Planlarınız Allahın niyyətinə uyğundurmu?
CÖVÜZQIRAN adı ilə tanınan quş Şimali Amerikanın qərbindəki meşələrdə süzən boz rəngli, oxuyan quşdur. O, sərt qış mövsümünə hazırlıq görmək üçün ildə 33 000 toxum yığıb, 2 500 yerdə basdırır. Həqiqətən də, bu quşun gələcək üçün tədarük görməkdə instinktiv ‘hikməti’ var (Süleymanın məsəlləri 30:24).
İnsanlar isə daha gözəl qabiliyyətə malikdirlər. Yehovanın yer üzündə yaratdığı bütün canlıların içində təkcə insanlar keçmişdəki hadisələrdən nəticə çıxarmaq və aldığı ibrət dərslərini gələcək planlarına tətbiq etmək kimi misilsiz qabiliyyətə malikdirlər. Müdrik padşah Süleyman müşahidə etmişdir: «İnsanın qəlbində çox amalı var» (Süleymanın məsəlləri 19:21).
Bununla belə, ümumilikdə insanların seçimləri azdır, çünki onlar ehtimala əsaslanaraq gələcəklə bağlı plan qururlar. Məsələn, siz sabahkı işlərinizi günün çıxacağı və hələ də sağ olacağınız ehtimalı ilə planlaşdırırsınız. Birinci ehtimalın təməli möhkəm olduğu halda, ikincisi haqqında bunu demək çətindir. Müqəddəs Kitab yazıçısı Yaqub bu həqiqəti belə ifadə etmişdi: «Sabah nə baş verəcəyini bilmirsiniz» (Yaqub 4:13, 14).
Yehova Allah üçün belə məhdudiyyətlər mövcud deyil. O, «axırı əvvəldən» bilir. Onun ağzından çıxan niyyəti mütləq yerinə yetəcək. O bəyan edir: «Niyyətim baş tutacaq, istədiyim hər şeyi edəcəyəm» (Yeşaya 46:10). Bəs insanların planları Allahın niyyətinə zidd gedəndə nə baş verir?
İnsanlar Allahın niyyətinə məhəl qoymayanda
Təxminən 4 000 il əvvəl Babil qülləsini tikənlər insan nəslinin bir ərazidə məskun olmasını planlaşdırırdılar. Onlar deyirdilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq» (Yaradılış 11:4).
Ancaq Allahın yer üçün niyyəti tamam başqa idi. O, Nuhla oğullarına tapşırmışdı: «Törəyib çoxalın və yer üzünü bürüyün» (Yaradılış 9:1). Allah Babilin üsyankar əhalisinin məqsədinin qarşısını necə aldı? Onların dilini qarışdırdı ki, bir-birlərini başa düşməsinlər. Bəs bunun nəticəsi nə oldu? «Rəbb onları oradan bütün yer üzünə yaydı» (Yaradılış 11:5-8). Bu hadisə Babil qülləsini tikənlərə əməllicə dərs oldu. İnsanın planları Allahın niyyətindən fərqlənəndə ‘Rəbbin niyyəti həyata keçir’ (Süleymanın məsəlləri 19:21). Bəs siz keçmişin bu kimi dərslərindən özünüzə nəticə çıxarırsınızmı?
Varlı adamın ağılsızlığı
Bəlkə də, siz qüllə ucaltmağı planlaşdırmırsınız, ancaq bu gün çoxları böyük bank hesabı açmağı və maddi vəsaitlər toplamağı planlaşdırırlar ki, qocalanda, yaxud təqaüdə çıxanda rahat yaşasınlar. Zəhmətin bəhrəsindən zövq almaq istəyi təbiidir. Süleyman yazırdı: «Hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:13).
Bu bəxşişdən necə istifadə etməyimizə görə Yehovanın qarşısında məsuliyyət daşıyırıq. Təxminən 2 000 il bundan əvvəl İsa Məsih bu məqamı şagirdlərinə bir məsəllə başa saldı. O dedi: «Varlı bir adamın torpağı bol məhsul verdi; o özü-özlüyündə düşünürdü: “Nə edim? Məhsulumun bəhrəsini qoymağa yerim yoxdur”. Və dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplaram. Və canıma deyərəm: Ey canım! Uzun illər üçün toplanmış çoxlu dövlətin var: rahat ol; ye, iç, kef çək”» (Luka 12:16-19). Bu varlı adamın məqsədi ağlabatan görünür, elə deyilmi? Yuxarıda adını çəkdiyimiz cövüzqıran quşu kimi, məsəldəki kişi də sanki gələcək üçün tədarük görürdü.
Ancaq onun düşüncə tərzində yanlışlıq var idi. İsa sözünə davam etdi: «Amma Allah ona dedi: “Ağılsız! Sənin canını elə bu axşam alacaqlar; sənin hazırladığın şeylər bəs kimə qalacaq?”» (Luka 12:20). İsanın sözləri Süleymanın iş və onun yaxşı bəhrələrinin Allahın bəxşişi olması haqda dediklərinə zidd idimi? Xeyr. Bəs İsanın sözünün canı nə idi? O dedi: «Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (Luka 12:21).
İsa dinləyicilərinə başa salırdı ki, Yehova hər bir insanın Onu nəzərə alaraq plan qurmasını istəyir. Varlı adam Allah yoluna bağlılığı, hikməti və məhəbbəti artırmağa çalışmaqla Allah qarşısında zəngin ola bilərdi. Bu adamın sözlərindən görünür ki, onun nə belə şeylərə, nə kasıbların yığması üçün məhsul saxlamağa, nə də Yehovaya təqdim qurbanları gətirməyə marağı var idi. Bu cür ruhani məqsədlərə və fədakarlığa onun həyatında yer yox idi. Onun bütün planları öz istək və rahatlığı ətrafında dövr edirdi.
Bu gün bir çox insanların məqsədlərinin İsanın məsəlindəki varlı adamınkına bənzədiyini müşahidə etmisinizmi? İstər varlı olaq, istərsə kasıb, gündəlik ehtiyacların və istəklərin ruhani tələbatları boğmasına yol verərək çox asanlıqla var-dövlətə hərisliyin tələsinə düşə bilərik. Bu tələdən necə qaçmaq olar?
«Normal» həyat arzusu
Ola bilər, İsanın məsəlindəki varlı adamdan fərqli olaraq, siz maddi cəhətdən korluq çəkirsiniz. Buna baxmayaraq, əgər ailəlisinizsə, ailənizin gündəlik tələbatlarını təmin etməyə, mümkünsə, övladlarınıza əsas təhsili verməyə çalışırsınız. Əgər subaysınızsa, çox ehtimal ki, planlarınıza başqalarına yük olmamaq üçün iş tapmaq və ya işinizi itirməmək daxildir. Bunlar tərifəlayiq məqsədlərdir (2 Salonikililərə 3:10-12; 1 Timoteyə 5:8).
Hətta belə olduqda da, normal hesab olunan həyat tərzi — işləmək, yemək, içmək nəticəsində insan Allahın iradəsinə zidd davrana bilər. Bu necə mümkündür? İsa demişdir: «Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə, insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə [«fikir vermirdilərsə», YD], İnsan Oğlunun gəlişi də bu cür olacaqdır» (Matta 24:37-39).
Daşqından qabaq, ümumilikdə insanlar normal hesab etdikləri həyatı yaşayırdılar. Ancaq problem onda idi ki, onlar Allahın daşqın göndərərək pis dünyanı məhv etmək niyyətinə ‘fikir vermirdilər’. Şübhə yoxdur ki, onlar Nuhun qeyri-normal həyat sürdüyünü düşünürdülər. Amma Daşqın gələndə məlum oldu ki, məhz Nuh və onun ailəsi müdrik həyat tərzi sürür.
Bu gün bütün əlamətlər sübut edir ki, biz dövrün sonunda yaşayırıq (Matta 24:3-12; 2 Timoteyə 3:1-5). Tezliklə Allahın Padşahlığı hazırkı sistemi «əzib-dağıdacaq» (Daniel 2:44). Həmin Padşahlığın hakimiyyəti altında yer üzü cənnətə çevriləcək. O, xəstəlik və ölümü aradan qaldıracaq (Yeşaya 33:24; Vəhy 21:3-5). Yer üzündəki bütün varlıqlar əmin-amanlıqda yaşayacaq, heç vaxt aclıq görməyəcəklər (Məzmur 72:16; Yeşaya 11:6-9).
Ancaq Yehova niyyət edib ki, fəaliyyətə keçməzdən əvvəl Padşahlıq haqqında xoş xəbər ‘xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunsun’ (Matta 24:14). Allahın niyyətinə uyğun olaraq, təxminən yeddi milyon Yehovanın Şahidi 236 ölkə və ərazidə dörd yüzdən çox dildə xoş xəbəri təbliğ edir.
Yehovanın Şahidlərinin həyat tərzi dünyadakı insanlara qəribə, hətta gülməli görünə bilər (2 Peter 3:3, 4). Daşqından əvvəl yaşayanlar kimi, bu gün də insanların əksəriyyətinin başı gündəlik işlərə qarışıb. Onlar bu gün cəmiyyətin normal hesab etdiyi kimi yaşamaq istəməyənləri ağılsız hesab edirlər. Ancaq Allahın vədlərinə iman edən insanların nöqteyi-nəzərincə, əsl ağıllı həyat Allaha xidmətə cəmləşən həyatdır.
Buna görə də, kasıb, varlı və ya orta təbəqədən olmağımızdan asılı olmayaraq, yaxın gələcəklə bağlı planlarımızı vaxtaşırı nəzərdən keçirmək yaxşı olardı. Belə etdikcə, özünüzdən soruşun: «Planlarım Allahın niyyətinə uyğundurmu?»
[11-ci səhifədəki şəkil]
İnsanların planları Allahın niyyəti ilə tutuşmayanda, həyata keçən Yehovanın niyyəti olur
[12-ci səhifədəki şəkil]
İsanın məsəlindəki varlı adam plan quranda Allahın niyyətini nəzərə almamışdı