Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/4 s. 28—31
  • Ananın dəyərli rolu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ananın dəyərli rolu
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Analar nə üçün işləyir?
  • Xəyal və gerçəklik
  • Ərlərin köməyi
  • Məsihçi anaların vacib rolu
  • Əllərindən gələni etmiş analar
  • Ən böyük məmnunluq
  • Analar üçün örnək olan Evniki
    Gözətçi qülləsi 2022
  • Sadiq məsihçi qadınlar Allahın qiymətli xidmətçiləridir
    Gözətçi qülləsi 2004
  • Evinizdəki sülhü qoruyun
    Ailə xoşbəxtliyinin sirri
Gözətçi qülləsi 2008
w08 1/4 s. 28—31

Ananın dəyərli rolu

BU GÜN bütün dünyada qadınların əksəriyyəti işləyir. Sənayesi inkişaf etmiş ölkələrdə, demək olar ki, işləyən qadınların sayı işləyən kişilərə çatıb. İnkişaf etməkdə olan ölkələrdə isə ailələrini təmin etmək üçün çox vaxt qadınlar saatlarla kənd təsərrüfatında işləməli olurlar.

Bir çox qadınlar pul qazanmaq məcburiyyəti ilə ailənin və evin qayğısına qalmaq arzusu arasında qalıblar. Bu qadınlar nəinki yalnız qida, paltar və evlə bağlı xərcləri ödəyir, həmçinin yemək bişirir, paltar yuyur və evin təmizliyinə baxırlar.

Bundan əlavə, məsihçi analar uşaqlarına ruhani dəyərləri aşılamağa da səy göstərirlər. İki balaca qızı olan Kristina etiraf edir: «Düzünü desəm, işlə ailə məsuliyyətini tarazlaşdırmaq çox çətindir, xüsusilə də uşaqların körpədirsə. Uşaqlara ehtiyac duyduqları qədər qayğı göstərmək asan deyil».

Anaları işləməyə nə vadar edir? Onlar hansı çətinliklərlə qarşılaşırlar? Özünü dəyərli hiss etməsi üçün ana mütləq işləməlidirmi?

Analar nə üçün işləyir?

Bir çox analar məcburiyyət qarşısında tam iş günü işləməli olurlar. Bəzilərinin əri olmadığından ailə yükü onların üzərinə düşür. Başqa ailələrdə isə görürlər ki, bir nəfərin maaşı ilə ailənin zəruri ehtiyaclarını ödəmək mümkün deyil.

Ancaq qeyd etmək lazımdır ki, anaların hamısı pula ehtiyac olduğu üçün tam iş günü işləmir. Onların əksəriyyəti özünəhörmət hissini artırmaq üçün işləyirlər. Bəziləri pul sarıdan müəyyən qədər sərbəst olmaq və ya ürəklərindən keçən hər şeyi ala bilmək üçün işləyirlər. Bir çoxları isə yaxşı mütəxəssisdirlər və öz peşələrini sevirlər.

Bəzi anaları işləməyə təhrik edən digər amil ətrafdakıların təsiri ola bilər. İnsanların əksəriyyəti işləyən anaların daim stress və yorğunluqla mübarizə apardıqlarını etiraf etsə də, işləməmək qərarına gələnləri çox vaxt başa düşmürlər, hətta onlara istehza edirlər. Bir qadın gileylənir: «Sadəcə evdar qadın olduğumu başqalarına izah etmək asan deyil. Bəzi insanlar öz sözləri və mimikaları ilə həyatımı hədər yerə sərf etdiyimi anlatmağa çalışırlar». İkiyaşlı qızı olan Rebeka deyir: «Yaşadığımız cəmiyyətdə qadınların öz uşaqlarının qeydinə qalmalı olduğu etiraf edilsə də, mən hiss edirəm ki, işləməyən analara aşağı təbəqəli insanlar kimi baxırlar».

Xəyal və gerçəklik

Dünyanın bəzi yerlərində kütləvi informasiya vasitələri işində uğur qazanan, yüksəkməvacibli, qüsursuz geyimli və özünə tam əmin olan «ideal qadın» obrazı yaradıb. İşdən evə qayıdanda onun hələ də kifayət qədər gücü olur ki, uşaqlarının problemlərini həll etsin, ərinin səhvlərini düzəltsin və istənilən çətinliyi aradan qaldırsın. Aydındır ki, bu obraza müvafiq gələn qadınların sayı yox dərəcəsindədir.

Əslində isə, qadınlara təklif edilən işlərin əksəriyyəti usandırıcı və azməvaciblidir. İşləyən analar təəssüflənirlər ki, onların işi çox vaxt bacarıqlarını tam şəkildə istifadə etməyə yol vermir. «İctimai psixologiya» kitabında qeyd edilir ki, «hüquq bərabərliyində əldə edilən nailiyyətlərə baxmayaraq, həmişə olduğu kimi daha yüksəkməvacibli və daha yüksəkvəzifəli işlərdə kişilər çalışırlar. Buna görə, bu vəziyyət özünü yalnız işi ilə təsdiq etməyə çalışan qadınlar üçün heç də əlverişli deyil» («Social Psychology»). İspaniyada çıxan bir qəzetdə deyilir: «Bəzi hesablamalara görə, stressin təlaş yaratma ehtimalı kişilərə nisbətən qadınlarda üç dəfə çoxdur, çünki onların əksəriyyəti iki növbədə — həm işdə, həm də evdə çalışırlar» («El País»).

Ərlərin köməyi

Təbii ki, işləyib-işləməmək hər bir məsihçi ananın öz qərarıdır. Lakin əgər onun əri varsa, o zaman onlar hər şeyi hərtərəfli ölçüb-biçdikdən sonra, birlikdə qərar verməlidirlər (Süleymanın məsəlləri 14:15).

Bəs ailənin zəruri ehtiyaclarını təmin etmək üçün həm ərə, həm də arvada tam iş günü işləmək lazım gəlirsə, onda necə? Belə olduqda hikmətli ər Müqəddəs Kitabın bu nəsihətinə xüsusilə diqqət yetirəcək: «Ey ərlər, həmçinin siz də arvadlarınızla iltifatlı [«ağıllı», İ–93] davranın. Onlar zəif cins və həyat ənamının həmvarisləri olduqlarından onlara hörmət göstərin» (1 Peter 3:7). Ər arvadının fiziki və emosional imkanlarını nəzərə almaqla ona hörmət göstərir. İmkan daxilində o, arvadına ev işlərində kömək edəcək. İsa kimi, o, xoşagəlməz işi belə, təvazökarlıqla görməyə hazır olacaq və bu işin ləyaqətini alçaltdığını düşünməyəcək (Yəhya 13:12-15). Əksinə, belə işlərə zəhmətkeş arvadına məhəbbətini təzahür etdirmək fürsəti kimi baxacaq. Qadın belə köməyə görə ərinə çox minnətdar olacaq (Efeslilərə 5:25, 28, 29).

Əgər ərlə arvadın hər ikisi işləyirsə, ev işlərində əməkdaşlıq etmək sözsüz ki, vacibdir. Bu fakt İspaniyada çıxan başqa bir qəzetdə vurğulanmışdır («ABC»). Ailə Münasibətləri İnstitutunun keçirdiyi araşdırmanı şərh edən məqalədə qeyd edilirdi ki, İspaniyada boşanmaların sayının yüksək olmasının səbəbi yalnız «dini və əxlaqi dəyərlərin itməsi» yox, həmçinin başqa iki amilin üst-üstə düşməsidir — «qadınların işə düzəlməsi və kişilərin həyat yoldaşlarına ev işlərində kömək etməməsi».

Məsihçi anaların vacib rolu

Yehova uşaqları tərbiyə etmək məsuliyyətini əsas etibarı ilə atalara həvalə etsə də, məsihçi analar bilirlər ki, bu işdə, xüsusilə də uşaqların körpəlik çağında, onların da vacib rolu var (Süleymanın məsəlləri 1:8; Efeslilərə 6:4). Yehova israillilərə Qanunun sözlərini övladlarına aşılamağı tapşıranda həm ataya, həm də anaya müraciət etmişdi. O bilirdi ki, belə tərbiyə, xüsusilə də uşağın bir fərd kimi formalaşdığı illərdə vaxt və səbir tələb edir. Bu səbəbdən, Allah valideynlərə uşaqlarını evdə, yol gedəndə, yatanda, duranda öyrətməyi tapşırmışdı (Qanunun təkrarı 6:4-7).

Allahın Kəlamı uşaqlara «ananın öyrətdiklərini atma» deyəndə, ananın rolunun vacib və dəyərli olduğunu vurğulayır (Süleymanın məsəlləri 6:20). Əlbəttə, ərli qadın uşaqları üçün müəyyən qayda-qanunlar qoymazdan əvvəl əri ilə məsləhətləşəcək. Ancaq həmin ayənin göstərdiyi kimi, anaların da öyrətmək hüququ var. Ürəyində Allah qorxusu olan ananın qoyduğu ruhani və əxlaqi normalarını ürəkdən qəbul etmələri uşaqlara böyük fayda gətirəcək (Süleymanın məsəlləri 6:21, 22). İki balaca oğlu olan Teresa, işə düzəlməməsinin səbəbini belə izah edir: «Uşaqlarımı Allahın xidmətçisi kimi böyütmək mənim ən ümdə vəzifəmdir və bunu ən gözəl tərzdə yerinə yetirmək istəyirəm».

Əllərindən gələni etmiş analar

Anasının məqsədyönlü səyləri İsrail padşahı Lemuelə şübhəsiz ki, böyük fayda gətirmişdi. Anasının «islah» etmək məqsədilə ona «öyrətdiyi kəlam» hətta Allahdan ilham almış Müqəddəs Yazılara daxil edilmişdir (2 Timoteyə 3:16; Süleymanın məsəlləri 31:1). Lemuelin anasının bacarıqlı arvad haqqında dedikləri kişilərə həyat yoldaşı seçərkən müdrik davranmağa indi də kömək edir. Onun əxlaqsızlıq və sərxoşluq haqqındakı xəbərdarlıqları bizim günlərdə də aktualdır (Süleymanın məsəlləri 31:3-5, 10-31).

Birinci əsrdə həvari Pavel Evniki ananı oğlu Timoteyə gözəl təlim verdiyinə görə tərifləmişdi. İmanına şərik olmayan əri ehtimala görə yunan allahlarına ibadət etdiyi üçün, Evniki Timoteyə ‘Müqəddəs Yazılara’ inam aşılamalı idi. Bəs o, Timoteyə bu təlimi nə zaman verməyə başladı? Allahın Kəlamında deyilir ki, anası onu ‘uşaqlığından’, başqa sözlə, körpəliyindən öyrətməyə başladı (2 Timoteyə 1:5; 3:14, 15). Sözsüz ki, anasının imanı və nümunəsi, həmçinin öyüd-nəsihətləri Timoteyi missioner xidmətinə hazırlamışdı (Filipililərə 2:19-22).

Müqəddəs Kitabda Allahın sadiq xidmətçilərinə qonaqpərvərlik göstərdiyi üçün uşaqları həmin nümunəvi insanlarla ünsiyyətdə olan analardan da bəhs edilir. Məsələn, şunamlı qadın Elişa peyğəmbəri həmişə öz evinə dəvət edirdi. Sonralar Elişa onun oğlunu diriltdi (2 Padşahlar 4:8-10, 32-37). Həmçinin Müqəddəs Kitab yazıçılarından biri olan Markın anası Məryəmin nümunəsinə diqqət yetirək. Görünür, o, Yerusəlimdəki evini erkən məsihçilərə görüşləri keçirmək üçün təqdim etmişdi (Həvarilərin işləri 12:12). Sözsüz ki, müntəzəm olaraq evlərinə gələn həvarilər və digər məsihçilərlə ünsiyyət Marka fayda gətirmişdi.

Aydındır ki, Yehova Onun prinsiplərini öz uşaqlarına aşılayan sadiq anaların əməyini yüksək qiymətləndirir. O bu qadınları, sədaqətli olduqlarına və evlərində ruhani ab-hava yaratmağa çalışdıqlarına görə sevir (2 Şamuel 22:26; Süleymanın məsəlləri 14:1).

Ən böyük məmnunluq

Müqəddəs Yazılardan gətirdiyimiz nümunələr göstərir ki, ailənin fiziki, ruhani və emosional ehtiyaclarının qayğısına yaxşı qalmaq tayı-bərabəri olmayan mükafat gətirir. Ancaq bu heç də asan iş deyil. Görünür, ananın evdə gördüyü işlər çox vaxt istənilən yüksək vəzifəli işdən daha çətin olur.

Əgər ana əri ilə məsləhətləşəndən sonra daha az işləmək qərarına gəlirsə, ehtimal ki, ailəyə həyatını sadələşdirmək lazım gələcək, ana isə onun qərarını başa düşməyən insanların istehzalarına dözməli olacaq. Lakin belə qurbanın əvəzi böyük mükafat ola bilər. Üç uşağı olan Peki natamam iş günü işləmək məcburiyyətindədir. O bölüşür: «Uşaqlarım məktəbdən qayıdanda söhbət etməyə bir kəs olsun deyə, həmin vaxt evdə olmağı xoşlayıram». Bu onun uşaqlarına hansı faydanı gətirir? Peki davam edir: «Mən ev tapşırıqlarında onlara kömək edirəm və problemləri yarananda yerindəcə həll etməyə imkanım olur. Hər gün bir yerdə keçirdiyimiz vaxt səmimi ünsiyyətimizin olmasına kömək edir. Övladlarımla keçirdiyim vaxt mənim üçün o qədər dəyərlidir ki, tam iş günü işləmək təklifindən imtina etmişəm».

Bir çox məsihçi analar görmüşlər ki, onların iş vaxtını azaltmalarının ailədə hamıya faydası olub. Yuxarıda xatırlanan Kristina söyləyir: «İşdən çıxandan bəri sanki ailəmizdə hər şey öz qaydasına düşməyə başlayıb. İndi uşaqlarımla ünsiyyət etməyə və ərimə bir çox işlərdə kömək etməyə vaxtım olur. Qızlarımı öyrətməkdən, onların öyrəndiklərini və tərəqqi etdiklərini görməkdən sevinc duymağa başlamışam». Bir hadisə Kristinanın yadında xüsusilə qalıb: «Böyük qızım yeriməyi uşaq bağçasında öyrənmişdi, kiçik qızıma isə evdə özüm öyrətdim. O, ilk addımını atıb düz qucağıma yıxıldı. Həmin an mən elə sevinmişdim ki!»

Onu da nəzərə almaq lazımdır ki, ananın az işləməsi ailə büdcəsinə gözlənildiyi qədər təsir etməyə bilər. Kristina deyir: «Qazandığım pulun böyük hissəsi uşaqlara və yola xərclənirdi. Xərclərimizi diqqətlə hesabladıqda aydın oldu ki, aldığım maaşdan, özümüzə, demək olar ki, heç nə qalmırdı».

Bəzi ər-arvadlar öz vəziyyətlərini götür-qoy etdikdən sonra belə bir qənaətə gəlmişlər ki, qadının öz vaxtını tamamilə ailəyə sərf etməsi daha çox fayda gətirir. Kristinanın əri Pol deyir: «Mən çox şadam ki, arvadım evdə qalıb iki körpə balamızın qeydinə qalır. Kristina işləyəndə çətinliyimiz daha çox idi». Onların qərarı qızlarına necə təsir etdi? Pol davam edir: «Onlar nəinki özlərini daha rahat hiss edirlər, hətta uşaqlıq illərinin bu çağında bir çox zərərli təsirlərdən müdafiə olunublar». Nəyə görə bu ər-arvad düşünür ki, imkan daxilində qızları ilə mümkün qədər çox vaxt keçirmək olduqca vacibdir? Pol cavab verir: «Mən əminəm ki, əgər biz valideynlər uşaqlarımızın ürək və düşüncəsinə təsir etməsək, bunu kimsə başqası edəcək».

Aydındır ki, hər ər-arvad öz vəziyyətlərini özləri götür-qoy etməlidir və heç kim başqalarının qərarını tənqid etməməlidir (Romalılara 14:4; 1 Salonikililərə 4:11). Buna baxmayaraq, ananın bütün vaxtını işə sərf etməməsinin ailəyə gətirdiyi faydanı nəzərdən keçirməyə dəyər. Yuxarıda adı çəkilən Teresa sözlərini belə bitirir: «Heç nə adama öz uşaqlarını tərbiyə etmək və qayğılarına qalmaq qədər məmnunluq gətirmir» (Məzmur 127:3).

[31-ci səhifədəki şəkil]

Məsihçi analar uşaqlarının tərbiyəsində böyük rol oynayırlar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş