Allaha yaxınlaşın
Bənzəri olmayan Ata
«ATA». Bu söz ürəyimizdə məhəbbət və ehtiram kimi xoş hisslər oyadır. Övladlarını həqiqətən sevən ata onları xoşbəxt böyütməyə çalışır. Müqəddəs Kitab əbəs yerə Yehova Allahı ‘Ata’ adlandırmıra (Matta 6:9). Bəs Yehova necə Atadır? Bu suala cavab tapmaq üçün, gəlin İsa vəftiz olarkən Yehovanın ona dediyi sözlərə diqqət yetirək. Axı atanın uşaqları ilə danışıq tərzi onun necə valideyn olduğu haqda çox şey deyir.
Eramızın 29-cu ilinin təxminən oktyabr ayında İsa vəftiz olmaq üçün İordan çayına gəldi. Müqəddəs Kitab bu zaman nə baş verdiyi haqda xəbər verir: «İsa vəftiz olunub, o anda sudan çıxdı; və budur, göylər açıldı və Allahın Ruhunun göyərçin kimi enib Öz üzərinə gəldiyini gördü. Və budur, göylərdən bir səs dedi: “Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam”»b (Matta 3:16, 17). Yehovanın bu nəvazişli sözləri, Onun necə Ata olduğu haqda bizə çox şey deyir. Yehovanın Öz Oğluna bildirdiyi üç şeyə diqqət yetirək.
Birincisi, Yehova ‘bu Mənim Oğlumdur’ sözləri ilə sanki «Mən sənin Atan olmağımla fəxr edirəm» deyirdi. Uzaqgörən ata uşaqlarına qarşı diqqətli olur, onları tərifləyir. Çünki uşaqların ehtiyacı var ki, valideynlər onları ailənin dəyərli üzvü olduqlarına əmin etsinlər. Yetkin yaşlarında olmasına baxmayaraq, Atasının ondan razı qaldığını bilməyin İsa üçün nə demək olduğunu təsəvvür edin!
İkincisi, İsanı ‘sevimli Oğlu’ adlandıraraq, Yehova ona olan məhəbbətini açıq-aşkar ifadə etdi. Elə bil Ata deyirdi: «Mən səni sevirəm». Yaxşı ata uşaqlarına olan məhəbbətini sözlərlə ifadə edir. Belə sözlər, həmçinin təbii bağlılıq hissi uşaqlara firavanlıq içində böyüməyə kömək edir. Atasının onu sevdiyini eşitmək yəqin İsaya çox xoş təsir bağışlamışdı!
Üçüncüsü, «çox məmnunam» sözləri ilə Yehova Oğlundan razı olduğunu bildirir. Sanki Yehova deyir: «Oğlum, gördüyün iş ürəyimcədir». Sevən ata imkanlar axtarır ki, uşaqlarının dedikləri və ya etdikləri yaxşı şeylərdən razı qaldığını bildirsin. Belə olduqda, uşaqlar ruhlanır və cəsarətlənirlər. Şübhə yoxdur ki, İsa Atasının ondan razı qaldığını eşidəndə çox ruhlanmışdı!
Həqiqətən də, Yehova bənzəri olmayan Atadır. Sən də belə Atanın olmasının həsrətini çəkirsənmi? Əgər belədirsə, Yehova ilə belə münasibətlərin mümkün olduğunu bilərək təskinlik tapa bilərsən. Əgər iman gətirərək Onun haqqında öyrənib, dediklərinə ürəkdən əməl etməyə çalışsan, O sənə mütləq cavab verəcək. Müqəddəs Kitab deyir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaqub 4:8). İnsana Yehova Allahla, ən yaxşı Ata ilə yaxın münasibətlərdən çox arxayınlıq gətirən nə ola bilər?
[Haşiyələr]
a Yehova Yaradan olduğuna görə Ata adlanır. İsa isə Allah tərəfindən yaradıldığı üçün Allahın Oğlu adlanır.
b «Lukanın Müjdəsi»ndəki paralel ayəyə əsasən, Yehova «sən» şəxs əvəzliyindən istifadə edərək demişdi: «Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam» (Luka 3:22).