Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/8 s. 28—32
  • ‘Allah qarşısında zənginsənmi?’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Allah qarşısında zənginsənmi?’
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Kişi çətinliyə düşüb
  • Nəyə görə «ağılsız»?
  • Allah qarşısında zəngin olmaq
  • Allah qarşısında necə zəngin ola bilərik?
  • Ən vacib olan nədir?
    Böyük Müəllimdən öyrən
  • Varlı adam və dilənçi İlazər kim idi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Planlarınız Allahın niyyətinə uyğundurmu?
    Gözətçi qülləsi 2008
  • Varlı adam və Lazar məsəli
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/8 s. 28—32

‘Allah qarşısında zənginsənmi?’

«Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (LUKA 12:21).

1, 2. a) İnsanlar tarix boyunca nəyə görə böyük qurbanlar verməyə hazır olmuşlar? b) Məsihçilər hansı çətinlik və təhlükələrlə üzləşirlər?

TARİX boyunca insanlar varlanmaq məqsədi ilə özlərini oda-közə atıblar. Məsələn, 19-cu əsrdə qızıl tapmaq həvəsi uzaq yerlərdən insanları Avstraliyaya, Cənubi Afrikaya, Kanadaya və Birləşmiş Ştatlara çəkib gətirirdi. Onlar öz yurd-yuvalarını, doğmalarını tərk edib, tanımadıqları, bə’zən isə şəraitsiz yerlərdə xoşbəxtlik sorağında idilər. Bəli, çoxları arzusunda olduqları xəzinələri tapmaq üçün həyatlarını təhlükəyə atmağa və böyük qurbanlar verməyə hazırdırlar.

2 Düzdür, insanlar bu gün həqiqi mə’nada xəzinə axtarmırlar, ancaq dolanmaq üçün gecəni gündüzə qatıb işləyirlər. Yaşadığımız zəmanədə çörək pulu qazanmaq ağır, müşkül məsələdir. Yemək, geyim, ev insanın başını elə asanlıqla qata bilər ki, daha vacib şeylər arxa plana keçər və hətta tamamilə unudula bilər (Romalılara 14:17). İsa insandakı bu meyli dəqiqliklə təsvir edən bir məsəl çəkdi. Həmin məsəl Luka 12:16-21 ayələrində yazılıb.

3. İsanın Luka 12:16-21 ayələrində yazılan məsəlini qısaca danışın.

3 İsa bu məsəli tamahkarlığa qarşı xəbərdarlıqla əlaqədar çəkmişdi. Bu xəbərdarlığın bə’zi xırdalıqlarını ötən məqalədə müzakirə etmişdik. Məsəldə söhbət ondan gedir ki, bir varlı adam ağzınacan dolu anbarları ilə kifayətlənməyib, onları sökür, daha çox şey yığmaq üçün böyüklərini tikir. Təzəcə rahat yaşayacağını düşünürdü ki, Allah elə bu an ona həyatının sona çatdığını, yığdığı bütün var-dövlətin isə başqasına qalacağını deyir. İsa məsəlinə belə yekun vurdu: «Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (Luka 12:21). Bu məsəldən hansı ibrət dərsini alırıq? Onu öz həyatımızda necə tətbiq edə bilərik?

Kişi çətinliyə düşüb

4. İsanın məsəlindəki kişi ilk baxışdan hansı təəssüratı bağışlayır?

4 İsanın çəkdiyi məsəl bir çox ölkələrdə insanlara yaxşı tanışdır. O, məsəlinə belə başladı: «Varlı bir adamın torpağı bol məhsul verdi». İsa demədi ki, həmin adam var-dövlətini əyri yolla, qanunsuzluqla əldə etdi. Başqa sözlə desək, o, pis adam kimi təsvir olunmur. İsanın sözlərindən belə qənaətə gəlmək olar ki, kişi zəhmətkeşdir və ola bilsin, ailəsinin gələcəyi üçün çalışır, var-dövlət toplayır. Beləliklə, dünyanın nöqteyi-nəzəri ilə baxsaq, o öz məs’uliyyətlərinə ciddi yanaşan, çalışqan adam idi.

5. Məsəldəki kişi hansı çətinliyə düşür?

5 İsa bu adamın varlı adlandırdı. Deməli, onun artıq çoxlu malı-mülkü var idi. Ancaq kişi, İsanın dediyinə görə, çətin vəziyyətə düşür. Onun torpağı gözlədiyindən, lazım olduğundan və saxlaya biləcəyindən daha çox məhsul verir. Bəs indi o nə etsin?

6. Allahın bir çox xidmətçiləri hansı seçimlə üzləşirlər?

6 Bu gün Yehovanın bir çox xidmətçiləri bu varlı adamın vəziyyətinə oxşar vəziyyətlə üzləşirlər. Həqiqi məsihçilər düzgün, çalışqan və məs’uliyyətli işçi olmağa çalışırlar (Koloslulara 3:22, 23). İstər haradasa işləsinlər, istərsə də özlərinin biznesi olsun, çox vaxt onların işi yaxşı gedir. Onlara yüksək vəzifə təklif olunanda və ya qarşılarında yeni imkanlar açılanda seçim qarşısında qalırlar: «təklifi qəbul edim, ya etməyim», «işimi genişləndirim, yoxsa olanımla kifayətlənim?» Bir çox gənc şahidlər də məktəbdə ə’la oxuduqları üçün qarşılarında nüfuzlu ali təhsil ocaqlarına qəbul olmaq imkanı açılır. Onlar sadəcə axının ardınca gedib bu imkandan istifadə etməlidirlərmi?

7. Məsəldəki kişi problemini necə həll edir?

7 Gəlin İsanın məsəlinə qayıdaq. Torpağın verdiyi məhsulu yığmağa yeri olmayanda varlı kişi nə edir? O, köhnə anbarları söküb, böyüklərini tikməyi qərara alır ki, taxılını və dövlətini ora yığsın. Kişinin planı o qədər xoşuna gəlir və arxayınlıq gətirir ki, o öz-özünə fikirləşir: «Canıma deyərəm: “Ey canım! Uzun illər üçün toplanmış çoxlu dövlətin var: rahat ol; ye, iç, kef çək”» (Luka 12:19).

Nəyə görə «ağılsız»?

8. Məsəldəki kişi hansı vacib şeyi nəzərə almamışdı?

8 İsanın sonrakı sözlərindən görünür ki, varlı kişinin planı ona yanlış arxayınçılıq gətirdi. Qurduğu plan ağıllı görünsə də, o, vacib bir şeyi — Allahın iradəsini nəzərə almamışdı. Kişi ancaq özünü fikirləşirdi: indən belə necə rahat yaşayacaq, necə yeyib, içib, kef çəkəcək. O elə bilirdi ki, əgər ‘çoxlu dövləti’ varsa, deməli ‘uzun illər’ yaşayacaq. Ancaq onun fikirləşdiyi kimi olmadı. İsanın bir az əvvəl dediyi kimi, «insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir» (Luka 12:15). Kişinin yığdığı şeylər elə həmin gecə bütün dəyərini itirdi, çünki Allah ona dedi: «Ağılsız! Sənin canını elə bu axşam alacaqlar; sənin hazırladığın şeylər bəs kimə qalacaq?» (Luka 12:20).

9. Məsəldəki kişi nəyə görə «ağılsız» adlandırıldı?

9 Elə burada İsanın məsəlinin əsas məğzinə gəlib çatırıq. Allah kişini ağılsız adlandırdı. «Əhdi-Cədidin izahlı lüğəti»ndə deyilir ki, bu yunan sözünün formaları «həmişə dərrakəsizliyə işarə edir». Orada deyilir ki, İsanın məsəlində Allah bu sözü «varlı adamın gələcək planlarının mə’nasız olduğunu» göstərmək üçün işlədir. Bu söz ağlı olmayan adama deyil, «Allahdan asılılığını qəbul etməyənə» aiddir. Varlı kişi haqqında deyilən sözlər İsanın sonralar Kiçik Asiyanın Laodikiya şəhərindəki yığıncağın məsihçilərinə dediyi sözləri yadımıza salır: «Deyirsən: mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur. Amma bilmirsən ki, zavallı, yazıq, yoxsul, kor və çılpaqsan» (Vəhy 3:17).

10. ‘Çoxlu dövlətin’ olması nəyə görə ‘uzun illərin’ olacağına zəmanət deyil?

10 Yaxşı olardı ki, bu məsəlin üzərində ciddi düşünək. Ola bilərmi ki, biz də o varlı adam kimi ‘çoxlu dövlətimiz’ olsun deyə, gecə-gündüz işləyək, ancaq ‘uzun illəri’ qazanmaq üçün vacib şeyləri etməyək? (Yəhya 3:16; 17:3). Müqəddəs Kitabda deyilir ki, «heç kimi var-dövləti qəzəb günündən xilas etməz» və «sərvətinə güvənənlər yıxılar» (Süleymanın məsəlləri 11:4, 28). Buna görə də İsa sonuncu xəbərdarlıq ilə məsəli bitirir: «Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (Luka 12:21).

11. Nə üçün ümid və arxayınçılığı mal-mülkə bağlamaq əbəsdir?

11 İsa «aqibəti belə olur» deməklə məsəldəki varlı kişinin başına gələnin, həyatını, ümid və arxayınçılığını yalnız mal-mülkə bağlayanların da başına gələcəyini göstərdi. Səhv ‘dövlət toplamaqda’ deyil, «Allah qarşısında zəngin» olmamaqdadır. Şagird Yaqub da buna bənzər bir xəbərdarlıq yazmışdı: «İndi bax, siz deyirsiniz ki, “Bu gün, ya sabah biz filan şəhərə gedib, orada bir il qalacağıq və ticarət edib, qazanc əldə edəcəyik”. Halbuki, sabah nə baş verəcəyini bilmirsiniz. Həyatınız nədir? O müvəqqəti olaraq görünüb, sonra da qeyb olan buxardır. Bunun əvəzinə: “Əgər Rəbb istəyərsə, yaşayıb, bu və ya digər işi görərik”, — deməlisiniz» (Yaqub 4:13-15). İnsanın nə qədər malı-mülkü, varı-dövləti olursa-olsun, əgər Allah qarşısında zəngin deyilsə, onlardan heç bir xeyir tapmayacaq. Elə isə, Allah qarşısında zəngin olmaq nə deməkdir?

Allah qarşısında zəngin olmaq

12. Nəyin sayəsində Allah qarşısında zəngin ola bilərik?

12 İsanın məsəlində Allah qarşısında zəngin olmaqla insanın özü üçün mal-mülk yığması qarşı-qarşıya qoyulur. İsa bununla deyirdi ki, həyatımızda ən vacib şey var-dövlət toplamaq və ya olanımızdan həzz almaq olmamalıdır. Əksinə, vəsaitlərimizdən elə istifadə etməliyik ki, Yehova ilə münasibətlərimizi yaxşılaşdıraq, başqa sözlə, möhkəmləndirək. Belə etməklə biz Allah qarşısında zəngin olacağıq. Çünki Allahımız üzərimizə xeyir-dualar yağdıracaq. Müqəddəs Kitabda deyilir: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz» (Süleymanın məsəlləri 10:22).

13. Yehovanın xeyir-duaları necə ‘sərvət gətirir’?

13 Yehova xalqına xeyir-dualar verəndə həmişə ən yaxşısını verir (Yaqub 1:17). Məsələn, Yehovanın israillilərə yaşamaq üçün verdiyi diyar ‘südlə bal axan torpaq’ idi. Baxmayaraq ki, Misir diyarı da belə təsvir olunurdu, Yehovanın israillilərə verdiyi torpaq ən azı bir vacib şeylə fərqlənirdi. Musa israillilərə demişdi ki, ‘ora Allahınız Rəbbin lütf göstərdiyi torpaqdır’. Başqa sözlə desək, Yehova onların qayğısına qaldığı üçün onlar firavan yaşayacaqdılar. İsraillilər nə qədər ki, Yehovaya sadiq qalırdılar, Ondan bol-bol xeyir-dua alırdılar, həm də onların həyatının ətraf xalqlardan üstün olduğu göz qabağında idi. Bəli, insana ‘sərvət gətirən’ Yehovanın xeyir-dualarıdır! (Saylar 16:13; Qanunun təkrarı 4:5-8; 11:8-15).

14. Allah qarşısında zəngin olan insan haqqında nə demək olar?

14 Varlı adamları, əsas e’tibarilə, başqalarının gözündə necə göründükləri maraqlandırır. Bu, çox vaxt özünü onların həyat tərzində büruzə verir. Onlar var-dövlətləri ilə insanların gözünü qamaşdırmaq istəyirlər (1 Yəhya 2:16). Allah qarşısında zəngin olanlar isə Onun lütfünü və razılığını alır, həmçinin Onunla sıx şəxsi münasibətlər qururlar. Bu isə onlara heç bir var-dövlətin verə bilmədiyi xoşbəxtlik və arxayınçılıq hissi gətirir (Yeşaya 40:11). Bir sual qalır: Allah qarşısında zəngin olmaq üçün nə etməliyik?

Allah qarşısında necə zəngin ola bilərik?

15. Allah qarşısında zəngin olmaq üçün biz nə etməliyik?

15 İsanın məsəlindəki kişi yalnız özünə var-dövlət yığmaq üçün plan qurub zəhmət çəkdiyindən ağılsız adlandırıldı. Allah qarşısında zəngin olmaq üçün biz sə’ylə çalışmalı, Onun gözündə həqiqətən də dəyərli və mə’nalı işlərdə tam iştirak etməliyik. Bu işlərə İsanın «gedin, bütün xalqları şagirdim edin» əmri də daxildir (Matta 28:19). Vaxtımızı, qüvvəmizi və bacarığımızı yüksək pillələrə qalxmağa deyil, Padşahlığın təbliğinə, şagird hazırlamaq işinə sərf etsək, bu, hesaba pul yığmağa bənzəyər. Növbəti nümunələrdən göründüyü kimi, belə edənlər böyük ruhani qazanc əldə etmişlər (Süleymanın məsəlləri 19:17).

16, 17. İnsanı Allah qarşısında zəngin edən həyat yolunu göstərən hansı nümunələri çəkə bilərsiniz?

16 Şərqdə yaşayan bir məsihçi kompüter üzrə mütəxəssis idi və yüksək məvacibli işdə çalışırdı. Ancaq işi, demək olar ki, bütün vaxtını aldığı üçün özünü ruhani cəhətdən taqətsiz hiss edirdi. O, işində irəliləməyə çalışmadı, əksinə, işdən çıxdı, dondurma düzəldib, küçədə satmağa başladı. Buna görə də ruhani ehtiyaclarını ödəməyə və məs’uliyyətlərini yerinə yetirməyə daha çox vaxtı qaldı. Keçmiş iş yoldaşları onu lağa qoyurdular. Bəs bu işin axırı nə oldu? O deyirdi: «Dondurma satanda özümü əvvəlkindən yaxşı tə’min edirdim, üstəlik keçmiş işimdəki gərginlik və narahatçılıq olmadığı üçün daha rahat idim. Ən vacibi isə, indi özümü Yehovaya daha yaxın hiss edirəm». Etdiyi dəyişikliklərin sayəsində qardaş tammüddətli xidmətə başladı və hazırda öz ölkəsindəki filialda xidmət edir. Yehovanın xeyir-duaları həqiqətən də ‘sərvət gətirir’.

17 Bir bacı isə təhsilin mühüm hesab edildiyi ailədə böyümüşdü. O, Fransa, Meksika, İsveçrə universitetlərində oxumuş, qarşıda isə onu karyera gözləyirdi. O deyirdi: «Bütün qapılar üzümə açıq idi, hörmət qazanmışdım. Ancaq daxilimdə boşluq var idi, elə bil nə isə çatışmırdı». Sonra o, Yehova haqqında öyrənməyə başladı. O davam edirdi: «Ruhən yetkinləşdikcə Yehovanı razı salmaq və Onun etdiklərinin azca da olsa əvəzini qaytarmaq arzusu getməli olduğum yolu — tammüddətli xidməti aydın görməyə kömək etdi». O, işdən çıxdı və tezliklə vəftiz oldu. Ötən 20 ilini sevindirici tammüddətli xidmətdə keçirdi. Bacı deyir: «Bə’ziləri iste’dadımı puç etdiyimi fikirləşirlər, ancaq onlar görürlər ki, mən xoşbəxtəm və həyat prinsiplərim onları valeh edir. Hər gün Yehovaya dua edirəm ki, təvazökar olum və Onun razılığını qazanım».

18. Biz də Pavel kimi Allah qarşısında necə zəngin ola bilərik?

18 Sonralar həvari Pavel olan Şaulu qarşıda yüksək vəzifə gözləyirdi. Ancaq o yazmışdı ki, ‘Rəbb Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edir’ (Filipililərə 3:7, 8). Pavel üçün Məsihin vasitəsilə əldə etdiyi sərvət dünyanın təklif edə biləcəyi hər şeydən qat-qat üstün idi. Xudbin arzu və istəklərimizi dəf edərək, Allaha sadiq həyat sürərək biz də Onun qarşısında zəngin həyat yaşaya bilərik. Allahın Kəlamı bizi əmin edir: «Təvazökarlığın və Rəbb qorxusunun nəticəsi sərvət, şərəf, həyatdır» (Süleymanın məsəlləri 22:4).

İzah edə bilərsinizmi?

• İsanın məsəlindəki kişi hansı çətinliyə düşdü?

• Nə üçün məsəldəki kişi ağılsız adlandırıldı?

• Allah qarşısında zəngin olmaq nə deməkdir?

• Allah qarşısında necə zəngin ola bilərik?

[29-cu səhifədəki şəkil]

Qarşımızda açılan imkanlar imanımız üçün niyə sınaq ola bilər?

[30 və 31-ci səhifədəki şəkil]

«Rəbbin xeyir-duası insana sərvət gətirər».

[32-ci səhifədəki şəkil]

Nəyə görə varlı kişi ağılsız adlandırıldı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş