Məyusluğa baxmayaraq, xoşbəxt ola bilərsiniz
MƏYUSLUĞU dadmayan adam varmı?! Hətta səmavi Atamız Yehova Allah da məyusluğun acısını dadmışdır. Məsələn, O, israilliləri Misir köləliyindən azad edib bol-bol xeyir-dualandırmışdı. Lakin Müqəddəs Kitabın dediklərinə diqqət yetirin: «Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xatirinə dəydilər» (Məzmur 78:41). Buna baxmayaraq, Yehova həmişə «xoşbəxt Allah» olmuşdur (1 Timoteyə 1:11, YD).
Əslində, məyusluğa çox şey səbəb olur. Belə hallarda xoşbəxtliyimizi necə qoruya bilərik? Yehova Allahın məyusluğun öhdəsindən gəlməsindən nə öyrənirik?
Məyusluğun səbəbləri
Allahın Kəlamında deyilir ki, hamının qarşısına ‘vaxt və təsadüf çıxır’ (Vaiz 9:11, YD). Gözlənilmədən baş verən cinayət, bədbəxt hadisə və ya xəstəlik bizə böyük kədər və məyusluq gətirə bilər. Müqəddəs Kitab həmçinin deyir: «Gecikən ümid ürəyi xəstələndirir» (Süleymanın məsəlləri 13:12). Yaxşı bir şeyi səbirsizliklə gözləmək bizə sevinc gətirir, lakin o gecikirsə, biz ümidsizliyə və məyusluğa qapıla bilərik. Məsələn, missioner xidmətində qalmaq istəyən Dunkana, arvadı ilə bərabər uzun illər xidmət etdikdən sonra evlərinə qayıtmalı oldu. O deyir: «Birinci dəfə idi ki, nə edəcəyimi bilmirdim. Heç bir məqsədim yox idi. Hər şey əhəmiyyətini itirmişdi». Klara ilə olduğu kimi, insan məyusluğun acısını uzun müddət çəkə bilər. O danışır: «Hamiləliyimin yeddinci ayında uşağımı saldım. Bu çoxdan baş verib, amma səhnədə çıxış edən oğlan uşağını görəndə hələ də öz-özümə fikirləşirəm: “Oğlum sağ qalsaydı, o da bu yaşda olardı”».
Görüşdüyü kəslə ayrılmaq, nikahın dağılması, uşağın üsyankarlığı, əməkdaşın xainliyi, yaxud dostun naşükürlüyü insana ürəkağrısı gətirə bilər. Qeyri-kamil insanlar arasında və çətin zəmanədə yaşadığımız üçün, məyusluq gətirən şeylər saysız-hesabsızdır.
Müəyyən şeylərə müvəffəq olmayanda da məyus oluruq. Misal üçün, imtahandan kəsiləndə, iş tapmayanda və ya kiminsə məhəbbətini qazanmayanda özümüzü dəyərsiz hiss edə bilərik. Əzizlərimizdən kiminsə ruhən zəifləməsi də bizi məyusluğa sala bilər. Meri deyir: «Mənə elə gəlirdi ki, qızım həqiqətdə çiçəklənir. Onun üçün yaxşı nümunə olduğumu düşünürdüm. Amma o, Yehova Allahı və ailəmizin normalarını inkar edəndə özümü tamamilə uğursuz hiss etdim. Həyatda qazandığım heç bir nailiyyət mənə təskinlik gətirmirdi. Tamam ruhdan düşmüşdüm».
Məyusluğun öhdəsindən necə gələ bilərik? Bu suala cavab tapmaq üçün, gəlin Yehovanın məyusluğun öhdəsindən gəlməkdə bizə qoyduğu nümunəyə nəzər salaq.
Diqqətinizi məsələnin həllinə yönəldin
Yehova Allah məhəbbətlə ilk insanların qayğısına qalsa da, onlar naşükür və üsyankar çıxdılar (Yaradılış, 2 və 3-cü fəsillər). Sonra onların oğlu Qabil pis xüsusiyyət təzahür etdirməyə başladı. Qabil, Yehovanın xəbərdarlığına əhəmiyyət verməyib, doğma qardaşını qətlə yetirdi (Yaradılış 4:1-8). Təsəvvür edə bilərsinizmi, Yehova necə də məyus olmuşdu?
Nəyə görə bu məyusluq Allahı xoşbəxtlikdən məhrum etmədi? Çünki O, Yer kürəsini kamil insanlarla doldurmaq niyyətində idi və Öz məqsədinə nail olmaq üçün hər şeyi etməyə davam edir (Yəhya 5:17). Bu məqsədlə O, fidiyə qurbanlığı təqdim etdi və Öz Padşahlığını təsis etdi (Matta 6:9, 10; Romalılara 5:18, 19). Yehova Allah diqqətini problemə yox, onun həllinə yönəltdi.
Allahın Kəlamı bizi təşviq edir ki, diqqətimizi keçmişdə etdiyimiz səhvlərə yox, hal-hazırda edə biləcəyimiz şeylərə yönəldək. Orada deyilir: «Doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, etibarlı olan nə varsa, əgər bir fəzilət və tərifə layiq bir şey varsa, bunları düşünün» (Filipililərə 4:8).
Məyusluğa düzgün münasibət
Həyatımızda gözlənilməz hadisələr ola bilər. Məsələn, qəflətən işimizi, həyat yoldaşımızı, yığıncaqda müəyyən üstünlüyümüzü, sağlamlığımızı, evimizi və ya dostlarımızı itirə bilərik. Bu kimi dəyişikliklərin öhdəsindən necə gəlmək olar?
Bəziləri görmüşlər ki, nəyin daha vacib olduğunu müəyyən etməyin faydası var. Yuxarıda xatırlanan Dunkan deyir: «Arvadımla mən əvvəlki xidmətimizə heç vaxt qayıda bilməyəcəyimizi anlayanda mütəəssir olduq. Nəhayətdə biz müəyyənləşdirdik ki, indi ən vacibi qayınanama qulluq etmək və imkan daxilində tammüddətli xidməti davam etdirməkdir. Qərar qəbul etməli olanda, onun bu iki məsuliyyətimizə necə təsir edəcəyini nəzərə alırdıq. Və hər şey öz qaydasına düşdü».
Bir çoxlarımız məyus olanda vəziyyətin xoşagəlməz cəhətlərini şişirtməyə meylliyik. Məsələn, uşağın tərbiyəsində, işdə püxtələşməkdə, yaxud əcnəbi sahədə xoş xəbəri təbliğ edəndə istədiyimiz nəticəyə nail olmaya bilərik. Onda bizdə belə fikir yarana bilər: «Əlimdən heç nə gəlmir». Lakin bəşər tarixinin başlanğıcında məyusluq doğuran hadisənin Allahın müvəffəqiyyətsiz olduğunu göstərmədiyi kimi, ilk cəhdlərimizin yaxşı nəticə verməməsi də, əlimizdən bir şey gəlmədiyini göstərmir (Qanunun təkrarı 32:4, 5).
İnsanlar bizi məyus edəndə asanlıqla özümüzdən çıxırıq. Yehova isə belə davranmır. Davud padşah əxlaqsızlıq edəndə və həmin qadının ərini öldürtdürəndə Yehovanı məyus etdi. Amma Yehova Davudun tövbəsinin səmimi olduğunu gördü və ondan üz döndərmədi. Allahın düşmənləri ilə müttəfiq olmaqla sadiq padşah Yehoşafat da səhvə yol vermişdi. Yehovanın peyğəmbəri dedi: «Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir. Lakin sənin yaxşı işlərin də var» (2 Salnamələr 19:2, 3). Yehova bilirdi ki, Yehoşafatın buraxdığı bir səhv onun xain olduğunu göstərmir. Eynilə, biz də dostlarımızın səhvinə kəskin reaksiya verməsək, onları itirmərik. Dostlarımızın bizi məyus etməsi onların yaxşı xüsusiyyətlərini itirdiklərini göstərmir (Koloslulara 3:13).
Məyusluğa müvəffəqiyyətə gedən yolda qaçılmaz bir hal kimi yanaşmaq olar. Günah işlətdiyimizə görə məyusluğa qapıla bilərik. Lakin düzgün və məqsədyönlü addımlar atıb irəliyə getsək, hər şey öz qaydasına düşər. Davud padşah səhvinə görə özünü qınayanda yazmışdı: «Bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü... Sonra Sənə [Yehovaya] günahımı etiraf etdim... [Sən] təqsirimi, günahımı bağışladın» (Məzmur 32:3-5). Allahın iradəsinə zidd davrandığımızı anladığımız təqdirdə, Ondan üzr istəməli, yolumuzu dəyişməli və gələcəkdə Allahın məsləhətlərinə daha ciddi riayət etməyə qəti qərarlı olmalıyıq (1 Yəhya 2:1, 2).
İstənilən məyusluğa hazır ol
Şübhə yoxdur ki, məyusluq heç kimdən yan keçməyəcək. Özümüzü buna necə hazırlamalı? Bruno adlı yaşlı məsihçinin üzləşdiyi bədbəxt hadisə onun həyatını dəyişmişdi. Görün o bu haqda nə deyir: «Düşdüyüm vəziyyətdə, məyusluğun öhdəsindən gəlməkdə mənə ən çox kömək edən o idi ki, əvvəllər olduğu kimi, indi də Allahla münasibətimi möhkəmləndirirdim. Mən Allahın bu amansız sistemin davam etməsinə yol verməsinin səbəbini bilirdim. Uzun illər ərzində Yehova ilə münasibətimi möhkəmləndirirdim. Belə davrandığım üçün çox xoşbəxtəm. Allahın mənimlə olduğunu bilmək mənə təsəlli verdi, bunun sayəsində isə depressiyaya tab gətirdim».
Gələcək haqqında düşünəndə bir şeyə əmin ola bilərik: özümüz özümüzü, yaxud başqaları bizi məyus etsə də, Yehova bizi heç vaxt məyus etməz. Yehova Allah adının mənasını belə izah etdi: «Mən olmaq istədiyim Kəs olacağam» (Çıxış 3:14, YD). Bu bizə əminlik verir ki, vədlərini həyata keçirmək üçün Allah lazım olan Kəs ola bilər. O vəd etmişdir ki, Onun iradəsi Padşahlığı vasitəsilə «göydə olduğu kimi, Yerdə də» olacaq. Elə buna görə də həvari Pavel yazmışdı: «Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər... nə də başqa məxluq bizi... Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır» (Matta 6:10; Romalılara 8:38, 39).
Biz Allahın Yeşaya peyğəmbərin vasitəsilə verdiyi vədinin yerinə yetməsini əminliklə gözləyə bilərik: «Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17). Məyusluqla bağlı bütün xatirələrin tezliklə keçmişdə qalacağı necə də gözəl ümiddir!
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[11-ci səhifədəki çərçivə]
İlk cəhdlərimizin yaxşı nəticə verməməsi, əlimizdən bir şey gəlmədiyini göstərmir
[12-ci səhifədəki çərçivə]
Allahın Kəlamı bizi təşviq edir ki, diqqətimizi keçmişdə etdiyimiz səhvlərə yox, hal-hazırda edə biləcəyimiz şeylərə yönəldək
[13-cü səhifədəki şəkillər]
İnsanların Allahı məyus etmələrinə baxmayaraq, Allah xoşbəxtdir, çünki Öz niyyətini mütləq yerinə yetirəcəyinə əmindir
[14-cü səhifədəki şəkil]
Ruhani işlərə üstünlük vermək məyusluğun öhdəsindən gəlməyə kömək edir