Müəllifsiz niyyət?
ÇARLZ DARVİNİN həyatın mürəkkəbliyini və müxtəlifliyini təbii seçmə ilə izah etməyin mümkün olduğunu irəli sürməsindən təxminən 150 il keçmişdir. Lakin heyrətamiz dəqiq quruluşa malik olan canlı orqanizmlərin məqsədyönlü niyyətin olduğuna işarə etdiyinə inananlar bu yaxınlarda Darvinin təkamül nəzəriyyəsini və onun müasir variantlarını tənqid atəşinə tutmağa başlamışlar. Hətta bir çox mö’təbər alimlər belə yer üzündə gördüyümüz çoxsaylı növlərin təkamül nəticəsində peyda olduğunu qəbul etmirlər.
Bu alimlərdən bə’ziləri düşünülmüş niyyət kimi tanınan başqa bir fikri irəli sürürlər. Onlar iddia edirlər ki, biologiya, riyaziyyat, o cümlədən, sağlam düşüncə hər şeyin niyyətin nəticəsində yarandığını təsdiqləyir. Hətta bu anlayışı məktəbin tədris proqramına da salmağa calışırlar. Təkamül müharibəsi adlanan mübahisələr əsasən Birləşmiş Ştatlarda baş versə də, oxşar hallar İngiltərə, Niderland, Pakistan, Serbiya və Türkiyədə də müşahidə edilir.
Çaşqınlıq yaradan səhv
Düşünülmüş niyyəti əsaslı surətdə müdafiə edənlər adətən bir vacib şeydən yan keçirlər. Onlar bu niyyətin kimə aid olduğundan danışmırlar. Sizin fikrinizcə, niyyət öz-özünə peyda ola bilərmi? Bir jurnalda deyilir ki, düşünülmüş niyyət ideyasını irəli sürənlər «bu niyyətin kimə və ya nəyə aid olduğu haqda heç bir fikir söyləmirlər» («The New York Times Magazine»). Yazıçı Klaudiya Uolisin sözlərinə görə, düşünülmüş niyyətin tərəfdarları «Allah haqqında mövzuya toxunmamaq üçün əllərindən gələni edirlər». «Nyusuik» jurnalında da qeyd edilir ki, «adı çəkilən ideyada niyyətin müəllifinin mövcudluğu və şəxsiyyəti haqqında heç bir şey söylənilmir».
Ancaq yəqin siz də anlayırsınız ki, niyyətin yaradıcısı mövzusundan qaçmaq mümkün deyil. Onun mövcudluğu və kimliyi gizlədilsə və ya nəzərə alınmasa, kainatda niyyətin olmasını və ümumiyyətlə həyatın mövcudluğunu hərtərəfli izah etmək olarmı?
Yaradıcının olduğunu e’tiraf edib-etməmək haqqında mübahisələr bu sualların ətrafında dövr edir: İlahi yaradıcının mövcudluğunu qəbul etmək elmi və intellektual inkişafa mane olacaqmı? Şüurlu yaradan mövzusuna başqa heç bir ağlabatan izahat olmayandamı müraciət edilməlidir? Niyyətin olması onun müəllifinin də mövcudluğunu göstərmirmi? Növbəti məqalədə bu kimi suallar müzakirə olunacaq.
[3-cü səhifədəki şəkil]
Çarlz Darvin inanırdı ki, həyatın mürəkkəbliyi təbii seçmə ilə izah olunur.
[İcazə ilə]
Darvin: From a photograph by Mrs. J. M. Cameron/U.S. National Archives photo