarkən o tövbə edib, təvazökarlıqla Allaha dua etdi. Yehova padşahı bağışlayıb, Yerusəlimə gətirdi və taxt-tacını ona qaytardı. Menaşşe burada həqiqi ibadəti dirçəltdi (2 Salnamələr 33:2-17).
15. Həvari Peterin həyatından hansı hadisə göstərir ki, Yehovanın «əfvi boldur»?
15 Əsrlər sonra həvari Peter İsanı inkar etməklə ciddi günaha yol verdi (Mark 14:30, 66-72). Ancaq ‘əfvi bol’ olan Yehova onu bağışladı (Yeşaya 55:7). Nə üçün? Çünki Peter ürəkdən tövbə etmişdi (Luka 22:62). Allahın Peteri bağışladığı ondan görünür ki, 50 gün sonra Pentikost günündə ona İsa haqqında şahidlik etmək imkanı verildi (Həvarilərin işləri 2:14-36). Məgər bu gün Allahın həqiqətən tövbə edən məsihçini bağışlamadığını düşünməyə hansısa əsas varmı? Məzmurçu oxuyurdu: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan» (Məzmur 130:3, 4).
Narahatçılıqdan necə azad olmaq olar?
16. Allah günahkarı nə zaman bağışlayır?
16 Yuxarıdakı nümunələr müqəddəs ruha qarşı günah işlətdiyini düşünənlərə narahatçılığı aradan qaldırmağa kömək edər. Onlar göstərir ki, Yehova tövbə edən günahkarı bağışlayır. Ən vacibi Allaha səmimi qəlbdən dua etməkdir. Əgər günah işlətmişiksə, İsanın fidiyə qurbanlığına, Yehovanın lütfünə, sadiq xidmətimizə arxalanıb, həmçinin miras aldığımız qeyri-kamilliyi əsas tutub Yehovadan əfv diləyə bilərik. Yehovanın lütfkar olduğunu bilərək biz tam əminliklə Ondan bağışlanmağı xahiş edə bilərik (Efeslilərə 1:7, 8).
17. Günah işlətdiyimizə görə ruhani köməyə ehtiyac duyuruqsa, nə etməliyik?
17 Bəs etdiyimiz günaha görə ruhani cəhətdən zəifləyib, Yehovaya dua etməyə gücümüz çatmayanda necə? Bu haqda şagird Yaqub yazmışdı: «Qoy [belə adam] imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtsın. Onlar da Rəbbin adı ilə üzərinə yağ sürtərək, onun üçün dua etsinlər. Və imanlı dua xəstəni xilas edər. Rəbb onu ayağa qaldırar və əgər o adam günah işlətmişsə, əfv olunar» (Yaqub 5:14, 15).
18. Nə üçün kiminsə yığıncaqdan xaric edilməsi günahının bağışlanmaz olduğu demək deyil?
18 Hətta günahkar həmin anda tövbə etməsə də və yığıncaqdan kənar edilsə də, bu o demək deyil ki, onun günahı bağışlanmazdır. Pavel Korinf yığıncağından kənar edilən bir məsh olunmuş barədə yazmışdı: «Əksəriyyət tərəfindən verilən bu cəza belə bir adama kafidir. Bunun müqabilində onu bağışlayıb, təsəlli verməlisiniz ki, belə bir adam həddindən artıq kədərə qərq olmasın» (2 Korinflilərə 2:6-8; 1 Korinflilərə 5:1-5). Günah edənlər Yehova ilə yenidən yaxşı münasibətdə olmaq üçün məsihçi ağsaqqallarının Müqəddəs Kitabdan verdiyi məsləhətlərini qəbul etməli və həqiqətən tövbə etdiyini əməllərində göstərməlidirlər. Onlar «tövbəyə layiq səmərə» verməlidirlər (Luka 3:8).
19. ‘İmanda sağlam’ qalmağımıza nə kömək edər?
19 Məsihçidə müqəddəs ruha qarşı günah işlətdiyi fikri nəyə görə yaranır? Səbəb onun həddindən artıq vicdanlı və ya səhhətinin zəif olmasında ola bilər. Bu halda duanın və əlavə istirahətin köməyi dəyə bilər. Xüsusilə də, yol verməli deyilik ki, Şeytan bizi ruh düşkünlüyünə salsın və Allaha xidməti dayandıraq. Əgər Yehova pislərin ölümünü istəmirsə, deməli xidmətçilərindən kimisə itirməyi heç istəmir. Buna görə də, əgər müqəddəs ruha qarşı günah işlətdiyimizi düşünürüksə, məzmurlar kimi təsəlliverici parçalar da daxil olmaqla, fikrimizi Allahın Kəlamı ilə doldurmalıyıq. Bizə müntəzəm olaraq yığıncaq görüşlərinə gəlmək və Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək lazımdır. Belə etməklə ‘imanda sağlam’ qalacaq və nə vaxtsa bağışlanmaz günah işlətdiyimiz qorxusundan azad olacağıq (Titusa 2:2).
20. İnsanın müqəddəs ruha qarşı günah etmədiyini başa düşməyə hansı suallar kömək edə bilər?
20 Müqəddəs ruha qarşı günah işlətdiyindən qorxan hər adam özündən soruşa bilər: «Mən müqəddəs ruha küfr etmişəmmi? Mən həqiqətənmi tövbə etmişəm? Allahın bağışlayan olduğuna inanırammı? Mən ruhani işığı rədd edən tövbə etməyən dönüklərdənəmmi?» Çox ehtimal ki, bu suallara cavab verəndən sonra belə insanlar Allahın müqəddəs ruhuna qarşı küfr etmədiklərini və dönük olmadıqlarını başa düşəcəklər. Onlar tövbə etmişlər və Yehovanın bağışlayan olduğuna inanırlar. Əgər belədirsə, deməli onlar Yehovanın müqəddəs ruhuna qarşı günah etməyiblər.
21. Növbəti məqalədə hansı suallar araşdırılacaq?
21 Müqəddəs ruha qarşı günah işlətmədiyimizi bilmək ürəyimizə necə də rahatlıq gətirir! Növbəti məqalədə müqəddəs ruhla bağlı digər sualları müzakirə edəcəyik. Məsələn, özümüzdən soruşa bilərik: «Doğrudanmı mən Allahın müqəddəs ruhuna görə hərəkət edirəm? Onun səmərəsi həyatımda özünü büruzə verirmi?»
Necə cavab verərdiniz?
• Allahın müqəddəs ruhuna qarşı günah işlətməyin mümkün olduğunu nə üçün deyə bilərik?
• Tövbə etmək nə deməkdir?
• İsa yer üzündə olanda kim müqəddəs ruha qarşı günah işlətmişdi?
• Bağışlanmaz günah etdiyimiz qorxusundan necə azad olmaq olar?
[8-ci səhifədəki şəkil]
Peter İsanı inkar etsə də, günahı bağışlanmaz deyildi.